“Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan

çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin təkrar-təkrar müraciət və etirazlarına baxmayaraq, həmin materiallar bu gün də Fransa muzeylərində erməni və ya fars mədəniyyəti nümunələri adı ilə nümayiş və təbliğ olunmaqdadır.

***

 Hələ yüz il öncə birbaşa ermənilərin fitvası ilə “qara arxeologiya” ilə məşğul olanlar Şirvan ərazisində Makedoniyalı İskəndərin xəzinəsinin axtarışı adı altında çoxsaylı abidələrimizi dağıdaraq məhv etdilər. Vətənimizin bütün guşələrində daş qoç fiqurları guya içərisində qızıl var imiş kimi sındırılaraq darmadağın olundu. Çar Rusiyası dönəmində olduğu kimi, Sovet hakimiyyəti illərində də çoxsaylı tarix və mədəniyyət abidələrimiz vəhşicəsinə uçurularaq, dağıdılaraq məhv edildi. Bir çox abidələrimizin görkəminin və təyinatının dəyişdirilməsinə də cəhdlər oldu. Qarabağ və Qərbi Azərbaycan ərazilərində isə bu qəbildən olan vandalizm aktları sözün əsil mənasında kütləvi hal aldı.

 Qarabağın erməni işğalı altında qaldığı dönəmdə şəhər və kəndlərimizlə birlikdə, tarix və mədəniyyət abidələrimiz də ermənilər tərəfindən dağıdıldı, məhv edildi, təhqirlərə məruz qaldı. Dövlət müstəqilliyimizin ilk 30 ili ərzində müharibə şəraitində olduğumuza baxmayaraq, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən ölkə ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqi, konservasiyası və təbliği istiqamətində çoxsaylı iri layihələr həyata keçrildi. Ölkə prezidentinin sərəncamları əsasında bir sıra yeni tarix və mədəniyyət qoruqları yaradıldı, arxeoloji tədqiqatların miqyasını genişləndirmək və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə əlavə vəsaitlər ayrıldı. Cənab Prezident İlham Əliyevin  rayonlara səfərləri çərçivəsində bu sahədə görülən və görülməkdə olan işlərlə tanışlıq xüsusi yer aldı. Bir sıra abidələrimiz UNESCO-nun mədəni irs siyahısına daxil edildi və s.

 «Mədəniyyət Nazirliyi, AMEA-nın Arxeologiya İnstitutu və Goranboy RİH rəhbərləri sövdələşərək qızıl əldə etmək ümidilə Osmantəpə kurqanını ağır texnikadan istifadə etməklə yerlə-yeksan etdilər…»

tablolar_page-0001

  Bütün bunlara rəğmən əfsuslar olsun ki, bəzi rayonlarımızda indinin özündə belə tarixi-mədəni irsə münasibətdə ürəkağrıdan hallar baş verməkdədir. Məsələn, bir neçə il öncə Mədəniyyət Nazirliyi, AMEA-nın Arxeologiya İnstitutu və Goranboy Rayon İcra Hakimiyyəti rəhbərləri sövdələşərək külli miqdarda qızıl əldə etmək ümidilə respublikamız ərazisindəki ən nəhəng kurqanlardan birini - Osmantəpə kurqanını ağır texnikadan istifadə etməklə yerlə-yeksan etdilər. Cəlilabad, Lerik, Qəbələ, Oğuz, Şəki, Zaqatala və digər rayonların ərazisində də çox ciddi dağıntılara yol verildi. Dərin narahatçılıq hissi ilə bildirməliyəm ki, son vaxtlar ən azı sosial şəbəkələrdə yer alan həyəcanlı siqnal və xəbərlər “qara arxeologya” ilə məşğul olanların yenə də intensiv iş başında olduğundan xəbər verir. Bununla bağlı bir neçə konkret fakt üzərində dayanmaq istərdim. Məsələn, ötən ilin avqust ayında qızılaxtaranlar tərəfindən İsmayıllı rayonunun Sulut kəndindən təqribən 1.5-2 km. şimalda, məşhur Sulut buzxanası yaxınlığında olan və yerli sakinlərin “məscid yeri” kimi tanıdığı ərazidə 4-5 nəfərdən ibarət qrup tərəfindən müasir texniki vasitələrdən də istifadə olunmaqla ən azı bir həftə ərzində “axtarış” aparılıb. Sosial şəbəkələrdə yer alan görüntülərdən də bəlli olduğu kimi, məscidin əsrlər boyu torpaq altında qalan divarları, giriş qapısı və mehrabı açılaraq vandalcasına dağıdılıb.

Təəccüblüdür, yəni, bir neçə gün ərzində orada iş getdiyi halda, Sulut kəndində heç kəsin xəbəri olmayıb?! Tərəfimizdən hadisə ətrafında araşdırma aparılarkən məlum oldu ki, hətta dəstə tərəfindən ərazidə istifadə olunan motorlu qurğu da polis sahə müvəkkili tərəfindən götürülüb. Deməli, hər şey aydın imiş. Bəs sonrası?! Təəssüflər olsun ki, baş vermiş olay İsmayıllı rayon Polis Şöbəsi tərəfindən sona qədər araşdırılmamış və cinayətkar qrupun üzvləri müəyyən edilərək hələ də ifşa olunmamışdır.

 Təbiidir ki, Sulutda və digər yerlərdə törədilən dağıntılar cəzasız qaldığından “qara arxeologiya” ilə məşğul olanlar növbəti ünvanlarda “işə” başlayıblar. Bu dəfə İsmayıllı rayonunun Gəndob kəndi yaxınlığındakı abidəni dağıdaraq, tapıntıları məhv edib Girdimançayın yatağına töküblər. Bununla da kifayətlənməyərək daha sonra Lahıc ətrafı abidələrə hücuma keçiblər. Niyal və Fitdağ silsiləsindəki abidələr qızılaxtaranlar üçün növbəti hədəf olub. Əvvəlcə VII əsrə aid Niyal qalasında dağıntılar törədilib. Bunun ardınca XVIII əsrin sonu- XIX əsrin əvvəllərində Şirvan xanı Mustafa xanın İran və Rusiyadan olan təcavüzdən yayınmaq məqsədilə Fit dağında saldığı Fitdağ şəhər ərazisində “axtarışlar” başlanıb.

 Bu ilin yanvar ayında Fitdağ şəhər yerində törədilən dağıntılarla bağlı görüntülər sosial şəbəkələrdə tirajlanaraq yayıldı. Sonradan məlum oldu ki, həmin görüntülər məhz Lahıc qəsəbə sakini Qənbər Bağırzadə tərəfindən sosial şəbəkələrə ötürülüb. Səbəb də o olub ki, qızılaxtaran dəstə pay bölgüsündə Qənbəri ciddi narazı salıblar.

tablolar_page-0003

 Təsəvvür edin ki, qanunsuz fəaliyyətlə məşğul olan dəstə üzvləri ən azı bir ay ərzində Fitdağ şəhər yerində iş aparıb, çadırlar quraraq texniki vasitələrdən istifadə ediblər, təqribən 600 kv.m.  sahədə, bəzən yer səthindən 2-3 metr dərinlikdə olan şəhər infrastrukturuna aid neçə-neçə bina qalıqlarını vəhşicəsinə dağıtmışlar. “Axtarışlar” zamanı üzə çıxan və çox ciddi elmi dəyəri olan arxeoloji tapıntılar, xüsusən də daş üzərində kitabələr, keramika, şüşə və metal məmulatı nümunələri sındırılaraq, parça-parça edilərək ətrafa səpələnmişdir. Şübhə yoxdur ki, dağıntıların bilavasitə iştirakçısı olmuş Qənbər Bağırzadə orada fəaliyyət göstərmiş olan dəstə üzvlərini, bu işə cəlb olunmuş yerli insanların hər birini çox yaxşı tanyır. Elə işə İsmayıllı rayonunun hüquq mühafizə orqanları tərəfindən bu cinayət işini isti izlərlə açmağa, onun iştirakçılarını ifşa etməyə mane olan nədir?!

***

 Son vaxtlar tarix və mədəniyyət abidələrinin qanunsuz qızılaxtaranlar tərəfindən dağıdıldığına dair mediada və sosial şəbəkələrdə yer alan ən çox həyəcanlı xəbərlər Şəkidəndir. Məsələn, bu yaxınlarda “Təzadlar” qəzetində belə bir məlumat oxudum: «…Yanvar ayının 21-də Şəki rayonun “Turan” (“Sarıca”) polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz yolla qızılaxtarmaq faəliyyət ilə məşğul olan 5 nəfərlik dəstə “iş başında” yaxalanmışdır. Dəstə üzvlərindən iki nəfəri Bakı, bir nəfəri Sumqayıt, bir nəfəri Mingəçevir, bir nəfəri isə Yevlax sakinidir. Onların istifadə etdiyi 2 ədəd xüsusi “qızılaxtaran” aparat da polis tərəfindən götürülümüşdür».

 Əlbəttə, belə bir uğurlu əməliyyat tədbirinə görə “Sarıca” polis bölməsi əməkdaşlarına “sağ ol” düşür. Amma ...?! Ona görə təəssüf hissi ilə “amma” deyirik ki, qanunsuz fəaliyyətlə məşğul olan, tarix və mədəniyyət abidələrimizi dağıdan bu dəstə ilə bağlı Şəkinin hüquq-mühafizə orqanlarının növbəti hüquqi addımının nədən ibarət olduğu bilinmədi. Təəccüb doğuran odur ki, Şəki polisi keçirdiyi həmin uğurlu əməliyyatla bağlı heç rəsmi məlumat da yaymadı. Üstəlik, Şəki polisi qəzetin bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı sorğusuna da bugünədək cavab verməyi lazım bilməyib. Xatırladaq ki, bu, Şəkidə tarix və mədəniyyət abidələrinin dələduz ünsürlər tərəfindən qanunsuz yollarla və üsullarla dağıdıldığına dair nə birinci, nə də sonuncu hal deyil. Məsələn, bir müddət öncə də Şəki polisi rayonun Daşüz kəndi ərazisində Azərbaycan və İran vətəndaşlarından ibarət cinayətkar qrupu da elə “iş başında” yaxalanmışdı. O zaman Bakı şəhər sakini Sahil Alışov, Sumqayıt şəhər sakini Namiq Şahmalıyev və İran İslam Respublikasının vətəndaşı Ranjbarnarder Hossein qızıl və zinyət əşyaları axtarmaq niyyəti ilə rayonun Daşüz kəndi ərazisindəki “Səbətli” deyilən yerdə traktor və digər texniki vasitələrdən istifadə edərək dağıntılar törətmişlər.

 «Bu qəbildən olan cinayələri ört-basdır edənlər kimlərdir?! Təbiidir ki, cinayət ört-basdır edilirsə, cinayətkarlar isə cəzasız qalırsa, deməli, növbəti cinayətlərə yol açılmış olur…»

tablolar_page-0004

 Maraqlıdır ki, qanunsuz fəaliyyətlə məşğul olan həmin şəxslər Şəki rayon polis şöbəsinə gətirilsə də, ilkin istintaq tədbirləri aparılandan sonra olayın nə ilə bitdiyi heç kəsə bəlli olmadı. Onu da xatırladım ki, bir müddət öncə rayonun Cəfərabad kəndi ərazisində də buna bənzər olay baş vermişdi.    Belə ki, oradakı eramızdan əvvəl IV-II əsrlərə aid olduğu bildirilən və diametri 12 metr olan kurqan da qızılaxtaranlar tərəfindən bulduzerlə dağıdılmışdır. Mətbuatda yer alan məlumatlara görə, elə o zaman da törədilmiş dağıntı faktı ilə bağlı Şəki polisi tərəfindən cinayət işi başlanıb, tədqiqat aparılb və s. Əfsuslar olsun ki, həmin cinayət işinin də necə yekunlaşdırıldığı, dağıntı törədənlər və onları himayə edənlərin cəzalandırılıb − cəzalandırılmadığı barədə ictimaiyyətə məlumat verilmədi. Niyə?! Bu qəbildən olan cinayələri ört-basdır edənlər kimlərdir?! Təbiidir ki, cinayət ört-basdır edilirsə, cinayətkarlar isə cəzasız qalırsa, deməli, növbəti cinayətlərə yol açılmış olur. Şəkidə də belə olub. Kimin buna şübhəsi varsa, zəhmət çəkib Şəkiyə getsin, Zəyzid kəndi ətarfındakı Alban türbəsinin qazılaraq, dağıdılaraq hansı vəziyyətə gətirildiyinə baxsın. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən Şəki və İsmayıllı rayonlarında polisin bu sahədəki fəaliyyəti və fəaliyyətsizliyinin göstəricisi olan olaylar dərindən və hərtərəfli araşdırılmaqla lazımi hüquqi qiymətini alacaqdır.

***

 “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunduğu kimi, “…qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təşkilatlara və qeyri-dövlət təşkilatlarına yardım göstərməlidirlər”. Yuxarıda sadalanan faktlar onu deməyə əsas verir ki, qanunun bu tələblərinə yerlərdə hələ ki, əməl edən yoxdur. Doğrusu, yerli orqanların-kənd bələdiyyəsinin, kənd və qəsəbə icra nümayəndəliklərinin, ziyalıların, bütövlükdə ictimaiyyətin bu dərəcədə həssas məsələyə prinsipiallıqdan çox-çox uzaq olan biganə və seyirçi münasibəti də narahatçılıq doğurmaya bilməz. Rayon və şəhərlərimizdəki mədəniyyət müəssisələrinin, ilk növbədə də tarix-diyarşünaslıq muzeylərinin passiv davranışı, ətrafda baş verənlərdən xəbərsiz qalmaları da başa düşülən deyil. Belə təəssürat yaranır ki, sanki hamıya və hər kəsə aid olan tarixi-mədəni irs nümunələrinin taleyi üçün heç kəs məsuliyyət daşımır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində qeyd olunduğu kimi, “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.

 Dövlətimizin əsas qanunun bu tələbinə əməl edirikmi?!!

***

 Bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, “qara arxeologiya” ilə məşğul olanlar, yəni xalq arasında deyildiyi kimi, “qızılaxtaranlar” abidələri dağıdaraq, talan edərək əldə etdikləri nadir tarixi əşyaların xeyli qismini müxtəlif yollarla xaricə ötürür, o da mümkün olmayanda birbaşa qara bazara çıxarırlar. Onu da deməliyəm ki, bu gün Azərbaycanda əntiq əşyalar alveri ilə məşğul olan şəxslər və alqı-satqı məntəqələri də yetərincədir. Əfsuslar olsun ki, onların da fəaliyyətinə və mal dövriyyəsinə nəzarət yox dərəcəsindədir. Bəli, nə qədər acı həqiqət olsa da, XIX əsrin sonlarında Avropadan olan dələduz-işbazlar tərəfindən tarixi-mədəni irs nümunələrimizin talan edilərək alver predmetinə çevrilməsi işi indi də şəxsiyyəti və kimliyi hələ ki, bəlli olmayan bir para özümüzkülər tərəfindən, həm də daha geniş miqyasda davam etdirilməkdədir.

 «AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bir ədəd nəinki müasir, heç köhnə nəsildən olan texniki avadanlığı belə yoxdur, amma «qızılaxtaranlar»ın isə…»

  Yuxarıda artıq qeyd olunduğu kimi, “qara arxeologiya” ilə məşğul olanların əksəriyyətinin əlində müasir texniki cihazlar var. Halbuki, arxeoloji tədqiqatlarla məşğul olan yeganə rəsmi qurumun-AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bir ədəd nəinki müasir, heç köhnə nəsildən olan texniki avadanlığı belə yoxdur, amma «qızılaxtaranlar»ın isə ən müasir texniki avadanlığı var. Maraqlıdır, həmin cihazlar hansı kanallarla ölkəyə gətirilir?! Necə olur ki, kifayət qədər bahalı qiymətə olan o cihazlar ayrı-ayrı imkansız insanların əlinə keçir?! Hesab edirik ki, bütün bu qanunsuzluqların arxasında bir para vəzifəli və imkanlı şəxslər durur. Qızılaxtaranları “silahlandıraraq” abidələrimizi dağıtmağa sövq edən, şirnikləndirən də məhz həmin «sapı özümüzdən olan baltalar»dır.

 Mən peşəkar və təcrübəli mütəxəssis olaraq hər zaman o fikirdə olmuşam ki, qızıl, daş-qaş və digər əntiq əşyalar əldə etmək hərisliyi ilə tarix və mədəniyyət abidələrimizdə-qədim şəhər yerlərində, qalalarda, türbələrdə, kurqanlarda, qəbiristanlıqlarda “qazıntı” aparanlar, bu yolla abidələrimizi viran edənlər kimlərsə, həm də çox gümanki bir para üzdəniraq vəzifəli və imkanlı şəxslər tərəfindən himayə olunur. Bu səbəbdən də illərdir ki, bu məsələ ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatlara, habelə aidiyyatı orqanlara olan rəsmi müaricətlərə lazımi reaksiya verilmir. Çünki çox nüfuzlu dairələrdə təmsil olunan söz sahiblərindən kimlərsə bu çirkin oyunların içindədir. Təsəvvür edirsinizmi, artıq 20-25 ildir ki, ölkə ərazisində arxeoloji qazıntılar aparmaqla məşğul olan qanunsuz özəl şirkətlər var. O şirkətlər ki, əllərində Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən təsdiq olunmuş şəhadətnamə və nizamnamələri vardır. O şirkətlər ki, qeyri-qanuni surətdə arxeoloji qazıntılar aparmaq üçün ayrı-ayrı vəzifəli və imkanlı şəxslərdən maliyyə yardımı alıblar. Həmin “yardımlar” hesabına xaricdən çox bahalı texniki vasitə və avadanlıqlar gətiriblər. O şirkətlər ki, onlar neçə illərdir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun bəzi rəhbər şəxsləri və ayrı- ayrı mütəxəssisləri ilə sövdələşərək qanunsuz fəaliyyətlə, dağıdıcılıq və talançılıq faəliyyəti ilə məşğul olublar.

tablolar_page-0010

 «Ədliyyə Nazirliyi tərəfindən özəl şirkətlərə arxeoloji qazıntı aparmaq hüququ verən razılıq sənədləri tam olaraq qanunsuz sənədlərdir…»

  Xatırladım ki, əlində xüsusi icazə vərəqi (vəkalətnamə) olmadan nəinki ayrı-ayrı şəxslər və özəl şirkətlər, hətta Arxeologiya və Antropologiya İnstitunun ən titullu alimləri belə arxeoloji qazıntı aparmaq hüququna malik deyildir. Beləliklə, Ədliyyə Nazirliyi tərəfindən özəl şirkətlərə arxeoloji qazıntı aparmaq hüququ verən razılıq sənədləri tam olaraq qanunsuz sənədlərdir. Qüvvədə olan qanunvericiliyə görə bu və ya digər abidədə arxeoloji tədqiqat aparmaq üçün xüsusi icazə vərəqi-vəkalətnamə müstəsna qaydada yalnız və yalnız Arxeologiya və Antropologiya İnstitutu tərəfindən, özü də məhz həmin İnstitutun qazıntı aparmaq şəriştəsi olan mütəxəssislərinə verilir. İcazə vərəqi olan alimlər də istədikləri yerdə deyil, yalnız müəyyən edilmiş abidədə, həm də məhz müəyyən olunmuş vaxt çərçivəsində tədqiqat aparmağa səlahiyyətlidir. Mən gizlətmirəm, bütün bunlar barədə dəfələrlə aidiyyatı dövlət orqanlarına rəsmi sürətdə müraciət etmişəm. Həmin orqanların nümayəndələri və “kuratorları” isə AMEA və İnstitut rəhbərlərinin yanına gələrək, onların kabinetində məsələni ört-basdır etməklə məğul olublar. Mənim müraciətlərimi isə-“o direktor olmaq istəyir deyə belə məsələləri qaldırır”,- yazmaqla arxivə tullamışlar.

 Bəli, nə qədər acınacaqlı olsa da, bir para vəzifə və mənsəb sahibləri öz vəzifə və vətəndaşlıq borcunu unutsalar da, tarixi-mədəni irsin dağıdılması və talanı ilə bağlı ayrı-ayrı yerlərdəki real mənzərəni gizlətməkdə, bununla bağlı həqiqətləri dilə gətirənlərə isə yarlıq uydurmaqda çox “peşəkardırlar”. Əminəm ki, bir gün gələcək, onlar da bütün bunlara görə hesab verməli olacaqlar.

***

 Məlum olduğu kimi, ölkə ərazisindəki tarixi-mədəni irsin qorunması işinə birbaşa Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti cavabdehdir. Həmin qurumun isə rayonların hər birində ən çoxu 3-4 əməkdaşı var. Təbiidir ki, bir ədəd xidməti maşını belə olmayan həmin əməkdaşlar gecə-gündüz hərəkətdə olsalar belə, xidməti ərazilərindəki çoxsaylı tarixi abidələrin mühafizəsini təşkil edə bilməzlər. Odur ki, bu sahədə də nəzarət və idarəçiliyi təkmilləşdirmək məqsədilə təcili olaraq effektli tədbirlər görülməlidir. Amma bununla da kifayətlənmək olmaz. Maarifçilik işi də gücləndirilməlidir. Uşaqdan böyüyədək hər kəs əcdadlarımızın tikdiyi, qurub yaratdığı, əzizləyərək qoruyub saxladığı, nəsildən-nəsilə ötürmüş olduğu həmin dəyərləri gələcək nəsillər üçün yaşatmağın məsuliyyətini dərk etməlidir. Rayon rəhbərləri də, bələdiyyələr də, yerli icra nümayəndələri də, sahə müvəkkilləri də, kənd ziyalıları da, bir sözlə, bütün ictimaiyyət tarixi-mədəni irsimizə sahib durmağı özünə borc bilməlidir. Əfsuslar olsun ki, hələlik real vəziyyət heç də belə deyildir.

 Tarixi-mədəni irsimizin “qara arxeologiya” ilə məşğul olanlar tərəfindən dağıdılmasının miqyasının sürətlə artması, bu cür neqativ hallara münasibətdə aidiyyəti dövlət orqanlarının və yerli hakimiyyət strukturlarının, yumşaq desək, səssiz qalmaları ondan xəbər verir ki, artıq həyəcan təbili səsləndirmək vaxtıdır. Biz göz görə-görə tarixi-mədəni irsimizin ayrı-ayrı dələduzlar və işbazlar tərəfindən dağıdılmasına yol verə bilmərik! Qoy, hər kəs zəhmət çəkib vəzifə və vətəndaşlıq borcunu yerinə yetirsin! Bunu etməyənlərlə isə qanunun dili ilə rəftar olunmalıdır!

 Nəhayət, son olaraq onu da yada salaq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində göstərildiyi kimi, “Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülkü məsuliyyət daşıyırlar”.

 Elə isə sual olunur, yerlərdə qanunun bu tələblərinə niyə əməl olunmur?! Təsəvvür edin, bəzən evdə ərlə arvadın, yaxud da küçədə iki məktəbli uşağın mübahisəsi müvafiq orqanlarda, mətbuat, televiziya və saytlarda araşdırma mövzusu olur, amma tarixi yadigarlarımız dağıdılır, talan edilir, amma buna reaksiya verən olmur! Bəs problem nədədir?!

Qafar Cəbiyev,

AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzin rəhbəri,

tarix elmləri doktoru, professor,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN