booked.netbooked.net booked.net  

Ustad şair Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının vəfat etməsi ilə, sanki sevimli şairimizi yenidən itirdik

Gülxanım müəllimə azman sənətkarımız Məmməd Arazın sadəcə ömür-gün yoldaşı deyildi, həm də həmkarı, həkimi və mənəvi dayağı idi.

Hec kəsə asan gəlməsin, 30 il iflic vəziyyətində olan Məmməd Araza qulluq etmək, onu yeni əsərlər yaratmağa ruhlandırmaq hər qadına müyəssər olan iş deyil. Nitqi tutulduğundan hər adam Məmməd Arazın danışığını başa düşə bilmirdi. Onu yalnız Gülxanım müəllimə, nəinki tam başa düşürdü, hətta əlləri xəstəliyə görə əsdiyindən, yazdığı əyri-üyrü hərfləri ipə-sapa düzüb, şairin yeni qüdrətli şeirlərini cəm edib, bizlərə catdırırdı. Bununla Gülxanım müəllimə adi həyat yoldaşını yox, Azərbaycanın maddi və mədəni sərvəti kimi Məmməd Arazı bizlər üçün qoruyub saxladı. Bu baxımdan, bir filoloq kimi Gülxanım Fətəliqızının Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri misilsizdir.

Nə qədər ki, Gülxanım müəllimə yaşayırdı, elə bilirdik Məmməd Araz da cismən yaşayır və bizim aramızdadır. 2021-ci il iyulun 22-dən 23-nə kecən gecə Gülxanım müəllimənin dünyasını dəyişməsi ilə sanki Məmməd Arazı da yenidən bizdən alıb apardı. M.Arazın dünyasını dəyişəndən sonra izdihamlı vida mərasimi, dəfni, 3, 7 və 40 mərasimləri bu sətirlərin müəllifi tərəfindən və millət vəkili, şairin kürəkəni Aqil Abbasın təşkilatçılığı ilə video-lentə alınmışdı. Sonralar həmin lentlər montaj edilərək Məmməd Araz haqqında çox sanballı sənədli bir filmə çevrildi. Həmin filmin disklərini şairin il mərasimi çıxandan sonra Gülxanım müəlliməyə də vermişdim. Disklərə baxanda göz yaşlarını saxlaya bilməyən Gülxanım müəllimə belə dedi: “Çox gözəl və yüksək səviyyədə hazırlamısınız, əliniz-qolunuz var olsun. Bu filimdə əməyi kecən hər kəsə təşəkkür edirəm”.

Gülxanım müəllimə ilə mütəmadi telefonda danışmaqla sanki Məmməd Arazın nəfəsini ondan alırdım və elə bilirdim ki, şair hələ sağdır. Məni Məmməd Araz sevdalısı, şeirlərinin bir çoxunu əzbər bilən biri kimi tanıyırlar axı... Buna görə də Gülxanım müəllimənin dünyasını dəyişməsi barədə xəbəri eşidəndə çox üzüldüm. Bununla sanki əlim də Məmməd Arazdan üzüldü. Düzdür, Məmməd Araz elə bir şairdir ki, Azərbaycan durduqca yaşayacaq. Amma bir var ruhu ilə, əsərləri ilə Azərbaycan xalqının qəlbində  yaşasın, bir də var sevib-secdiyi, həmişə əzabını cəkdiyi, sevincli-kədərli günlərində bir yerdə olduğu xanımı ilə qoşa yaşasın. Mən şəxsən Gülxanım müəlliməyə Məmməd Arazın şahidi və yadigarı kimi baxırdım. Bu gün o şahidi, yadigarı da itirdik və bununla da Məmməd Arazı yenidən itirdik. Bu itki hər birimiz üçün ağırdır... Düzdür, M.Arazın yadigarları olaraq qızları, nəvələri var, amma ömür-gün yoldaşı tamam başqa duyğudur, başqa hissdir...

Gülxanım Fətəliqızı yuxarıda qeyd etdiyim kimi, Məmməd Arazın təkcə ömür-gün yoldaşı deyildi. O, həm də Məmməd Araz ömrünün hər anını, düşüncəsini, fikirlərini ayrıca kitab halında yazıb bizlərə çatdıran bir ədəbiyyat fədaisi idi. Gülxanım müəllimənin Məmməd Arazın bizlərə görünməyən, kənar şəxslərə məlum olmayan tərəflərini “Ömürdən yarpaqlar” kitabında çox böyük məharətlə qələmə alıb. Kitabı oxuduqca biz Məmməd Arazı yenidən kəşf edirik. M.Arazın şairlikdən əlavə, ictimai xadim kimi fəaliyyəti, ölkədə nəşr olunan qəzetlər və bu qəzetlərdəki məqalələr, ayrı-ayrı tanınmış insanlarla münasibəti, söhbəti, eyni zamanda Ulu öndər Heydər Əliyevlə görüşləri və s. məqamlar, bu kitabda çox incəliklə təqdim olunub.

Sevindirici haldır ki, G.Fətəliqızı “Ömürdən yarpaqlar “ kitabında,  bu sətirlərin müəllifi olaraq məndən (Elçin Məmmədli), Məmməd Arazın “Təzadlar” qəzeti və baş redaktoru Asif Mərzili haqqında  fikirlərinə də yer ayırıb. Yaddaşı təzələmək üçün G.Fətəliqızının adı cəkilən kitabından bəzi məqamları olduğu kimi təqdim edirəm. O dövrdə bir çox qəzetlərdə müstəqil jurnalist kimi yazılar verirdim. Belə yazılardan biri də 1997-ci ildə “Müxalifət” qəzetində dərc olunmuşdu. Bunu nəzərdə tutan G.Fətəliqızı “Ömürdən yarpaqlar” kitabının 234-cü səhifəsində yazıb: ««Muxalifət» qəzetində də məqalənin müəllifi Elçin Məmmədli Məmmədin şeirindən misal gətirərək yazır:

 ...Ağlım, bu ehamı sənsiz kim anlar?

Sən çaşqın qafamda bir qafa da qur.

Niyə bu yıxanlar, bu yıxılanlar,

Gələndə mələkdir, gedəndə quldur.

Məqalədə bəzi adamları qarşılaşdırıb Məmmədin şeiri ilə bağlayıb”.

Kitabda “Təzadlar” qəzeti, onun baş redaktoru Asif Mərzili haqqında da ictimayyətə heç vaxt məlum olmayan və yalnız yuxarı dairələrdə müəyyən adamların məlumatlı olduğu hadisə barədə Gülxanım müəllimə olduqca sensassiyalı məlumatlar dərc edib. Yalnız bu kitabdan məlum olur ki, Prezident Aparatının Humanitar Məsələlər üzrə sabiq müdiri Fatma Abdullazadə “Təzadlar”ı tamam məhv etmək üçün Ulu öndər Heydər Əliyevə yalan məlumat verməklə hansı planlar hazılayıbmış? Bunun da səbəbi var idi. Çünki F.Abdullazadənin qardaşı Abdullanın Rusiyada xristianlığı qəbul edərək keşiş olması barədə ilk dəfə məlumatı “Təzadlar” ictimaiyyətə catdırmışdı. F.Abdullazadə də bunun acığını çıxmaq üçün əlinə düşən yersiz fürsətdən yararlanmaq qərarına gəlibmiş. İndi də G.Fətəliqızının adı cəkilən kitabının 307-ci səhifəsində, 1999-cu ildə baş vermiş hadisənin təfsilatını olduğu kimi təqdim edirəm: “Bəxtiyar müəllim (Bəxtiyar Vahabzadə nəzərdə tutulur. “Təzadlar” qəzeti yaranandan bu günə qədər Bəxtiyar Vahabzadə, Məmməd Araz redaksiya heyətinin fəxri üzvləri olublar - E.M.) əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bir xeyli keçəndən sonra Prezident Aparatından bir məmurun (Fatma Abdullazadə nəzərdə tutulur - E.M.) danışmaq istədiyini bildirdilər:

  • Buyursunlar, gözləyirəm.
  • Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə cap olunurdu. Onun redaktoru (Asif Mərzili nəzərdə tutulur - E.M.) yaman çığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq. Mənim sözlərimi Məmməd müəllimə catdırın, qoy, fikirləşsin, sonra siz mənə çatdırarsınız.
  • Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Özünüz zəng edərsiniz.

Sözlərini olduğu kimi Məmmədə catdırdım.

Bəxtiyar müəllim təzədən telefonla danışdı:

  • Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır, danışırlar, qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt olmalıdır? Niyə? Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür. Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib.
  • Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökumət.
  • Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ançaq onlar susurlar. Sən bir Asif Mərzili ilə də danış, gör nə edirsən? Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin (qəzetin redaksiya heyətinin üzvü olan professor Nurəddin Rzayev nəzərdə tutulur – E.M.) üstünə isə hücum çəkiblər.
  • Yaxşı, Bəxtiyar müəllim, danışaram.
  • Hə bala, danış görək”.

Göründüyü kimi, Gülxanım Fətəliqızı “Təzadlar”a arxadan hansı zərbələrin vurulaçağına hazırlıq və onun qarşısının necə alınması  barədə dəqiq məlumat verib. Yeri gəlmişkən, Bəxtiyar Vahabzadənin Ulu öndər Heydər Əliyevlə görüşüb, “Təzadlar”ın və Asif Mərzilinin heç bir pis niyyəti olmadığını və Fatma Abdullazadənin qəzetə olan hücumlarının əsassız olduğunu onun diqqətinə catdırandan sonra qəzetin başının üstündəki qara buludlar çəkilib.

Bəli, Gülxanım Fətəliqızı ictimaiyyətə məlum olmayan bu kimi dəyərli faktları kitabında yazmaqla, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin böyüklüyünü bir daha xalqımızın diqqətinə catdırır. Kitabda həmçinin Ulu öndər Heydər Əliyevin Məmməd Arazı Almaniyaya mualicəyə göndərməsindən, şairin sağlam vaxtı oxuçuları ilə müxtəlif yerlərdə görüşlərindən, kürəkəni Aqil Abbasla ədəbiyyat mübahisələrindən və digər məqamlardan çox maraqlı söhbətlər acılır. Gülxanım müəllimə bu kitabla bizə Məmməd Araz haqqında əbədi bir heykəl qoyub getdi. Onun dünyadan gedişi təkcə Məmməd Araz ailəsinin, qızları İradə xanımın, Şəlalə xanımın, kürəkəni Aqil Abbasın kədəri yox, bütün xalqımızın kədəridir.

P.S. Gülxanım Fətəliqızının vəfatı ilə “Təzadlar” qəzetinin kollektivi adından ailəsinə, yaxınlarına və bütün xalqımıza dərin hüzünlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Elçin MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN