booked.net booked.net  

 

Aşağıda təqdim edilmiş yazı "Təzadlar"ın sayt arxivindən hansısa səbəbə görə yoxa çıxmışdır...

Bu gün qəzetin qəzet arxivindən tapıb yenidən təqdim etməli olduq:

25 il susmuş xatirələr- 20 YANVAR

Tarix: 21/1/2015 

"В 23 часа мне звонил первый секретарь ЦК Азербайджана 
Николай Рыжков: 
"В 23 часа мне звонил первый секретарь ЦК Азербайджана Везиров и истошно просил остановить армию" 

 

"Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi" 

..Düz 25 ildir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrin canlı tarixi olan Şəhidlər Xiyabanına gedirik, şəhidlərimizi yad edirik. Və bu illər ərzində çoxsaylı xatirələr danışılıb, yazılıb, çəkilib... Hər kəsin qəlbində və həyatında bu hadisələrin özünəməxsus izi var. Kimi həmin gecə hadisələrin içərisində olub, kimi bu qanlı hadisələrdə zərərçəkən olub, kimi həmin qanlı gecədə baş verənləri heç görməyib, həyata doğulmamışdı, amma sonralar bu qanlı gecə barədə valideynlərindən, müəllimlərindən eşidib...

 

“BTR”lər bizi metronun 
Əzizbəyov (indiki “Koroğlu”) stansiyasında 
atəşə tutdu... 

Mənim də həyatımda həmin qanlı hadisələrin özünəməxsus izi var. 1990-cı ilin yanvarında o vaxtkı Azərbaycan Neft-Kimya Sənayesi Nazirliyinin “Azneftkimmyatəmir” Birliyinin “Böyük Kimya Uğrunda” çoxtirajlı qəzetinin baş redaktoru idim (qəzet həm də “Za bolşuyu ximiyu” adı ilə rus dilində nəşr olunurdu, Azərbaycan dilli qəzetin tərcüməsi deyildi, redaksiyada rus və Azərbaycan dilli müxbirlər vardı). Qəzet həftəlik olduğundan o vaxt Azərbaycanı çulğamış siyasi hadisələrin, mitinq və piketlərin içərisində olmaq, bu istiqamətdə fəallıq göstərmək üçün yetərincə vaxt imkanım var idi. Həmçinin Birliyin rəhbərliyi də buna o vaxtkı ümumi ictimai-siyasi hadisələr fonunda şərait yaradırdı. Yeri gəlib deyim, ümumiyyətlə, 1987-ci ildən başlayaraq Dağlıq Qarabağda və İrəvanda ermənilərin yersiz və əsassız torpaq iddiaları ilə bağlı fəaliyyəti başlayandan sonra Bakıda buna etiraz olaraq piketlər, yığıncaqlar, mitinqlər keçirilməyə başlandı. Elə bir mitinq və piket, yürüş olmurdu ki, redaksiya əməkdaşları ilə birgə iştirak etməyək... Hətta onu da deyim ki, həmin illərdən ta 1992-ci ilə kimi ümumiyyətlə, illik məzuniyyətimi piketlərdə və mitinqlərdə keçirmişəm. Bəzən məlum hadisələrdən danışanların çıxışlarını TV-lərdə görürəm, amma bir çox siyasi fəallar istisna olmaqla, təvazökarlıqdan kənar olsa da, deyim ki, bütün gərgin və qaynar hadisələrin mərkəzində olmuşam. Amma bunları mətbuatda yazmaq, nələrisə danışmaq, xüsusi təqdimatla dilə gətirməkdən uzaq olmuşam. Bunlar mənim bir jurnalist və vətəndaş olaraq mənəvi borcum olub, etmişəm... 1991-ci ildə məşhur 17 noyabr hadisələri zamanı rus hərbçilərinin bizi gecə Azadlıq meydanındakı çadırdan döyüb qovması, bundan əvvəl və sonrakı kütləvi aksiyalar dövründə sutkalarla və səhərə kimi tonqal ətrafında qalmağımız, çadırlarda gecələməyimiz, böyük azadlıq aşiqi Xəlil Rza Ulutürkün rəhbərliyi ilə Rəşid Behbudov küçəsi ilə üzü indiki “20 yanvar” dairəsinə istiqamətlənən yürüşün qarşısının rus hərbçiləri tərəfindən rezin güllələrlə atəşə tutulması, bir çoxlarımızın yaralanması, amma yürüşdən geri çəkilməməyimiz sayəsində bunun sonadək davam etməsi, tələblər yerinə yetiriləndən sonra Xəlil Rzanın təklifi ilə dağılışmağımız... heç vaxt yadımdan çıxmaz.
*** 
...Və 1990-cı ilin yanvar hadisələri ərəfəsində metronun indiki “Xalqlar dostluğu” stansiyasının yanında (o vaxt stansiya yox idi) nazirliyin ailəvi yataqxanasında yaşayırdım (Kislotnaya-87 küçəsi). Nazirlikdən növbəlilik əsasında təzəcə 2 otaqlı mənzil almışdım, indiki Cavanşir, o vaxtkı Qaqarin körpüsünün yanında. Amma hələ də yataqxanadan köçməmişdik. Yanvarın 19-da, gündüz Baksovetdə və digər ərazilərdə qurulmuş barrikadaların şəkillərini çəkib bəzi aksiyalarda iştirak edəndən sonra yataqxanaya qayıtdım... Axşam təxminən saat 21:00 radələrində bir nəfər səsgücləndirici ilə yataqxananın qarşısında bərkdən “Evdə oturan kişi deyil, təcili şəhərə çıxın, rus tanklarının qarşısını almaq lazımdır” və s. kimi çağırışlar edirdi. Demək olar bütün başıpapaqlılar bu sözdən sonra həyətə düşdülər... Dəstə-dəstə metronun “Neftçilər” stansiyasına tərəf getməyə başladıq... Avtobus işləmirdi və bir neçə km-lik yolu piyada gəldik metronun yanına. Lakin burada eşitdik ki, rus tankları Aeroport və Biləcəri tərəfdən şəhərə daxil olacaq. Oradan da piyada metronun “Əzizbəyov” stansiyasına tərəf getdik... Son vaxtlara kimi stansiyanın əsas çıxışının üst hisəsindəki şüşəli pəcrələri dururdu. Biz ora çatanda stansiyanın həmin şüşəli çıxışının ətrafında beş-on nəfər dayanmışdı. Təklif olundu ki, Aeroport yolunun şəhər istiqamətinə bir neçə yük maşını çəp qoyulsun və yol kəsilsin ki, tanklar şəhər mərkəzinə girə bilməsin. Bizə elə gəlirdi ki, rus tanklarının qarşısını bu yolla ala bilərik. Bu zaman aeoroport tərəfdən ona yaxın “BTR”in gəldiyini gördük. Yenə də inanmırdıq ki, onlar atəş aça bilər... Və hamımız indiki H.Əliyev, o vaxtkı Moskva prospektinin şəhər istiqamətinə doğru yola çıxmağa çalışdıq. Məqsədimiz bu idi ki, guya “BTR”lərin qarşısını kəsək... Bu zaman “Neftçilər” tərəfdən bir “TATRA” yük maşını körpünün üstündən gələrək prospektə çıxdı və şəhər istiqamətinə doğru irəliləyən “BTR”in qarşısını kəsmək istədi. Bu zaman “BTR”lərin ikisi həm “TATRA”nı pulemyot atəşinə tutdu... Ardınca da metro tərəfdə hara gəldi atəşə tutdu. Bir anda özümüzü itirmədən metronun şüşəli çıxışının arxasında yerə uzandıq. Başımızın üstündən vıyıldayan güllələr gecənin qaranlığında vahimə yaradırdı... Şüşə laylar güllələrdən dəlmə-deşik olmuşdu... Bir neçə dəqiqəlik atəşdən sonra “BTR”lər şəhər mərkəzinə doğru irəlilədilər. Ara sakitləşən kimi hamı “TATRA”nın yanına qaçdı. Sürücü yerindəcə güllələnmişdi, maşının təkərləri deşilmiş və mühərrik hissəsindən yağ axırdı... Meyidi çıxarıb apardılar. Ən maraqlısı bu idi ki, hərbi xidmət illərində “BTR”lərin təmiri ilə məşğul olmuşdum və pulemyot güllələrinin gücünü bilirdim. Amma burada bir dəhşətli halın şahidi olduq. Məsələ onda idi ki, güllələr əvvəlcə maşının təkərlərinə vurulmuşdu. Məlum olduğu kimi, yük maşınlarında arxada iki qoşa təkər olur. Təkərlərin üstündə isə diskləri şinə bərkidən iri diametrli (“disk” diametrində) “şayba” yerləşdirilir. Güllə həmin polad “şayba”nı, sonra diski deşərək digər qoşa təkərlərin eyni ilə disklərindən dəlib keçmişdi. Deməli, arxa təkərdəki 4 diski və bir neçə “şayba”nı deşərək getmişdi. Məlum oldu ki, həmin yivli güllələr çuğundandır və dəmiri sverlo kimi deşir.
*** 
...Axşam sağ-salamat evə qayıtdıq və gecəni səhərə kimi ordan-burdan məlumatlar öyrənirdik ki, səhərə kimi paytaxt sakinləri gülləbaran edilib, çoxsaylı ölənlər var... Səhər tezdən indiki Babək prospektindən keçən bir “Alabaş”a minib metronun Xətai stansiyasının yanına kimi gəldim. Orada şəhər istiqamətində rus əsgərlərinin barrikadaları qurulmuşdu. Şəhər başdan-başa silahlılarla dolu idi... Mülki adamları evdən çölə çıxmağa qoymurdular. Əlimdə redaksiyanın fotoaparatını tutmuşdum ki, bəlkə jurnalist olduğumu bilib atəş açmayalar. S.Vurğun bağının yanında məni saxladılar və izah etdim ki, jurnalistəm, iş yerinə gedirəm... Bu xatadan da qurtardım və artıq insanların Azadlıq meydanına doğru axınını gördüm. İnsanlara qoşulub Azadlıq meydanına gəldim. Burada çoxsaylı tabutlar gətirilmişdi və bir neçə saatdan sonra insan axını indiki Şəhidlər Xiyabanına doğru istiqamət götürdü... 
*** 
İki gün sonra qəzetin növbəti sayında belə bir başlıqlı yazı vermişdim: “”20 yanvar”a gedən yol...”. Yarımbaşlıqda isə bu yolun Azadlıq meydanından başlayaraq Prezident Aparatından, Nazirlər Kabinetindən, Milli Məclisdən və millətin qeyrətindən keçdiyini bildirən ifadələr yazmışdım... Senzura yazını on yerindən qayçıladı, kəsilib çıxarılmış yerlərə isə çap zamanı qayçı şəkilləri qoymuşdum... Qəzetin bütün səhifələri başdan-başa şəhidlərin, rus tanklarının dağıntılarını, saqqallı əsgərlərin vəhşiliyini... əks etdirən şəkillərlə doldurulmuşdu... Və qəzet nəşr olundu. O vaxt qəzet ərazi üzrə Xətai, o vaxtkı Şaumyan rayon Partiya Komitəsinə tabe idi, mən də partiya bürosunun üzvü, Xalq Nəzarəti Komitəsinin üzvü idim. Rayon KP-nin 2-ci katibi soyadını unutduğum erməni idi və ideoloji sahəyə baxırdı. Həmin nömrədəki yazıya görə məni raykoma çağırdılar və partiyadan çıxarılmağımla hədələdilər... Amma artıq gec idi, çünki Azadlıq meydanında bir neçə gün sonra partbiletlərin yığılıb yandırılması aksiyası keçirilmişdi... 
Beləcə, Sovet qoşunlarının Bakıya yeridilməsi qanlı sonluqla nəticələndi. Hadisələrin sonrakı gedişi isə hamıya bəllidir. 1991-ci ildə xalqın Milli azadlıq hərakatı onunla nəticələndi ki, Sovet hökuməti dağıldı, Azərbaycan Müstəqilliyini elan etdi, az keçmiş Sovet Rusiyası ondan getdikcə uzaqlaşan Azərbaycanı ermənilərin əli və fitnəsi ilə yaradılmış Qarabağ problemini yaratmaqla cəzalandırmağa başladı... Sonrakı illərdə Azərbaycan rus-erməni qoşunlarının hücumu ilə torpaqlarının 20 faizini itirməli oldu, əhalimizin bir milyondan çoxu Qərbi Azərbaycandan və Azərbaycanın Qarabağ bölgəsindən didərgin və qaçqın düşdü. 
*** 
...Yeri gəlmişkən, uzun illər boyu Azərbaycan KİV-lərində rus qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrdən yazarkən qoşunların Bakıya dəvət olunmasının baiskarı kimi o vaxt Azərbaycan KP MK-nın 1-ci katibi olmuş Ə.Vəzirovun adını çəkib. Lakin bu yaxınlarda SSRİ-nin keçmiş baş naziri, hazırda Rusiya Federasiya Şurasının Belqorod vilayətindən olan üzvü Nikolay Rıjkov maraqlı açıqlama ilə çıxış edib. Onun “İzvestiya” qəzetinə verdiyi müsahibədə maraqlı, indiyədək bilmədiyimiz məqamlar yer alıb. APA-nın bu yaxınlarda KİV-lərə yayımladığı bülletenindən sitat: “Nikolay Rıjkov: “Bakıya qoşun yeridilməsi qərarı Qorbaçovun kabinetində verildi... Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi”.
“Etnik zəmində ilk cinayət törədilən kimi SSRİ Ali Sovetinin Rəyasət Heyətində Bakıda fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı məsələ qaldırdım. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə buna qarşı çıxış etdi, bildirdi ki, Rıjkov vəziyyəti gərginləşdirir. Yekunda Dağlıq Qarabağda fövqəladə vəziyyət elan olundu”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu “İzvestiya” qəzetinə müsahibəsində SSRİ-nin keçmiş baş naziri, hazırda Rusiya Federasiya Şurasının Belqorod vilayətindən olan üzvü Nikolay Rıjkov deyib. 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı açıqlamalar verən N. Rıjkov bildirib ki, o vaxt Bakıda vəziyyət getdikcə pisləşirdi: “Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində birlikdə verildi. Orda Lukyanov (SSRİ Ali Sovetinin sədri), Yazov (müdafiə naziri), Kryuçkov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri), Bakatin (daxili işlər naziri) və mən iştirak edirdim. Yazov əmrin verilməsini xahiş elədi. 
Qorbaçov Medvedevə Bakıya qoşun yeridilməsi ilə bağlı mətnin hazırlanmasını və gecə yarısına qədər KİV-də yaymağı tapşırdı. Lakin Medvedev həmin mətni gecikdirdi və onu ancaq səhər çap etdirdi. Qoşun isə Bakıya Qorbaçovun keçirdiyi iclasdan dərhal sonra yeridildi. Medvedevin əmri sabotaj elədiyinə şübhə edirəm. Ya da bu, əvvəlcədən düşünülmüş addım idi ki, baxsınlar vəziyyət necə inkişaf edir. Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi. Gecə Yazov zəng edib (o da Qorbaçova zəng edə bilmirdi) dedi ki, qoşuna atəş açırlar, əsgərlərdən ölən var. Soruşdu ki, nə etmək lazımdır. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər. Gecə Qorbaçov mənə 3 dəfə zəng etdi. Ona vəziyyətlə bağlı məruzə etdim, o cümlədən atışma və ölənlər barədə. O isə cavabında “nu, delay, delay” deyirdi”.
N.Rıjkov jurnalistin “Siz qoşun yeridilməsi ilə bağlı heç bir yazılı əmr olmadan bütün gecə hərbi əməliyyatı idarə etmisiniz?” sualına belə cavab verib: “Mən siyasətlə məşğul olmurdum, tapşırıqları həll edirdim”.
Bu da həmin tekstin rus dilindəki orijinalı:

 

Николай Рыжков: «Решение о вводе войск в Баку принималось совместно в кабинете у Горбачева»
«Я сказал Язову, чтобы на огонь отвечали огнем»
"В 23 часа мне звонил первый секретарь ЦК Азербайджана Везиров и истошно просил остановить армию" 
«Как только начались первые преступления на этнической почве, я поставил вопрос на Президиуме Верховного Совета СССР о введении чрезвычайного положения в Баку. Председатель Президиума ВС Азербайджана Эльмира Гафарова выступила резко против, заявив, что Рыжков нагнетает. В итоге ЧП ввели в Нагорном Карабахе».
Как сообщает московский корреспондент АПА, об этом в своем интервью газете «Известия» заявил бывшый председатель Совета министров СССР, ныне член Совета Федерации России от Белгородской области Николай Рыжков. Говоря о событиях 20 Января 1990 года, Н.Рыжков отметил, что ситуация в Баку продолжала накаляться: «Решение принималось совместно в кабинете у Горбачева. Присутствовали Лукьянов (председатель ВС СССР), Язов (министр обороны), Крючков (председатель Комитета государственной безопасности), Бакатин (министр внутренних дел) и я. Язов попросил приказ. Горбачев поручил Медведеву подготовить текст о вводе войск и до полуночи опубликовать его в СМИ. Медведев с текстом затянул и опубликовал его только утром, а войска пошли сразу после совещания. Медведев или саботировал распоряжение, в чем я сомневаюсь, или это был продуманный шаг, чтобы посмотреть, как будет ситуация складываться. В 23 часа мне звонил первый секретарь ЦК Азербайджана Везиров и истошно просил остановить армию. Ночью звонил Язов, который тоже не мог до Горбачева достучаться. Сказал, что по войскам стреляют. Есть погибшие среди солдат. Спрашивал, что делать. Ответил, чтобы на огонь отвечали огнем. За ночь Горбачев звонил мне три раза. Я докладывал ему о ситуации, в том числе про обстрелы и о погибших. Он в ответ только: «Ну, делай, делай».
На вопрос журналиста «То есть вы всю ночь руководили войсковой операцией, не имея документального приказа на ее проведение?» Н.Рыжков ответил так: «Я не политикой занимался, я задачу решал"



*** 

Bunu da tarixin qızıl arxivindən bir məqam kimi təqdim etdim. Sadəcə, nəticə çıxarmaq üçün.
Allah bütün şəhidlərimizin məkanını nura boyasın, onlara rəhmət etsin!



Asif Mərzili

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN