AZƏRBAYCANIN GÖRKƏMLİ NEFTÇİ ALİMİ  -  AMEA müxbir üzvü, professor ARİF QULIYEVIN XATİRƏSİNƏ...

(R E K V I Y E M)

 ...ƏZİZİMİZ, DOSTUMUZ, QARDAŞIMIZ, ZİYALIMIZ, ALİMİMİZ ARIF MÜƏLLİM!

BIZ HEÇ ZAMAN SİZİ UNUTMADIQ! UNUDA DA BİLMƏRİK!

SIZ xalqımızın ən layiqli övladlarındansınız. ...ƏCƏL bir az da zaman versəydi SİZ azad olmuş doğma Füzulini, GECƏGÖZLÜNÜ özünüz görəcək idiniz.

Ancaq qismət deyilmiş.Təsəllimiz o ki, ləyaqətli bir ziyalı, alim, müəllim, vətəndaş ömrü yaşadınız! 30 ilə yaxın müddətdə hər gün arzuladığımız QƏLƏBƏNİ EŞİDƏN, DUYAN, HİSS EDƏN, ANCAQ AZAD OLMUŞ O DOĞMA TORPAQLARINI ZİYARƏTƏ GETMƏYƏ VAXTI YETİŞMƏYƏN BÖYÜK ZİYALI, MÜƏLLİM, ALİM!

...SİZ DƏ, ELƏ BİZLƏR DƏ heç zaman torpağımızla, xalqımızla, ordumuzla, bu qədər qürur duyduğumuz olmamşıdı. Onları heç zaman bu qədər sevməmişdik,  sevə bilməmişdik!

Elə ziyalılarımızı da, alimlərimizi də...

İTİRDİKDƏN SONRA İTİRDİYİMİZİ DAHA TEZ HİSS EDİRİK. TEZ İTİRDİYİMİZƏ HEYİFSİLƏNİRİK, YANIRIQ, YAXILIRIQ!

GÜCÜMÜZ GÖZ YAŞIMIZA, XATİRƏLƏRƏ ÇATIR! Sizinlə bağlı dostlarınızın o qədər əziz unudulmayan xatirələri var ki...

Bu yaxınlarda – 2021-ci ilin sentyabrın ortalarında AMEA-dan verilən məlumat ölkənin müxtəlif saytlarında, KİV-də, sosial şəbəkələrdə yayımlanaraq elmi ictimaiyyətimizə ağır itki verdiyini bildirdi. Üzüntü içərisində bildirildi ki, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 2021-ci il sentyabrın 16-da ömrünün 88-ci ilində vəfat etmişdir.

...Hər zaman dəyanəti, səxavəti, qüruru, qonaqpərvərliyi ilə seçilən Azərbaycanımız – Qarabağımız çox böyük milli qəhrəmanlar, müdrik tarixi şəxsiyyətlər, yazıçılar, şairlər, alimlər, professorlar, akademiklər, pedaqoqlar yetişdirib. Azərbaycanımızın – Qarabağımızın belə parlaq ziyalı insanlarından biri də texnika elmləri doktoru, professor, AMEA müxbir üzvü, əməkdar elm xadimi Arif Mehdi oğlu Quliyev idi.

...Yaşasaydı 15 dekabr 2021-ci ildə Onun 88 yaşı tamam olacaq idi. Ötən 2020-ci il nə qədər böyük Qələbələr ili olsa da çətinliklərimiz və itgilərimiz də çox oldu.  Həm bu səbəbdən, həm koronavirus pandemiyası səbəbindən, həm də onun səhhətindəki kiçik narahatlıqdan dolayı  biz dostumuzu, ziyalımızı, alimimizi son vaxtlar tam lazımi səviyyədə ziyarət edə bilmirdik.

Ancaq fikirləşirdik ki, Arif Quliyevin 90 illik yubiley yaşını qeyd etməyə imkanımız olacaqdır. Qarabağda daha yaxşı işləmək, onu bir az dirçəltmək və bəzi çatışmazlıqları aradan qaldırmaq, təzə yaralarımızı sağaltmaq və yubileyi doğma Füzulidə də, Gecəgözlüdə də keçirmək arzusu yaranmışdı hamımızda. Elə Onun özündə də!

...AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Arif Quliyev 15 dekabr 1933-cü ildə Füzuli rayonunda Gecəgözlü kəndində dünyaya göz açmışdır.

1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, "Balaxanıneft" mədənlərində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan EA-nın Neft Ekspedisiyasında baş laborant, elmi işçi olub. 1958-1960-cı illərdə isə AzETNÇİ-da "Yeraltı hidrodinamika" laboratoriyasında kiçik elmi işçi, böyük mühəndis kimi çalışmışdır. 1963-cü ildə "Qaz-neft layının hidrodinamikasının bəzi ünsürləri" mövzusunda namizədlik, 1974-cü ildə isə "Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazhidrodinamiki hesabatı üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri işləyib. 1989-cu ildə Arif Quliyev Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA-nın Geologiya və Geofizika İnstitutunda "Neft yataqlarının işlənilməsi və neft-qaz hasilatının proqnozlaşdırılması" şöbəsinin rəhbəridir.

Arif Quliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Onun elmi tədqiqatlarının sahəsi: neft-qaz yataqlarının işlənilməsi; yeraltı hidrodinamika; lay və quyuların tədqiqi; iqtisadi-riyazi modelləşdirilmə; karbohidrogen resurslarının mənimsənilməsi proseslərinin optimallaşdırılması və optimal idarəetmə; neftveriminin artırılması və neft hasilatının intensivləşdirilməsi və s.

Arif Quliyev 200-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın və 1 kitabın, 6 təlimatın və metodik rəhbərliklərin müəllifidir. Onun rəhbərliyi altında neft hasilatı terminlərinin izahlı lüğəti (3 dildə) hazırlanmışdır. İxtiralara görə 8 müəlliflik şəhadətnaməsi alıb. Onlarla elmlər doktoru və elmlər namizədi hazırlamışdır.

1985-ci ildə Quliyev A.M. bir qrup alimlə birgə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxlaylı neft yataqlarının öyrənilməsinin dağ-geofiziki və hidrodinamiki üsullar kompleksinin yaradılması və tətbiqi" mövzusunda işə görə akad. İ.M.Qubkin adına mükafata layiq görülüb. "SSRİ-nin ixtiraçısı" döş nişanı ilə mükafatlanmışdır.

Onun təltif və mükafatları sırasına SSRİ Ali Soveti Rəyasət Heyətinin “Şərəfli əməyə görə” medalını (1970), Azərbaycan Respublikası Elmi-Texniki - Cəmiyyətlər Şurası Rəyasət Heyətinin Fəxri Fərmanını (1970), SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanını (1983), SSRİ Ali Təhsil sahəsində “İşdə əla müvəffəqiyyətlərinə görə” döş nişanını (1983), akad. İ.M.Qubkin adına mükafatı (1985), Sov.İKP MK, SSRİ Nazirlər Soveti, ÜHİMŞ və ÜİLKGİ MK Fəxri Fərmanını (1987), Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanlarını (1993, 2003, 2005, 2008, 2013) və s. aid etmək olar.

AMEA-nın müxbir üzvü Arif Quliyev bir sıra beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edərək, xarici ölkələrdə Azərbaycan geologiya elmini uğurla təmsil etmişdir. Alim YUNOKAL şirkətinin əməkdaşları ilə birgə layihəyə əsasən Amerika Birləşmiş Ştatlarında elmi tədqiqat işləri aparmışdır.

Arif Quliyev keçmiş SSRİ Elmlər Akadmeiyası “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və Azərbaycan MEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, “AMEA-nın Xəbərlər (yer elmləri seriyası)” jurnalının baş redaktorunun müavini, bir sıra ixtisaslaşdırılmış şuraların, keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili və Maarif nazirliklərinin texniki fənlər üzrə metodiki şuralarının üzvü, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur.  

Arif Quliyev yüzlərlə elmi əsərin müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə çoxlu sayda istinad olunur.

... Tələbəlik illərində istedadı, zəhmətsevərliyi və yüksək məntiqi ilə fərqlənən gənc Arif dərs əlaçısı olmaqla yanaşı, yuxarı kurslarda elmi işlərə böyük maraq göstərmişdir. Həmin illərdə gənc alimlər elmi seminarların fəal iştirakçıları idilər. Tələbələr aşağı kurslarda əsas fənlərdən zəruri biliklərə yiyələndikdən sonra öz istəklərinə uyğun olaraq, elan olunmuş ixtisaslar üzrə qruplara bölünürdülər.

Arif müəllimin yaradıcılığında ictimai-siyasi məzmunlu məqalələr də xüsusi yer tutur. Bu istiqamətli yazılarda ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün aspektlərinə, xüsusilə neft inkişafı ilə bağlı xidmətlərinə işıq salmış, ümummilli lideri müasir inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifi, azərbaycançılıq ideologiyasının banisi kimi təqdim etmişdir.

AMEA-nın müxbir üzvü, professor Arif müəllim zəngin yaradıcılığı, çoxşaxəli və innovativ fəaliyyəti, yüksək insani keyfiyyətləri, idarəetmə bacarığı ilə sayılıb-seçilən ziyalı idi. Onunla  fəxr etməyə, qürurlanmağa dəyər. Onun buna mənəvi haqqı vardır, çünki Allahın bəxş etdiyi ömrü ləyaqətlə yaşayıb, dövlətə və millətə sədaqətlə xidmət edib.

Arif müəllimin yaxın dostları hesab edirlər ki, o insana verilən ömür payı əbədi olmasa da, bu ömrün şanı-şöhrəti əbədi ola bilir. Şöhrət ölməz əməllərin bəhrəsidir. Beşiklə məzar arasındakı sınaq müddətini – Uca Yaradanın bəxş etdiyi ömrü gərək elə yaşayasan ki, səndən sonra ya insanların əqlinə, ruhuna qida verən əməllərin, ya da cəmiyyətə fayda verən nəcib övladların qala. Aqillər deyib ki, doğumla ölümdən qaçmaq olmaz, insana bu zaman kəsimində həyat yolunu ləyaqətlə keçmək qalır.

Arif müəllim görkəmli elm xadimi olduğu qədər də, dərin təhsil, ədəbiyyat, incəsənət, musiqi, folklor, tarix, adət-ənənə  bilicisi idi. O, xalqımızın mənəvi tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alim idi. Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, həmişə fəxrlə, indi isə həm də kədərlə adını çəkdiyimiz əvəzsiz insan, müəllim, alim çox hörmətli Arif müəllimin ömür yolunun 90-cı  baharına  onun dostlarının, həmkarlarının hamısının  ürək sözləri, fikirləri yarımçıq qaldı. Onların hamısı Arif müəllimin xeyirxahlığını daim xatırlayırlar.

Arif müəllim zamanında heç vaxt insanlara öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman onların qeydinə qalıb. Onlara dəyərli və ağıllı məsləhətlər verib. Ona həsr olunan məqalələrdə qeyd olunurdu ki, Arif müəllimin ədəbiyyata, yazıya, musiqiyə  sayğısı çox idi.  Onun Qarabağ muğamına, Ağabalanın, İslam Rzayevin, Süleyman Abdullayevin səsinə heyranlığını heç vaxt unutmaq olmazdı.

Ümumiyyətlə, Arif müəllim kimi insanları Allah doğulduğu elə, obaya, yurda, məmləkətə böyük sevgiylə hədiyyə edir. Onların timsalında həmin el-obaya, məmləkətə, millətə sayğısını büruzə verir. Arif müəllim kimi insanlar dünyanın dayanıqlığını, tarazlığını qorumaq üçün doğulanlar sırasında  yer tutmağa haqq ediblər.

Bəli, professor Arif Quliyev Qarabağın tanınmış ziyalılarından biri idi. O, qeyrətli, qayğıkeş, mərd vətəndaş idi. Qarabağı, Azərbaycanı öz canından da artıq sevirdi. Vaxtilə “Quruçay” xeyriyyə cəmiyyəti yaradıb ona rəhbərlik etmişdir. Həmin keçməkeşli illərdə məcburi köçkünlərimizlə bağlı çox xeyrxah işlər görmüşdü.

... Nə gözəl ki, Arif müəllimin son arzularını Cənab Ali Baş Komandan həyata keçirdi. İndi yollar açıqdır.  Biz Onun 90 illik yubileyini həmin torpaqlarda- Şuşada, Füzulidə ONSUZ da olsa belə keçirəcəyik!

Arif müəllim həm də gözəl və mehriban bir ailənin başçısı idi. Xeyirxah ata, mehriban baba idi. O, həmçinin çox ünsiyyətcil və incə yumora malik şəxs idi. Ətrafdakı insanlara, hadisələrə qarşı obyektiv idi. Əhəmiyyətli hesab etdiyi məsələləri cəsarətlə gündəliyə çıxara, onu müdafiə edə bilirdi. Onun ətrafında öz həmyaşıdları ilə bərabər, həmişə orta və gənc yaşlıları da görmək olardı.

Biz, bu gün, qürurla deyə bilərik ki, Arif müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alim idi!

Sevimli dostumuz, qardaşımız, əzizimiz Arif müəllim! Biz hamımız Sizi sevirdik, Sizi böyük alim və gözəl, xeyirxah insan kimi tanıyırdıq.

Biz Sizdə həmişə gənclik enerjisi, hərarəti, istəyi duyurduq.

Biz Sizi Azərbaycan və dünya elminin inkişafında böyük nailiyyətlər qazanmış, böyük alim, gözəl insan  kimi həmişə xatırlayacağıq!

Unudulmaz insan Arif müəllim texnika elmləri doktoru, professor kimi 88 illik ömrünü şərəflə və ləyaqətlə yaşayaraq xatirəyə çevrilən ziyalılardan biridir. Yaşanan ömür insanı heç də asanlıqla şan-şöhrətə çatdırmır. Arif müəllimin qazandığı şöhrət payı onun zəhmətsevərliyindən, istedadından və  xarekterindən güc alırdı. Arif müəllim möhkəm iradəsi, yeniliyə can atması, azadfikirliliyi, xeyirxahlığı, təşəbbüskarlığı, həssaslığı və idarəetmə qabiliyyəti ilə seçilirdi.

Geniş ürək sahibi olan Arif müəllimin böyüklüyü onun səmimiliyində, sadələyində və təvazökarlığında idi. O, insanlığı, ədəb-ərkanı və əxlaqı ilə seçilən insan idi. O həmişə həyat haqqında düşünürdü, böyük arzularla yaşayırdı. Ailənin, qohum-qardaşın, elin-obanın onun üzərinə qoyduğu ağsaqqallıq missiyasını ləyaqətlə yerinə yetirirdi.

Arif müəllim dostlarla söhbətində qeyd edirdi ki, insan ömrünü zaman deyilən sayğacla ölçmək düzgün deyil. İnsan ömrünü, insan yaşını ölçmək, qeydə almaq, qiymətləndirmək üçün fərqli meyarlar, fərqli anlayışlar sistemi, fərqli yanaşma üsulu gərəkdir. “Yüz il yaşayasan, bir ağac əkməyəsən, bir ağlayan körpənin göz yaşlarını silməyəsən, ayağı büdrəyən bir xəstənin qolundan yapışmayasan – nəyə və kimə lazım belə faydasız yaşayış, uzun ömür salnaməsi?” – deyərdi Arif müəllim.

Arif müəllim hesab edirdi ki, insan ömrü zamanla yox, əməllə, onun cəmiyyətə, xalqa verdiyi fayda ilə ölçülməli, qiymətləndirilməlidir. Həmin meyarla yanaşsaq, bizim əziz dostumuz texnika elmləri doktoru, professor Arif müəllim böyük və səmərəli bir ömür yolu yaşayıb: yüzlərlə elmi əsərin,  monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi,  fəal ictimaiyyətçi, elmimizin, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin ölkəmizdə və ölkə hüdudlarından kənarda yorulmaz və fədakar tədqiqatçısı və təbliğatçısı kimi, elmi, pedaqoji, təşkilati fəaliyyəti ilə, doğma torpağını, elini sevən vətənpərvər alim kimi...

Deyirlər insan arzu ilə doğulur, ideallarla yaşayır, həmişə, ömür boyu arzu və ideallarına qovuşmağa can atır. Ancaq arzularına qovuşmaq heç də hamıya nəsib olmur. Arzu və ideallar insanın fiziki və mənəvi imkanları ilə üst-üstə düşməlidir. Arzu və ideallar ilə ona qovuşmaq üçün potensial imkanların üst-üstə düşməsi, uyğunluğu insanın xoşbəxtliyidir. Bu baxımdan Arif müəllim xoşbəxt olub, xoşbəxt ömür yaşayıb. Uşaqlıqdan müəllim, alim olmaq istəyi, arzusu olub, bu istəyinə çatıb, elmimizin ön sıralarında olub – bir-birindən dəyərli elmi əsərləri ilə, elmi-pedaqoji-təşkilati uğurları ilə...

Arif müəllim zamanın ömür sayğacına sığışmır, zaman onunla ayaqlaşa bilmir, ona görə də yaşından da çox irəli gedib. Yaratdıqlarını, yazdıqlarını, elmi-pedaqoji-təşkilati-ictimai fəaliyyətini nəzərə alsaq O, müdrik bir alim idi. Arif müəllim, cavanlıq, gənclik ehtirası ilə yazıb-yaradan ağsaqqal idi.

İnsan ömrü ot üstündəki şeh damlası kimidir. Gec-tez əcəl şərbətini içəcəyini hamı bilsə də heç kəs ölümü özünə yaxın buraxmaq istəmir. Arzularla yaşayır, yaş artdıqca arzuların sayı da artır. Arif müəllimin də arzuları saysız-hesabsız idi, çoxunu başa çatdıra bilmədi. Əcəl mane oldu. İnsanların çoxu ailədən, az bir hissəsi eldən gedir. Görkəmli alim, böyük ziyalı, tanınmış pedaqoq, professor Arif müəllim eldən getdi. Belə insanların yeri həmişə görünür və görünəcək.

Allah Arif müəllimə rəhmət eləsin. Qəbri nurla dolsun.

ƏZİZ  DOSTUMUZ ARİF MÜƏLLİM, RAHAT YAT!

ALLAH SƏNİN ƏBƏDİ MƏKANINI BEHİŞTLİK ETSİN!

BAMF-ın “QARABAĞ” İnkişaf və Tədqiqat Mərkəzi adından:

 Akif Musayev,

AMEA-nın müxbir üzvü, professor

Əlövsət Qaraca ƏLİYEV,

Azərbaycan İnformasiya və  

Cəmiyyət İctimai Birliyinin rəhbəri, dosent

Bakı, 23 oktyabr 2021-ci il


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA