ABŞ prezidenti Co Bayden prezident seçildiyi ilk gündən dilə-dişə düşə-düşə gedir. Yetirən də, yetmiyən də onun gah hərəkətlərinə,gah danışdığı sözlərə irad tutur, bəzən də gülüş obyektinə çevrirlər. Təyyarəyə minəndə yıxıldı, çıxış qapısını səhv saldı, arvadını tapmadı, Putini Kuklin adlandırdı, Suriya ilə Livanı səhv saldı, yediyi yumurtanın ağzında qalan sarısını silməyib və s. bu kimi faktlar.

Amma nahaq edirlər. Kişi o yekəlikdə Amerikanın prezidentidir. Bir də ki, qoca kişidir.Yaddaşı bir az zəifləyib, hə, noolsun? Onun tayları beş-altı qəbir daşı dəyişib, sağ qalanlar isə mannı sıyığını yeyib, pampersini geyinib bütün günü hərəkətsiz halda olurlar. Amma Bayden. Gecə -gündüz iş başındadır. Bir əlində ölkənin nüvə çamadanı ( çamadan ağır olduğundan, bəlkə də onun üçün çamadanı əvəz eləyən ayfon-zad, nə bilim, playsteyşin kimi bir şey düzəldiblər) canınını,həyatını Amerikaya qurban verir. Dediyim odur ki, kişi ilə işiniz olmasın. Dünyada sülhün bərqərar olmasının, pandemiyanın aradan qaldırılmasının xatirinə ona heç bir irad tutmayaq. Qocalara hörmət etmək, onların yersiz hərəkətlərinə və sözlərinə irad tutmamaq ta qədimdən gələn bir əməldir.Yoxsa,Allah uzaq eləsin, gecə yatanda barmağı-zadı "yes" düyməsinə dəyər, dünya yerlə-yeksan olar.

Baydenin bəzi şeyləri səhv salması, adları unutmasına bir-iki fakt göstərək görək qeyri-adekvat hərəkətlər o qədər qeyri-adekvatdır?

Beləliklə: ABŞ Prezidenti Co Bayden eks dövlət başçıları Barak Obama ilə Donald Trampı səhv salıb.

Sözügedən hadisə C-SRAN telekanalında Baydenin Pensilvaniya ştatında çıxışı yayımlanan zaman baş verib.

Bayden deyib ki, 2009-cu ildə Tramp ona avtomobil sənayesindəki böhranının öhdəsindən gəlməsini tapşırıb.

Sonra ABŞ başçısı səhv elədiyini anlayıb və “prezident Obama idi” deyərək səhvini düzəldib.

Bayden özü Barak Obamanın prezidentliyi dövründə, 2009-2017-ci illərdə vitse-prezident idi.

Qeyd edək ki, son ABŞ prezidenti bu cür çıxışları ilə məşhurdur. Belə ki, o, Rusiya ilə işbirliyindən danışanda Liviya və Suriyanı qarışdırıb. Bu ilin aprelində Rusiya Prezidenti Vladimir Putinin soyadını səhv deyib. Konqresə müraciəti zamanı “eskalasiya” ilə “peyvənd”i bir neçə dəfə səhv salıb.  

ABŞ prezidenti Co Bayden qubernatorlarla onlayn görüşü zamanı köməkçisindən “Cənab, çənənizdə bir şey var” qeydi olan məktub alıb.

Bununla bağlı kadrları “The New York Post” xəbər verib.

Məlumata görə, Ağ Evdən yayımlanan görüş zamanı Bayden köməkçisindən sözügedən məktubu alıb.

Jurnalistlər prezidentin səhər yeməyi üçün yumurta yediyi və üzündə kiçik bir parçası qaldığını ehtimal ediblər.

Kadrlardan görünür ki, mesajı oxuduqdan sonra prezident barmaqları ilə çənəsini silir. Məktubun mətni isə prezident həmin kağızın arxasına köməkçisinə cavab yazarkən görüntülənib.

Şakir QURBANOV