“Qızım çox sakit təbiətli, çalışqan, ədəb-ərkanlıdır. Onu Fransada məktəbə qoydum. Bir gün təhsil aldığı orta məktəbin direktoru məni məktəbə dəvət etdi.

Və soruşdu ki, “qızınızın bir problemi yoxdur ki?”  Dedim ki, mənim qızımın nə problemi ola bilər?  Bildirdi ki, qızınız çox ağıllıdır - bu, normal deyil.

Bunu Fransada yaşayıb fəaliyyət göstərən, dünyaca məşhur türk əsilli yazar Karolin Laurent Turunç TEZADLAR TV-nin qonağı olarkən yaşadığı ölkədə əcnəbilərin uşaqlarına göstərilən münasibətdən danışarkən bildirib.

“Mən çox təəccübləndim və dedim necə ola bilər bu: Siz onu bir direktor olaraq yanınıza çağırdıqda “gəlmirəm, yaxud sizə nə, niyə məni danışdırırsınız” cavabını verməli olduğunumu gözləyirsiniz  övladımdan?

Direktor cavabında bildirdi ki, “yox, mənə elə gəlir ki, sizin ailənizdə hansısa problem var?” Ona bildirdim ki, mən övladıma görə Fransanı bir anda tərk edərəm. Lakin məni sıxışdırdılar ki, qızınızı başqa məktəbə köçürün.

Ona bildirdim ki, sizin fikrinizcə, mənim qızım 18 yaşına çatdıqda meyxanaları, barları gəzməlidir, o zaman  o, yaxşı qız olacaq?

Sonunda biz türkük. Biz burada əsrlər boyu yaşaya bilərik, lakin öz adət-ənəmizi, mədəniyyətimizi, əxlaqımızı unutmarıq və övladlarımıza bu cür də tərbiyə verəcəyik”,- dedim.

Karolin xanım bildirib ki, apardığı söhbətdən sonra direktor iddiasından geri çəkilib və övladının həmin məktəbdə təhsil almasına etiraz etməyib.

Məşhur şair qeyd edib ki, Fransada türk uşaqlarının ali məktəblərdə oxumasına qarşıdırlar, onların peşə təhsili alaraq xidmət sektorunda çalışmaları istənilir.

“Bu ölkədə belə halları təkcə mən deyil, hər bir türk ailəsi yaşayır. Uşaqlarımızın ali məktəblərdə təhsil almasını istəmirlər. Bir uşaq nə qədər zəki olursa olsun, onu peşə məktəbinə yönəltmək istəyirlər: əcnəbi uşağı yalnız xidmət etsin, ağır işlərdə çalışsın. Əlbəttə, biz əsla geri çəkilmirik və uşaqlarımıza ali təhsil verməkdə israrlıyıq. Bəhs etdikləri qızım da mübarizə apardı və iqtisadiyyat hüququ məzunu oldu. İndi də peşəsinə davam edir”, - deyə  Karolin Turunç bildirib.

Xatırladaq ki, Karolin Laurent Turunç Türkiyədə doğulub və sonradan Fransaya köçüb.

Karolin xanım  doqquz uşaqlı bir ailənin beşinci övladıdır. O, ilk əsərini 15 yaşında yazmağa başlayıb. Lakin o dövrdə valideynləri onun çapına icazə vermirlər, qardaşı və anası əlyazmanı -  qaralamanı məhv edirlər. Lakin bu hadisə onun yazmasına mane ola bilmir.

Qeyd edək ki, üsyankar şair şeirlərində haqsızlıqlardan, ədalətsizliklərdən, insanlara olan sevgisindən... bəhs edib. İlk dərc etdiyi iki kitabını da Türkiyədə yardım dərnəklərinə bağışlayıb. Və hələ də satılan bütün kitablarının gəliri həmin dərnəklərə yönəldilib.

Xeyirxah və yardımsevər şair 2013-cü ildən indiyədək 1500-dən çox şeir yazıb, xaricdən çoxlu sertifikatlar alıb, 40 yerli və xarici antologiyada iştirak edib. 2020-ci ildə dərc etdiyi “Çöl Zambağı” və “Şarkla Şamal arası” kitabları onu dillərdə dastan etdi. Həmin ildə Rumıniyada təşkil olunmuş şeir müsabiqəsində 2575 şairin şeirləri sırasında onun şeiri bəyənilir və yarışmanın ikincisi olur.

 2021-ci ildə Çinin Yan şəhərində keçirilən poeziya festivalında mükafatlandırılıb  və Çinin Şimal-Qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən inşa edilən “Dünya Şair Ədəbiyyatı Muzeyi”nə seçilib və bir il ərzində nəşr olunmaq hüququ qazanıb.

2021 Galaxia Beynəlxalq Nəşr olunmamış Şeirlər Mükafatında Çili və İspaniyada münsiflər heyətinin üzvü olub. 2021-ci ildə Livanda keçirilən Beynəlxalq Ədəbi Poeziya Müsabiqəsində 80 ölkədən 3217 şair iştirak edib və Karolin Turunçun şeiri “Sülh şeiri” elan edilib. Türkiyədə yerləşən Humanitar Yardım təşkilatında Beynəlxalq Federasiyanın Paris nümayəndəsidir, “ÖZGÜR İFADE” qəzetinin İstanbul köşə yazarıdır. Çoxlu sayda humanitar qurumların üzvüdür. Dünyanın bir çox ölkələrində təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib və etməkdə davam edir. Qəlbi vətəni Türkiyə və Azərbaycanla döyünən şairin yaradıcılığında ölkəmizə qarşı haqsızlıqlardan bəhs edilən şeirləri də yer alıb. Siyasi məzmunlu,  türklərə xitabən yazılmış çox möhtəşəm “Kaydet” şeirində Azərbaycanın da adı çəkilir.

Sevilən şair hazırda Fransanın paytaxtı Parisdə yaşayır.

 

Y.MƏMMƏDLİ

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA