booked.netbooked.net booked.net  

İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1994-cü ilin 11 oktyabrında Şəkidə faciəli şəkildə həlak olmuşdur. 

Fransada Armed Mişel adı ilə tanınan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Azərbaycanın ən gözəl guşələrindən biri olan Şəkinin saf suyundan içib, təmiz havası ilə böyüyüb. Əhmədiyyə hələ uşaqlıqdan ağıl-kamalda, fərasətdə tay-tuşlarından seçilib. 1935-ci ildə o, Şəki Kənd Təsərrüfatı Texnikumuna daxil olaraq aqronom ixtisasına yiyələnib. Təhsilini bitirdikdən sonra Qubaya təyinat verilir, kolxozda işləməyə göndərilir.

Gənc Əhmədiyyə müharibə başlamazdan əvvəl hərbi xidmətə çağırılır. Onu Nevinnomısk təyyarəçilik məktəbinə yollayırlar. Bir neçə ay hazırlıq kursu keçdikdən sonra kiçik leytenant rütbəsi alır. Hərbi xidmətinin bitməsinə az bir müddət qalmış II Dünya müharibəsi başlayır. Müharibə illərində Cəbrayılovlar ailəsindən 5 nəfər cəbhəyə yollanır. Paşa, Abdulsalam, Məmmədiyyə, Məmmədsadıq və Əhmədiyyə. Onlardan ancaq ikisi cəbhədən sağ qayıda bilir.

Əhmədiyyə Xarkovdan 200 kilometr aralıda yerləşən bir şəhərə göndərilir. Olduqca mühüm strateji mövqeyə malik olan bu şəhər düz 3 dəfə almanlar tərəfindən işğal olunsa da, sovet ordusu onu geri qaytarır. 1942-ci ilin aprel ayında Əhmədiyyə Ukraynanın Donbas şəhərinə göndərilir və 350-ci alayda siyasi rəhbər köməkçisi təyin olunur. Alayın tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir və fərqləndiyinə görə baş leytenant rütbəsi alır.

1942-ci ilin aprel-may aylarında Ukraynadakı əməliyyat zamanı Əhmədiyyə Cəbrayılovun təyyarəsi Kursk ətrafındakı döyüşlərdə vurulur. O, İzyum çayı  yaxınlığında ağır yaralı vəziyyətdə almanlara əsir düşür, Barbinka və Lvovdakı həbs düşərgələrinə göndərilir.

Əhmədiyyəni yoldaşları ilə birgə vaqonlara mindirib əvvəlcə Polşaya, daha sonra isə Almaniyaya yola salırlar. Burada əsirlərin sayı həddən artıq olduğuna görə onların bir hissəsini Fransaya göndərmək məcburiyyətində qalırlar.

1943-cü ildə Əhmədiyyə bir qrup dustaqla birgə Dahau ölüm düşərgəsinə göndərilir. Onlar qaz kamerasına salınırlar. Bir müddət sonra qarovulçular kameradan çıxaranda onlardan yalnız bir nəfər sağ qalır. Bu, Əhmədiyyə Cəbrayılov idi. 1943-cü ilin sonunda onu Rodezdəki Bürlup kazarmasına göndərirlər. O, burada vərəm xəstəliyinə tutulur. Əhmədiyyənin bəxti onda gətirir ki, o, burada gözəl bir insanla qarşılaşır. Bu, gestaponun xadiməsi işləyən Janna adlı yunan qadını idi. O, qızı Sara ilə birlikdə ərini və oğlunu asan faşistlərin əlindən qaçıb Fransaya gəlmişdi. Əhmədiyyə Jannanın vəfat etmiş oğluna çox oxşayırdı. O, Əhmədiyyəyə bacardığı qədər köməklik edir, hətta təmizlik işi apararkən sağ qalsın deyə, ona gizlicə çörək də gətirir.

Əhmədiyyənin əsirlikdəki məşəqqətli günləri uzun çəkmir. Birgün düşərgədə olarkən gestapoda onu yenə vəhşicəsinə döyürlər. Sonra Əhmədiyyənin öldüyünü zənn edib zirzəmiyə atıb və basdırmaq istəyirlər. Bu zaman Janna Əhmədiyyənin oğluna oxşadığını deyib onu öz adəti ilə dəfn etmək üçün gestapodan izn istəyir. Qadın Əhmədiyyənin sağ olduğunu görür. Bir gün əvvəlcədən məzar qazdırıb, orada hava keçməsi üçün yer də qoyur. Səhəri gün alman zabitlərinin müşayiəti ilə Əhmədiyyə dəfn olunur. Əsgərlər tabutun aralı olduğunu başa düşmürlər. Amma əsirin öldüyünə əmin olmaq üçün tabuta atəş açırlar. Xoşbəxtlikdən, güllə Əhmədiyyənin ayağına dəyir.

Alman əsgərləri getdikdən sonra qadın onu məzardan çıxarıb öz evindəki zirzəmiyə gətirir. Jannanın qayğısı ilə Əhmədiyyə tezliklə sağalır və faşistlərdən qisas almaq üçün yenidən döyüş meydanlarına qayıtmaq qərarına gəlir. O, əvvəlcə fransız dilini öyrənir və tezliklə partizan hərəkatına qoşulur. Ona "Xarqo" ləqəbi verilir.

1944-cü il mayın 22-də Əhmədiyyə əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə Düma ləqəbli kapitan Delplankın gizli ordusuna qoşulur. İlk günlər partizanlar ona o qədər də etibar etmir, öz aralarına buraxmaq istəmirlər. Xarqonu sınamaq üçün onu bir neçə dəfə kəşfiyyata göndərirlər. O, əməliyyatlardan uğurla geri dönür. Yalnız bundan sonra Xarqo partizanların sevimlisinə çevrilir. O, bu dəstənin tərkibində Tarn və Qaronun azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.

Artıq ən vacib və çətin əməliyyatlar partizan Xarqonun dəstəsinə tapşırılırdı. Bəzən kəşfiyyatlar almanların hücum planını öyrənmək məqsədi daşıyırdı. Belə əməliyyatlardan birində o, "Bərbər Xarqo" roluna girir.

Əhmədiyyə cəbhədə bir neçə — "Armed Mişel", "Fraji", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edir. İşğalçı alman faşistləri onun başına 10 min alman markası məbləğində mükafat təyin edirlər.

"Partizan Xarqonun həyata keçirdiyi kəşfiyyatlardan biri Almaniyaya əsir aparılanların ailələrini xilas etmək olur. Əməliyyat zamanı faşistlər məsələni anlayır və atışma başlayır. Yoldaşlarının köməyi ilə Əhmədiyyə qaçmağa nail olur. Amma yaralı olduğu üçün o, çox uzağa gedə bilmir və səhərə kimi şüurunu itirmiş halda dəmir yolu ilə şose yolun arasında qalır. Gündüz saat 3-də general Javerin maşını şose ilə şütüyəndə onun gözü "Xarqo"nun yerdə yatan cəsədinə sataşır. O, maşını saxladıb yerə düşür və oberleytenant formalı zabitin kim olduğunu öyrənməyə çalışır. Lakin Xarqonun üstündə heç bir sənəd yox idi. Onun alman zabiti olduğunu zənn edirlər. General-"Bunu partizanlar öldürüb. Heç şübhəsiz burada "Xarqo"nun əli var"-deyir. Maşını birbişa hospitala sürdürür və həkimlərə nəyin bahasına olursa-olsun onu sağaltmalarını əmr edir. Beləcə partizan Xarqo sağ qalır və alman ordusunda gizli əməliyyatlarını davam etdirir.

Əhmədiyyə sağaldıqdan sonra özünü "öber-leytenant Hofman" kimi təqdim edir və general Javer onu öz yanında işə götürür. Daha sonra onu Albi şəhər komendantı təyin edirlər və bundan sonra onun üçün yeni həyat başlayır.

Partizan Xarqo əsirlərə düşərgədən qaçmaq imkanı yaradırdı. Ona tabe olan əsirlər arasında həmyerlisi Nuru kişi də var idi. Bir gün Nuru kişi ona yaxınlaşmaq istəyəndə Əhmədiyyə bunu hiss edir və işarə edir ki, yaxın gəlməsin. Bir müddətdən sonra isə Nuru kişi Xarqonun köməyi sayəsində əsirlikdən xilas olur.

O, Rodez şəhərində yerləşən düşərgədə azərbaycanlı əsgərlərin olduğu xəbərini alır. Təcili olaraq ora yollanır. Həyata keçirdiyi gizli əməliyyatlar nəticəsində çoxlu sayda əsirlərin qaçmasına imkan yaradır.

Bir gün Əhmədiyyənin yardımı ilə əsirlikdən qurtaranlardan biri gedib yoldaşlarına onun barəsində danışır. Hamı əsirləri xilas edən bu gəncin kimliyi ilə maraqlanmağa başlayır. Müəmmalı qəhrəmanın kimliyini öyrənmək üçün kəşfiyyata çıxan əsgər qarşısında partizan Xarqonu görəndə özünü itirir. Axı əsgər yoldaşları Əhmədiyyənin öldüyünü güman edirdilər.

1944-cü il avqustun 17-də Əhmədiyyə Montobanın 18 kilometrliyində yerləşən "La Tangin" adlı yerdə, Kossad və Realvil arasında gedən vuruşmalarda 6-cı briqada tərkibində döyüşür. 1944-cü il avqustun 19-da Montoban azad edilir.

Əhmədiyyə Cəbrayılov əməliyyatların birində ölməz qəhrəmanımız Mehdi Hüseynzadə ilə görüşür. "Mixaylo" ləqəbli Mehdi Hüseynzadə partizan Xarqonun ləhcəsində doğmalıq hiss edib onun haralı olduğunu xəbər aldıqda Əhmədiyyə "Şəki torpağındanam" deyə cavab verir. Bu iki Azərbaycan oğlu doğma yurddan minlərlə kilometr aralıda Vətən naminə faşizmə qarşı mübarizə aparırdılar.

Qızğın döyüşlərdə partizan dəstəsi tərkibində vuruşan Əhmədiyyə Paris şəhərinin azad olunmasında da iştirak edir. Elə həmin gün general Şarl de Qolla görüşür. Bu görüşü bir fotoşəkil də təsdiqləyir. Müvəqqəti Fransa hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi bənketə Əhmədiyyə də dəvət alır.

1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı  partizanlar tərəfındən faşistlərdən azad edilir. Rodez vətənpərvərləri şəhərin azad olunmasında qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, qardaşlıq məzarı üzərinə qoyulan başdaşına Azərbaycan xalqının qəhrəman oğullarının şanlı adlarını həkk edirlər.

1944-cü il avqustun 28-də Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Alzasdakı döyüşlərdə iştirak edir. 1945-ci il martın 13-də Montoban şəhər bələdiyyə idarəsinin başçısı Trankunun təsdiqlədiyi sənəddə onun Fransa müqavimət hərəkatında fəal iştirak etdiyi göstərilir. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmiryol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasına mane olur. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun rəhbərliyi altında həyata keçirilən əməliyyatda günün günortaçağı Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Çətin olmasına baxmayaraq, əməliyyatları müvəffəqiyyətlə başa vurduğuna görə Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança hədiyyə edir. 1945-ci il martın 16-da o, 3-cü briqadadan tərxis olunur və I Fransa ordusunun tərkibində Vozj və Alzasdakı döyüşlərdə iştirak edir.

Müharibə başa çatanda hamının Armed Mişel kimi tanıdığı Əhmədiyyə əsl qəhrəmana çevrilir. Onu hamı sevir, onunla danışmaq, şəkil çəkdirmək qürurlu bir işə çevrilir. Hər kəs Əhmədiyyənin onun ölkəsinin vətəndaşı olmasını arzulayır. Şarl de Qoll da dəfələrlə Armed Mişelə Fransada qalıb yaşamaq, Amerika səfırliyi isə ona ABŞ vətəndaşı olmağı təklif edir. Əhmədiyyə Fransanın Milli Qəhrəmanı kimi hamının qəlbinə yol tapır. Müharibə bitdikdən sonra Fransada onun hərbi şücaətlərini layiqincə qiymətləndirirlər və ona Fransanın Milli Qəhrəmanı adı verilir. O, "Fəxri legion" ordeni ilə təltif olunur. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə ona generallardan qabaqda getmək hüququ verirdi.

Ancaq vətən həsrəti Əhmədiyyəni rahat buraxmır. Ən böyük arzusu vətənə dönmək, doğma Şəki havası ilə nəfəs almaq, dost-tanışı, qohum-əqrəbası ilə görüşmək olur. Əhmədiyyənin bu arzusu 1946-cı il noyabrın 25-də Fransa prezidenti Şarl de Qollun köməkliyi ilə həyata keçir. O, vətənə qayıdır.

Əfsanələşən partizan ömrü - Əhmədiyyə Cəbrayılov

Lakin "KQB" cəlladları burada Əhmədiyyəni rahat buraxmır və ona vətən xaini kimi baxırlar. Moskvada yoxlama vaxtı onun mükafatlarının bir hissəsi əlindən alınır, hətta onu "Vətən xaini" adlandırırlar.

1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRİ-yə gəlişi Əhmədiyyənin həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de Qolla Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovetlər İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır.

Əhmədiyyə 1947-ci ildə Sürəyya xanımla ailə qurur, bu nikahdan 7 uşaq dünyaya gəlir. 1970-ci ildə o, Şəki rayonu N.Nərimanov adına kolxozda baş aqronom kimi işə başlayır. Əməkdə fərqləndiyinə görə 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülür.

1972, 1975, 1982-ci illərdə Əhmədiyyə Fransada döyüşdüyü Montoban, Rodez, Tuluza, Albi şəhərlərini gəzir. Həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marselə baş çəkir.

Fransaya səfəri zamanı o, döyüş illərində olum və ölüm arasındakı o müdhiş günləri xatırlayır. Parisin təmiz və səliqəli küçələri ilə irəliləyir. O, bu küçələrin hər döngəsinə, hər dalanına bələd idi. Çünki almanların yerləşdiyi qərargaha çatmaq üçün hər cür yollardan, hətta su və kanalizasiya xətlərindən belə istifadə edərək tapşırığı bacarıqla yerinə yetirmişdi. 1975-ci ildə Parisdə Əhmədiyyə Cəbrayılovu senatın rəhbəri Jak Düklo qəbul edir və ona bu görüşün xatirə medalını təqdim edir. 1976-cı ildə müharibədəki iştirakına görə "Oktyabr inqilabı" ordeni ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Röne Şambar ilə görüşür.

Digər dostları da bir-bir Əhmədiyyənin görüşünə gəlirlər. Onların hər biri əziz insanlar idi. Çünki müharibənin ən ağır günlərində faşizmə qarşı mübarizədə bir yumruq kimi birləşmişdilər. Bu partizanların hər birinin öz ləqəbi var idi. Fransızların "Armed Mişel" adlandırdığı Əhmədiyyə Cəbrayılovun ləqəbi isə "Xarqo"dur. Döyüş dostları bir-birini unutmur, hətta Parisdə, Montobanda, Rodezdə həlak olan dostlarının məzarlarını da ziyarət edirdilər.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülüb: "Müharibə xaçı", "Hərbi şücaət xaçı", "Fransa Müqavimət hərəkatı medalı", "igidliyə görə medal", "Yaralanmağa görə medal".

1994-cü il oktyabrın 10-u. Əhmədiyyə Cəbrayılov Şəkidə yol-nəqliyyat qəzası zamanı dünyasını dəyişdi. Kimin ağlına gələrdi ki, milyonlarla insanın həlak olduğu müharibədən Vətənə sağ qayıdan bir insan adi yol-nəqliyyat qəzası zamanı həlak olacaq. Demək, taleyin qisməti belə imiş.

1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə Fransa hökuməti ona fəxri təqaüd, həmçinin medallar göndərir. Təəssüf ki, bu mükafatlar Əhmədiyyə Cəbrayılova ölümündən sonra gəlib çatır.

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə videoslayd hazırlanıb -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin 14 avqust 2020-ci il tarixdə Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncamına əsasən əfsanəvi partizanın 100 illiyi  respublikamızda geniş qeyd edilmişdir.

Hazırladı: Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN