booked.netbooked.net booked.net  

Jurnalist və yazıçı Salam Cavadlının eyni adlı kitabı haqqında qeydlərim...

  Azərbaycan xalqını, dövlətini, tarixini, mədəniyyətini, haqqını və qəhrəmanlıq salnaməsini yenidən tanıdan və dünya birliyində bunu real şəkildə nümayiş etdirən igidlərimiz rəşadətləri ilə ZƏFƏR TARİXİMİZİ yazdılar.     Elə bir tarix ki, burada müharibənin ən kustar üsullarından tutmuş ən müasir texnikasına qədər döyüş növündən və texnikasından istifadə olundu. Azərbaycan haqqı pozulmuş dövlətdən haqqı müdafiə edən dövlətə, hüquqları pozulan xalqdan hüquqların müdafiəçisi xalqına qovuşdu. Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Xalq-Prezident birliyinin vəhdəti və haqq yolunda mübarizə nəticəsində dünyanın hərb tarixində yenilik, diplomatiyada müdriklik nümayiş etdirdik, bir sıra beynəlxalq təşkilatların və dövlətlərin ikili siyasətinin puç olduğunu təsdiqlədik.

    Tanınmış jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, “Qayanın tənha daşı”, “Ağ yağış”, “Son gümanım - Zəngilanım”,  “Müqəddəs ruhları sızladan 20 il”, “Pyeslər” şeir və nəsr kitablarının, sayı bilinməyən publisist və mənəvi dəyərlərlə zəngin olan yazıların müəllifi, “Qardaşlar” toplusunun həmmüəllifi kimi mənəvi dünyamıza imzasını yazan Salam Cavadlının “Ölməzlik haqqı qazanan oğullar” kitabını oxuduqca XALQIMIZIN BÖYÜKLÜYÜ gözlərimiz önündə bir daha canlanır.   

     “Ölməzlik haqqı qazanan oğullar” kitabı qəhrəmanlıq tariximizi real şəkildə əks etdirməklə bir sıra keyfiyyətləri ilə diqqəti xüsusi cəlb edir.  Belə ki, 44 günlük Vətən müharibəsində və Aprel döyüşlərində (2016-cı il) Vətənə tuşlanan güllələrə sipər olan Zəngilan şəhidləri ilə yanaşı xalqımızın gözəl guşələrindən biri olan bu ərazinin də düşmən əsarətindən azad olunması üçün son damla qanına qədər qəhrəmancasına vuruşan digər bölgələrdən olan şəhidlərimiz də qeyd olunub.  

    Kitaba yüksək dəyər bəxş edən bir sıra amillər var. Birincisi, igidlərimizin rəşadəti, xalqımızın mənəvi zənginliyi, qüruru... İkincisi isə kitabın elimizin mənəvi dəyərlərini incəliklərinə kimi bilən və onu maddi imkanının çətinliyinə baxmayaraq daim yaşadan, qələmi ilə oxucularının qəlbində əbədi məskən salan, yurd həsrətinin ağrısını yaşayan, şəxsiyyəti ilə tanınan və sevilən Salam Cavadlı tərəfindən yazılması. Məhz bu səbəbdən də kitab eyni motivli çap məhsullarından xeyli fəqlənir. Çünki kitabda Zəngilanın tarixi şəxsiyyətlərinin və Birinci Qarabağ müharibəsində şəhid olan zəngilanlıların ruhunun da döyüşdüyü əks olunub, düşmənin amansız hücumu nəticəsində dünyaya gözünü yurd həsrəti ilə açan gənclərimizin beşiyi tanka dəyişib torpağımızı müdafiə etdiyinə aydınlıq gətirilib, son dərəcə çətin şəraitdə yaşayan uşaqlarımızın igidliyinin dillər əzbəri olduğu qeyd edilib, didərginlik həyatında daha da mətnləşən oğullarımızın düşmənə sarsıdıcı zərbələri qürurla vurğulanıb.

    Kitabın Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hərbi formada qələbə sevinci ilə əsgərlərlə birlikdə çəkilmiş tarixi şəklilə başlaması ilk andan oxucunun kitaba bağlılığını artırır.

   “Dünyanı məcbur etdik ki, bizi olduğumuz kimi tanısın” fikrinə aydınlıq gətirən müəllif son dərəcə maraqlı nümunədən istifadə edib. 2013-cü ildə çap olunan “Müqəddəs ruhları sızladan 20 il” kitabından bəzi sitatları vurğulayaraq hadisələrə baxışı ilə bizləri növbəti dəfə tanış edir: “Ermənilər işğal etdikləri torpaqları danışıqlar, sülh yolu ilə tərk etsələr, əlbəttə, hər iki xalq üçün yaxşı olar. Təbiidir ki, belə olmasa, günlərin birində Ali Baş Komandanın əmri ilə ayağa qalxıb doğma yurd yerlərini çağırılmamış qonaqlardan təmizləyəcəyik. Şübhəsizdir ki, yenə də şəhidlər verəcəyik. Onların itkisinə ağriyib, yansaq da, xalqımızın mənəvi ucalığının göstəricisi olan fədai Vətən oğullarının varlığı ilə öyünəcəyik”. Təbii ki bu fikirlər Salam Cavadlının Ermənistan-Azərbaycan münaqişəsinə özünəməxsus münasibətinin və dünyagörüşünün ifadəsi olmaqla uzaqgörənliyinin təzahürüdü. Bəli, bu gün yaşadığımız tarixi günləri müəllifin 7 il əvvəl qeyd etməsi oxucu tərəfindən sevilir və təqdir olunur.

 Ümummilli lider Heydər Əliyevin “Torpaq, Vətən naminə, müstəqillik naminə şəhid olan insan ən yüksək zirvəyə çatmış insandır” sitatı ilə başlayan I bölümdə Zəngilan rayonunun azad olunması üçün son damla qanına qədər vuruşaraq ŞƏHİDLİK ZİRVƏSİNƏ yüksələn igidlərimizin həyat və döyış yollarına aydınlıq gətirilib.

   Şəhid kapitan Nocuyev Surxay Əbdül oğlunun döyüşə Vətən sevgisi, qələbə əzmi ilə girməsinə, ciddi xarakterli olmasına, verilən tapşırıqların icrasına yüksək məsuliyyətlə yanaşmasına, hərbi intizam qaydalarını dəqiq yerinə yetirməsinə, çevik qərarlar qəbul etməyi bacaran cəsur komandir olmasına, “Noçuyev taktikası”nın üstünlüklərinə və düşmənə sarsıdıcı zərbələrinə və hərb tariximizə qəhrəmanlıq salnaməsi bəxş etməsinə incəlikləri ilə toxunulub.  II Fəxri Xiyabanda dəfn olunan Surxay Noçuyevin rəşadətinin Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə yanaşı, “Vətən uğrunda” “Qubadlının azad olunmasına görə”, Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla və digər təltiflərlə dəyərləndirilməsi xüsusi qeyd olunub və gələcəkdə  tarixi romanların və əsərlərin yazılmasına, filmlərin çəkilməsinə, qəhrəmanlıq mahnılarının bəstələnməsinə geniş zəmin yaradılıb.

    Qətiyyəti, dürüstlüyü və təmkinliyi ilə seçilən şəhid baş leytenant Rzazadə Həsən Vüqar oğlunun döyüş yolunun hər bir vətən oğlu üçün örnək olacağı qeyd edilib. Şəhidimiz Vətən uğrunda igidlik göstərməsi ilə qəhrəmanlıq tariximizi daha zənginləşdirib. Prezident İlham Əliyevin sərəncamları ilə Həsən Rzazadə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə”,  “Laçının azad olunmasına görə” medallara layıq görülüb. II Fəxri Xiyabanda dəfn olunan şəhidimizin atası Vüqar kişinin bu ibrətamiz fikri  isə yaddaşlarda əbədi qalacaq: “Heç bir valideyn övladını hər hansı dünya varına dəyişməz, yalnız Vətən, torpaq naminə qurban verməyə borcludur”

   Şəhidlik zirvəsində “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, və “Xocavəndin azad olunmasına görə” medalları ilə xatirələrdə əbədi yaşayan Hüseynov İmamalı Cəlil oğlunun yurd dərdinə uşaq ikən  atasızlıq ağrısının yazılması və toy gününün həsrətlə gözlənilməsi yaddaşlardan silinməyəcək.

   Şəhid Sarıyev Samir Əli oğlunun şərəfli döyüş yolu da müəllif tərəfindən incəlikləri ilə qeyd olunub. Belə ki qəhrəmanlıq tariximizin əbədi simvoluna çevrilən və ŞƏHİDLİK zirvəsini zənginləşdirən general Polad Həşimovun mayor rütbəsində olan imzası ilə təltif olunan şəhidimizin qoşa silahla çəkdirdiyi şəkil xüsusi vurğulanıb. Çünki bu heç də adi şəkil deyil, qəhrəmanlıq nümunəsi olmaqla düşmənə tutarlı zərbədir. Yurd həsrətini bir an belə unutmayan və ona qovuşmaq üçün Ali Baş Komandanın əmrini hər an gözləyən Samir Sarıyev erməni əsgərinin silahını da əlində tutmaqla düşmənə xəbərdar edib ki, artıq biz sizinlə sizin silahlarınızla vuruşuruq. Min bir hiylə ilə xarici ölkələrdən aldığınız silahlar indi sizə qarşı istifadə edilir. Müəllifin bu kimi incə məqamları diqqətə çatdırması xüsusilə qeyd olunmalıdır.

    Zəngilan rayonu ilə yanaşı Qarabağda və ətraf bölgələrdə sonsuz etiqat və ehtiram göstərilən Seyid Həsən ağanın müqəddəs məzarının düşmən əsarətində qalması hamımız kimi nəticəsi İsmayıl Mehdiyevi də rahat  qoymurdu. Babasına və anasına bu barədə çoxsaylı suallar verirdi. Seyid Həsən ağanın ruhunu şad etmək üçün uşaq vaxtından çalışırdı. Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra Bakı Ali Hərbi məktəbə qəbul olunub. Lakin birinci kusdan sonra hərbi məktəb rəhbərliyinin razılığı ilə həqiqi hərbi xidmətə gedib. Ən böyük arzusu isə işğalda olan torpaqlarımızın azad edilməsi və Seyid Həsən ağanın ruhunun şad olunması idi. Xocavənd rayon ərazisində gedən ağır döyüşlərin birində ŞƏHİDLİK zirvəsinə ucalıb. Bu ruhun düşmənə qarşı vuruşmaq üçün gənclərimizi müqəddəs amal ətrafında birliyinin göstəricisidir. Əminəm ki, zaman gələcək və torpaqlarımızın azadlığı uğrunda ruhun da mübarizə apardığının elmi sübutlarla şahidi olacağıq.

    Cəbrayıl Dövlətzadənin qəhrəmanlığı bir anda ölkəyə yayıldı və düşmənə sarsıdıcı zərbə oldu. Xüsusi tapşırıq əsasında düşmən  səngərəkinə daxil olan gənc əsgərin əlbəyaxa döyüşdə erməni generalını və polkovnikini məhv etməsi qəhrəmanlıq tariximizin unudulmaz səhifəsinə çevrildi. Uşaq ikən ata qayğısından uşaq düşən və ana zəhməti ilə böyüyən igidimizin həyatı və döyüş yolu əsrlər boyu yaddaşlardan unudulmayacaq. Çünki şəhidimiz haqqında müəllifin qeydləri çox böyük mənəvi tərbiyə və qəhrəmanlıq tarixidi, Vətənə, Xalqa, Torpağa, Yurda, Dövlətə bağlılıq göstəricisidi, gənc nəsillərimiz üçün nümunəvi həyat tərzidi. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan şəhidimizin məzarı II Fəxri Xiyabanda qəhrəmanlıq simvolu kimi daim ziyarət olunacaq, haqqında yazıln kitablar gənclərimiz tərəfindən sevilə-sevilə oxunacaq və onların həyat tərzinə çevriləcək.

    Şəhid oğlunun şəhidlik zirvəsinə yüksəlməsi əsl tarixdi. Zəngilan rayonunda anadan olan kapitan Bahadur Əhmədov 1993-cü ilin, oğlu Emil Əhmədov isə 2020-ci ilin oktyabr ayında şəhid oldular. Bu tarixin ən böyük qəhrəmanlıq nümunəsidi. Ata və oğulun arzuları eyni nöqtədə - torpaqlarımızın azad olunması və Zəngilanın yeni inkişaf dövrünə qədəm qoyması - birləşdiyi kimi ruhları da birlikdə şad oldu. 27 il ruhu narahat olan ataya bu şad xəbəri Zəngilanın oktyabrın 20-də azad olunduğunu görən və son dərəcə qürurlanan oğulu “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və xalqımızın sevinci ilə çatdırdı. Təbii ki bu da tariximizin unudulmaz qəhrəmanlıq simvoluna çevriləcək.

    Salam Cavadlı təkcə şəhidlərimizin həyatı və igitliyi haqqında yazmaqla kifayətlənməyib, həm də qaranlıq qalan bir neçə mübahisəli məqamlara da faktlarla aydınlıq gətirib. “Vətən yaxşıdır” mahnısı ilə ürəkləri sızladan və gülərək şəhidlik zirvəsinə Zəngilan rayon ərazisində yüksələn qəhrəmanımız Yusifzadə Xudayar Müslüm oğlunun bəzi mənbələrdə yanlış yazılan ömür tarixini dəqiqləşdirib.

   Anadan olduğu Zəngilan rayonunun Şayflı kəndinin 1992-ci ilin dekabrın 10-da – BMT tərəfindən 1948-ci ildən qeyd olunan Ümumdünya İnsan Hüquqları günündə Ermənistan ordusu tərəfindən işğal edilməsi və yandırılmasını 11 yaşında görən Səfərov Fariz Şəmil oğlu düşmənə qarşı son damla qanına qədər vuruşmağa can atırdı. Bununla da həyatını torpaqlarımızın azadlığına qurban verdi.

   Kitabda ananın oğlu Elnur Allahverdizadənin şəhid olduğunu bir gün əvvəl yuxuda gördüyü, atəş səsləri altında valideynləri ilə danışarkən döyüş bölgəsindən çox-çox aralı olduğunu deyən Bəxşəliyev Rəşid Əliağa oğlunun rəşadəti və digər çoxsaylı qəhrəmanlıq anları ilə də tanış olmaq mümkündü.

   Müxtəlif bölgələrimizdən Zəngilan uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçularımız barədə statistik məlumatın verilməsi də təqdirəlayiq haldır. Bu faktlarla tanış olmaq son dərəcə vacib olmaqla yanaşı xalqımızın bütövlüyünün əyani nümunəsidir. Sevindirici haldır ki, müəllif ağır zəhmət və xeyli vaxt tələb edən bu müqəddəs missiyanın da öhdəsindən layiqincə gələrək gələcək nəsillər üçün tarix yaradıb.

   “Vətənin sinəsinə tuşlanan düşmən atəşlərinə sinələrini sipər edənlər” adlı II bölüm də xüsusi əhəmiyyəti ilə seçilir. Burada Zəngilanın düşmən tapdağından azad olunması üçün qəhrəmanlıq göstərən qazilər və müharibə iştirakçıları ilə tanış olmaq mümkündü. Eyni zamanda Birinci və İkinci Qarabağ Müharibəsində döyüşən həmyerlilərimiz də qeyd olunub. 55 yaşlı Pənah Cəbrayılovun bu müharibələrdə də keçdiyi döyüş yolu və qazandığı medal barədə oxumaq oxuçu tərəfindən sevinclə qarşılanacaq.

    Birinci Qarabağ müharibəsində iştirak etməklə bu ərazilərə yaxşı bələd olan zəngilanlı keçmiş döyüşçülərin “Qazilər bölüyü” tərkibində yenidən döyüşlərə qatılması da diqqətdən yayınmayıb və kitabda əksini tapıb.

    Şanlı Ordumuzun zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin xronikasının verilməsi də son dərəcə önəmlidi. Bununla yanaşı 2914 igidimizin şəhid olduğu rayonlar və ərazilər üzrə siyahının verilməsi də müəllifin böyük zəhmətə qatlaşdığını əyani surətdə təsdiqləyir.

  Kitabın  “Unutmayaq, bu ağrıları, əzabları yaşamışıq...” 3-cü bölümündə erməni silahlı qüvvələri tərəfindən torpaqlarımıza hücumlar edildiyi anlardan azad olduğu vaxta qədər üzləşdiyimiz çətinlikləri, qatlaşdığımız əzabları, düçar olunduğumuz müsibətləri,   və bu faciəli dəhşətə tap gətirməyərək torpaq həsrəti ilə dünyasını dəyişən əzizlərimizin xatirəsini anırıq. Müəllifin qələminin məhsulu olan “Doğma torpaq”, “Bir xəyal, bir yuxu görüşüydü bu!”, “Bu, bizim Mincivandır” yazıları, “Dərd ürəyə sığmayanda yaxşı ki, onu şeirə çevirmək olur” başğlı altında olan çoxsaylı şeirləri dünənimizlə bu günümüzü birləşdirir və bizlərə unutqanlıq hissini unutmağı tövsiyə edir. Çünki tariximizi unutmaqla çox uduzmuşuq.

   Kitabda sonuncu – IV bölüm olan “Azadlığın mübarək, doğma əziz torpağım!”da müəllif sevinc hissi haray çəkir: “Biz gəlmişik Zəngilan!”, “Qafqazın ilk “ağıllı kəndi” Zəngilanda tikilir”, “Zəngilanda taxıl biçilir”. Kitab müəllifin “İndi zəfər çağıdır” şeri və “Zəngilan” adlı şerinə bəstələnmiş mahnı bitir.

    Əvvəldə qeyd etdiyim kimi kitabın oxunaqlı, dəyərli, sanballı, faktlarla zəngin olması, hər bir şəhidin, qazinin və əsgərin həyat və döyüş yolunun yetərincə qeyd edilməsi, Zəngilan və zəngilanlıların qarşılaşdığı faciələr barədə dolğun bilgilərin verilməsi, vətənpərvərliyin, torpağa, yurda bağlılığın yetərincə qeyd olunması təbii ki Salam Cavadlının tanınmış jurnalist və yazıçı olaraq yüksək peşəkarlığının göztəricisidir. Uzun illər “Kənd həyatı” sonra isə “Zəngilanın səsi” qəzetində redaktor vəzifəsinə qədər yüksələn, qələmi ilə oxucularının, şəxsiyyəti ilə elin-obanın və onu tanıyanların böyük ehtiramını qazanan müəllifin bütün əsərlərinin dəyərli olacağına əvvəlcədən əmin idik və belə də oldu. Günkü söz Salam Cavadlının qələmində dahiləşir, əbədiləşir, yüksəlir.

   “Ölməzlik haqqı qazanan oğullar” kitabı Zəngilan rayonunun müsir hərb tarixinin ensiklopediyasıdı. Burada faktlarla yanaşı mənəviyyat da var, diplomatiya da, igidlik də,  məğrurluq da, ruhun əbədiliyi də. Məhz bu səbəbdən də kitabla bağlı bir sira təkliflərimi  bildirmək istərdim. Nəfis tərtibatda çap olunan və dəyəri dəyərindən yüksək olan kitabın ilkin olaraq Zəngilan rayon məktəblərində əlavə dərs vəsaiti kimi istifadə olunmasını, gələcəkdə isə Təhsil Nazirliyinin xətti ilə mütəmadi dərs vəsati kimi dəyərləndirinməsini təqdirəlayiq hesab edirəm. Çünki hər kəs ümumi tarixi ilə yanaşı bölgə tarixini də mükəmməl bilməlidi. Kitabın rayon mədəniyyət evində keçirilən təqdimat mərasimində bunu bir daha hiss etdim. Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənovun, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, şəhid ailələrinin, qazilərin, müharibə döyüşçülərinin çıxışları, şagirdlələrin isə hazırladıqları kompozisiyalar bunu tam əmimliklə deməyə əsas verir.

 Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN