booked.net booked.net  

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən

“Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir. Tanınmış şair və yazıçılar layihə çərçivəsində təbiətə, ətraf mühitə, meşə və dənizlərə, ilin fəsillərinə və s. həsr olunmuş əsərlərini oxuculara təqdim edirlər. Azərbaycan Respublikası "Xatirə Kitabı" redaksiyasının baş redaktoru, AYB-nin üzvü, şair, kitabxananın Fəxri oxucusu Nəzakət Məmmədli “Həmdəmim dəniz” şeirini kitabxanaya təqdim etdi. Şeirdə müəllif ləpə-ləpə, dalğa-dalğa dinən, insanlaşan dənizlə bölüşür, söhbətləşir.

 Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı, Prezident təqaüdçüsü şair Solmaz Elqızı “Kömək ol, Allah!” şeirində zamanın dəyişdiyini cahilliyin artdığı, mizanın əyildiyi, sabah danının gecədən seçilmədiyi bir dövrdə Allahdan kömək istəyir. “Dünyanın” şeirində isə bir üzü bahar, bir üzü qış olan dünyanın sarsılan ədalətini, laxlayan qanunu qorumağı tövsiyə edir. 

 Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov “Yurdumun hər yeri cənnət məkandı” şeirində günəşli, gül ətirli, bənövşə qoxulu, taleyin gözəlliklər bəxş etdiyi, cənnətməkan olan yurdumuzu, ana Vətənimizi qorumağa səsləyir.

  

NƏZAKƏT MƏMMƏDLİ

 HƏMDƏMİM DƏNİZ

 

Dəniz, sənlə bölüşəndə,

Qəlbim yaman rahatlanır.

Duruluram suların tək,

Sızıldamır dərdli ürək.

 

Həmdəmimdir mavi sular,

Sualıma cavabları öz dilində

 ləpələrin pıçıldayar,

Söylə, açsam ürəyimi

Dərdlərimə gücün çatar?!

 

Dalğa-dalğa, ləpə-ləpə

         dindi dəniz.

Gözlərimdə bir insana

        döndü dəniz.

 

Həmsöhbətim, qorxma,

         boşalt ürəyini.

Burda qoy get,

        səni sıxan sıxıntını,

                  kədərini.

Çox dərdləri mən udmuşam,

Eh… dərdlər də yaratmışam.

Ümmansızam,

      hər dərdinə gücüm çatar.

 

Bunu bil ki, hər dənizin

             özü boyda ürəyi var.

          

    SOLMAZ ELQIZI

   KÖMƏK OL, ALLAH!

 Dəyişib dünyanin ləzzəti, tamı,

Birtəhər görünür gözümə hamı.

Daha pərvanələr bəyənmir şamı,

Rəhm eylə bizlərə, kömək ol, Allah!

 

Ötür aylar-illər, dəyişir zaman,

Get-gedə nəfsinə qul olur insan.

Çoxalıb cahillik, əyilib mizan,

Rəhm eylə bizlərə, kömək ol, Allah!

 

İnsaf dediyinə uymur tərəzi,

Vicdani korlayıb var-kar mərəzi.

Bağlanıb bəşərin bəsirət gözü,

Rəhm eylə bizlərə, kömək ol, Allah!

 

İmandan şikəstlər yeriyir başa,

Təriqət əhlini salır təlaşa.

Ürək dərdə düşür, gözümüz yaşa,

Rəhm eylə bizlərə, kömək ol, Allah!

 

Deyəsən çatıbdi dünyanın sonu,

Gecədən seçilmir sabahın danı.

Sənsən insanlığın təkcə gümanı,

Rəhm eylə bizlərə, kömək ol, Allah!

 

             DÜNYANIN

 Bir üzü bahardı, bir üzü qışdı,

Sirdı, möcüzədi özü dünyanın.

Adəmdən bu yana çox canlar yedi,

Hələ də doymayır gözü dünyanın.

 

Bəşərə göstərdi boz sifətini,

Qırdı fatehlərin mətanətini.

Kasıba yüklədi küdurətini,

Mülayim düşmədi sözü dünyanın.

 

Sarsılıb ədalət, laxlayib qanun,

Qurtara bilməzsən, olsa min canın.

Çox da qüsuruna varmayın onun,

Dönməz yaxşılığa üzü dünyanın.

QADİR HÜSEYNOV

YURDUMUN HƏR YERİ CƏNNƏT MƏKANDI

 

Baxırsan hər yerdə çiçəklər açıb,

Bülbüllər nəğməsin oxuyur burda.

Günəşli havadan gül ətri gəlir,

Bahar qonaq gəlib bu gözəl yurda.

 

Çəməndə gəzməyə utanır insan,

Toxunma çiçəyə, üzülə bilər.

Ayağın altında bənövşə gülü,

Özün də bilmədən əzilə bilər.

 

Görüşə çağırır sahildə səni,

Xəzərin qoynunda mavi dalğalar.

Yurdumun hər yeri cənnət məkandı,

Belə bir gözəllik deyin harda var.

 

Tale gözəlliklər bəxş edib bizə,

Torpağın qədrini bilənlər bilər.

Vətən anamızdır qoruyaq onu,

Bunu Vətənini sevənlər bilər.

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA