booked.netbooked.net booked.net  

Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi-əxlaqi və mədəni institutları içərisində ailə dəyərləri sisteminin xüsusi yeri var. Belə ki, uşağa, qadına, yaşlılara, əlil və şikəstlərə şiddət bizim milli-mənəvi şifrələrimizə yaddır. Son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox halda gənclərimizin əhəmiyyətli bir hissəsi guya liberal dəyərlər kimi qəbul etdikləri – demokratiya və insan haqları bəhanəsi altında bizə sırınan o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalarda fəallıq nümayiş etdirirlər.

Bu baxımdan sosial maarifləndirmədə Azərbaycan cəmiyyətində get-gedə zəifləyən sivil dəyərlərin ən yaxşı cəhətlərindən şiddət və zorakılığa qarşı mübarizədə istifadə edilməlidir. Müxtəlif sosial-ictimai, milli-mədəni, psixoloji dəstək formatında real və virtual fəaliyyət növlərini həyata keçirməklə sadalanan zərərli halları nisbətən zəiflətmək vacibdir. Daxili sosial tolerantlıq baxımından cəmiyyətdəki ən kiçik gərginliyi belə vaxtında aradan qaldırmaq üçün ənənəvi milli-psixoloji dəyərləri dirçəltməli, inkişaf etdirməklə qlobal tendensiya səviyyəsinə qaldırmalıyıq. Həssas qrupların psixoloji-mənəvi poblemlərinin  araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ-kreativ təşəbbüsləri dəstəkləməklə cəmiyyəti saflaşdırmaq mümkündür.

Bu istiqamətdə aparılan fəaliyyətlərdə əsas hədəf psixoloji dəstək göstərilən şəxslərin şiddətlə mübarizə, sivil dəyərlərin zənginləşməsi, milli-mənəvi kodekslərin qorunması, inkişaf etdirilməsi, tədqiqi və təbliği istiqamətində kreativ yanaşmaların inkişafı olmalıdır. Bizi birləşdirən sivil, milli dəyərlərin yeni nəslə çatdırılması, elmi-sosioloji araşdırmalar, mətbuatda, internet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə bu istiqamətdə çalışmaların dəstəklənməsi, həyata keçirilən aksiyaların ictimaiyyət tərəfindən tanınması aparılan ideoloji-təbliğat, pedaqoji-psixoloji fəaliyyətlərin intellektuallığına təsir edəcək amillər sayılır.

Tarixə nəzər salanda, bütün zamanlarda cəmiyyətin öz mənəvi dəyərləri və ictimai ənənələri ilə zənginləşdiyinin şahidi oluruq. İnsanların mənəviyyatına – ictimai-psixoloji düşüncəyə ciddi təsir edən bu zənginlikləri öyrənmək, qoru-maq və gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətdə mövcud sosial-məişət modellərinin hazırkı vəziyyətini müxtəlif həssas sosial qruplar üzrə araşdırmaq aktual məsələ kimi mütəxəssislərin qarşısında durur. Gənclərin böyüklərə, övladların valideynlərə münasibətində milli ailə dəyərlərinin mövcud vəziyyəti aydınlaşır. Həssas qruplara aid ailələrdə mənəvi-əxlaqi dəyərlərimizin bərqərar olması, ictimaiyyətin daha geniş dairələrinə təsirinin öyrənilməsi ilə cəmiyyətimizi zənginləşdirən mənəvi meyarları, əldə olunan resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında yaranan ümumi problemlər ətrafında araşdırmalar aparılmalı və mövcud vəziyyət təhlil edilməlidir. Bu elmi-sosioloji araşdırmalar ailələrimizin və xalqımızın aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində aparılmalı və psixoloji-mənəvi baxımdan öyrənilməlidir.

Həssas qruplar arasında qadınlar və yeni nəslin iştirakı ilə psixoloji zorakılığa, etnik şiddətə qarşı sivil metodlarla mübarizə aparmaq vacibdir. Bunun üçün müharibə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkünlərin intellektual kəsiminin iştirakı ilə müxtəlif müsabiqələrin keçirilməsi, layihələrin reallaşdırılması, elmi-sosioloji sorğuların aparılması, nəzəri-təcrübi topluların nəşri faydalı olardı. Bunlarla yanaşı, yazılı və elektron KİV, internet, yeni media, sosial şəbəkələr kimi fərqli kütləvi informasiya alətlərindən, mətbu imkanlardan yararlanaraq əsas məqsədə çatmaq mümkündür.

Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),

araşdırmaçı-jurnalist, prezident təqaüdçüsü, f.ü.f.d.

Pin It

Tezadlar Arxiv

İDMAN