“...Elə bilirəm ki, tariximizi yazmaq üçün digər sahələrdə olduğu kimi Milli Akademiyaya alternativ Özəl Akademiya yaratmağın da vaxtı çatıbdır”

...Əsrlər öncə xalqımızın yaşadığı müsibətlər hələ də lazımi səviyyədə araşdırılmayıb. Böyük Türk imperiyasının zəifləməsi onun ətraf bölgələrində yaşayan türk əsilli xalqların da taleyində dəyişikliklər yaradıb. Xristian dövlətləri Türkiyəyə  tam müdaxilə edə bilməsələr də Türkiyə sınırları boyu ətraflarda məskunlaşan türklər üçün olmazın əzabları yaşadıblar. Stalin rejiminin qurbanına çevrilən türklər haqqında sayın Ərdoğanın keçmiş müşavirlərindən birinin--Yalçın Topçunun dedikləri həmin dövrü daha yaxşı xarakterizə etməyə imkan yaradır: “Stalin rejiminin qurbanlarının Qara dənizə atıldığını bildiklərinə görə həmin dövrdə Türkiyə bazarlarında satılan balıqların həmin dənizdən tutulub-tutulmamasını soruşurdular. Qara dənizdən tutulan balıqları almırdılar ki, onların bədənində soydaşlarımızın qanı var.”

 Faciələr bununla bitmirdi. Yaşlıların dediyinə görə, Stalinin anası yetkinlik yaşına çatmadığı vaxtdan Tiflisdə erməni kapitalist Edelxanın ayaqqabı emalatxanasında işləyirmiş. Edelxan  tərəfindən zorlanan qız hamilə qalır. Edelxan etdiyi biabırçılığı gizlətmək üçün qızı emalatxananın qapıçısı işləyən Vissarion Cuqaşvili ilə evləndirir. Uşaq doğulduqdan sonra onların hər ikisini emalatxanadan qovur. Sonralar ermənilərin əsl təəssübkeşi kimi seçilən Stalinin elə həmin Edelxanın oğlu olduğu deyilir.

Sovetlər vaxtı çeçenlərin təqiblərə məruz qalması, türk əsilli xalqların repressiya edilməsi hələ tam tədqiq edilməyib.

***

Yazıda əsas məqsədimiz Rusiya imperiyasının  çox qədimdən ərazilərimizdə törətdiyi müsibətlərdən birinə bələdçilik edən “Apardı sellər Saranı..” mahnısı ilə əlaqədar deyilənlərə  işıq tutmaqdır. Bu mahnının zəmanəmizə qədər gəlib çatmış harayı, təəssüf ki, hələ də döğru-düzgün izah edilməyib. Sovet imperiyası da bütün gücü ilə rusların keçmişdə törətdikləri vəhşiliklərin üstünü örtməyə çalışırdı. İdeoloji sahədə hökm sürən dəmir nəzarət var idi. Yala və şöhrətə qul olan alimlərimiz, yazıçılarımız, qaradimdiklərimiz (akademiklərimiz) də xalqın yaddaşını itirməklə məşğul olur, baş vermiş hadisələri yanlış izah edirdilər. Yazıçı Süleyman Rəhimov “Arpaçay əfsanəsi” əsərində mövzunu  aid olduğu məsələdən uzaqlaşdırmaq üçün özündən əsassız hekayə uydurub. Hadisəni Naxçıvandan kənarlaşdıraraq, guya Muğan düzündə baş verdiyini, həm də təqib və təhdidlərdən aralı şəkildə göstərməyə çalışır. Cənublu qardaşlarımızın (“Təbrizfilm”) çəkib YouTube-də yerləşdirdiyi “Apardı sellər Saranı...” filmində də mahnı xırda məişət-təsərrüfat mövzusundan kənara çıxa bilmir. Guya, Saranın intiharına səbəb onun varlı birisi tərəfindən zorla sevdiyi Xançobandan ayrılması olub. Əslində isə, mahnının mətnindən də açıq-aydın hiss olunur ki, “Muğan nahaq qana batıb.” Nədir bu nahaq qan? Bu, keçən əsrin əvvəlində Şərur düzündə yerləşən  çar Rusiyasının işğalçı qoşunlarının əhaliyə tutduğu divandır.

Arpa çay Şərurun Muğan kəndindən keçib Araza qovuşur. Muğan kəndi də elə bu çayın kənarında yerləşir. Dağlardan başlayıb Araza qədər uzanan çay yatağının sağ və sol sahilləri həmişə mal-qara sürüləri ilə dolu olub. Bərəkətli torpaqları ilə elin, obanın güvənc yerinə çevrilən bu yerlər heç də əmin-amanlıq içərisində olmayıb. Asiya ilə Avropanı birləşdirən qədim karvan yolunun üstündə yerləşən Naxçıvan həmişə yadellilərin hücumuna məruz qalıb. Türkiyə ilə imzalanmış Kiçik qaynarca (Qars) sülh müqviləsindən sonra bu yerlər çar ordusunun tapdağına düşüb. Sonralar Rusiyanın İranla imzaladığı digər sülh müqavilələri ilə bu ərazilərdə yaşayan türklərin rahatlığı tam əllərindən alınıb.

Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı vaxt Şərur düzü başdan-başa yadellilərin oylağına çevrilmişdi. Cənubi-Qərbi Demokratik Respublika (Araz Respublikası) yaradılan çağda bu yerlərdə Amerika, İngiltərə və Rusiyanın minlərlə hərbiçiləri var idi. Xüsusilə, rus hərbiçiləri yerli əhaliyə olmazın zülmünü verirdilər. Çar ordusunun azğınlaşmış hərbiçiləri kəndlərdə basqınlar törədir, mal-qaranı talan edirdilər. Bu azmış kimi, ruslar qadınlara-qızlara da divan tuturdular... Eyni ilə, Stepan Razinin Bakıda törətdiyi vəhşiliklərin yolu ilə gedən rus hərbiçilərinin törətdiyi zülmün miqyası bütün ölçüləri aşırdı. Qadınlar öz namusunu qorumaq üçün intihar edir, zalım hərbiçilərin işgəncələrindən ölümü üstün tuturdular. “Apardı sellər Saranı...” mahnısında adı çəkilən Sara da rus hərbiçilərin əlindən qurtulmaq üçün özünü Arpaçaya atan yüzlərlə Azərbaycan qızlarından biridir. Yeni otlaqlar axtarmaq üçün mal-qaranı dağlara çıxaran Xançoban və onun başının dəstəsi obadan aralı düşən kimi rus hərbiçiləri qadınların üzərinə basqınlar ediblər. Bu basqınlar nəticəsində xeyli insan tələfatı olurdu... Ermənilərə dayaq kimi bu yerılərə gələn işğalçı rus hərbiçilərinin hərəkətləri dinc əhalini bezdirirdi. Günlər qansız, qadasız keçmirdi. İndi Qarabağ və ona bitişik ərazilərdə Rusiyanın başımıza gətirdiyi müsibətlər kimi, onda da  vəhşiliklərin sınırı yox idi.

Həmin ağır günlərin şahidi olmuş adamların birinin harayını ifadə edən mahnını diqqətlə dinlədikdə hadisələrin real mənzərəsi göz önündə canlanır. Rus senzurasının qadağalarından yayınıb zəmanəmizə gəlib çatan bu haray yazılmamış tariximizin qanlı vərəqləridir. Təəssüflər olsun ki, hələ də bizim tədqiqatçılar bu mahnının özü ilə daşıyıb gətirdiyi böyük bir bəlanın tədqiqi ilə məşğul olmamışlar. Yaddaşın itirilməsi elə milli kimliyin itirilməsi deməkdir. Sadə bir həqiqəti görmək istəməyən Milli Akademiya, görəsən, bəs nəyə xidmət edir?

***

...Elə bilirəm ki, tariximizi yazmaq üçün digər sahələrdə olduğu kimi Milli Akademiyaya alternativ Özəl Akademiya yaratmağın da vaxtı çatıbdır. İndiki Akademiyada çar Rusiyasından günümüzə qədər olan zaman ərzində törədilən vəhşiliklər haqqında heç nə yazılmır. Hətta rusların törətdiyi qanlı hadisələr ört-basdır edilir. Millət mürgüdən oyanmasın deyə dəridən-qabıqdan çıxırlar. Sovet rejiminin dağılmasından xeyli vaxt ötsə də, hələ ölkə müstəqilliyini tam ifadə edə bilmir. Hələ də Rusiyanın qayıdacağını zənn edənlər var. Belələrinin əksəriyyəti ali təhsil haqqında diploma malikdir. Onların mövqeyi isə nadanlıqlarına işarə edir.

***

Naxçıvan hər qarışı yaddaş yerimiz olan bir bölgədir. Burda rastlaşdığın hər şey adama tarix dərsi keçir. Naxçıvanda olanda hər səhər Ağrı dağın sehrində güzgülənən möhtəşəm bir mənzərə  ilə rastlaşırsan. Çox təəssüflər olsun ki, təbiətin bu möcüzəsini rəssamlarımız kətana köçürə bilməyiblər. Bir-birini qucaqlayan Naxçıvan və Ağrı dağı ermənilərin qorxusundan heç məktəb dərsliklərinə belə salmayıblar. Naxçıvan hələ də yazılmamış bir kitabdır. Bu kitabın yazılması isə olduqca vacibdir. Daraq dişləri kimi Araz boyu sıralanan çayları, qədim qalaları, zirvələri qarla örtülü dağları, Mömünə Xatun sərdabəsi, Sədərəyin qırmızı torpaqlı dağlarından tutmuş Şahbuzun təkrarsız mənzərələri, Qarabağlar türbəsi, ürəyində tutduğu arzuların çin olub- olmamasını yəqinləşdirmək üçün Əshabi-Kəfdə əyləşib başına su damcısının düşməsini gözləyən adamlarına kimi hər şey yazılmalıdır. Burda hər şey ilham qaynağıdır. Hüseyn Kürdoğlunun “Əlincə” şeirində deyildiyi kimi:

“Baha yenə Naxçıvanı naxışlar,

Ötüb getmiş nə boranlar, nə qışlar!

Bu qalada solmamışdır naxışlar,

Sənətə bax: xəyal incə, əl incə!..”.

 

Əlbəttə, biz tarixçi kimi tədqiqat aparmaq yox, publisist kimi tarixçilərimizin diqqətini mövzuya cəlb etmək istədik. Bizim mahnıların çoxu tarixi hekayələrlə zəngindir. Amma onların  diqqətlə, həm də ciddi araşdırmaya ehtiyacı var. Mən radio verilişlərin birində hörmətli tarixçi-alim Minəxanım Təhləlinin “Reyhan” mahnısı haqqında qəribə bir izahına rast gəldim. M.Təhləli deyir ki, “Reyhan” mahnısının sözlərini, guya, Məmməd  Rahim yazıb. Şeiri də qardaşının qızı Reyhana həsr edib. Həqiqətdə isə mahnının mətni şair Tələt Əyyubova məxsusdur. Şeir Xaçmazlı qəhrəman qız  rus bolşevikləri və daşnaq ermənilərə qarşı döyüşən Reyhana həsr olunub. Mahnı Fikrət Əmirov tərəfindən 1959-cu ildə bəstələnib. Reyhanın qəhrəmanlığı haqqında film ilk olaraq  Türkiyədə çəkilib...

Gəlin tariximizə yiyə duraq ki, özümüzün yiyəmiz olsun...

 Ədalət Teymurov

“Təzadlar”ın xüsusi müxbiri

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyəsi əsasında hazırlanmışdır. mİstiqamət: 6.3.8)

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA