booked.net booked.net  

Hər bir xalqın tarixində unudulmayan hadisələr, tanınmış, dahi şəxsiyyətlər olur. Həmin şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə edib, gələcəyə doğru inamla addımlayıblar.

İctimai-siyasi fəaliyyəti və bütövlükdə həyat yolu örnək olan ulu öndər Heydər Əliyev dünyanın ən qüdrətli simalarından biri kimi hər bir azərbaycanlının qəlbində əbədi iz buraxıb. O, Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş tarixi şəxsiyyətdir. Heydər Əliyev sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən respublikamızda böyük iqtisadi, elmi yüksəlişlə yanaşı, ədəbi-mədəni inkişafa və müstəqil düşüncəyə yol açmışdır. Sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları, mədəni-mənəvi dəyərlərinin qorunması üçün mümkün olan bütün işləri görmüşdür.

Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları qoyulmuşdur. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev rasional təfəkkürü və praqmatik fəaliyyət mexanizminin fonunda tətbiq etdiyi strategiya ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillərindən xilas edərək yeni inkişaf yolunu açmış oldu. Heydər Əliyev Azərbaycan dövlətçiliyini fəlakət burulğanından xilas etdi. Ulu öndərin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir.

Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün

Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belə dahilərin əməlləri, fəaliyyətləri ilə yaranır. Böyük tarixi qismətdir ki, Heydər Əliyevin ikinci qayıdışı ilə vətən naminə qurub-yaradan və dünyaya tanıdılmaq fəlsəfəsi olan azərbaycançılıq dövlətin milli-siyasi məfkurəsinə çevrildi. Onun bütün fəaliyyəti boyunca milli amil aparıcı xətt kimi özünü büruzə verir. Heydər Əliyev "azərbaycançılığı" bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini icra etdi. Ümummili lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblərimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək azərbaycançılıq məfkurəsinə yeni bir ideoloji məzmun verdi.

Heydər Əliyev milli varlığımızın ideya təməli olan azərbaycançılıq haqqında belə demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə, mentalitetinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı -Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adətlərini yaşatmalıyıq”.

Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də Heydər Əliyev üçün milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keç­mişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir.

Beləliklə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının fonunda həyata keçirilən strateji tədbirlər milli tərəqqini təmin edən və şərtləndirən fundamental mexanizmə çevrildi. Mübaliğəsiz demək olar ki, ulu öndər Heydər Əliyevin zəngin irsi XX əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı istiqamət göstəricisi olmaqda davam edəcək.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Bu gün Azərbaycan dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Bütün bu nailiyyətlərin təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası hazırda öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Geridə qoyduğumuz 20 il ərzində ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılıb, demokratik institutlar möhkəmləndirilib, iqtisadiyyat gücləndirilib, əhalinin rifah halı artmışdır. Ümumilli lider Heydər Əliyevin bizə miras qoyduğu azərbaycan­çılıq məfkurəsi ətrafında birləşən ordu, prezident və xalq birliyi məhz 44 günlük Vətən müharibəsi nəticəsində düşməni məhv edərək 30 illik işğala son qoydu.

Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə modernləşən Azərbaycan Respublikası bu il 101 illiyini böyük ehtiramla qeyd etdiyimiz ulu öndərin işıqlı xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaq.

Röyal Sarıməmmədov,

Fikrət Ağayev

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN