“Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil.
Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.”
Xudu Məmmədov
...Bəllidir ki, bir zamanlar Azərbaycan Çar Rusiyası, daha sonra Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) tərəfindən idarə olunurdu. Bu səbəbdən Azərbaycan məhz imperiya tərəfindən, onların görmək istədikləri kimi öyrədilmiş, tanıdılmışdı. Beləliklə də, xalqın tarixini, mədəniyyətini, dilini, dinini unutdurmağa təşəbbüs göstərmişdilər. Lakin xoşbəxtlikdən M.Ə.Rəsulzadə, C.Cabbarlı, Üzeyir Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, B.Vahabzadə, X.Məmmədov, S.Əliyarov, X.R.Ulutürk... kimi neçə belə vətənə qəlbdən bağlı, vətəni uca görmək istəyən oğullar tarixin gerçəkliklərini daim bizə aşkar etmişdir. Bu cür kimliyini, xalqının tarixini unutdurmayan insanlardan biri də Şahlar Həsənoğlu olmuşdur.
...1941-ci ildə tərəkəmə ailəsində dünyaya göz açan Ş.Həsənoğlu kiçik yaşlarında nənəsinin anlatdığı hekayələrlə böyümüşdü. Tələbəlik çağlarında isə öz yaşadıqlarını, gördüklərini qələmə almışdı. Onun uşaqlığı dəvə belində, at belində, nənəsinin danışdığı hekayələri dinləyə-dinləyə yaylaqlarda keçirdi. Tərəkəməçilik onun qanında vardı. Bəlkə də məhz bu səbəbdən, sadə xalqın içindən gəldiyi üçün millətini bu qədər gözəl tanımış, onların ruhuna hakim olmuşdu.
Yazıçı elə bir dövrdə göz açmışdı ki, bu dövrdə Azərbaycan Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) tərkibində idi. Buna görə də, böyüdükcə yaşıdlarından fərqli olaraq, “Böyük Qardaşımızın”, əslində, bizə yad olduğunu anlayır, bu quruluşun xalqın dilinə, dininə, mədəniyyətinə-kimliyinə qarşı böyük təhlükə olduğunu dərk edirdi. Bu təhlükəni xalqına çatdırmaq istəyirdi, ancaq bunu açıq şəkildə edə bilməyəcəyi bariz bəlli idi. O, düşünürdü ki, bütün bu fərqindəlikləri xalqa çatdırmaq üçün əvvəla o xalqın həyatına, yaşayışına tam hakim olmalı idi. Beləliklə, yazıçı 3 hissədən ibarət olan əsər- “trilogiya” qələmə almağa qərar verir. Bu əsərin birinci hissəsi XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyası dövründə, sadə Azərbaycan xalqının yaşantısından bəhs etməli idi. Bu dövrdə sadə Azərbaycan xalqı heç kimdən asılı deyildi. Xalqın dilini, dinini, mədəniyyətini, bir sözlə, kimliyini yalnız xalq özü idarə edirdi. Çar Rusiyası, sadəcə, yüksək dövlət səviyyəsində qarışa bilirdi. Ruslar da, ermənilər də bu xalq üçün heç bir məna, heç bir əhəmiyyət kəsb etmirdi, çünki bu torpaqlarda at belində çomaq oynadan, tüfəng atan, başı motal papaqlı tərəkəmələr məskən salıb. Bütün bunlarla da o, əslində, min illər boyu bu torpaqların-Qarabağın Azərbaycanın bir parçası, hətta sözün əsl mənasında desək, Azərbaycanın döyünən qəlbi olduğunu göstərmək istəyirdi.
İkinci hissə isə Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dövrünü əhatə etməli idi. Artıq hər şeyin dəyişməsi, müqəddəratını özü həll edən, hər zaman hür yaşamış xalqın müstəmləkə şəklində yaşamağı tərəkəmə üçün faciə demək idi. Burada, yazıçı tərəkəmələrin faciəsini, onların gerçək yaşantıları ilə təsvir etməyi nəzərdə tutmuşdu.
“İmperiyanın məqsədi var idi: o, tariximizi bizə özgələşdirmək, yadlaşdırmaq, özümüzü-özümüzə unutdurmaq istəyirdi. Bu bizi daha asanlıqla və daha uzun sürələrcə sömürgə altında saxlamaqda onlara yardım edirdi. Bu siyasət təkcə rus sömürgəçilərinin deyil, bütün dünya metropoliyalarının rəhbər tutduğu bir siyasət olmuşdur.”
(Şahlar Həsənoğlu, “Tariximizin bəzi aktual problemləri” (məqalələr toplusu).
***
Üçüncü hissə 70-80-ci illəri əhatə etməli idi. Bu dövrü çox böyük ümidlərlə yazacağını düşünürdü. O düşünürdü ki, Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dağılacaq, xalq əvvəlki hür yaşayışına geri dönəcək. Artıq bu tərəkəmələr öz faciələrindən azad olacaq. Lakin təəssüf ki, gözlənildiyi kimi olmadı. 90-cı illərdə Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) süqutu, o böyük ümidləri silib yerinə, sadəcə, yazıçının dili ilə desək, düş qırıqlığı buraxdı. Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) çöküşü Şahlar Həsənoğlunun da çöküşünə səbəb oldu. Artıq at belində gəzdiyi yaylaqlar, üzərində Xarı bülbül bəsləyən, cənnət-məkan gözəlliyini ifadə etməyə sözlər yetməyən Qarabağ bizim deyildi. Mənfur erməni daşnaqlarının vurduğu zərbə döyünən qəlbimizi durdurdu. Qarabağla birlikdə yazıçının trilogiya yazmaq arzuları da puç oldu. Artıq Şahlar Həsənoğlunun ala buludlu, göy çadırlı yaylaqları, yaşıl otlaqları, çaylı-çaylaqlı güneyləri, kəngərli-quzqulaqlı quzeyləri düşmən tapdağı altında idi.
***
...Tam yeddi il ümidlə gözlədi. Düz 7 il o ümidlə yaşadı ki, bəlkə bir gün Qarabağın qayıdış xəbəri ilə oyanar yeni sabaha. Ancaq təəssüf ki, o an gəlib çıxmadı. Babam Qarabağın İrəvan kimi getdiyini düşünərək qərara gəlir ki, zümrüdüncə parlaq, zümrüdüncə şəffaf, zümrüdüncə təmiz olmasa da, fəqət bir zümrüd təmizliyindən min kərə axarlı-baxarlı, bir zümrüd şəffaflığından min kərə göyçək duyulan, munis anlaşılan göz çəkən bu allı-yaşıllı diyarları, öz tələbələrinə-türk gənclərinə anlatsın. Bu torpaqları unutmasınlar, bu torpaqları sevsinlər ki, bəlkə bir ümid, nə vaxtsa onlar bizim Qarabağımızı geri qaytararlar. Hül qaya, Ağ çay, Qaranlıq dərəsi, Dörbənd bulağı, Soltan Heydər təpəsi, Quyruq bulağı kimi əfsanəvi gözəlliyə sahib yerləri türk gənclərinə təsvir edərək danışır, sevdirirdi ki, həmin o gənclər ürəklərindəki coşqun vətən eşqi ilə bizim torpaqlarımızı düşmən tapdağından azad edərlər. Elə həmin eşqlə, ümidlə arzuladığı trilogiyanın 1-ci hissəsini yazmağa başlayır.
***
...Mən xatırlayıram, babam vətəninə, millətinə-türkə necə aşiq bir insan idi. Yazdığı əsəri də məhz həmin eşqlə, bütün mənliyi ilə qələmə alırdı. Babam hər sətri, hər cümləni ruhunun dərinliklərində hiss edirdi. Gördüyü, yaşadığı torpaqları, sanki ana övladını əzizlədiyi kimi, qayğı ilə, sevgi ilə təsvir edirdi. Bütün bu gözəlliklərə o qədər dərindən dalmışdı ki, gözləri kor, qulaqları kar olmuşdu gerçəkliklərə. Nəhayət, əsəri bitirib, qələmi yerə qoyduqda gerçək həyata dönür. Bir anlıq görür ki, nə allı-yaşıllı yaylaqlar var, nə də buz kimi soyuq, zümrüd tək şəffaf bulaqlar. Həmin an bambam bu faciəyə dözə bilmədiyinə görə bütün bədəni əsməyə başlayır. Bu gerçəklik onu dərindən sarsmış, beyni vaxtından öncə yaşlanmışdı. Düz 20 il bir xalqın faciəsini öz bədənində daşımağa məhkum olmuşdu.
İllər keçdi, artıq vədə tamam olmuşdu. Təəssüf ki, babam ümidsizcəsin, o gözəlliklərin həsrəti ilə gözünü yumdu dünyaya. Bu hadisə o qədər yaralayırdı, məni o qədər sarsıdırdı ki, içimdəki nifrətin şiddəti güclənirdi. Qəlbim daim üsyan edirdi, axı niyə babam ayrı düşdü eşqindən, axı nə səbəbə onu nakam aldı bu dünya bizdən!?
***
...Babamın vəfatından bir neçə ay sonra həmin o şanlı an gəlib çatdı. Azərbaycanın mərd, igid oğulları tarix yazırdı. Bununla da II Qarabağ müharibəsi başladı. Ali Baş Komandan İlham Əliyev öz dəmir yumruğunu qaldırıb “Qarabağ Azərbaycandır” dedi. Beləliklə, bir zamanlar mənfur erməni daşnaqlarının 5 il (1988-1993) ərzində, hər cür namərd hiyləsindən istifadə edərək açdıqları 30 illik həsrətə Ali Baş Komandanın başçılığı ilə vuruşan, düşmənə qan udduran igid oğullar düz 44 gün ərzində son qoydu. Bu tarixi an o qədər fərqli duyğular yaşadırdı bizlərə, qəlbimdə həm sevinc, həm kədər duyğusu var idi. Əlbəttə, sevincim bütün Azərbaycanın sevinci idi. Kədər isə yalnız mənə məxsus idi. Çünki bu sevinci tək-babam olmadan yaşamalı idim. Hər zaman dua edirdim ki, “Ey ala buludlu, göy çadırlı, uca Tanrı, bu tarixi qələbəni babama əyan et”. Çox istəyirdim babama əyan olsun bu an. Bəzən düşünürəm, babam xəbər proqramlarını izləyərkən, tarix yazan Sərkədə İlham Əliyev ilə Süleyman şah (Kaya Alp oğlu Süleyman Alp) oğlu Ərtoğrul Qazi soyunun yetirməsi Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqları gördükcə deyirdi: “Deyəsən, bu, elə-belə oğul deyil. Deyəsən, bu, Ərdoğanla birləşəcək. Deyəsən, bu, yaman yaxşı oğul olacaq!”
Bu sözləri xatırladıqca, qəlbim təskinlik tapır ki, bəlkə də, babam, yenidən ümid edibmiş, bəlkə də, az da olsa, inanıbmış torpaqlarımızın geri dönəcəyinə.
Mənim ən böyük arzum odur ki, nə vaxtsa gedim, cənnət-məkan Qarabağ torpağından götürüm, Kəlbəcərin isti suyundan doldurum, zümrüdüncə yaşıl yaylaqlarından çiçəklər dərib gətirim, babamın məzarı üzərinə qoyub deyim ki, “Gözün aydın olsun babam, gözün aydın olsun Şahlar Həsənoğlu! Artıq həsrətini çəkdiyin torpaqlarda türk oğulları tank sürür, o torpaqlar, yenidən, türk igidlərinin məskənidir. Bu suyu, torpağı, gül-çiçəyi öz əllərimlə gətirdim. Sənə ovqat gətirdim, babam! Qoy bütün bunlar sənə agah olsun! Agah olsun ki, artıq rahatlıq içində yatasan!
Bir də agah olsun ki, min illik tariximizin ən güclü Atabəyinin yetirməsi İlham Əliyevin başçılığı ilə türkün torpağı düşmən əsarətindən azad oldu!!!
Hunel Aydan Əhmədqızı