Ali Baş Komandan İlham Əliyevin Qarabağda, Abdulbari Gözəlin isə «Qarabağ»la bağlı qələbələri şərəfli tariximizin bir parçası kimi…

…Azərbaycan nəinki müstəqillik illərinin, ümumiyyətlə, təxminən son iki yüz əlli illik tarixinin ən şanlı və şərəfli anlarını yaşayır. Bu şanlı tarixin müəllifləri var. Onlar Azərbaycanın işıqlı bəxtinə düşmüş dövlət rəhbəri İlham Əliyevlə, onun  güvəndiyi Azərbaycan xalqı və Azərbaycanın şanlı ordusudur!

 İlham Əliyev xalqına və rəhbəri olduğu Ordusuna-əsgər və zabitinə, generallarına güvəndi. 30 illik işğalın ağrı-acısını içinə çəkən, eləcə də erməni vəhşiliyinin tarixdə görünməmiş izini özünə dərd edib içində çəkən Azərbaycan heç bir vaxt bu işğala son qoyulacağı günə olan ümidini itirmədi. Adətən, deyirdik ki, ümid ən sonda ölür! Amma «Azərbaycanın səbri tükənməz deyil!» deyən Prezident İlham Əliyev elə ən sonda da sübut etdi ki, sən demə, sonda ölən ümid deyil, terrorçu və separatçı əməllərinin girovu olmuş düşməndir-ermənidir! Və elə də oldu…

Uzun illərdən bəri yol gələn ümidimiz…

 Bəli, XX əsrin 80-ci illərinin sonlarında və 90-cı illərin əvvəlində Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış etdi və hərbi təcavüzə başladı. Qana və torpağa susamış Ermənistan torpağımızın 20%-ni işğal etdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün 30 ilə yaxın davam edən danışıqlar Ermənistana təsir etmədi. Çünki məqsəd və niyyət qonşuluq prinsiplərinə baş əyib rahat yaşamaq deyildi. Məqsəd daha çox torpaq ələ keçirib özünə ikinci erməni dövləti qurmaq idi.

 Azərbaycan atalar sözündə deyildiyi kimi, Ermənistan çox istədi, amma sonda azdan da oldu. Və 2019-ci ildə Baş nazir Paşinyanın Xankəndidə çıxış edərək “Qarabağ Ermənistandır” deməsi, sonra azğınlaşmış düşmənin 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində general Polad Həşimov və yüksək rütbəli zabitlərimizin ölümü ilə nəticələnmiş təxribat törətməsi İlham Əliyevə bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə siyasi, diplomatik dillə deyil, məhz silah və dron dilində danışmağı diqtə etdi.

 Beləliklə, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə ölkənin bütün ərazisində hərbi vəziyyət elan edildi. Ordumuzun əks-hücumu 30 il işğal altında qalmış torpaqların cəmi 44 günə azad edilməsi Ermənistanı və havadarlarına şok yaşatdı. Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Azərbaycanın üçrəngli bayrağı dalğalandı!

ilham-cebhe-1

 Əslində, bu bayraq 30 ildən çox müddətdə xalqın erməni işğalına son qoymaq üçün böyük qələbəyə qoruyub-bəslədiyi ümidin Azərbaycan boyda ifadəsi idi! Və düşmən diz çöküb kapitulyasiyaya imza atdı! Uzun illər havadarlarına güvənən Ermənistan rəhbərliyinin daha böyük torpaqlar ələ keçirmək arzusu nəinki gözündə qaldı, eləcə də düşmən Kəlbəcəri, Ağdamı və Laçını bir güllə atmadan Azərbaycana qaytarmalı oldu.

 Bu hələ harasıdır, axı Ali Baş Komandan İlham Əliyev sonuncu prezident seçkisində and içərkən söz vermişdi ki, Qarabağın işğal altında olan bütün əraziləri Azərbaycanlı olacaq! Və üstəlik, Qarabağda uzun illərdir qalmış «Artsax» adlı separatçı qurum rədd olub tarixin arxivinə veriləcək!

 İlham Əliyev özü deyirdi ki, «Sözümüz əməlimizdir!» O, söz verdi və əməl də etdi: 2023-cü il sentyabrın 19-da Qarabağın Xankəndi şəhəri ətrafında cərəyan edən lokal xarakterli antiterror əməliyyatları düşmənin yalvarışı ilə- sentyabrın 20-də, saat 13:00-da dayandırıldı. Belə razılıq əldə edildi ki, Qarabağda yerləşən Ermənistanın qeyri-qanuni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır, tam şəkildə tərki-silah olub gəldikləri yerə də rədd olub gedirlər!

 Bu da son deyildi: 27 sentyabr 2023-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları  “Dağlıq Qarabağ Respublikası»nın «dövlət naziri» olmuş Ruben Vardanyanı, ardınca qondarma “Artsax”ın “prezidentinin” “müşaviri” David Babayanı həbs etdi.

Yox, bu da hələ son deyildi: bir gün sonra-28 sentyabr 2023-cü il tarixdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbəri” Samvel Şahramanyan “DQR”-in ləğv edilməsi barədə “fərman” verdi.

 Daha bir sürpriz: Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq saxta "xarici işlər naziri" David Babayan, eləcə də saxta “parlament sədri” David İşxanyan, separatçı generallar- Lyova Mnatsakanyan, David Manukyan… həbs edilərək Bakıya gətirildilər. Hazırda onlar Azərbaycanın istintaq orqanlarında dindirilir və Azərbaycanın ərazisindəki separatçı əməllərini etiraf etməklə səhvlərinin bağışlanılmasını istəyirlər. Amma necə?  Bu səhv on minlərlə günahsız insanın öldürülməsinə, 1 miyondan çox insanın 30 ildən çox müddətdə məcburi köçkünlüyünə, minlərlə insanın itkinliyinə… bais olmuşdursa, onları necə bağışlamaq olar???

ilham-mehriban

Ermənilərin Qarabağdakı dağıntılarının hərbi-siyasi mənası!

 Nəhayət, 2023-cü ilin oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə və Xocalıda Azərbaycanın üçrəngli Dövlət Bayrağını qaldırdı. Bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda öz suveren hüquqlarının tam bərpası demək idi. 8 noyabr 2023-cü ildə isə İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə hərbi parad keçirildi.

Ən nəhayət, 2024-cü ilin fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində isə İlham Əliyev Xankəndiyə gedərək orada səs verdi. Özünün dediyi kimi, «Seçki qutusuna atılan bülleten, əslində, separatçıların «Artsax» adlı ölmüş  ideyalarının tabutuna vurulan sonuncu mıx idi!».

***

 Bəli, İlham Əliyev təkcə Qarabağı separatçılardan xilas etmədi, o, həm də erməniləri xilas etdi! Bilirsiniz nədən: onları qızışdırıb ortaya atan, zəlil və əlil günə qoyan havadarlarından! Və məhv olmadan! Çünki alnına separatçılıq və terrorçuluq yazılmış ermənizmin sonu qapağına sonuncu mıx vurulmuş tabut kimidir!

Ali Baş Komandan İlham Əliyevin Qarabağlı, Abdulbari Gözəlin isə «Qarabağ»lı qələbələri…

…Biz təkcə Qarabağlı tarixi yaşamırıq, onu həm də yaşadırıq! Və bu tarixi bizə yaşadanlar var… Əvvəl dedim, Qarabağı Ali Baş Komandan İlham Əliyev, «Qarabağ»ı isə iş adamı, «AzərSun» Holdinqin prezidenti Abdulbari Gözəl ərməğan edib.

Yeri gəlmişkən, ötən il Medianın İnkişafı Agentliyinin ADA Universitetində keçirdliyi təlimlərdə iştirak edirdim. Beynəlxalq dərəcəli media eksperti Ornela Ramasauskaite-dən «Təzadlar» üçün müsahibə götürdüm. Ona verdiyim sualın biri belə idi: «Şuşada və Ağdamda olanda ermənilərin 30 il əsirlikdə saxladığı bu şəhərlərdə ən çox diqqətinizi nələr çəkdi?». Cavab: «Mən bir daha əmin oldum ki, Şuşa… Azərbaycan şəhəridir, ermənilərə heç bir aidiyyəti yoxdur. Çünki onlar 30 il ərzində Şuşada və Ağdamda, digər ərazilərdə, ancaq dağıntılarla məşğul olublar. Adam özününkü olanı heç vaxt dağıtmır, bərpa edir, qoruyub saxlayır».

abdulb-4

 Gəlirəm mətləbə: şəxsən mənim qənaətim budur ki, Azərbaycanın bağrında 30 il ərzində qara yaraya döndərilmiş Qarabağ probleminin bir zamanlar Azərbaycanın xeyrinə həll ediləcəyinə olan ümidi son ana -44 günlük Vətən müharibəsinədək qoruyub saxlayan çox vacib bir faktor var. O da Qarabağın adını nəinki ürəyi Qarabağla döyünən Azərbaycana, eləcə də Avropaya, dünyaya yayan, çatdıran «Qarabağ»dır! O «Qarabağ» ki, arxasında təbii ki, ölkə rəhbərliyinin dəyişməz siyasəti, bir də «Qarabağ»ın maddi cəhətdən büdrəməməsinə, korluq çəkməməsinə ürəyinin odu ilə yanaşmış Abdulbari Gözəl dayanıb!

Qarabağın adını və ruhunu dirənişlə dünyaya yaşadan «Qarabağ»!

 Qısa da olsa Azərbaycanın Qarabağsız «Qarabağ»lı günlərinə ekskursiya edək: «Qarabağ»- Ağdamı təmsil edən peşəkar futbol klubu kimi hər kəsə məlumdur. Amma çoxlarına məlum deyil ki, komanda 1951-ci ildə, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası kimi yaradılıb. Və "Qarabağ" adlandırılanadək, yəni 1987-ci ilə kimi, "Məhsul", "Şəfəq" və "Kooperator" olmaqla üç fərqli ad ilə çıxış edib. 1993-ci ilin 23 iyul tarixində Ağdam Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalır… Amma "Qarabağ" ruhdan və həvəsdən düşmür, sınmır, mənən daha da dözümlü olmağa çalışır. Komanda heç kimin inana bilmədiyi bir halda, Azərbaycan Premyer Liqasında mübarizə aparır və düz 10 dəfə Çempion olur. Amma qarşıda təkcə güclü rəqiblər deyil, həm də güclü maliyyə problemləri dayanır! «Qarabağ» bu iki vacib problemin öhdəsindən gəlmək üçün çox çalışır.

 Yadımdadır, o vaxtlar Ağdamın tanınmış ziyalıları və iş adamları xeyriyyə tədbirləri ilə ianə toplanışını həyata keçirib komandanın ən azı düşmənlərimizin acığına, futbolumuzun adına yaşadılmasına səy göstərirdilər. Bir-bir adlarını sadalasam, çox vaxt alar. Amma onların hər biri təşəkkürlərə layiqdir!

«Qarabağ»- həm də Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsi kimi…

…Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas məqsədi təkcə Qarabağın işğal edilmiş ərazilərində Azərbaycana məxsus tarixi nişanələri, mədəniyyət irsini məhv etmək deyildi. Həm də Qarabağın adını tarixdən, siyasi-hərbi səhifələrdən yox etmək idi məqsəd. Bunun üçün bütün səviyyələrdə feyk məlumatlar, şantaj əməllər sınaqdan çıxarılırdı. Təkribatları da bilirsiniz. Amma düşmənin bu yaramaz, mənfur siyasətinin qarşısında Azərbaycana bir vacib vəzifə də hakim idi: düşmən havadarlarının sayəsində döyüş meydanında- Qarabağda müvəqqəti qalib olsa da, «Qarabağ» dünyanın beynəlxalq siyasətində bir incə siyasət olan idman meydanlarında qalib olmalıdır!

 Azərbaycanın siyasi rəhbərliyi bu siyasətə də böyük önəm verirdi. Həqiqətən, bilənlər bilir ki, Prezident İlham Əliyev idmana hansı səviyyədə önəm verirdi. Axı ortada Azərbaycanın təkcə Qarabağ yox, həm də «Qarabağ» siyasəti var idi. Və düşmənə və havadarlarına ən böyük dərs də bu oldu ki, düşmən Qarabağda top atırsa, «Qarabağ» niyə Avropada düşmənin niyyətinə- rəqib qapısına top vurmasın?! Bu zərbələrin böyük siyasi məna və mahiyyəti isə 2020-ci ilin 44 günlük Vətən savaşındakı Zəfər bayramında sübutlandı!

abdulbari-3

 Bəli, «Qarabağ»ın hər belə qələbəsi Azərbaycan insanının, xüsusən də Qarabağdan köçkün düşən, içində torpaq və yurd yanğısı daim alovlananların  yurda qayıdış ruhunu və ümidini daha da artırırdı. Bir anlıq hamı, necə deyərlər, papağını qarşısına qoyub düşünməyə məhkum idi ki: Avropada qələbə çalan, rəqib qapısına top vuran «Qarabağ»ın arxasındakı siyasi iradə niyə də burdan -bura  Qarabağda işğalçı düşmənin o siçovul yuvasına toplar yağdıra bilməsin?!

 Qarabağa hesablanmış bu ruhun daşıyıcısı ölkənin siyasi rəhbəri -Prezident İlham Əliyev idisə, «Qarabağ»a olan ümidlərin icraçısı da «AzərSun» Holdinqin prezidenti Abdulbari Gözəl idi. Bilənlər bilir iki, 2000-ci illərdən başlayaraq «Qarabağ» maliyyə problemləri ilə qarşılaşmışdı. Ölkə rəhbərliyinin xeyir-duası ilə bu problemə çiyin verən isə 2001-ci ildə Azərbaycanda xoşniyyətli fəaliyyətlə-ölkənin ərzaq təhlükəsizliyində böyük çəkiyə malik «AzərSun» şirkəti oldu. Şirkət rəhbərliyi «Qarabağ»ın sponsorluğunu rəsmən üzərinə götürdü. "AzərSun" Holdinqin rəhbərliyi "Qarabağ"ın Azərbaycan üçün beynəlxalq siyasi məna və mahiyyət kəsb etdiyini gözəl bilirdi. Elə Gözəl bəyin bu qiymətləndirməsinin faydalı iş əmsalı da gözlənilənlərdən daha çox oldu. 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Abdulbari Gözəl komandanın Prezidenti, Tahir Gözəl isə vitse-prezidenti oldular. Tahir Gözəlin kluba gəlişindən sonra "Qarabağ"ın tarixində yeni bir səhifə açıldı. 2004-cü ildə "Qarabağ" yenidən Azərbaycan çempionatının mükafatçılarından oldu. Və Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə "Qarabağ"ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla Avropa meydanlarında oyunlara girdi. Bu, əslində, elə o səviyyədə də işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin bağrına girən bir ox idi! Yəqin idmansevərlər yaxşı xatırlayar ermənilərin Avropa səviyyəli oyunlardakı təxribatlarını. «Qarabağ» adında yanıb kül olan, bağrı çatlayan düşmən bununla da nə qədər zəlil və rəzil olduğunu Avropaya tanıdırdı. Bu da «Qarabağ»ın o mənada daha bir xidməti idi.

***

 …Onu da deyim ki, Tahir Gözəl «Qarabağ» üçün siyasi məna kəsb edən yeni bir loqotip də tətbiq etdi. İngiltərədə dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub.

 Nəhayət, 2022-ci ilin payızında «Qarabağ» Azərbaycan çempionatında 10 dəfə ardıcıl olaraq qalib gələrək rekorda imza atdı. Amma «Qarabağ»ın rəhbərliyinin hədəfi həm də Qarabağdakı qələbədən sonra komandanın Avropa çempionatlarındakı qələbələri idi. Təbii ki, hər şey dəmir iradəyə və özünə güvənə söykənir. Qarabağın azadlığı Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinə güvənlidirsə, Azərbaycanın nəfəsini və adını Avropaya daşıyan «Qarabağ» da Abdulbari Gözəlin xeyir-duasına arxayındır.

Asif MƏRZİLİ

P.S.Bu yazını bir həftə əvvəl yazmışdım. Lakin fevralın 15-də "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcəkdi. Və məndə nəsə bir ilahi ümid yarandı ki, komandamız ilk dəfə oynadığı bu liqada, özü də Portuqaliyanın ən güclü "Braqa" komandasını, udacaq. Oyun ayın 15-də «Qarabağ»ın 4:2 hesablı qələbəsi ilə nöqtələndi. İndi az qala bütün Avropa Azərbaycanlı Qarabağın «Qarabağ»ından danışır.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN