booked.netbooked.net booked.net  

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının  27 ili tamam olur.

1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında  Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s, LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK, PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A. O., YUNOKAL XƏZƏR, LTD arasında Saziş imzalandı.

Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Təxminən, 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. “Əsrin müqaviləsi” nin imzalanması ilə "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsinə başlanıldı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minib. İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarılabilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq, Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 30 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Prezident İlham Əliyev isə "Əsrin müqaviləsi”nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN