Məlum münaqişə nəticəsində psixoloji gərginlik içində yaşayan həssas qrupların nümayəndələri, xüsusən də şəhid anaları və məktəblilərin köməyi ilə müharibə zorakılığına qarşı və ailədaxili, icmadaxili psixoloji şiddət əleyhinə maarifləndirici tədbirlərin aparılmasının ictimai əhəmiyyəti böyükdür. Məhəlli və qlobal münaqişələrin bir siması var: ölüm, əsirlik, fiziki və mənəvi, psixoloji yaralar, əlillik və ağrılar.

Aktuallığını hər zaman saxlayan məsələlər ətrafında beynəlxalq təşkilatların mütəxəssisləri ilə yanaşı, yerli psixoloqlar, münaqişəşünaslar da ciddi araşdırmalar aparmalıdır. Veytnam və Əfqanıstan, indi isə Şərq ölkələri (Yəmən, İraq, Suriya, Liviya və d.), həmçinin Qarabağ sindromundan əziyyət çəkən milyonlarla insan, eləcə də onların ailə üzvləri var. Müxtəlif vaxtlarda məhəlli, regional, qlobal münaqişələr zamanı onların qurbanlarına psixoloji-mənəvi dəstək vermək üçün aparılan işlər uzunmüddətli ardıcıl fəaliyyətlər tələb edir. Çox zaman böyük icmalarda müxtəlif formalarda özünü göstərən psixoloji basqılara (məsələn, müxtəlif sosial mənşəli uşaqlar arasında güclülərin zəiflərə, varlı ailələrin övladları kasıb balalarına, şəhərlilərin bölgələrdəkilərə, paytaxt sakinlərinin qaçqın-məcburi köçkünlərə, kişilərin qadınlara, sağlam şəxslərin əlillərə, oğlanların qızlara qarşı psixoloji-mənəvi, fiziki-ruhi basqıları və s.) qarşı ictimai qınağın, sosial mübarizəni, icma dirənişini gücləndirməklə dözümlü, tolerant, sülh, əmin-amanlıq mühitini əldə etmək mümkündür.

Müxtəlif münaqişə qurbanlarının ailə üzvlərinə psixoloji-mənəvi dəstək göstərmək, eləcə də Azərbaycan insanının yazıya, kitaba sayğısını nəzərə alaraq bu mövzuda maarifləndirici materialların hazırlanmasına, ictimai-virtual müzakirələrin aparılmasına, internet və sosial şəbəkələrdə təbliğatın gücləndirilməsinə böyük ehtiyac duyulur ki, bu istiqamətlərdə aparılan işlər sadalanan problemlərin, qismən də olsa, aradan qaldırılmasına yardımçı ola bilər.

Son 50 ilin araşdırmalarını, statistik məlumatlarını, yazılı və elektron KİV-də gedən materialları, internet və sosial şəbəkələrdəki saysız-hesabsız müzakirələri, cürbəcür faktoloji informasiyaların təhlili göstərir ki, münaqişə qurbanlarının ailə üzvləri arasında bu və digər səbəblərdən yaranan kəskin psixoloji-mənəvi problemlər – müharibənin yaraları zaman keçdikcə vaxtaşırı özünü büruzə verir.

Təkcə TV-kanallarda hazırlanan sosialyönümlü proqramlarda haqqında bəhs açdığımız həssas qruplara aid ailələrdəki psixoloji gərginlikləri yada salmaq, eləcə də rəsmi məlumatlardakı statistik faktları analiz etmək kifayətdir ki, problemin ictimai əhəmiyyəti, sosial mahiyyəti, cəmiyyət üçün aktuallığı aydın görünsün. Eyni zamanda itkin düşmüş şəxslərin xilası üçün rıçaqlar, Ermənistanın Qarabağla bağlı yaratdığı münaqişənin əsl mahiyyətinin beynəl-xalq aləmə çatdırılmasında bu istiqamətdə aparılan fəaliyyətlərin rolunun – təbliğati-informatik təsirinin böyük olduğunu görürük.

Ötən əsrin sonlarından etibarən məlum Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı çoxsaylı insan fəlakəti faktoru ilə nəticələnən, əsir və itkin düşmüş şəxslər, onların yolunu gözləyən ailə üzvləri, qaçqın və məcburi köçkünlüklə bağlı ictimai-sosial, psixoloji-mənəvi zədələr, obyektiv səbəblərdən xarici ölkələrə mühacirətə üz tutanların artması, dünyanın onlarla ölkəsinə səpələnmiş qarışıq nikahlardan dünyaya gələn övladların sayının durmadan artması, ənənəvi Azərbaycan cəmiyyəti və insani dəyərlərinə müxtəlif təsirlər göstərib.

Vaxtilə Dağlıq Qarabağdakı münaqişə – müharibə işğal olunmuş ərazilərdə ənənəvi yaşam tərzinə söykənən baba-nənə, ata-ana, bacı-qardaş, əmi-bibi, xala-dayı, qohum-qonşu, ağsaqqal-ağbirçək ailə təsisatları ilə əhatələnmiş, yeri gələndə, məhəllədə, kənddə sosiallaşmış milli ailə formalarının dağılmasına aparıb çıxardığından həssas qruplara daxil olan insanların psixologiyasında dərin yaralar açmışdır. Üstəlik, münaqişə nəticəsində həlak olmuş şəxslərin qəbirləri haqqında məlumatın olmaması, qədim yurd yerlərimizdəki kimsəsiz qalmış məzarlar, əsir və itkin düşmüşlərn acı taleyi bu psixoloji-mənəvi yaraları daha da dərinləşdirmişdir.

Əvəzinə daha çox psixoloji-mənəvi sarsıntılara məruz qalmış, tək ata və ya tək ana himayəsində bir, yaxud iki uşaq böyüdən dağınıq ailələr cəmiyyətimiz və dövlətimiz üçün böyük yükə çevrilməkdədir. Bu sahədə elmi-sosioloji araşdırmaları cəmiyyətə təqdim etməklə mədəniyyət-məişət, yaşam fəlsəfəsinin zəifləməsinin qarşısını almaq, psixo¬loji böhran, şiddət hallarının, boşanmaların, nəsillərarası mənəvi-psixoloji münaqişələri, qismən də olsa, aradan qaldırmaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsi vacibdir. Eyni zamanda, sadalanan problemin həllinə kömək edəcək bir sıra ağır problemlərin ictimailəşdirilməsi bu sahənin mütəxəssislərinin səylərini birləşdirməyi, ictimai-virtual müzakirələrin genişlənməsini, yeni psixoloji dəstək modellərinin işlənilməsini tələb edir.

Vaxt ötdükcə, həssas qruplarda ailədaxili psixoloji gərginlik mental dəyərlərlə bağlı problemləri daha da qabarıq göstərməkdədir. Bu problemlərin kəskinliyini nisbətən azaltmaq, insanlar arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan milli ailə institutunu, sosial-mənəvi təsisatıları möhkəmləndirmək, çağdaşlığa uyğun olaraq tədqiq etmək vacibdir ki, bu istiqamətdə də ilk növbədə Qarabağ münaqişəsi qurbanları və onların ailə üzvlərinin durumları araşdırılmalı, onlara psixoloji dəstək mexanizmləri işlənilməlidir...

Əlirza İSBƏNDİYAROV,

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədr müavini, publisist

Pin It

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN