booked.netbooked.net booked.net  

...Yuxarıda göstərilən sualın cavabını tapmaq üçün bir az düşünərək, yaşadığımız mühitin gündəminə ayna tutaq.

Belə ki, bu yaxın günlərdə gündəmi silkələyən zəlzələ məsələsi oldu. Yəni, unutmayaq: Allah bizə tez- tez qulaqburması verir ki, özünüzə gəlin... Bu öz yerində. Bunu anladıq. Amma anlaşılmayan bir nüans var. Görəsən, bir neçə gündür sosial şəbəkələrdə gündəmi yüksək ballıq zəlzələ kimi titrədən hansı məsələdir??? Bəzi qələm sahibləri üçün bu haray- həsir  birmənalı deyil… Əgər belə demək mümkünsə. Əvvəllərdə bəzi sözünü deyən qələm adamları bu burulğana baş vuraraq gündəmdə səs-küy yarada bilmişlər. Qeyd edim ki, mən də evlərə soxulub ailələrin başlarını pozan tv-də yayımlanan bəzi proqramlar və onların aparıcıları haqqında fikirlərimi bildirmişdim. Maqaqlıdır, cəmiyyətdə elə bir durum yaranmışdır ki, çaşqınlıq yaratmaya bilmir. Bu səbəblərdən dolayı elə toplum var ki, yayımlanan belə proqramlara etiraz edirlər. Haqq sözə nə demək olar: çox haqlıdırlar. Dedikləri isə çox aktual olan vəziyyətdir. "Gənclərin mənəviyyatını pozurlar".

 Bəli, razıyam bu camiənin insanları ilə. Lakin aralarında elələri var ki, belə haqlı fikirlərlə hesablaşmadığından ortada qruplaşma əmələ gəlir. Sizcə kimlər haqlıdır? Bu günlərdə bu fikirlər yenidən gündəmə gəldiyindən, aləm bir- birinə dəyib, "günahkar" isə zamanında televiziya məkanında müəyyən proqramlar aparan Kamran Həsənlidir. Kamran Həsənlinin intelektinə bələd olan tamaşaçılar onu yaxşı tanıyır və öz  fikirlərində təqlid edirlər. Kamran bəyin günahı tv-də səviyyəli proqramlar niyə təşkil edilmədiyini söyləyir? Niyə səviyyəli aparıcılar yetişdirilmir, nədən Azərbaycan dilimiz leksikonumuza uyğun şəkildə proqramlarda öz əksini tapmır?

 Çünki proqramları aparıcılar qramatik qaydalarla yox, öz ləhcələri ilə təqdim etməyə çalışırlar. Televiziya müstəvisində ortaq bədii dil yoxdur. Hətta gələn qonaqlarda belə tezislərdən istifadə edərək, qramatik terminləri unudurlar. Bu səbəbdən də dilimizin qramatik aktuallığına kölgə düşür. Əgər televiziya məkanında lazımı qaydada senzura olsaydı aparıcılar belə edə bilərdimi?!

tv-2

 Bir sözlə, Kamran Həsənli çox məsələləri gündəmə gətirib. Hətta Xoşqədəm Hidayətqızını, Zaur Bəxşəliyevi, Elgizi, Zaur və bir çox başqa aparıcıları bolluca tənqid edib. Maraqlıdır ki, bu gün Kamranı "ələyə qoyub, vələyə uçururlar". Sual edirəm: niyə? Düz demir? Kamran Həsənli gələcəyimiz üçün həyəcan təbili çalır. Belə proqramların yayımlanmasına rəvac verənlər hansı məqsədə və kimə qulluq edirlər?  Damarında Azərbaycanlı qanı axmır məgər? Nədən Azərbaycanın mətbəx və süfrəsində hansı menyular çatmırsa onu nümayiş etdirirlər? Bir misal var: "El bizim, sirr bizim". Atalar elə - belə deməyib bu sözləri. Kimin arvadı itir, qızı evdən qaçır, kimin arvadı, kimin əri xəyanət edir... Bütün bunları tv - də nümayiş etdirmək mental dəyərlərimizə, millətin adına qara ləkə deyilmi!?(Bu səbəbdən dolayı yaşı təcridxanalara düşməyən azyaşlı yeniyetmələr əlləri qana bulaşaraq, ana- bacı qatili olurlarlar).

Yaşlı qadınlara ər, yaşlı kişilərə isə arvad axtarırlar. Biz hansı əsrə qayıtmışıq? Əsrlər öncə körpə yeniyetmə qızları bazara çıxarıb satmaq üçün qul bazarı, auksion təşkil edərdilər. Bir düşünün: fərq nədədir? O dövürdə yeniyetmələr bazara çıxarılırdı, müasir dövrümüzdə isə yaşlı, ömrünü sürmüş qadınlar ərə getmək üçün nümayiş etdirilir. Bütün bunlar ailələrdə təfriqə yaratmırmı?!

 Bu və buna bənzər proqramlar uşaqların gələcəyini pozmurmu? Bu olayları nümayiş etdirməkdənsə, tərbiyəvi proqramlar təşkil etmək olmazmı?! Qoca arvada kişi axtarınca yeni qurulmuş ailələrin niyə dağıldığının səbəbini axtarın! Səhv etmirəmsə, boşanmaların sayına görə Azərbaycan ön sıralarda gedən dövlətlərdən biridir. Bütün bunlar problemin bir tərəfi. Sosial şəbəkələrdə hansı internet "oyun"ları gedirsə, gündə bir neçə azyaşlı məktəb uşaqları yüksək mərtəbəli binalardan özlərini ataraq intihar edirlər. "Ağ ölüm" cəmiyyətimizdə tüğyan edir. Bütün bunların başında cəmiyyətdə gedən aşınmalar dayanır. Hara gedir bu millətin axırı? Kimlər düşünür bu məsələlər haqqında? Kamranı top atəşinə tutunca, balası intihar etmiş gözüyaşlı qalan anaların dərdinə əlac edən proqramlar təşkil etmək çətindirmi? Niyə əlinizdən gələni etmirsiz ki, belə hallar baş verməsin!

 Fikir anlaşılandır. Cibinizi birdən doldura bilməzsiniz... Çünki hər hansı proqrama qatılmaq üçün ödəniş edilməlidir. Əks halda dərdi ilə gələn proqramlara qatıla bilməz. Müəyyən iradlar meydana çıxanda isə bu kimi durumları millətin ayağına yazırsınız.

***

Utanmırsız??? Azərbaycan xalqını niyə bu qədər ucuzlaşdırıb aşağılayırsınız? Azərbaycan torpağı Cavidlər, Müşviqlər, Sabirlər, Abbas Səhəttlər, Üzeyir Hacıbəyovlar, Bəxtiyar Vahabzadələr, Məmməd Arazlar… yetişdirib. Çox dühaların adlarını sadalamaq olar. Belə dahiləri olan bir xalq bu qədər kiçilə bilərmi? Qeyd etmək lazımdır ki, Heydər Əliyev kimi Ulu Öndəri olan, Azərbaycanı dünyayaya tanıdan, Qarabağı bizə qaytaran İlham Əliyev kimi Ali Baş komandanı olan milləti və xalqı alçaltmaq cinayətdir. Məncə lazimi tədbirlər görməyin vaxtıdır. Kamran Həsənlinin qəbahəti odur ki, cəmiyyətin narazılığını nəzərə alaraq, "səni" özünə tanıdır? Xoşunuza gəlmir? Kamran bəy sözünü deyib və sözünün arxasındadır. Sosial şəbəkəni izləyirəm. Fikirlərdə qütbləşmə getsə də Kamran bəyin fikirlərinə haqq qazandıran qələm adamları çoxdur.

***
 Bir fikir məni düşündürür. Yuxarıda oturanlar niyə tv- lərdə yayımlanan seriallar və proqramlar haqqında senzura yaradaraq qadağalar qoymurlar? Sanki bəzilərinə çatmır ki, yeni gələn nəslin gəncləri dərin böhran içindədir. İdarəedicilər bu və bunun kimi cılız ideyaları ortaya atıb, xalqı özünə güldürməyə çalışırlar. Necə ki, deyirlər: "Belə durum millətin ürəyincədir". Yəni, sizə nə? Düşünün ay millət! Görün biz hansı vəziyyətə gəlmişik.

 Kamran Həsənli, mən jurnalist olaraq, sizin fikirlərinizi təqdir edərək, tənqidlərinizi alqışlayıram və fikirlərinizə haqq qazandırıram. Və sizinlə həmfikirəm...

Təranə ŞƏMS
P.S. Biz özümüzə gülürük ay MİLLƏT. Yəqin yuxudayıq... Necə ki, körpələri mələklər güldürür yuxuda... Bəs, sizləri gülməyə məcbur edən nədir? Mövcud durum? Anlasanız… Mən bu məqalədə çox az problemləri önə çəkdim. Yadınızda saxlayın ki, təhsilimizin, səhiyyəmizin düşdüyü vəziyyət bir başqa mövzudur, dəfələrlə yazmağıma rəğmən. Nə deyim: "Su başdan bulanar"! Arxamızca Allahı, Peyğəmbəri tanımayan, öz ana dilində danışa bilməyən gənclik gəlir...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN