booked.netbooked.net booked.net  

 

...Şair, publisist... Qəşəm İlqar Ruhdaş itkisi ağır oldu... (20.03.1942-18.02.2024)

Bu il fevralın 18-də yaşamdan getdi. Bir ay sonra 82 yaşını qeyd edəcəkdi. 1942-ci il martın 20-də Ağdam rayonunun Pirzatlı kəndində anadan olub. 1971-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1969-cu ildən “Abşeron” rayon qəzetində jurnalistlik fəaliyyətinə başlayıb. “Mədəni-maarif”, “Ana sözü” jurnallarında, “Yurddaş”, “20 Yanvar”, “Sirlər xəzinəsi”, “Doğru yol”, “Təzadlar”, “4-cü mikrofon”, “Respublika” və b. mətubat orqanlarında çalışıb. “Həsrətin yolları necə uzunmuş” (1998), “Kamil qaboyunun hekayətləri” (2000), “Biz də uşaq olmuşuq” (2003), “Olum-ölüm arasında” (2004), “Üçüncü dünyanın sakinləri” (2007), “Sevgi vadisi” (2009), “Üfiqdən qüruba” (2015), “Xatirələr limanı” (2017) kitablarının müəllifidir.

İnam Ata (Asif Ata) həmişə ədəbiyyatın insaniliyin ifadəsində özünəməxsus yerini, rolunu yüksək dəyərləndirib. Ata vurğulayırdı ki, "ədəbiyyat" sözü "əbədiyyət" sözü ilə həmahəngdir. Ədəbiyyat - əbədi izhardır. Əsl ədəbiyyat şəraiti ötür. Zamanın içərisində ilişib qalan ədəbiyyat ola bilməz. Başqa yandan da böyük ədəbiyyat, ortaya qoyulan əsər hər şeydən öncə yaradıcının şəxsində bilinir, ona inanılır. Əgər yaradıcı yaratdığının yiyəsi ola bilmirsə, yəni əsərlərində ləyaqətdən danışıb, ancaq ömründə yaşaya bilmirsə, onun yazdığına inanmazlar. Ədəbiyyatçı əbədiyyətçiliyi o vaxt ömründə təsdiq eləyir ki, yazdığına bərabər olsun. Zamanı ötməyən yaradıcılıq, İnsaniliyi vəsf etməyən sənət sabahsızdır. İnsaniliyi öymək özünüifadədir. İnam, İdrak, Mənəviyyat, İradə axtarışı mücərrədlik deyil, konkretlikdir.

Elə yaradasan ki, xalqı ifadə edəsən. Yaranmalı nəsnə fərdin ruhunda yeni, qədimliyi təsdiq edəcək səviyyədə olmadıqda gələcəkli, yaşarı olmur. "Xalqın təməli fərddir" - deyir İnam Ata. Fərdin boyu görünmürsə, xalqın da boyu görünmür, belədə əslində ulus yaranmır, təsdiq olunmur.

Şəxsən tanıdığım Qəşəm Ruhdaş anadangəlmə birüzlü idi. Onunla bir neçə dəfə yol yoldaşı olmuşdum. Səbirli, türk kişisinə xas həyalı insan idi. Azərbaycanın ulusal dəyər ölçülərini gözəl anlayır, bilirdi. Qəşəm İlqar Ruhdaş mənim üçün hər şeydən qabaq insanlıq yolçusu olduğuna görə dəyərli idi. Şeiri mənalı özünüifadə vasitəsi sayırdı. Azərbaycanın mənəvi sərvətləri ilə öyünür, yaradıcılığında sevgiylə ifadə edirdi.

Qəşəm İlqar Ruhdaşın yaşamdan getməsi ilə bağlı ailəsinə,  doğmalarına başsağlığı verirəm.

Soyu var olsun. Ulusu var olsun.

qesem-2

TƏZƏDƏN GƏLSƏYDİM BU DÜNYAYA MƏN

Təzədən gəlsəydim bu dünyaya mən,

Hesabat istərdim özüm-özümdən.

Silərdim ömürdən itən illəri,

Arzumca yaşardım onu təzədən.

***

Təzədən gəlsəydim dünyaya əgər,

Bilərdim dünyada baş verir nələr.

Həyat seçimimi özüm edərdim,

Ötən bir anı da verməzdim hədər.

***

Təzədən gəlsəydim mən bu dünyaya,

Sovurmazdım ayı, ili havaya.

Gecə-gündüzümün qədrin bilərdim,

Qənaət edərdim bir ömür paya.

***

Babəkin yolunu tutub gedərdim,

Nəsimi ruhunu tutub gedərdim,

Füzuli eşqiylə vəcdə gələrdim,

Ruhumu Muğama qatıb gedərdim.

***

Ruha gətirərdim Zərdüşt odunu,

Qana gətirərdim Sazın dadını.

İnsanı qaldırıb Tanrı fövqünə,

Sabaha  yazardım Ata adını…

                         15.07.2007

***

YARADA BİLSƏYDİM

Yarada bilsəydim Səsin heykəlin

Oğuz cizgiləri vurardım ona.

Hər buğumda səsi-səsdən seçərdim,

Oxşadardım onu Böyük Turana.

***

 Yarada bilsəydim Rəngin heykəlin

Göy rəngini ona rəmz seçərdim.

Bağrını dələrdi uca göylərin,

Naxışlara Türk biçimi biçərdim.

***

Yarada bilsəydim Eşqin heykəlin

Günəşi öpərdi onun şöləsi.

Hər daşında döyünərdi bir ürək,

Göylər oxuyardı «Sevgi nəğməsi».

***

Yarada bilsəydim Sözün heykəlin

Nəsiminin təsvirini hörərdim.

Zərdüştçülük, Qorqudçuluq hikmətin,

Füzulinin heyrətini verərdim.

*** 

Yarada bilsəydim Qeyrət heykəlin

Babəki Şirvinlə qoşa çəkərdim.

Təbrizimi Baş Kəndimiz edərdim,

Dəmirqapı, səndən sərhəd tökərdim.

***

 Yarada bilsəydim Hünər heykəlin

Xətaiyə bənzədərdim onu mən.

Ahəngi Muğamla hörə bilsəydim

Köklənərdim Üzeyirin təbindən.

***

Yarada bilsəydim Sehrin heykəlin

«Ruhani»də səsləyərdi səs-səsi.

Yarada bilsəydim İnam heykəlin

Döyünərdi onda Ata nəfəsi.

***

FİKİR

Yenə də tənhayam otağımda mən,

Ən yaxın sirdaşım düşüncələrdir.

Ömrümü kitabtək vərəqləyirəm,

İllər göz önündən ötdükcə bir-bir.

 

 Demirəm həmişə şirin xəyallar,

Şirin düşüncələr qismətim olur.

Vaxt olur fikirlər zəhərim olur,

Vaxt olur fikirlər şərbətim olur.

 

Fikir olmasaydı, düşünməsəydim,

Yuxusuz gecələr olardı bir il.

Fikirdir, xəyaldır könül həmdəmim,

Fikirsiz yaşamaq-yaşamaq deyil.

 

 Deyirəm nə yaxşı varımış fikir,

Özümü görürəm fikirlərimlə.

İlləri illərə calarmış fikir,

Ömrümü hörürəm fikirlərimlə.

 

***

 

                              ÖZÜNÜ OYAT

 

Qol açma çalınan hər havaya sən,

Ruhunu oynadan havanı yarat!

Könül rübabını çalan özünsən,

Özün özündəki özünü oyat!

 

«Tanqo» dəbə minib, köhnəlib «Yallı»,

Qanını coşduran hansı havadı?!

Xətai duyumlu, Babək xəyallı,

Bir xalqın düşdüyü bu nə bəladı?!

 

 Domokl qılıncı məqam gözləyir,

Hazırdı bədəni ayıra başdan.

Hər sirli mətləbdə bir sir gizlənir,

Şoular tarixi silir yaddaşdan.

  

Füzuli, Üzeyir zaman yaddaşı!

Bugünkü şoülar baş qatmaq üçün.

Hər kəsin qarnına qarışıb başı,

Alçalır – cismini yaşatmaq üçün.

 

Gedir abır-ismət, itir ləyaqət,

Həyadan danışan olur lağ yeri.

Sanki buxarlanıb ülvi məhəbbət,

Qəbrə göndərilir eşq diri-diri…

 

Qol açma çalınan hər havaya sən,

Ruhunu oynadan havanı yarat!

Könül rübabını çalan özünsən,

Özün özündəki özünü oyat!

İşıqlı ATALI

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN