booked.net booked.net  

Mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Pin It

 

 Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı fotostend hazırlanıb.

Pin It

Fransada keçirilən "Kann" kinofestivalnın növbəti günündə də dünya ulduzları obyektivlərə tuş gəlib.

Pin It

Aparıcı Ulvira Qarayeva qızı Zeynəblə olan açıq-saçıq şəkilini “İnstaqram” hesabında paylaşıb ki, guya bu da izləyicilərin marağına səbəb olub.

P.S. Marağa səbəb olar dəə... Ana öz qızına abır-həyalı olmağı öyrətmək əvəzinə, qızından betər açıq-saçıq çəkilən şəkillərini paylaşır. Adama deyərlər, ay Ulvira xanım, sənin 50 yaşın var, bu yaşda bu geyim nə deməkdir? Qızı yazıq da neyləsin? Anasına baxıb o da açıq-saçıq geyinəcək dəə... Bu səbəbdən də ana-balanın açıq-saçıq şəkilləri marağa səbəb olub.

Pin It

(Yumoristik hekayə)

Xanəli kişi xəstəlikdən ölmüş qara toyuğunu qapılarının ağzındakı tozlu yoldan ötüb keçən QAZ-69 markalı maşının dal təkəri altına tullayanda yan-yörəsində heç kəs yox idi. Sürücü Əmiraslan Səlimov duyuq düşməmiş, Xanəli kişi elə o dəqiqə də həşir qopardı:

- Vay, Allah komanı dağıtsın, saxla. Evimi uçurdun təpəmə, var-yoxumu, anaş toyuğumu basdın!  Ay yaramaz, ay alçaq!..

Bu sözləri eşidən sürücü Əmiraslan dayı tozanqıda maşını tələm-tələsik saxlayıb, rəngi avazımış halda sükan arxasından düşdü; ürkək addımlarla toyuğun hərəkətsiz cəsədinə tərəf bir-iki addım atmışdı ki, onu görən Xanəli kişi bir az da başladı loğazlanmağa:

- Həə!.. Sən də belə?! Ay lənətə gəlmiş, mənim qapımda toyuğumu basırsan?.. Gor dədənə od vururam, yoxsa yox?! Mənə də Xanəli deyərlər!..

Əmiraslan dayı Xanəli kişinin ərəsət mərdimazar olduğunu, yapışdığından zəli kimi qopmadığını çoxlarından eşitmişdi. Odur ki, bərk yerə ilişdiyini duydu. İndiki vəziyyətdə nə dərəcədə günahlı və ya günahsız olması haqqında çox götür-qoy etməyib, Xanəli kişiyə təskinlik verdi:

- Ay Xanəli, başına sadağa, bir toyuq nədir ki, onun üstündə mənə dişinin dibindən çıxanı dedin, heç ayıb deyilmi? Bir toyuğun ölüb, ikisini alıb verərəm! Daha söz-bez nəyə gərəkdir?

Xanəli cin atına mindi:

- Ə, alaq otu, o toyuğuydu ki, əvəzində toyuq alıb verəsən? O mənim atamıydı, anamıydı. Külfətimin boğazına bıçaq çəkdin... Onun haqq-hesabını səninlə məhkəmədə çəkəcəyəm! Səni məhşər ayağına dartmasam, o toyuğun yumurtası mənə haram olsun?!

Xanəli kişi bu sözləri birnəfəsə deyib, doqqazı bərk vurdu. Əmiraslan dayı da kor-peşiman maşını gətirib idarənin qarajına qoydu. O gecə ilan vuran yatdı, amma Əmiraslan dayı sübhədək çimir almadı...

Bəli, işə məhkəmə qarışası oldu. Xanəli kişi müstəntiq Əsgərovun qulağına əyilib nə pıç-pıç elədisə, o da bığaltı gülümsünüb başıyla təsdiqlədi. Çox yazıb-pozdu, axırı ki, düzüb qoşdu; Xanəli kişinin xeyrinə sicilləmə bir yazı yazıldı.

...Sürücüylə Xanəlini barışdırmaq üçün onun ayağına çox qohum-qardaş, tanış-biliş döşəndisə də, xeyri olmadı. Kor tutduğunu buraxmadığı kimi, Xanəli də sürücünün yaxasını buraxmadı ki, buraxmadı. Bu qarayaxanı məhkəmə orqanları da iki dəfə cəhd etsələr də, sürücü Əmiraslanla barışdıra bilməmişdilər. Xanəli kişinin "yuxarılara" axan şıkayət ərizələrindən sonra, işə üçüncü dəfə baxıldı. Özü də necə baxıldı.

Toyuq məhkəməsinə məmə yeyəndən tutmuş pəpə deyənə kimi hamı gəlmişdi. Xanəlinin arvadı da gəlmişdi, yedəyində körpələri. Arvadların, qızların çox güləni şallı, yaylıqlı gəlmişdi. Başlarına örtmək üçün yox, bellərinə dolamaqdan ötəri; gülməkdən qarınlarına güc düşüb ağrımasın deyə. (Bir də Allah min rəhmət eləsin, atalar deyiblər ki, çox gülməyin ağlamağı da var!).

Söz Xanəliyə veriləndə nəzərlər hamısı ona zilləndi. Xanəli iynə udmuş adam kimi bir neçə dəfə çənədanını təmizləyib sözünə davam etdi:

- Adil məhkəmə, bu Əmiraslandı, nədi bilmirəm, mənim toyuğumu basandan evimdə yasdır.

Hamı bir ağızdan gülüşdü. Xanəli gülüşmənin qurtarmasını gözləyib boğazını arıtladı:

- Toyuq öləndən yeddi baş külfətimin azuqəsi kəsilib. Arvadımnan səkkiz baş. Rəhmətliyin yumurtasına toyuq yumurtası deməzdin, fərəc qaz yumurtası idi.

Məhkəmə salonunda yenə gülüşmə qopdu.

- Bax bu arvadağa qara toyuğun bir yumurtasını pencərlə, göy-göyərtiylə kükü bişirib yeddi uşağın qarnını doyururdu; hələ bizə də çatırdı, bir az da artıq qalırdı... Kaş o mənim bu uşaqlarımın birini basaydı, uf deməzdim, amma toyuğumun ayağına daş da dəyməyəydi. Qara toyuqla əl-ələ verib bu ailəni birtəhər dolandırırdıq. O toyuq, bax, bu arvaddan da mənə irəli idi!..

Arxada kimsə qəşş elədi. Hamı xorla güldü.  Bu yerdə Xanəli sinəsini qabağa verib, bir az da gürrələndi:

- Hə, düz deyirəm. Qara toyuq mənə bu arvaddan min qat artıq idi. O mənə gündə bir yumurta verirdi, bu arvad heç onu da vermir!..

Məhkəmə də, sağdış, soldış da camaata qoşulub gülməkdən özlərini saxlaya bilmədilər...

Hakimin zəngi bir neçə dəfə səsləndikdən sonra, Xanəlinin boğuq səsini eşitmək mümkün oldu:

- Hə, bir də onu demək istəyirəm ki, buğdanın qıt vaxtı özüm bir ovuc buğdaya tamarzı olduğum halda qara toyuğa çuval-çuval buğda yedirtmişəm. İndi o, axirət dünyadadır, halal-xoşu olsun!

Salonda yenə də bərk gülüşmə qopdu. Hamı uğunub getdi. Hakim - Xanəli kişiyə son söz verdi:

- Hər şey aydındır, Xanəli kişi. Bizi o ki var güldürdün; Allah da səni güldürsün. Əlqərəz, ölən toyuğun müqabilində bu sürücü baba sənə bir yumurtlayan toyuq versə, razı qalarsanmı?

 - Xeyir, yoldaş məhkəmə, bir toyuq nədir, on toyuq da versə, əl çəkmərəm. Mənim nə toyuğum adi toyuğuydu, nə də yumurtası adi yumurta!.. 

- Bəs, yaxşı, Xanəli kişi, bir babat hind toyuğu necə?

- Hinduşkanı deyirsən, yəqin. Yox, yox, o mənim toyuğumun bir qanadınca da deyil!..

- Ə, bəs bir yeməli toğlu versə necə, bu məhkəməni, milisi, dinc buraxacaqsanmı? Daha yazmayacaqsan ki?..

 Toğlu söhbəti düşəndə Xanəlinin ixtiyarsız olaraq ağzı  sulandı. Amma hakim Xanəlinin iştahını itilədikcə, Xanəli qoyun-quzunun da üstündən hoppanıb quyruğu yerlə gedən qoçdan yapışdı:

- Xeyir, yoldaş məhkəmə, o cür toyuğu beş-altı şişlik toğluya dəyişəcəyəm? Əstəfürullah, dəyişmərəm. Amma mən deyən bir qoç versə, deyərəm “çort isnim!..”. Bu şərtlə ki, qoçun da böyrünə  bir balaca xırım-xırda qoşmalıdır.

- Ə, Xanəli, qoç qoçdur, bəs o  xırım-xırda nədir ey?..

- Yoldaş məhkəmə, yəni deyirəm, bir qoç üstə gəl iki yüz manat pul bərabərdir qara toyuq. Vəssalam, şüt tamam! - deyib Xanəli özünü guppultuyla saldı arvadağasının yanına.

Arada Əmiraslan dayıya da söz verdilər. O neçə illərdən bəri bir dəfə də olsun qəza törətmədiyi halda qarayaxanın qara toyuğunu basdalaması onun üçün müəmmalı bir sirr olaraq qalırdı. Əmiraslan kişi çox and-aman  elədi ki, maşınla Xanəlinin doqqazının qarşısından keçəndə, qara toyuq maşına heç səmt də gəlməyib. Amma çifayda, heç kəs onun sözünə məhəl qoymadı. Yazıq kişi danışıb, danışıb özünü yorandan sonra, yerində əyləşdi. Ürəyində sevinirdi ki, axırı yüz qat cəriməylə olsa da, qarayaxadan yaxasını qurtaracaq!.. Allaha min şükür! Axırı ki, Əmiraslan kişinin ayağı milisdən, məhkəmədən yığışacaq, ailəsinin içində oturacaq.  Bax, buna görə də Əmiraslan kişi ürəyində bərk sevinirdi.

Xanəli də sevinirdi, əlinə keçirdiyi haram qismətə görə!.. Sevincdən Xanəlinin gözləri havayı ət tapmış ac pişiyin gözləri kimi yanırdı.  Hamı elə bilirdi ki, Əmiraslan dayı qanuni sürətdə bəraət alacaq, amma məhkəmə Xanəlinin xeyrinə oldu. O, əlini Əmiraslan kişiyə tərəf  qolazlayıb dedi: 

- Bir nol Baloğlanın xeyrinə!..

Sonra sırtıqlığına salıb elə bərkdən hırıldadı ki, bayaqdan gülənlər hamısı onun yanında yalan oldu. İndi o tək gülürdü.

Məhkəmə “zərər çəkmiş” Xanəli kişinin tələbini sürücü Əmiraslan Səlimova ödətmək haqqındakı çıxardığı qərarı oxuyanda, aralıqdan kimsə bərkdən “quq-qulu-quuu!..” deyərək, toyuq məhkəməsinə yekun vurdu.

Ramiz MÖVSÜM

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA