booked.netbooked.net booked.net  

Meyvələrin topdansatış bazalarında qaz vurub qazan doldurmaq istəyənlər soyuducu kameraların rejimini düzgün seçmədiklərindən alınan meyvə bir gün sonra zir-zibilə dönür, çürüyüb məhv olur…

 Gəlirik mətləbə: Bakı şəhər sakini Mahmud Nəcəfov şəkildə və videoda (tezadlar TV-nin youTube üzərindən yayımlanan səhifəsində) gördüyünüz bir «yeşik» çürümüş meyvəni ötən gün «Təzadlar» qəzetinin redaksiyasına gətirdi… Məlum olur ki, təxminən 10-12 kq-lıq meyvəni Bakının Nizami rayonundakı meyvələrin topdansatış bazarından 15 manata alıb. Deyir: «Pərakəndə satışda şaftalının kq-ı 1,80-2,50 manat olduğunu görüb düşündüm ki, elə topdansatışdan alım. Odur ki, şaftalını alıb evə gətirdim, mürəbbə bişirmək niyyəti ilə bir az soyuq qalsın deyə pəncərəmizin çöl hissəsində eyvana qoyduq. Səhər açılanda meyvəni bu halda gördük. Meyvə ticarəti ilə məşğul olan tanışlardan sruşdum, məlum oldu ki, hazırda payız-qış mövsümü olduğundan Bakının kolxoz bazarlarına gətirilən yaylıq meyvələrin böyük hissəsi Lökbatandakı Meyvəli Bazarın və qurumun digər ərazi bölmələrinin soyuducu anbarlarından gətirilir. Temperatur rejimi düzgün seçilmədiyindən myevələr dondurulmuş vəziyyətdə olur və açıq hava şəraitində də gördüyünüz vəziyyətdə olur, dərhal çürüntüyə çevrilir…».

Alıcıları aldadanları başa düşdük, bəs bu sahəyə nəzarət edən qurumlar harda qalıb?

 Araşdırma apardıq. Məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi» hazırlanmışdır. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili əsasında Strateji Yol Xəritəsi hazırlanmışdır. Və buna uyğun olaraq aidiyyəti dövlət qurumlarına, xüsusən də Kənd Təsərrüfatı Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmuşdur.

 

 Onu da xatırladaq ki, Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir. Ən maraqlısı, Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulmuşdu. Rəsmi qaynaqlardan əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, «…bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması…» və sair məsələləri əhatə edib. Və deməli, sahədə həm qiymət, həm də keyfiyyət sahəsində böyük irəliləyişlər əldə olunub. Biz də inanırıq ki, belədir. Amma həm də inanmaqda şübhələrimiz var ki, bəzi sahələrdə elə deyil. Axı burda söhbət həm də dövləti və ictimai maraqların müdafiəsindən gedir. Ölkə Prezidentinin ərzaq təhlükəsizliyi ilə bağlı məlum Fərmanında da qeyd edildiyi kimi, burada söhbət kənd təsərrüfatı məhsullarının il boyu əhalinin təminatındakı dəstəyindən söhbət açılır. Məsələn, İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarlarına Dövlət Nəzarəti Xidməti vardır. Niyə bu dövlət qurumu kənd təsərrüfatı məhsullarının topdan və pərakəndəsatış məntəqələrinə nəzarət etmir, yaxud edə bilmir? Edilsəydi, ən azı yuxarıda sadalanan fakt-soyuducu bazalarda dondurularaq zay edilmiş, lakin alıcılara satılması təmin olunmuş  meyvələrdən şikayətlər də olmazdı… Bəlkə bundan, yəni bu faktdan sonra topdansatış bazalarındakı soyuducu anbarlara nəzarət gücləndirilər. Axı hər bir meyvənin özünün soyuducuda saxlanılması üçün öz temperatur rejimi var. Xiyarın, pomidorun öz, şaftalının, əriyin, armudun, almanın da öz… Nəzarətsizlikdən və səhlənkarlıqdan çıxan zərər isə istehlakçıya dəyir…

 

Bəs mütəxəssis nə deyir?

Qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə tanınmış iqtisadçı-fermer Teyyub Abdullayevlə bu barədə söhbət apardıq. O da təsdiqlədi ki, mövsümi meyvələrin il boyu əhalinin istehlakına verilməsi üçün müvafiq qaydalara ciddi əməl edilməlidir:

-Bəli, mən də dəfələrlə rastlaşmışam ki, bəzi soyuducu anbarlarda, hətta kartofun saxlanma rejiminə düzgün nəzarət edilmədiyindən ya don vurub, ya da cücərmə baş verib, məhsul xarab olub… İndi ölkəmizdə Prezidentin tapşırığı əsasında aqrar sahəyə, eyni zamanda ərzaq məhsullarının istehsalına yetərincə dövlət dəstəyi vardır. Həmçinin soyuducu anbarların idarə olunmasına. Sadəcə, bu təcrübə Azərbaycanda yeni olduğundan mütəxəssislər anbar təsərrüfatında soyutma rejimini dəqiq bilməli və məhsulun növündən asılı olaraq bu rejimə ciddi əməl etməlidirlər… Məsələn, mən il ərzində 8 min ton soğan istehsal edən bir təsərrüfatın rəhbəriyəm. Amma əhalinin ilboyu ucuz və keyfiyyətli soğan məhsulu ilə təmin olunması üçün soyuducu anbardan istifadədən imtina etdim. Çünki anbar təsərrüfatının xərc məsrəfləri də çoxdur. Sadəcə, xarici ölkələrdə olarkən öyrəndiyim təcrübəni tətbiq edərək belə bir addım atdım: İsmayıllı rayonunun dağlıq ərazisində açıq havalanma şəraitində təbii sərin temperatur rejimi olan çardaq sistemindən istifadə etdim. Bununla da soğan məhsulunun cücərməsinin, həm də donvurmadan xarab olmasının qarşısını aldım, həmçinin əlavə soyuducu anbarlara xərc çəkməkdən azad oldum. Nəticədə soğanın qış aylarında ölkə bazarında ən ucuz satışını təşkil edə bildik. Çünki maya dəyəri xeyli aşağı idi…

 

 Qida Təhlükəsizliyi Agentliyinin topdansatış bazalarına təsir və nəzarət imkanları necədir?

  Bəs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin bu sahəyə müdaxilə etməsi nə verərdi? Araşdırmalarımız bu suala cavab tapdı.

 Məlumat üçün deyək ki, Agentlik «…qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması da daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır…».

Eləcə də Agentlik «…qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək» səlahiyyətinə malikdir.

***

Məsələyə aydınlıq gətirilməsi üçün bəzi meyvə-tərəvəzin topdansatış bazalarında və kolxoz bazarlarında da olduq. Bazar satıcılarının da soyuduculardan gətirilən məhsulların bəzən tez xarab olmasından ziyan çəkdiklərini dedilər. «Yaşıl bazar»da satıcı işləyən Mahmud Səmədov:

-Əksəriyyətimiz meyvə və digər məhsulları «Meyvəli bazar»dan alıb gətiririk. Burada mövsümi məhsulların çoxu soyuduculardan gətirilib paylanır. Dəfələrlə olub ki, məsələn, feyxoanı, mandarini, şaftalı və əriyi alıb gətirmişəm, bir gün keçən kimi qaralıb məhv olub, ziyana düşmüşəm. Ona görə də hər dəfə mal götürəndə əl ilə soyuducudan çıxdığını yoxlayıb sonra kəsib içərisinə baxıram… Temperatur rejimini düzgün seçmirlər…

***

 Bəli, Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları qanunda nəzərdə tutulan səlahiyyətlərindən gen-bol istifadə etməklə ölkə əhalisinin istehlakında mühüm yer tutan meyvə və digər kənd təsərrüfatı məhsullarının keyfiyyətinə diqqəti artırmalıdırlar.

 Yuxarıda nümunə çəkdiyimiz faktı Agentliyin elektron poçtuna da göndərdik. İnanırıq ki, məsələnin ciddiliyini nəzərə alaraq qanuna müvafiq tədbirlər görüləcək. Axı adi bir temperatur rejiminin tənzimlənməməsinə görə niyə hər il külli miqdarda keyfiyyətli meyvə və ya digər kənd təsərrüfatı məhsulları zay olmalıdır?

Biz demirik ki, aidiyyəti dövlət qurumları topdansatış müəssisələrinin fəaliyyətini yoxlayıb cəza tətbiqinə başlasın. Sadəcə, bu yoxlamalarla həmin müəssisələrin soyuducu anbarlarında hər növ məhsulun özünə görə düzgün temperatur rejiminin seçilməsinə dair məsləhətlərini versinlər. Ki, min zəhmətlə becərilən məhsullarımız süfrələrimizə keyfiyyət göstəriciləri ilə daxil olsun.

A.Məmmədli

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiq. 6.3.4.).

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN