Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.

Bölgənin sülh şəraitində gələcək inkişafı üçün kommunikasiyaların açılışının və dövlət sərhədlərinin delimitasiyasının vacibliyi vurğulanıb.

Görüşdə tərəflər, habelə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.