booked.netbooked.net booked.net  

(AZƏRBAYCAN NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFINDA ÖZÜNƏMƏXSUS ROL OYNAMIŞ TOFİQ SƏFƏRƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ)

Məlum həqiqətdir ki, istənilən dövlətin əsas dayağı onun iqtisadiyyatıdır. İqtisadiyyatı güclü olan dövlətin təhlükəsizliyi,  onun dünya dövlətləri arasında sanballı söz sahibi olması, mədəniyyətinin inkişafı, əhalisinin maddi təminatı da yüksək səviyyədə olar. Çox əfsuslar olsun ki, dövlətin bu qüdrətini təmin edən şəxslərin bəxti heç də həmişə gətirmir. Onlar həyatda olduqları vaxtlarda bəzən haqsızlıqla üzləşdikləri kimi, həyatdan getdikdən sonra da çox zaman yada salınmır, adı, nurlu əməlləri unudulmağa başlayır. Belə şəxsiyyətlərdən biri də ömrünü Azərbaycan  iqtisadiyyatının inkişafına sərf etmiş, Azərbaycanın neft-kimya sənayesinin fəal qurucularından biri, bu sahəyə əvəzsiz töhfələr vermiş  Tofiq Səfərəliyevdir.

Tofiq Səfərəliyev Qarabağda, sayılıb-seçilən Səfərəliyevlər nəslində dünyaya göz açmışdı. Bu ailənin uluları Səfəvilər nəslinə gedib çıxır. Atası  Şəmil kişi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində nazirliyin iqtisadiyyatının təyinedici simalarından olub. Əmisi Zülfüqar müəllim Ağdamın ən sayılan ağsaqqallarından, müəyyən məqamlarda həlledici söz sahiblərindən idi.

O, uşaqlıq illərində ailədə yaxşı tərbiyə almış, görkəmli ziyalıların əhatəsində böyümüşdü. Tofiqdən Allah-Təala heç nəyi əsirgəməmişdi. Ona gözəl qamət, təşkilatçılıq qabiliyyəti, səlis nitq mədəniyyəti, ünsiyyətcillik, qürurluluq və başqa insani keyfiyyətlər bəxş etmişdi.

Tofiqlə eyni vaxtda Sənaye İnstitutunda təhsil almışıq. O, institut illərində idmanla məşğul olurdu, özü də rus sektorunda oxuyurdu. III kursdan isə Azərbaycan sektoruna keçdi. İnstitutu bitirdikdən sonra mən birbaşa təyinatla Yeni Bakı Neft Emalı Zavodunda işləməyə başladım. Tofiqi isə Əliş Ləmbərənli öz yanına apardı, Birliyin aparatının təchizat şöbəsinə işə götürdü. Tofiq aparatda bir-iki il işlədikdən sonra özünün ciddi təkidi ilə bizim zavoda işə dəyişildi. Onu zavodun baş mexanikinin müavini vəzifəsinə təyin etdilər. Mən isə baş mexanikin tabeliyində olan mərkəzi təmir sexində sex rəisinin müavini idim. Ona görə biz, demək olar ki, daim bir yerdə idik. Bundan əlavə zavodumuz təsərrüfat hesabı ilə ev tikdiyindən ikimiz də eyni binadan mənzil almışdıq (mənzil almağımız da milliyyətcə erməni olan partiya təşkilatı rəhbəri tərəfindən problemə çevrilsə də, böyük insan Əliş Ləmbərənlinin işə qarışması məsələni həll etmişdi) və işdən sonra da görüşürdük. Yoldaşlıqda, dostluqda sədaqətli, mehriban insan idi. Tofiq çox qətiyyətli, işgüzar olduğundan az müddətdə  zavodun baş mexaniki, sonra isə respublikada ən möhtəşəm zavodun direktoru vəzifəsinə təyin edildi. Zavoda direktor təyin olunan vaxtı istehsal sahələrinin yenidən qurulması, genişlənməsi başladı. Elə bu vaxt Tofiqin rəhbərlik istedadı parladı. Zavod iki dəfə böyüməli, genişlənməli idi. Bu genişlənmə zamanı zavodun bütün su təchizatı, kanalizasiya sistemləri yenidən qurulmalı, su təchizatı dövri sistemə keçməli, suyun təmizləmə sistemi yaradılmalı, yeni, müasir texnika və texnologiya əsasında 7 möhtəşəm texnoloji qurğu, ümumi zavod təsərrüfatına daxil olan emalatxanalar,  laboratoriyalar, inzibati binalar və s. tikilib istifadəyə verilməli idi.

Belə nəhəng işin öhdəsindən gəlmək üçün Tofiq Səfərəliyev kimi fitri istedada malik rəhbər  lazım idi. Mən isə onun rəhbərliyi altında bu möhtəşəm tikintiyə başçılıq edən direktorun müavini kimi icraçı idim. Həm zavodun istismarı, həm  də yenidənqurma işləri çox uğurla getdiyi üçün Tofiqin hörməti istər respublika daxilində, istərsə də İttifaq miqyasında artmağa başladı. Onunla həm respublika rəhbərliyi, həm də ittifaq rəhbərliyi hesablaşır, başqalarına nümunə göstərirdilər. Zavoda bütün ölkədən (SSRİ-dən) və xaricdən nümayəndələr axını başlamışdı. Belə bir vaxtda ona qarşı respublika neft-kimya sənayesi rəhbərliyi tərəfindən qısqanclıq hissləri baş qaldırdı. Mən bu xatirələrimdə Tofiqin gördüyü möhtəşəm işlərdən deyil,  onun qazandığı möhtəşəm nailiyyətlərdən deyil, ölkədə artan nüfuzu nəticəsində ona qarşı olan qısqanclıqların acı nəticələri haqqında, iştirakçısı olduğum hadisələrdən, bu hadisələrin ona təsirindən söz açacağam.

Tofiq işinin mahir bilicisi olmaqla yanaşı, çox məğrur, əyilməz şəxs idi. Yaxşı yadımdadır, Azərbaycanın Neft-kimya Nazirliyinin iclası keçirilirdi. Kollegiyanı aparan nazir özünəməxsus şəkildə hər çıxış edən zavod direktorunun sözünü kəsir, xitabət kürsüsündən salırdı. Növbə Tofiqə çatanda onun da sözünü kəsmək istədikdə əsl Qarabağ kişisinə xas olan bir  tərzdə nazirə müraciətlə dedi: “Hörmətli nazir, Siz niyə hesab edirsiniz ki, əgər o direktordursa, demək, heç nə bilmir. Sizdə olan məlumatlar düz deyil. Sizə düzgün məlumat verməyiblər. Düzgün məlumat mənimkidir. Xahiş edirəm, sözümü kəsməyin, məlumatınızı yenidən yoxladın”. Təmkin və inamla deyilmiş bu sözlər  iclasın istiqamətini tam dəyişdi. Əlbəttə, bu cəsarət həmin naziri gələcək tədbirlər haqda fikirləşməyə  vadar etdi  və bu hadisəni heç vaxt yaddan çıxara bilmədi. Üstəlik, ümumittifaq əhəmiyyətli tədbirlərdə T.Səfərəliyevin iştirakı və qazandığı xətir-hörmət onun opponentlərində qısqanclığı daha da artırırdı. Moskvada SSRİ neft-kimya sənayesi fəallarının yığıncağı keçirilirdi. Azərbaycan Neft emalı və neft-kimya nazirliyinin iştirak etdiyi təntənəli iclasda SSRİ Neft-Kimya naziri Fyodorov görülən işləri analiz edərək dedi: “Azərbaycanda neft-kimya sənayesi sahəsində yeganə bir “mujik” var, o da YBNZ-nin direktoru Tofiq Səfərəliyevdir”. Bu sözlər xoş olmasına baxmayaraq, Tofiqə qarşı yeni təqiblərə əsas verdi. Tofiqlə nazirlik rəhbərliyi arasında yaranmış narazılıqlardan biri  də zavodda tikilməkdə olan 2 milyon ton gücə malik “Elou Avt” qurğusunun istifadəyə verilmə ərəfəsində baş verdi. Qurğunun tikinti təşkilatları təyin olunan vaxtda istifadəyə verə bilmədiklərindən nazirliyin rəhbərini inandırmışdılar ki, qurğunu vakuum bloksuz istifadəyə qəbul etsinlər. O da tikinti təşkilatlarının təkliflərini qəbul edib həyata keçirilməsi üçün müavininə göstəriş vermişdi. Təklif Tofiq Səfərəliyevin yanında müzakirə olundu.

Bu təklifin həm iqtisadi, həm də texniki cəhətdən səmərəsiz, hətta zərərli olduğunu direktorun isbat etməsinə baxmayaraq nəyin bahasına olursa olsun onu həyata keçirməyə israrlı olduqlarından, Tofiqsiz qərar verib  icranın rəhbərliyini mənə həvalə etdilər. Səhərisi nazirlikdə bu məsələ ilə əlaqədar geniş müşavirə keçirdilər. (Həqiqət naminə deməliyəm ki, bu təkliflə bağlı Tofiqlə aramızda heç bir söz olmamışdı). Müşavirədə mənə söz verildikdə mən direktorun bu təklifin əleyhinə olan arqumentlərinin tam əsaslı olduğunu söylədim. Əks təqdirdə mən də işə rəhbərlikdən imtina edəcəyimi  bildirdim.  Beləliklə, tikinti təşkilatlarının təklifi qəbul edilmədi. Qurğuda heç bir dəyişiklik edilmədən tikilib layihə üzrə istifadəyə verildi. Əlbəttə, bunları Tofiqə (elə mənə də) bağışlamadılar. Gördüyü möhtəşəm işlərin yaratdığı qısqanclıqdan irəli gələn təzyiqlər onun kimi məğrur, əyilməz insanı xəstəxana yatağına saldı. Bir neçə ay Neftçilər Xəstəxanasında müalicədən sonra onu ərizə verməyə məcbur etdilər, zavod rəhbərliyindən uzaqlaşdırdılar.

Tofiq bir müddət işsiz qaldıqdan sonra yenə köməyinə onu “əsl mujik” adlandıran SSRİ Neft-Kimya naziri Fyodorov gəldi. Onu rəhbərliyin göstərişi ilə Hindistandakı sovet mütəxəssislərinə rəhbər təyin etdilər. Tofiq Hindistanda az müddət ərzində SSRİ ilə Hindistan arasında yaranmış (mütəxəssislərlə bağlı) anlaşılmazlıqları aradan qaldırdı.

Qeyd etməliyəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Tofiqə münasibət də müsbət yöndə dəyişdi. Görkəmli dövlət xadimi H.Əliyev hakimiyyətə gəldikdən sonra imkan yaranan kimi Tofiq Səfərəliyevi xatırladı. O vaxt Tofiq Hindistanda idi. Heydər Əliyev Hindistandakı Sovet rəhbərliyinə müraciət edib, onun Bakıya qaytarılmasını xahiş etmiş, onun respublika neft emalı və neft-kimya naziri vəzifəsinə təyin olunacağını bildirmişdi. Ancaq səfirlikdən “Tofiq Səfərəliyev Hindistanda Sovet dövlətinə xidmət üzrə daha vacib vəzifə yerinə yetirir” – cavabı gəlmiş, beləliklə, onun Vətənə qayıtmasına imkan verməmişdilər. Sonralar Tofiqin mənə etirafından məlum oldu ki, bu hadisədən bir il sonra o zamanlar səfirin iqtisadi məsələlər üzrə müşaviri olan Alixanov soyadlı erməni “Tofiq mən günahkaram, o cavab məktubunu mən təşkil etdim. Sənə də xəbər vermədim, məni bağışla, sənə pislik etmişəm” – deyibmiş.

Yalnız 1974-cü ildə Vətənə qayıdan Tofiq Səfərəliyev Heydər Əliyevin qayğısından faydalanır. H.Əliyev Tofiqi o hələ zavod direktoru işlədiyi zamandan tanıyırmış, onun üzləşdiyi haqsızlıqlardan xəbəri var imiş. Tofiq Vətənə qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Nazirliyində nazir müavini təyin olundu. Az müddət keçdikdən sonra o vaxt respublikada ən mühüm sahə olan Sənaye Tikinti Nazirliyinə keçirildi. Nazirin I müavini təyin edildi. Həmin dövrdə  Azərbaycan inşaat meydançasını xatırladırdı. Bakıda neft emalı kompleksləri, Sumqayıtda kimya zavodlarının yenidənqurma işləri, Mingəçevirdə rezin-tikinti məmulatları zavodu, kabel zavodu inşa edilirdi. Yevlaxda nəhəng Yuntəmizləyici zavodun inşası, Ağdamda mexaniki zavodlar, Neftçalada Yod-Brom zavodu və bütün rayonlarda üzüm emalı, pambıq emalı zavodları tikilirdi. Bütün bu işlərə birbaşa Tofiq rəhbərlik edirdi. Onun rəhbərlik, təşkilatçılıq məharəti respublika rəhbərinin nəzərindən qaçmırdı. Onun şəxsiyyəti yenə də parlamağa başlamışdı. O vaxtlar mən onunla az-az da olsa görüşmək imkanı tapırdım. Sizi inandırım ki,  hər sənaye obyekti istifadəyə veriləndə bu böyük vəzifə sahibi uşaq sevinci keçirirdi. Respublikamızın bütün nailiyyətləri ilə fəxr edirdi. Hətta Sənaye Tikinti naziri Pyotr Bart respublika rəhbərliyinə müraciətində etiraf etmişdi ki, Tofiq Səfərəliyev nazirliyə rəhbərlik üçün məndən daha çox layiqdir, onun məni əvəzləməsinə şad olaram. Heydər Əliyev bu imkanı məharətlə dəyərləndirir və fəaliyyətinə yüksək qiymət verdiyi Tofiq Səfərəliyev nazir vəzifəsinə təyin edilir.

Tofiqin yenidən bu cür qısa müddətdə parlaması bədxahları rahat buraxmır, onun şöhrətinə yenə də qısqanclıq hissi bəsləyirdilər. Bu qısqanclıqlar, ona qarşı yeni təzyiqlər H.Əliyev Azərbaycanda hakimiyyətdə olanda özünü büruzə verə bilməzdi. Lakin H.Əliyev Azərbaycandan ittifaq rəhbərliyinə getdikdən sonra bədxahlar əl-qol açmağa, Səfərəliyevin işində qüsur tapmağa, onu yersiz tənqidlərə məruz qoymağa başladılar. Qürurlu şəxsiyyət olduğu üçün o, əlbəttə, haqsızlıqlara dözə bilməzdi. Bu da onun kimi parlaq şəxsiyyətin aramızdan vaxtsız getməsilə nəticələndi. Tofiq Səfərəliyev xalqımıza çox lazım olduğu bir vaxtda həyatla vidalaşdı. Onun işıqlı xatirəsi, xalqın rifahına yönələn əməlləri isə yaddaşlarda yaşayır. Əziz dostum, görkəmli şəxsiyyət Tofiq Səfərəliyevə Allahdan rəhmət diləyirəm!

Yusif SƏMƏDOV
neftçi-alim

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN