Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız

Göygöl, Şahdağ və Abşeron milli parklarıdır. 

 Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, milli parklarımıza 2021-ci ilin əvvəlindən bugünədək ümumilikdə 195 015 nəfər turist səfər edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.

 Xidmət rəsmisinin sözlərinə görə, son illər milli parklara gələn turistlərin sayında artım müşahidə olunur ki, bu da ilk növbədə insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə, təbliğat işləri ilə yanaşı, ekoturizmin təbliği məqsədilə milli parklarda təşkil olunan maarifləndirici tədbirlərlə əlaqədardır. 

 “Biz bu gün xüsusi iftixarla deyə bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.

***

Qeyd edək ki, 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl  Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Sahəsi 6739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılmışdır.

Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdir Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi,tülkü, Radde qonurdişi, Qafqaz köstəbəyi, ağqarın ağdiş və s., quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı, Göygöldə isə farel balığı qorunur.

Şahdağ Milli Parkı 2006-cı ildə yaradılıb. Böyük Qafqazda (Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonları) yerləşir, sahəsi 130 508 hektardır.

Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtikən, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada quşlardan - qirqovul, alabaxta, bildirçin,sarıkğynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, maral, yenot, qarapaça, ayı, təkə, vaşaq, porsuq, meşə pişiyi, gəlincik və s. növlərinə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

 Abşeron Milli Parkı 2005-ci ildə yaradılıb və  Bakının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Sahəsi 783 hektardır.

Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdir.

Qeyd edək ki, Azərbaycanda sayca 10 milli park fəaliyyət göstərir - Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan  Milli Parkı, Altıağac  Milli Parkı, Abşeron  Milli Parkı, Şahdağ  Milli Parkı, Göygöl  Milli Parkı, Samur-Yalama  Milli Parkı, Qızılağac  Milli Parkı.

JASMİN