booked.netbooked.net booked.net  

Səhnədə soyunmağın “xaç anası” olan Aygün Kazımovanın “İnstaqram” hesabında paylaşdığı yeni videosu bir saytda belə təqdim edilib: “Xalq artisti dərin sinə dekoltesi ilə diqqət çəkib. Bu paylaşım izləyicilərin marağına səbəb olub”.

P.S. Rəhmətliyin oğlu, “dərin sinə dekoltesi” deyib, nə əndrabadi danışırsan? Birdəfəlik de ki, xalq artisti... çöldə qalan, büstqaltersiz açıq sinəsi ilə diqqət çəkib dəə...

***

Aktrisa sayılan, lakin bircə rolu da gözə dəyməyən, əvəzində soyunub, lüt-ətcəbala olmaqla gündəmə gələn Pərvin Abıyeva bir izləyicisinin “Arıq adamların bədənindən iy gəlir” sözlərinə sərt şəkildə “Ayağımdan gələn iy, heç sənin ən bahalı ətrindən gəlmir” deyə cavab verib.

P.S. Həmişə soyunub hər yerini çöldə qoymasına baxmayaraq, adamın başının üstündə Allah var, zalımın qızı düz deyir dayna. Şəxsən mən inanıram ki, Pərvinin ayağından gələn iy, doğrudan da o izləyicinin ən bahalı ətrindən gəlmir. Nöşün ki, Pərvinin ayağı heç yerə dəyir ki, ondan iy də gəlsin?.. Ona görə də mən bu dəfə Pərvinlə razıyam, ətövbə...

***

Müğənni Dilarə Kazımova “MTV Maqazin” verilişində qonaq olarkən özünü tərifləyərək deyib: “Özümü seksual qadın olaraq görürəm. Çünki buna görə çalışıram, istəyirəm hər şey, hər yerim gözəl olsun. Seksi qadınlardan biriyəm. Özümü tərifləməyi sevmirəm”.

P.S. Day bu tərifləmək deyilsə, bəs nədir? Bu, bir. İkincisi isə, ay Dilarə xanım, qadın seksi yox e, əqli gözəl olmağa çalışmalıdır. Sən isə qadının yaraşığı olan əqli gözəlliyi bir kənara qoyub, seksi gözəlliyi seçmisənsə, neynək, yolun uğurlu olsun.

***

Məlumatlara görə, kinomuzun Nəsimisi, Babəki, Xalq artisti Rasim Balayev Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri seçilib.

P.S. Belə yerdə deyiblər də “çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Sevimli aktyorumuza kinomuzun reanimasiyadan çıxardıb, dirçəldilməsi yolunda uğurlar arzu edirik.

***

Bəstəkar və müğənni Murad Arifin bağ evinə hardansa bir ayı balasının girməsi barədə xəbərlər yayılıb.

P.S. Maraqlıdır, bizim şou-biznesin özü bir zooparka bənzəyir və orada hər cürə heyvanat aləmi var. Bu zooparkda ayı və ayı balası da, çaqqal da, tülkü də, dovşan da, əjdaha da, div də, quşlar və s. var. Bizim şou-biznesdə quşlar xeyli üstünlük təşkil edir. Özü də hər növ quşlardan var. Ən maraqlısı odur ki, bu quşları yemləyən xeyli quşbazlarımız da var. Bu quşbazlar isə bir-biri ilə yarışa girirlər ki, görək kimin quşu səhnədə, efirdə daha yaxşı pərvaz edəcək? Artıq bu quşların balaları da uçmağa başlayır. Amma bir şey var ki, bu quşların cəh-cəh vuran səsi olmasa da, caynaqları ilə az qala adamın gözünü deşirlər. Yəni çox həyasız quşlardır. Deməyim odur ki, şou-biznesdə heyvan və quşların hamısından var. Hərçənd Murad Arifin bağına girən ayı balasına heç ehtiyac da yox idi...

***

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Həccə getməsi mətbuatda və saytlarda əsl “fırtına” yaradıb. Hamı bunu biabırçı şəkildə tənqid edir.

P.S. Mən də Z.Məmmədovu tənqid edənlərin sırasına qoşuluram. Amma mən bəzilərinin sabiq nazir haqqında “Tülkü Həccə gedir” ifadələrini bölüşmürəm. Sadəcə, Ziya Məmmədovun xirtdəyəcən günahın içində ola-ola müqəddəs yerə getməyini qəbul etmirəm. Nazir işlədiyi dövrdə super korrupsioner məmur kimi milyonları mənimsəməyini bir kənara qoyaq. Nazirliyin müfəttişlərinin taksi sürücülərini kiçik “lopatka” ilə döyüb öldürməsini, taksini sürücü qarışıq qovub, körpüdən aşıraraq, həyatına son qoymasını və bu kimi tökdüyü qanların cəzasız qalmasını Məkkədə necə izah edəcək? Allah bu qanları Ziya Məmmədova bağışlayacaqmı? Oğlu Anarın bir milyon manata ayı əti yeməsi, qızlarla yeyib-içib 5 milyonluq yaxtanı dənizdə batırması və daha neçə-neçə belə hoqqalardan çıxması unudulubmu? Onun o dağıtdığı milyonlar kimin idi? İndiyə qədər hansı imkansıza əl tutub Ziya müəllim? Hansı qazinin müalicəsini təşkil edib? Hansı şəhid ailəsinin ev, torpaq problemini həll edib? Hansı kasıb xəstənin müalicəsinə yardım göstərib? Hansı döyüşçü tələbənin təhsil haqqını ödəyib? Mən bunlar barədə eşitməmişəm. Əgər nazir postundan çıxandan sonra bu kimi hallar baş versəydi, onda deyərdilər ki, Ziya Məmmədov vaxtilə tutduğu pis əməllərdən peşman olaraq, haqq yoluna gəlib. Onda Həcc ziyarəti barədə də qınaq və təhqirlər eşitməzdi. Bütün bu xeyirxahlıqları indiyə qədər etməyibsə, onda deyilən bütün qınaqlara layiqdir.

***

Milli Məclisin ötən həftə keçirilən iclasında deputat Əziz Ələkbərli çox mühüm bir məsələni qaldırıb. Ə.Ələkbərli çıxışında qeyd edib ki, 1988-1991-ci illərdə Ermənistandan qovulan soydaşlarımızın, Ermənistanda verilmiş pasportları yığılıb və Milli Arxiv İdarəsində bu barədə məlumat yoxdur. Guya bunlar gizlin fondda saxlanılır.

P.S. Bu, nə deməkdir? Hörmətli deputat Əziz Ələkbərli olduqca vacib mələsəyə toxunub. O, pasportlar soydaşlarımızın Ermənistandan qovulmasını sübut edən çox mühüm bir sənəddir. Bəs bu sənədlər haradadır? Niyə üzə çıxarılıb, bütün beynəlxalq görüşlərdə ermənilərin gözünə soxulmur ki, bu qədər insanları dədə-baba torpağından qovmusunuz? 300 minə qədər azərbaycanlı Qərbi Azərbaycan ərazisi olan Ermənistandan vəhşicəsinə qovulub və bu gün onların öz yurdlarına qayıtması heç müzakirə mövzusu da deyil. Amma 15-20 min erməniyə Qarabağda status tələb edirlər. Görünür soydaşlarımıza Ermənistan hökumətinin verdiyi pasportları “itirənlər”, tarixi torpaqlarımızda izimizi itirmək istəyən Milli Arxiv İdarəsindəki milli ermənilərimizdir. Bunun başqa adı yoxdur və məsələ ciddi şəkildə araşdırılmalıdır.

***

Müğənni Ayan Babakişiyeva paylaşdığı şəkilin altından belə yazıb: “Filter yoxdur - bilirsiz, həm sözlərimdə, həm düşüncələrimdə, həm də üzümdə. Geri qalan kim nə istəyir, necə istəyir elə də qəbul etsin”.

P.S. Hımm... Çox maraqlıdır, görəsən, duet ortağı Nadir Qafarzadə də Ayanı filtersiz qəbul edir, yoxsa... Əşi, Ayanın da Allah xasiyyətini kəssin - bu nə filter söhbətidi salıb ortalığa? Ola da bilər Ayanı filterli qəbul etmək çətin olur. Ona görə də deyir məni filtersiz qəbul edin. Edək də... Özü belə təklif edibsə, biz nəkarəyik ki, “otkaz” gedək...

***

Xəbər verilir ki, Nəcməddin Sadıkovun adamı sayılan “Şlyapa Zahid”in (Zahid Niftəliyev) həbs olunması ciddi müzakirə olunur.

P.S. Burada müzakirə olunası heç nə yoxdur axı. Məsələ gün kimi aydındır. Bu həbs, o deməkdir ki, Nəcməddin Sadıkovun sağı, solu bir-bir “budanır”. Yəni həlqə getdikcə daralır və növbəti həbs qərarı Nəcməddin Sadıkovun haqqında olacaq. Görün bu adam nə qədər pisliklər edib və elə həyat tərzi yaşayıb ki, ölkədə Nəcməddin Sadıkovun həbsini arzulamayan bəlkə də bircə nəfər də yoxdur. Bu gün Ukrayna ilə müharibə etdiyinə görə bütün dünya V.Putinə nifrət etdiyi kimi, bütün Azərbaycan da onun şlyapası altında olan Nəcməddin Sadıkqova nifrət edir. Andıra qalsın o həyatı ki, onu Nəcməddin Sadıkov yaşayıb və yaşayır. Allah heç kəsi belə nifrət hədəfinə çevirməsin.

ELÇİN

elcinmemmedli This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN