Müğənni Aygün Kazımova 18 sentyabr Milli Musiqi Günü münasibətilə yeni “Lya lya Fa” mahnısını təqdim edib. Mahnıya uyğun şəkilləri isə, fotoqraf Ruslan Nəbiyev lentə alıb.

P.S. Aygün xanımın soyunmuş vəziyyətdə təqdim olunmuş şəklindən görünür ki, yeni “Lya lya Fa” mahnısı çılpaqdır, ətə-qana gəlməyib, duzu, istiotu qaydasında deyil. Aygün xanımın da Allah xasiyyətini kəssin. Bu Allah saxlamışa deyən lazımdır ki, daha 50 yaşını keçmisən, heç olmasa, bundan sonra əyninə paltar geyin dayna. Özü də soyunub çılpaq qoyduğun güngörməzini çevirmisən tamaşaçılara. Daha yekə arvadsan ey, 18 yaşında deyilsən, ayıbdır axı... Bıy, dilim, ağzım qurusun, Aygün nə bilir axı ayıb nə olan şeydir? Bu zalımın qızı ayıb yerlərini, keçi kimi çöldə qoymağı bacarır, amma ayıbın nə olduğunu 50 yaşında da anlamadı ki, anlamadı...

***

Ermənilərin tarixi saxtalaşdırmaq qabiliyyətinin dünyada tayı-bərabəri yoxdur. Mətbuatdan məlum olur ki, bu üzdəniraq ermənilər daha bir tarixi saxtakarlığa əl atıblar. Sən demə, guya ermənilərin əcdadı Haykla gürcülərin əcdadı Kartlis qardaş imiş...

P.S. Əlbəttə, bu, tamamilə bir cəfəngiyyatdır, çünki gürcülərin nə xaraktercə, nə də görünüşcə, ermənilərə heç bir oxşarlığı yoxdur. Farsla qardaş olduqlarını desələr, bu, inandırıcı görünərdi. Tarixdə, yəni e.ə. 550-ci ildə farsların əcdadı olan və Əhəmənilər hakimiyyətinin əsasını qoyan Pars hökmdarı II Kir, yəni Kuruş, ermənilərin əcdadı Haykla qardaş olublar. Əhəməni də, göründüyü kimi, ərməni ilə oxşar sözlərdir və bir kökdəndir. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə, eyni zaman 44 günlük II Qarabağ savaşında və qazanılan qələbədən sonra da, farsların ermənilərə hərtərəfli yardım etməsi, acından ölməyə qoymaması, bir daha göstərdi ki, doğrudan da farslar və ermənilər bir kökdəndirlər, yəni qardaşdırlar. Ona görə də Əhəmənilərin bugünkü varisləri olan farslar, dar gündə qardaşları ərmənilərə qardaş köməyini heç vaxt əsirgəməyiblər. Maraqlıdır, nə əcəb ermənilər bu tarixi oxşarlığa fikir verməyiblər?

***

Müğənni sayılan Afət Fərman qızı istirahətdə olduğu məkandan qısa şortikdə çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb ki, bu da izləyicilərinin marağına səbəb olub.

P.S. Marağa səbəb olar dəə... Hamı fikirləşib ki, “Sığmazam” deyərək mahnı oxuyan Afət xanım bu qısa şortikə necə sığışıb?

***

Fransa dövləti, indiyə qədər göstərdiyi ermənipərəst mövqeyini sığortalamaq, bir növ günahını yumaq üçün ərazilərimizin minadan təmizlənməsi işlərinə 400 min avro ayırmaq niyyətindədir.

P.S. El dilində belə bir deyim var e, deyir apar o pulu ver qatığa, çək başına. Bu da o deməkdir ki, erməni axçisi Emma Makronyanın oğlu Emanuel Makronun dilənçi payı olan qəpik-quruşu bizə lazım deyil. Özü də o boyda dövlət olasan, verdiyin də 400 min avro ola. Bədbəxt uşağı, bizdə heç nazir, komitə sədri, icra başçısı, polis rəisi demirəm, adi jek müdiri belə o pulu verə bilər. Ona görə də “kakoy ni bud” qəpik-quruşa görə Fransa erməniləri qarşısında alçalası deyilik ki? Odur ki,  a erməni dığası, gözlərinə girsin, bizim üçün qəpik-quruş olan o 400 min avro.

***

Qəzetlərin birində Qarabağdan bəhs edən yazıya belə bir başlıq qoyulub: “Status gorbagor olub – ABŞ və Fransa reallıqla nə zaman barışacaq?”

P.S. ABŞ və Fransa Şeyx Nəsrullah axtarışındadırlar. Ölü dirildən Şeyx Nəsrullahı tapan kimi reallıqla barışacaqlar, ətövbə!

***

“Eurovizion-2021” təmsilçimiz, oxumaqdan daha çox norveçli, uzundıraz gədə TİX-lə olan eşq macərası ilə gündəmə gələn, bunun da nəticəsində nəinki ad, yer, əksinə, heç nə qazanmayan Samirə əfəndi MTV-nin  “10-da görüşək” verilişində ailə qurmaq istəyindən danışarkən deyib: “Artıq 30 yaşım var, öz yaşıdımla deyil, məndən yaşca böyük birinə ərə getmək istəyirəm”.

P.S. Dayan, dayan, nəə? Ərə getmək istəyirsən? Boy, boy, nə danışır ə bu? Ay qız, qələtini elə yerində otur, adımızı batırma. Qızın adı biri ilə çıxar, sənin norveçli TİX-lə adın artıq çıxıb. Gədə sənə qızıl üzük də verib axı. O zaman gözün qızıb, ayaqlarının altını görməyəndə sən deyildin belə deyən: “Ayrıldığımızda barmağıma qızıl üzük taxdı və dedi ki, məni gözlə, unutma. Evlənsəm Norveçə köçəcəm. Ərim hardadırsa, mən də orda olacam”. Bunlar nə tez yadından çıxdı, ay qız? Heç olmasa, o gədənin verdiyi qızıl üzükdən utan. Bu yerdə şair Fikrət Qocanın “Görüş” şeirindən bir bənd yerinə düşür:

 

“Qızıl görməmişdin, sən ay görməmiş,

Qızıl sarısına indi yanmısan.

Üzük sahibinə könül verməmiş,

Niyə barmağından buxovlanmısan?”

 

İndi Samirə xanım, papağımızı  yerə soxma,  ya zəhmət çək  o gədənin üzüyünü qaytar, ya da ona ərə get. Adam hamının gözü qabağında oğlana belə “atmaz”. Aldadıb-atmaq zəmanəsidir, bəyəm?

***

ADP sədri Sərdar Cəlaloğlu həm Səhiyyə Nazirliyi, həm də bu qurum qədər funksiyası olan TƏBİB-i nəzərdə tutaraq, mətbuata belə deyib: “Dünyanın hansı ölkəsindəki səhiyyə ikibaşlıdır?”

P.S. Sərdar bəy, dünyanın bizə nə dəxli var axı? Biz özümüz səhiyyə üzrə dünyaya bir nümunəyik. Dünyanın hansı ölkəsində xəstə ayağı qoyub, sağlam ayağı kəsən həkim ola bilər? Görürsən, Sərdar bəy, cavab verə bilmirsən. İkibaşlı ilan kimi səhiyyəmiz də ikibaşlıdır dəə... Yəni həm TƏBİB, həm də Səhiyyə Nazirliyi var. İkibaşlı ilan, hər iki başı ilə adamı öldürə bildiyi kimi, səhiyyəmizin də hər iki başı adam öldürməyi çox yüksək səviyyədə bacarır. Elə son ayların, günlərin ölüm statistikasına baxmaq kifayətdir. Özü də nahaq yerə səhiyyənin emblemində ilan başı təsvir olunmayıb ki...

***

Mətbuatdan məlum olur ki, Kəlbəcərdən olan məcburi köçkün Qızqayıt İsayevanın müvəqqəti yaşadığı ünvanda 2017-ci ildən bəri qazı yoxdur. Bu barədə bir qəzetdə verilən yazıya belə başlıq qoyulub: “Keçmiş məcburi köçkünün evinin qazını kim və niyə kəsib?”

P.S. Rəhmətliyin oğlu, məcburi köçkünlərin qazı 1993-cü ildən alınmışdı. Ötən il torpaqlarımızın işğaldan azad olunması ilə məcburi köçkünlərin həmin qazı özlərinə qayıtdı. Burada bir nəfərin qazının olmamasını qabartmaq, ayrı seçkilik yaratmaq deməkdir.

***

Müğənni kimi tanınan Nura Suri ARB TV-nin “Özəl” verilişində qonaq olub və məktəb illərindən danışarkən belə deyib: “Elə dərslər var idi ki, girmirdim. Çünki heç nə başa düşmürdüm. Biabır olmamaq üçün sinfə girmirdim, gedib kitabxanada otururdum...”

P.S. Ay Nura Suri xanım, bilmədiyin dərsə girmək qətiyyən biabırçılıq deyil. Sinifdə şagirdlərin hamısı bütün dərsləri yaxşı oxuya bilməz ki? Biabırçılıq isə, səsi, sənəti olmaya-olmaya soyunub hamam vannasında və digər yerlərdə lüt çəkdirdiyi şəkili ilə camaat qarşısına çıxmaqdır ki, sən də bunu nədənsə, heç biabırçılıq saymırsan.

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA