Dünən sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil haqqı ödəməyən tələbələrin adlarının divara vurulması ilə bağlı fotolar paylaşıldığı barədə məlumat vermişdik. Paylaşılan fotolar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı ADMİU açıqlama verərək, təhsil haqqını ödəməyən tələbələrin adlarının divara vurulmasını təkzib edib.

Universitetin açıqlamasında qeyd olunub ki, bu, semestr imtahanlarından əvvəl, sadəcə, bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahıdır. Universitetin bu addımı ilə bağlı orada təhsil alan tələbələrin münasibəti öyrənilib.

Universitetin tələbəsi N.Əhmədova bildirib ki, bu, təhsil aldığı universitetdə ilk dəfə baş vermir: "Bizim qrupda hamısı qız idi. Bir dəfə dərsdən qaçdıq, dekanlıq adımızı yazıb bizi biabır etmişdi. Ona görə nə desəniz, bizim universitetdən gözləmək olar. Adından da göründüyü kimi “mədəniyyət” olub, mədəniyyət verməyən yerdir”.

ADMİU-nun keçmiş tələbəsi Ş.Məmmədov qeyd edib ki, bu hərəkət mədəniyyət ocağında mədəniyyətsizlikdir: “Mən də o universitetin məzunu kimi təəssüf edirəm. Universitetin rektoru Ceyran xanıma böyük hörmətim var, amma niyə belə bir addımın qarşını almadığı maraqlıdır. İkincisi, təhsil haqları əhəmiyyətli dərəcədə artıb. Üçüncüsü isə, vallah, bu qiymətlərə mən şəxsən xaricdə daha yüksək keyfiyyətli təhsil alardım. Dördüncüsü, əsas məsələ ondadır ki, bir belə pul ödə, sonra da minimum əmək haqqı, ya da ondan bir az yüksək 350-400 manat əmək haqqı al. Gülməli haldır”.

Keçmiş tələbə S.Mahmudovanın sözlərinə görə, kimlərisə alçaltmaq universitet rəsmilərinə zövq verir: “Bəli, həmin universitetdə işləyən bəzi insanlar o ağıldadır. Biz oxuyan vaxt qrupda dərsdən qaçdığımıza görə adlarımızı yazıb divardan asmışdılar, töhmət verilmişdi. Nədənsə, insanların səhvini, yaxud kasıblığını başqalarına nümayiş etdirmək onlara zövq verir”.

E.ŞİRİNOV