booked.netbooked.net booked.net  

Cinayət statistikası göstərir ki, təkrar törədilən cinayətlərin böyük əksəriyyəti narkotika istifadəçiliyindən yaranır…

“…”Patı” istifadəçisi öz evindən oğurluq etdi”, ““Patı” istifadəçisi öz evini yandırdı”, ““Patı istifadəçisi qonşusunun evindən oğurluq etdi”, ““Patı istifadəçisi atasını bıçaqladı...”  və sair… Bunlar son günlər baş verən cinayət hadisələri barədə məlumatların KİV-dəki sərlövhələridir. Hətta dünən Sabirabadda həyat yoldaşını, qayınatasını və sonra özünü güllə ilə öldürən şəxs barədə məlumat verilib, sosial şəbəkələrdə deyilir  ki, həmin şəxs “patı” istifadə edəndən sonra bu cinayəti törədib. “Sabirabad rayonunun Əsgərbəyli kəndində ağır cinayət qeydə alınıb. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizami Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü də öldürüb…”.

 Rəsmi statistikadan: ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 2020-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5221 fakt aşkar edilib. Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb. İki həftə ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.

 Bəs bu qədər mübarizə niyə hələki səmərəsizdir? Təəssüflər olsun ki,  Azərbaycanda daha sürətlə yayılan narkotik maddə- "patı" adlandırılan metamfetaminin qəbulu artıq bölgələrə ayaq açmaqdadır. Psixiatr Orxan Fərəclinin mətbuata açıqlamasından məlum olur ki, xüsusən də gənclərin bu sintetik narkotik vasitə barədə məlumatsızlığı onları "patı"nın qurbanına çevirir. "Metamfetaminin istifadəsi psixi asılılıq yaratdığından, xəstənin psixiatr tərəfindən müalicəsinə ciddi ehtiyac yaranır. Amma çox təəssüf ki, biz belə xəstələri ev şəraitində müalicə edə bilmirik. Onlar bu bəladan xilas olmaq üçün mütləq şəkildə psixiatra müraciət etməlidirilər. Təəssüf ki, bu bəlaya düçar olan, "patı"dan psixoloji asılı olanlar çox vaxt psixiatra müraciət etməkdən, xəstəxanada müalicə kursu keçməkdən imtina edirlər". O.Fərəclinin sözlərinə görə, "patı" qəbulu səbəbindən yaranan psixozlar şizofreniyadan, demək olar ki, fərqlənmir.

 Daxili İşlər Nazirliyinin bütün yerli şöbələrinin az qala günlük məlumatlarında “patı” və digər narkotik vasitə  istifadəçilərinin və ya satanların dəstə şəklində ələ keçməsi üstün yer tutur. Təbii ki, narkomanlar və ya narkotika satanlar yalnız məlumat daxil olduqda aşkar edilir, onlar saxlanılır. Deməli, Azərbaycan insanının gələcəyinin məhvinə hesablanmış bu bəla ilə mübarizədə təkcə hüquq mühafizə orqanlarının deyil, ictimaiyyətin fəal iştirakı lazımdır. Cəmiyyət anlamalıdır ki, koronavirusla mübarizə əksərən səmərə verdiyi halda, narkomaniya ilə mübarizə hələki dünyada mümkünsüz bir bəla kimidir. Səhiyyə sahəsində çalışan həkimlərin və mütəxəssislərin söylədiyi kimi, narkomanların müalicəsi 98-99 faiz səmərəsizdir. Onlar müalicədən sonra yenidən bu bəlaya qurşanır. Çünki onlarda asılılıq yaranır... Deməli, ən yaxşı mübarizə narkotikdən istifadə etməməkdir. Çünki ondan bir dəfə istifadə edən bunu özündən asılı olmayaraq, qəti surətdə istəməsə belə, istifadə etməyə məhkumdur! Bu istifadəliliyin sonu isə ailə faciəsi, törədilən hansısa cinayət və məhbəs həyatı, ən nəhayət, vaxtsız və ucuz ölümdür!

Özünüzü və ailənizi, cəmiyyəti, deməli, Azərbaycanı sevirsinizsə, narkotikdən istifadə etməyin və istifadə etmək istəyəni bu yoldan çəkindirin! Siz bununla gələcəyinizi və gələcəyimizi xilas etmiş olacaqsınız!

Asif Mərzili

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yayımlanıb. 6.3.4)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN