booked.netbooked.net booked.net  

 Dövlət qurumları xərclərə qənaət edərək “Hökumət buludu”na köçürmü, yoxsa dövlətin xərcləri daha da artıb?..

“Dərhal qeyd edim ki, adi bir monitorinqlə müəyyən etmək olar ki, Prezidentin bununla bağlı fərmanı hələlik icra edilməyib. Milyonlarla vəsaitlər hələ də ayrı-ayrı dövlət qurumlarında serverlərin alınması və məlumat bazaları ilə bağlı xərclərə yönəldilir”.

Bunu  sosial şəbəkədəki səhifəsində  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib.

 O, qeyd edib ki, iki il öncə “Hökumət buludu”nun yaradılması ilə Prezidentin fərmanı olub.

“Məqsəd dövlət qurumlarının İT xərclərinin optimallaşdırılması, dövlət informasiya sistemlərinin formalaşdırılması və saxlanılmasının effektiv təşkili yolu ilə büdcə xərclərinin azaldılması olub.

Yəni, anlaşıqlı desək, dövlət kənarda vahid  bir Data Mərkəz və onun ehtiyat Mərkəzini də formalaşdırıb ki, ayrı-ayrı dövlət qurumları hər il serverlərə , məlumat bazalarına və onların təhlükəsizliyinə pul xərcləməsinlər.

Ötən il dövlət qurumlarının milyonlarla vəsait xərclənərək yaradılan "Hökumət buludu"na miqrasiyası ilə bağlı Nazirlər Kabineti  Keçid Planını da təsdiqləyib.

Amma Satınalma Portalına nəzərə salanda görmək olar ki, hələlik bu keçid baş tutmayıb.

Əksinə, təkcə son bir ildə dövlət qurumları "Hökumət buludu"nda deyil, öz Data Mərkəzlərində serverlərin alınmasına, məlumat bazalarının saxlanılmasına 5 milyon manatdan çox vəsait xərcləyiblər. Bu, hələ açıqlanan rəqəmlərdir.

Osman Gündüzün sözlərinə görə, elə son aylarda Maliyyə Nazirliyi serverlərin alınması üçün  SİNAM şirkətinə 1 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu da yenə eyni qaydada server avadanlıqlarına, informasiya ehtiyatlarına dəstəyin göstərilməsinə 1 milyon manatdan çox vəsait xərcləyiblər:

“XİN, K/T Nazirliyi də bu məqsədlər üçün yetərincə vəsaitlər xərcləyiblər.

Onda maraqlı sual yaranır:

Əgər dövlətin xərcləri optimallaşmaq əvəzinə, qənaət əvəzinə artacaqsa, həm dövlət qurumlarında, həm də "Hökumət buludu"nda xərclər formalaşacaqsa, ümumiyyətlə, "Hökumət buludu" lazımdırmı?

Prezidentin fərmanı əsasında "Hökumət buludu"nun operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir, Nazirliyin Azİntelecom qurumu da bulud provayderi funksiyasını icra edir”.

O.Gündüzün fikrincə,  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə dövlət qurumlarının təqdim etdikləri layihələrə texniki və səmərəlilik baxımından rəy verərkən “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri də nəzərə almalıdır.

“Amma görünən odur ki, hələlik bu sahədə ciddi problemlər var. Paralelçilik hökm sürür. Bəzi dövlət qurumlarında hələ də oxşar xərclər üstünlük təşkil edir.

"Hökumət buludu"na keçid ləngiyir, bəzi dövlət qurumları da görünür ki, açıq-aşkar bununla bağlı tələblərdən yayınırlar.

Düşünürəm ki, cavabdeh dövlət qurumları Prezidentin "Hökumət buludu" ilə bağlı fərmanının icrası üçün səylərini gücləndirməlidirlər”.

 

TƏQDİM ETDİ: Y. MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN