booked.netbooked.net booked.net  

 ...O zamandan illər keçib, amma əfqan qadınların həmin qorxusu, həyəcanı bitməyib, yəqin ki, hafizələrinə hopmuş  kabus kimi xatirələri gözlərinin önündən heç bir zaman çəkilməyəcək də...

O qədər də uzaq olmayan tarixi keçmişə nəzər salaq - 1996-cı ildən etibarən 35 milyon əhalisi olan Əfqanıstan ərazisinin çox hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi.

O zamankı “Taliban”qruplaşmasının  Kabilə daxil olması ilə dəhşətli günlər başlamışdı. Onların öz qanunları, öz cəza növləri, həyata, insanlara münasibətdə öz baxış tərzləri vardı.

Elmin, tərəqqinin düşməni olan taliblər XX əsrin sonlarında “şəriət qanunları” adı altında, əsasən qadınlara qan uddururdular, sanki, qadın düşməni idilər... Qadınlara yalnız xəyanət edəcək, təcavüz ediləcək hissiz, duyğusuz, ruhsuz bədən kimi baxılırdı. Qadın onlara görə, yalnız xidmət etmək üçün yaradılmış qul idi. Qadın - lal, kar, kor olmalıydı. O, etiraz edə,  arzulaya bilməz, aldığı hər nəfəsə görə də sanki borclu idi...Onların tətbiq etdiyi qanunlara görə, qadın ərinin - mərhəm yaxınının müşayiəti olmadan, pərəncə -burqa deyilən libası geyinmədən  küçəyə çıxa bilməzdi.

Qadının hündürdaban ayaqqabı geyinməyi yasaqlanmışdı, guya bu ayaq səsləri kişini əsəbiləşdirə bilərdi. O, ictimai yerlərdə ucadan danışmamalı, yad adam səsini eşitməməlidir. Binaların birinci mərtəbələrinin bütün pəncərələri boyanmalı, bağlanmalı idi ki, içəridəki qadınlar küçədən görünməsin. Qadınların şəkil- video çəkdirməsinə icazə verilmirdi, şəkilləri qəzetlərdə, kitablarda, jurnallarda, hətta evdə belə qadağan edildi. Ümumiyyətlə “qadın” sözünün mövcud olduğu bütün ifadələr məsələn, “qadın həyəti” - “bahar həyəti” olaraq dəyişdirildi.

Qadınlara hansısa binanın, hətta evlərinin də eyvanına çıxmaq qadağan edildi.

Qadınlara radio, televiziya və hər hansı bir yerdə keçirilən tədbirlərə getmək olmazdı, parlaq paltar geyinmək qadağan edildi, çünki bu cazibədarlıq hesab olunurdu (Hətta 1996 -cı ildə “Taliban”ın vermiş olduğu fərmanda dəbli geyim və qızıl məmulatları taxan qadınların heç vaxt cənnətə getməyəcəyi bildirilirdi...). Gözəllik salonları bağlandı, kosmetikadan istifadə etmək, dırnaq boyamaq yasaqlandı. Qadınlara işləmək, kişi həkimin müayinəsindən keçmək olmazdı. Həmin dövrdə dövlət qulluqçularının 25% -ni qadınlar təşkil edirdi, qadınların kütləvi şəkildə işdən çıxarılması isə təbii ki, iqtisadiyyata, ibtidai təhsilə (müəllimlərin böyük əksəriyyəti qadınlar idi) mənfi təsir göstərdi. Taliblərin Ali Lideri Məhəmməd Ömər qadın məmurların və müəllimlərin işləməsələr də aylıq müavinət alacaqları barədə vəd də vermişmiş, lakin bu vəd, vəd olaraq da qaldı...

Televiziya, musiqi və musiqi alətləri, incəsənət, şahmat,... yasaq edildi.

Şəriətin ağlagəlməz qanunlarının XX-əsrin sonlarında önə çəkilməsi, savadlı ailələrin isə buna boyun əymək istəməməsi səbəbindən minlərlə təhsilli, savadlı ailə baş götürüb ölkədən qaçdı.

Qadınların yeganə çalışa bildiyi iş yeri tibb sahəsi idi - o da qadın xəstələrin müalicəsi üçün. Lakin həmin dövrdə qadın həkimlərin çoxu  iş yerlərini təcavüz qorxusu səbəbindən tərk etməli oldular. Buna görə də xəstəxanalarda qadın həkim tapılmırdı. Təhsil sahəsində qız uşaqlarına yalnız 8 yaşınadək məktəbə getməyə icazə verilirdi. Təhsil isə tamamən fərqli - dini idi. Həmin dövrdə 106 256 nəfər qız uşağı təhsildən kənarlaşdırılmış,  7793 qadın müəllimə işdən çıxarılmışdı, hansı ki, bu səbəbdən 63 məktəb bağlanmışdı. Bütün bunlar qadınların təhsil ocaqlarındakı rolunu hiss ediləcək dərəcədə azaldırdı. 2001-ci ildə qızların yalnız 1%- orta məktəblərdə təhsil alırdı. Bəzi qadın müəllimlər evlərində şagirdlərə və qadınlara gizli şəkildə dərs keçməyə davam edirdilər, lakin bu çox qorxulu idi. Onları yaxşı halda həbsxana, pis halda isə dar ağacından asılmaq gözləyirdi.

Qaydaları pozanlara verilən cəzanı ictimaiyyətin gözləri qarşısında - stadionlarda, şəhər mərkəzində,  küçədə döyərək həyata keçirirdilər. Məsələn, həmin dövrün yadda qalan cəza növlərindən biri 1996-cı ildə bir qadının dırnaqlarını böyamasına görə həyata keçirilən cəza növü olub. Həmin qadının baş barmağını kəsmişdilər. Həmçinin həmin il 225 qadın geyim qaydalarını pozduğuna görə məhkəmə tərəfindən ayaqlarını qamçılamaq barədə qərar çıxarılıb.

Yaxud Ayşə Mohammadzai hələ 12 yaşında ikən ailəsi tərəfindən təzminat qarşılığında  ərə verilir, amma yeni ailədə şiddət gördüyü üçün bir neçə il sonra valideynlərinin yanına qayıtmağa çalışaraq, evdən qaçır. Ancaq qızının bu hərəkətindən qeyzlənən ata, yaxşı bir nümunə göstərmək üçün qızını “Taliban” komandirinə təslim edir: “Qızlar qaçmağa çalışsalar nə olacaq” deyir. “Günahkar”Ayşənin qulaqları və burnu kəsildikdən sonra dağlarda ölmək üçün taleyin ümidinə buraxılır, ancaq o, sağ qalır...

Həmin dövrdə qadınların gizli olaraq çalışdığına görə çoxlu sayda güllələnmə faktının olması da məlumdur. Taliblərin hakimiyyəti zamanı orta əsr cəza növləri həyata keçirilirdi: oğurluğa görə bir və ya iki əl kəsilirdi və s.  Hətta qadının bəzi “qanunsuz” hərəkətinə görə kişilər də cəzalandırıla bilərdilər. Qadın dərzini işə götürən kişi cəzalandırılırdı, yanında əri, yaxud mərhəm ailə üzvü olmayan qadını taksisində aparan sürücü də, əri də cəzalanırdı və ilaxır... Hətta o zamanlar əri, oğlu, yaxın əqrabası olmayan qadınlar küçəyə çıxa bilməmə səbəbindən acınacaqlı durumdaydı. Aclıq, yoxsulluq, işsizlik, səfalət, daima qorxu altında yaşamağa məhkum olmuş əfqan qadınları illərlə çəkdiyi zülmün, müsibətin bir gün bitəcəyi günü gözləyirdi.

Və o gün gəlir. 2001-ci ildə NATO -nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə “Taliban”ın hökmranlığına son qoyulur və yeni demokratik hökumət qurulur.

***

Əfqan qadınlarının çoxu  avropa, qərb qadını kimi müstəqil olmasa da, o qədər də firavan ölkədə yaşaya bilməsələr də, bir çox əskikliklərlə dolu cəmiyyətdə özünütəsdiqə doğru gedirdi. Əfqan qadını elm sahəsində də, idmanda da, mədəniyyət sahəsində də,... uğurlar qazanmışdı. Və o, mübarizə aparırdı - daha yaxşı həyat üçün. Lakin hakimiyyət uğrunda gedən daxili çəkişmələr, taliblərlə Əfqanıstanın bir dövlət olaraq təkbaşına mübarizə apara bilməməsi ölkəni günbəgün uçuruma aparırdı.  Taliblərin bəzi dövlətlərlə apardığı sövdələşmələr, həmçinin ABŞ-ın öz hərbçilərini razılaşmaya görə hissə-hissə ölkəni tərk etməsi nəticəsində Əfqanıstan taliblərlə meydanda demək olar ki, tək qaldı. Nəticədə bir neçə ay ərzində taliblər Əfqanıstanın əyalətlərini ardıcıl surətdə işğal etdilər. 2021-ci il avqustun 15-də isə paytaxt Kabil “Taliban” tərəfindən ələ keçirildi.Və ən təəssüf doğran isə budur ki, illərlə NATO, ABŞ təlimləri görmüş çoxsaylı əfqan ordusu taliblərin qarşısından demək olar ki, çəkinərək qaçdı, təslim oldu... (Yalnız Pəncşir əyaləti taliblərə təslim olmayıb, hələ ki, müqavimət göstərir) Kabilin işğalından sonra isə ölkə prezidenti Əşrəf Qani “Taliban”la razılaşaraq səssizcə istefaya getdi. Həm də məlumatlara görə, Əfqanıstanın bir helikopterə sığmayacaq qədər pulu-parası ilə... İndi isə sığındığı BƏƏ-dən bildirir ki, kimlərləsə məsləhətləşmələr aparır və geri dönəcək...  Beləliklə, Əfqanıstan İslam Respublikası süqut etdi. Taliban tərəfindən keçid höküməti quruldu.

Və yenidən küçələrdəki, salon və mağaza vitrinlərindəki qadın şəkilləri qorxudan boyanmağa başlandı...

***

Qeyd edək ki, hazırda sülhməramlı missiya həyata keçirən 120 nəfər Azərbaycan hərbçisi də qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirirlər. Bu Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Milli Məclisin qərarı ilə 2002-ci il noyabrın 15-də qəbul edilib. Azərbaycan Respublikasının NATO ilə birgə iştirak etdiyi fəaliyyətinin bir qismi də Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi ilə bağlı olub. Lakin sülhməramlıların gələcək fəaliyyətləri qarşıdakı ayda məlum olacaq...

***

Əfqanıstan hal-hazırda qeyri-stabil siyasi vəziyyətdədir. “Taliban” isə yaddaşlarda dərin yara buraxmış keçmişindən fərqli yeni qanunlarla işləyəcəyinə söz verir - hamını bağışlayır, əfqanları ölkələrini tərk etməməyə səsləyir... Ötən gün “Taliban” sözçüsü  KİV-ə verdiyi açıqlamada hüquq, din və xarici siyasət sahəsi üzrə mütəxəssislərin qarşıdakı həftələrdə Əfqanıstanda yeni bir idarəetmə sistemi təqdim etmək niyyətində olduqlarını söyləyib. O, həmçinin vurğulayıb ki, taliblərin qanunu və asayişi pozduğuna, yaxud dinc əhaliyə qarşı cinayət törətdiyinə dair faktlar təsdiqlənərsə araşdırmalar aparılacaq...

Əfqan qadınları taliblərin vədinə inanacaqmı, yaxud bu günkü “Taliban” döğrudan da 20 il əvvəlki düşüncələrini dəyişəcəklərmi, bunu zaman göstərəcək.

Amma əfqan qadınların xarici TV-lərə verdikləri müsahibələrdən də görünür ki, onları buna inandırmaq çox çətin olacaq  - onlar hüquq və azadlıqlarına qarşı tətbiq edilə biləcək qəddar qanunlara dirəniş göstərəcəkləri, boyun əyməyəcəklərini söyləyirlər....

Və bu sözləri söyləyən əfqan qadınları daha əzmkar, daha mübariz görünürlər...  Çətin ki, 20 il əvvəlki “qanunlara” kölə olsunlar.

***

Hələ ki əfqan xalqının bir milyondan çox daxili qaçqın köçü evsiz-eşiksiz, başsız qalıb, bir çoxu isə xarici ölkələrdə sığınacaq axtarmaq üçün çaba göstərirlər.

Biz isə inanaq ki, vətəndaş müharibələri, narkotik qaçaqmalçılığı ilə xatırlanan bu şərq ölkəsində daima qaynayan, həm də qaynadılan qaynar qazan  tezliklə soyuyacaq, əfqan qadınları da layiq olduqları və arzuladıqları həyata qovuşacaqlar.  Çünki o cəmiyyətdə ki, qadın xoşbəxtdir, demək o ölkədə ədalət var, inkişaf var, dəyər var.

YASƏMƏN MƏMMƏDLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.3.)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN