Koronavirus gündəlik həyatımızda dominantlıq edir,

hətta biz onunla simbioz yaşayırıq desək, daha doğru olar. Eyni ilə yeni virus ştamlarının canlı hüceyrə sevgisi - simbiozluğu kimi.  Həyatımz onunla o qədər təmasdadır ki, bütün əlaqəli xəbərlər də özü bunu bizə təlqin edir. Hətta ən əziz adamımızla maraqlanmadığımız qədər, onunla bağlı bütün xəbərlərə maraq göstəririk. 

Haqsız da deyilik, bu gözəgörünməz bəlanın ətrafında o qədər təbliğat və təşviqat gedir ki, yatanda da, yeyəndə də,  hətta toyda rəqs edəndə, yasda ağlayanda (gözümüz qapıda -red.) belə onu düşünürük... Düşünməmək əlimizdə  deyil, onun əli ilə bizi “döyənlər”i hədələyib barmaq silkələmələri, morqlardakı gündəlik ölü sayı ilə gözlərimizi bərəlməyə məcbur edənlər, hətta gündəlik iş fəaliyyətimizin belə məhsuldarlığını azaltmağa müvəffəq olublar. Nə eşitsək, nə oxusaq həm yaymağa, həm də qulaq verməyə... Hamımız səfərbər olmuşuq. Hər gün koronavirusun təzə doğulan bacısı, qardaşı, əminəvəsi, bibinəvəsi... Özlərinin də qəşəng-qəşəng adları ilə -    “Lambda”, “Gamma”, “Delta”, “Alpha”, “Epislon”, “Zeta”, “İta”, “Teta” və “İota”... Gözləriniz aydın, deyilənlərə görə, koronavirusun 24 mutant ştammı var...

Hələ nə qədəri doğulacaq, nə qədər adlar veriləcək... Fikirləşəndə adamın tükləri biz-biz durur. Və əlini-ayağını uzadıb bu qəşəng isimli bədheybətlərdən birinin nə zaman boğazını sıxacağını gözləməyin gəlir: hissiz, duyğusuz, heç bir etirazsız-filansız...

Dünyanın bütün başbilən alimlərinin, mütəxəssislərinin  koronavirusla bağlı demək olar ki, gündəlik apardıqları elmi araşdırmalarının nəticələri, fikir və düşüncələri dünya mediasında tirajlanır. Bəziləri isə lap qanımızı dondurur. Hələ ÜST-ün artıq neçənci dalğanın gəlişinə hazırlaşmamız barədə xəbərdarlıqları, SOS-lar və daha nələr... Sanki bu xəbərdarlıqlardan sonra sərhədlərdən evimizin kandarınadək  qırmızı xalı döşəyib, bu yeni ştamların pişvazına çıxacağıq kimi... Hələ yeni variantların - “əmioğlu” və “əmiqızı”larının baltasının daha iri olduğu, zopasının altına bir dəqiqədə onlarla adam başı sala biləcəyi barədə xəbərdarlıqları oxuduqca sağ canın şikəst olmasın da neyləsin? Hələ bu günlərdə bir qrup ingilis alimləri yeni koronavirus ştammının  ona yoluxmuş hər üç adamdan birini öldürəcəyi vədini də verdilər...  Mütəxəssislər gələcək ştammın daha yoluxucu “Kent Alpha” və ya “Hindistan” Delta variantları ilə peyvənddən sonrakı immuniteti yox edən “Cənubi Afrika” beta variantının birləşməsindən qaynaqlandığı təqdirdə peyvəndlərə qarşı davamlı ola biləcəyini də söyləyib. Hətta bildirilir ki, rekombinasiya “artan yoluxuculuq və ölümcüllük” ilə müşayiət olunan bir növün ortaya çıxmasına səbəb ola bilər...

...Peyvənd demişkən, artıq cəmiyyətdə “peyvənd olunmayanlara birtəhər baxacaqlar” iddiaları da özünü doğrultmaq üzrədir. Vaksinasiya olunmamısansa ticarət mərkəzlərinə, restoranlara, hətta bir çox peşə sahələrində çalışanlar iş yerlərinə  belə gedə bilməz. Burada qapılar sənin üzünə bağlıdır. Artıq sənə “ikinci sort adam” kimi baxılacaq. Hətta peyvənd olunmamış bəylə gəlin şadlıq evinə qədəm basa bilməz. Yoxsa, onları aparıb vaksinasiya etdirib sonra məclisə buraxacaqlar. Düşüncəyə baxın, özü də yeni ailə quranları, hansı ki, hələ koronavirusa qarşı peyvəndlərin tətbiqinə başlanılan ilk zamanlardan bildirilirdi ki, uşaq sahibi olmağı planlaşdıranlara 6 ay (bəzi versiyalara görə, 3 ay ) vaksinasiya etdirmək olmaz. Bu barədə dünya mediasında dərc edilmiş kifayət qədər məqalə var. İndi sual olunur: ümumiyyətlə, Azərbaycanda uşaq planlaşdırmaq məsələsi cəmiyyətimiz üçün nə qədər xarakterikdir, yaxud yeni evlənən cütlüklərin, hətta pandemiya səbəbindən və digər subyektiv, obyektiv səbəblərdən yaşı keçmiş evlənən cütlüklərin uşaq planlaşdırması mümkündürmü, bu, nə qədər ağlabatandır?! Azərbaycan reallığında gənclər evlənirsə, elə ilk və ümdə məqsəd övlad sahibi olmaq istəmələridi - özü də tez bir zamanda. Bundan gözəl arzu varmı? Yeni evlənən cütlükəri toyqabağı və ya toydan sonra buna məcbur edənlər, sabah dünyaya gələcək körpədə hansısa xəstəliyin olmayacağına zəmanət verə bilərlərmi?  Hələ də tibb elminin doğru-düzgün açıqlama verə bimədiyi bu zamanda, hansı ki, nəticəsini bilmək üçün illərlə aparılacaq müşahidə və statistik hesablamalar, araşdırmalar, tədqiqatlar lazım gələcək. Vaksinasiya isə könüllüdü... Əlbəttə, könüllüdü: koronavirus kimi onun da “variantı” var, həm də alternativ - ya vaksinasiya olun - işlə, təhsil al, ya da könüllü çıx get! Məhz “könüllü” sözü də bu zaman sənə deyilir. 

***

Bəli, koronavirusla bağlı gündəlik qorxulu xəbərdarlıqların  püskürməsi fonunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova sönən ümidlərimizi cücərdən açıqlama verib. Bilicilərin, öncəgörücülərin, rəml atanların, fal açanların, aya baxanların... söylədiklərinin əksini söyləyib: “Yeni növ koronavirusun (COVID-19) ilkin variantı, yəni ana virus daha təhlükəli idi. Digər ştamlar orqanizmdə çoxalaraq öz fəaliyyətini davam etdirməyə çalışırlar. Ona görə də yeni yaranan virus ştamlarının heç biri ana ştammdan təhlükəli ola bilməz. Elə bunu əsas götürərək ciddi narahatlığa ehtiyac olmadığını söyləmək olar. Sadəcə olaraq daha sürətli yoluxuculuq qabiliyyətinə malik ola bilər”. 

Yəni, cənablar, yeni doğulmuş körpə anasından, atasından güclü ola bilməz, bu bir aksiomadır! 

Bir müddət öncə tibb elmləri doktoru, professor Musa Qəniyev də mövzu ilə bağlı demək olar ki, eyni fikirləri söyləyib və bildirib ki, artıq vaksinasiya hesabına əhalinin ən azı 85 faizində kütləvi immunitet formalaşıb.

Panikaya və stresə düşmədən, ətrafımızı və özümüzü gigiyenik qaydalara, verilən tövsiyələrə ciddi riayət edərək bu bəladan, qoruyaq və yaşayaq! 

Çünki başqa seçimimiz yoxdur...

YASƏMƏN MƏMMƏDLİ