 Fövqəladə komendant Kürd Sarının oğlu Yasin iki batalyonu üz-üzə qoyaraq az qala qırğına vermişdi (Əvvəli ötən saylarda) ...Pəncərədən bayıra baxanda Bərdə-Ağdam magistral yolunda təxminən 150-200 silahlı əsgərin qırmızı rəngli "VAZ-21011" markalı minik maşınının yanında yerə uzanmış bir nəfəri təpiklə döydüklərini, bizim batalyonun əsgərlərinin isə onlara mane olmağa cəhd etdiklərini gördüm. İş kabinetimə təlaşla daxil olaraq "komandir, Nailin uşaqları kürd Sarının oğlu Yasini öldürürlər, qoymayın", - deyə mənə müraciət edən rota komandiri, Yasinin qohumu Bağırov İsrail Bəylər oğlunun səsi məni sanki yuxudan oyatdı. Dərhal yüyürüb hadisə yerinə çatdım. Əynindəki bütün paltarları döymə və dartışma nəticəsində cırıldığından çılpaq qalan Yasini əsgərlərin əlindən alıb hasara söykəyərək bədənimlə onu qorumağa çalışdım. Başımın üzərindən havaya açılan avtomat atəşlərinin sayı-hesabı yox idi. Onlar Yasini həqiqətən də döyə-döyə öldürməzdən əvvəl onu biabırçı formada cəzalandırmaq niyyətində idilər. Qarnizon hərbi prokuroru Yusif Ağayevin təbirincə desək, "komendant tapançadan havaya ənənəvi xəbərdarlıq atəşi açmağa məcbur qalmışdı". Tapançadan havaya atəş açaraq xəbərdarlıq edib kimliyindən asılı olmayaraq yaxın gələni öldürəcəyimə and içdim. Hamı kənara çəkildi. Bu dəhşətli hadisənin təsirindən çıxdıqda ilk tanıdığım şəxs özümlə yanaşı dayanaraq canı ilə məni qoruyan Fərid müəllimi oldu (Aslanov Fərid Əvəz oğlu həmin dövrdə Qərvənd kənd soveti sədrinin müavini idi. Hal-hazırda həmin kənd üzrə icra nümayəndəsidir. İctimai Televiziyanın sədr müavini çingiz Aslanovun böyük qardaşıdır. Yeri gəlmişkən qeyd edim ki, bu hadisədən az sonra da yəni hamının "Qaloş Məhərrəm" deyə çağırdığı rəhmətlik Mustafayev Məhərrəmin siqaret bazarına həmin hərbçilərin "hücumu" nəticəsində yaranmış hərbi itaətsizlik zamanı da Fərid müəllim vətəndaş fəallığı göstərərək hərbi nizam-intizam yaradılmasında mənə köməklik göstərmişdi.). Qorxudan və dəhşətdən çılpaq bədəni büzüşüb kiçilən, gözləri isə böyüyüb az qala hədəqədən çıxan Yasini kabinetə apardım. Araşdırmalar nəticəsində müəyyən edildi ki, mənim və xalası Xatının əri Faiqin hesabına arxa cəbhədə "aşbaz siyahısında olan" Yasin maşınla yol keçərkən məktəbin qarşısında dayanmış həmin batalyonun döyüşçü sanitarı olan hərbi geyimli qıza söz atmış, qız isə onu söyüb. Bu zaman o, maşından düşərək təpik və yumruqla qızı vurduqda hadisəni görən və eşidən batalyon əsgərləri Yasini haqlı olaraq cəzalandırmaq üçün bu hadisəni törətmişlər. Kürd Sarının oğlu Yasinə və ya Qaloş Məhərrəmə görə Fərid müəllimlə mən az qala güdaza gedəcəkdik. Görəsən, Yasin və ya Qaloş buna dəyərdimi? Əziz oxucu bu sualın cavabını Yasin və Qaloş tayfasının haqqımda yazmış olduqları "danoslarda" oxumaqla, ya da Qərvənd camaatından eşidib tapa bilərdi. Əsasız olaraq oğurluqda şübhəli bilinən Qərvəndli Dəlləyi əfqan döyüşçülər tutub apararaq əllərini kəsmək istədikdə araya girərərk, ölümlə üz-üzə qalsam belə onu sağ-salamat azad etmişdim. Lakin Dəllək və onun qohum-əqrəbaları yuxarıda göstərdiklərimdən fərqli olaraq bu hadisəni unutmur və hər məni gördükdə minnətdarlıqlarını bildirirlər. Dinc əhali və yerli əsgərlərlə silahlı konfliktlər məsələsində əfqan əsgərlər aqressivlikləri ilə xüsusi olaraq seçilirdilər. *** Kimlər tərəfindən Azərbaycana gətirildikləri hələ bu günə qədər də açıqlanmayan təxminən 1500 nəfərlik bu silahlı birləşmənin əsgərləri Əfqanıstandan qaçaraq İrana mühacirət etmiş puştu və dari millətindən olan Əfqanıstan vətəndaşları idilər. Onların dili fars dil qrupuna aid olduğuna görə fars dilində sərbəst danışırdılar. Nəzərə alsaq ki, İranda yaşayan və o ölkənin vətəndaşı olan bütün ermənilər də fars dilini çox gözəl bilirdilər. Deməli, həmin 1500 nəfərin içərisində İran ermənilərinin də olması istisna deyildi. Bu barədə şübhələnməyə kifayət qədər əsas və faktlar vardı. üzü qiblə istiqamətinə tikilmiş ayaqyolunu "haram" hesab etməklə harada gəldi təbii ehtiyaclarını ödəyən bu döyüşçülərin "halal" qidalanmaları üçün kəsilən qoyunların və "pak" olmaları üçün ilin-günün o vaxtında yalnız Salyanda və Bərdədə istehsal edilən plastik aftafaların sayı-hesabı yox idi. Hər bir əfqan döyüşçünün saxlanması üçün aylıq ümumi xərc təxminən qırx nəfər Azərbaycan əsgəri üçün çəkilən xərcə bərabər idi. Əfqan mücahidləri adlanan bu döyüşçülərin, ümumiyyətlə, səmərəli hücum və ya müdafiə döyüşlərini görmədim. Əvəzində isə onların Ağdam və Bərdə rayonlarının ərazisində törətdikləri - ağır cinayət əməllərinin qarşısını alarkən dəfələrlə ölümlə üz-üzə qaldım. Buna misal olaraq Bərdə rayon hərbi komissarının müavininin onlar tərəfindən öldürülməsi, Bərdənin mərkəzi kolxoz bazarından 12 yaşlı sarışın azərbaycanlı qızın rusa oxşatdıqlarına görə onlar tərəfindən oğurlanması, dövlət yol polisi əməkdaşının tutulub aparılması, Bərdə mehmanxanasındakı kafedə ofisiant qadının girov götürülməsi zamanı narkotikanın təsiri altında olan bu silahlılarla hətta təkbaşına olaraq üz-üzə qalmış, onların mənə açdıqları atəşlərdən Allah məni qorumuşdu. On dörd gün ərzində on altı kəndimiz ermənilər tərəfindən işğal edildi 1988-1994-cü illərdə Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə, 18 may 1992-ci ildə Laçın, 4 aprel 1993-cü ildə Kəlbəcər, 23 iyul 1993-cü ildə Ağdam, 23 avqust 1993-cü ildə Cəbrayıl və Fizuli, 31 avqust 1993-cü ildə Qubadlı və 30 oktyabr 1993-cü ildə isə Zəngilan rayonlarını hərbi təcavüzlə işğal edən erməni silahlı birləşmələri 1994-cü il aprelin 10-u tarixindən başlayaraq bütün cəbhə boyu hərbi hücum əməliyyatlarına başladı. İki gün ərzində Ağdamın Atçılıq sovxozu, Göytəpə, Qarağaclar və Cəvahirli kəndləri işğal edildi. Həmişə olduğu kimi, yenə də ordumuzun əsgərləri "komandirsiz qaldıqlarını" bəhanə edərək kütləvi halda döyüş meydanını tərk edib hətta avtomat silahlarını belə yollarda ataraq qaçırdılar. Təbii ki, həmin silahlar hərbi polis əməkdaşları tərəfindən toplanır və qaçan əsgərlərimizin qarşısı alınaraq onlar döyüş meydanlarına qaytarılırdılar. Aprel ayının 13-də gündüz saat 12 radələrində bütün batalyon komandirlərini Güllücə kəndindəki rabitə maşınına toplayıb müşavirə keçirmək üçün onu orada gözləməyimiz barədə Baş Gərargah rəisi Sadıqov mənə əmr etdi. Əmri icra etmək üçün 2 ədəd "Qaz 66" markalı maşında yerləşmiş çevik əməliyyat qrupunu da götürüb Güllücə kəndinə yola düşdüm. Tağıbəyli kəndinə bir-iki kilometr qalmış məsafədə yerləşən quzu kökəltmə birliyinin qarşısında Güllücə kəndini tərk edib geriyə qaçan əfqan əsgərlərlə rastlaşdıq. Həmin əsgərləri geriyə qaytarmaq üçün onları dayandırdım və çevik əməliyyat qrupunu Güllücəyə göndərərək deyilən rabitə maşınının yanında məni gözləmələrini tapşırdım. Geriyə qayıtmaq istəməyən əfqan döyüşçülər məndən tank tələb edərək, onsuz geriyə dönməyəcəklərini bildirir və mənimlə mübahisə edirdilər. Aramızda başlanmış bu mübahisə təxminən 20 dəqiqə çəkdi. Elə bu zaman Güllücə kəndindən dalbadal dörd dəfə "qrad" tipli raket partlayışı səsləri eşidildi. Partlayışdan təxminən üç-beş dəqiqə sonra Baş Qərargah rəisi Sadıqov Güllücə kəndi istiqamətinə gedərkən məni və əfqanları görüb bizə yaxınlaşdı. Mən əfqanları geriyə qaytarmaq üçün ləngidiyimi rəisə məruzə etdim. O, tapşırılan vaxtda Güllücədə olmadığıma görə möhkəm əsəbiləşərək, tank göndərəcəyini vəd edib geriyə qayıtdı. Mən isə əfqanları atıb gəldikləri səngərlərə qaytarıb Güllücə kəndinə yollandım. Batalyon komandirləri ilə müşavirə keçirəcəyimiz hərbi rabitə qərargah maşını, maşında olan rabitəçi və öz maşınını tərk edərək həmkəndlisi olan həmin rabitəçinin yanına getmiş bizim sürücü düz saat 12:05-də qrad raketləri ilə məhv edilmişdilər. Belə çıxır ki, əgər mən döyüşdən qaçan əfqanlarla rastlaşıb onları geriyə qaytarmaq üçün ləngiməsəydim, bir neçə batalyon komandirləri və mən özüm həmin rabitə maşınında raketlə vurulub məhv edilə bilərdik. Həmin gün belə hesab etdim ki, bu, adi bir təsadüfdür. Lakin sonrakı üç gün ərzində, yəni 13-16 aprel 1994-cü il tarixlərində baş vermiş hadisələr isə baş verənlərin heç də təsadüf olmadığını sübut etdi. Aprelin 15-də döyüş əməliyyatlarına komandanlıq edən polkovnik Cahangirov Cəvahirli kəndi ilə Qərvənd kəndi arasında tabeliyimdəki Qərvənd sovetliyindən olan 30 nəfərədək əsgərlə dayandığım səngəri boşaldıb, səngərdən 700-800 metr sağ tərəfə - dəmir yolunun arxasındakı qaramal fermasına gedərək orada olan əsgərlərimizlə mövqelərimizi dəyişməyim barədə ratsiya ilə mənə tapşırıq verdi. Əsgərləri cərgəyə düzüb verilən tapşırıq barədə təlimatlandırmağa başladım. Bu zaman dəmir yolunun üzərində iki ədəd tank göründü və atəş açmaq üçün qüllə ilə manevr edərək biz tərəfi nişan aldı. Mən dərhal "səngərlərə" - deyə əmr edib sürücümün magistral yolda saxladığı maşına tərəf qaçdım. Birinci mərmi maşının üzərindən keçib yanacaqdoldurma məntəqəsinə dəyərək partladı. Qəlpələr əslən Salyandan olan sürücü əsgərimin qarın nahiyəsini parçaladı. Mən digər əsgər Qarayev Sədi Hamlet oğlunun köməkliyi ilə yaralı əsgəri götürüb maşına qoyduq. Sonra maşının mühərrikini işə saldım. Bu vaxt ikinci mərmi bizdən təxminən 7-8 metrlik məsafədə olan şuma düşərək partladı. Partlayışın dalğası bizi maşınla birlikdə təxminən bir metr yüksəkliyə qaldırdı. Maşının açıq qalmış qapıları çırpılıb örtüldü və maşın aşmadan, çevrilmədən təkərləri üstə asfalt yola çırpıldı. Mən maşını atəş altından çıxarıb sürətlə sürərək yaralı əsgəri Qərvənd körpüsündə yerləşən yaralıların ilkin qəbulu məntəqəsinə təhvil verdim. özümün isə sağ əlim və sol topuğum yüngül qəlpə yaraları almış və əlamətləri bugünə qədər də qalan yüngül dərəcəli kontuziya olmuşdum. Araşdırma nəticəsində müəyyən edildi ki, bizim göndərildiyimiz fermadakılar erməni əsgərləri və erməni tankları imiş. *** Aprelin 16-da isə əslən Bərdə rayonunun Qaradağlı kəndindən olan tankçımıza maşınımın yerləşdiyi kordinat ratsiya vasitəsi ilə verilərək maşının ermənilərə məxsus olması bildirilmiş və vurulub məhv edilməsi təkidlə əmr edilmişdi. Maşınımı tanıyan tankçımız isə kənara atəş açmış və guya maşını vurub məhv etməsi barədə yalan məlumat verdikdən dərhal sonra tankı həmin istehkamdan çıxarıb Xaçın çayında gizlənmiş, az sonra isə tankın əvvəlcə dayanmış olduğu istehkam qrad raketləri ilə vurulub dağıdılmışdı. Aprelin 17-də isə müdafiə naziri Məmmədrəfi Məmmədov Bərdə-Ağdam-Tərtər-Ağcabədi magistral yollarının birləşdiyi "Dörd yol" deyilən ərazidə bütün şəxsi heyətlə birlikdə dayanmağım və həmin ərazidən heç bir yana, yəni ön xəttə getməməyim barədə mənə qəti əmr etdi. Həmin yeri özbaşına tərk edərək döyüş meydanına gedəcəyim halda, məni dərhal həbs edəcəyini bildirdi. Və bununla da məni döyüş meydanlarını özbaşına tərk edib qaçan əsgərlərimizi geriyə qaytarmaqdan məhrum etdi. Beləliklə, aprel ayının 23-dək, yəni son on gün ərzində Ağdamın Atçılıq sovxozu, Göytəpə, Qarağaclar, Kosalar, Cəvahirli, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Nəmirli, Şurabad, Şotlanlı, Seysulan və Qırmızıkənd ermənilər tərəfindən işğal edildi. (Ardı var) Təqdim etdi: Surxay Əlibəyli
Bu xəbər 151 dəfə oxunub. |