booked.netbooked.net booked.net  

Bu gün – iyunun 17-də "Azərbaycan" nəşriyyatında tanınmış yazıçı-publisist, tədqiqatçı Allahverdi Eminovun 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış üç cildlik “Mir Cəlalın poetikası” kitabının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə tədbirin təşkilatçısı yazıçı-publisist, tərcüməçi Səadət Sultan açıb. Azərbaycan ədəbiyyatında öz dəst-xətti, bədii üslub tərzi, dövrünün işıqlı siması olan və gələcək nəsillərə zəngin ədəbi irs qoyub gedən görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Mir Cəlal Paşayev haqqında tanınmış yazıçı-publisist Allahverdi Eminovun 2019-cu ildə çapdan çıxmış üç cildlik “Mir Cəlalın poetikası” kitabından bəhs edən S.Sultan nəşrin böyük ədibin məhsuldar və zəngin ədəbi yaradıcılığını əhatə etdiyini bildirib. Kitabın həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurduğunu diqqətə çatdıran S.Sultan birinci cilddə müəllifin böyük yazıçı, kamil şəxsiyyət, alovlu vətənpərvər Mir Cəlal Paşayevin yaradıcılığında araşdırılmamış nəsr poetikasından bəhs etdiyini söyləyib.

Tədbirdə çıxış edənlər Mir Cəlal Paşayevin Azərbaycan ədəbi tarixində həm böyük ədib, alim, həm də görkəmli pedaqoq kimi daim qalacağını diqqətə çatdırıb, fədakar tədqiqatçı Allahverdi Eminovun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib, sözügedən kitabda Mir Cəlal yaradıcılığının incəliklərini, elmi, fəlsəfi baxışlarını geniş və əhatəli təhlil edildiyini bildiriblər.

Əməkdar jurnalist İdris Şükürlü, şair, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , "Qızıl qələm" mükafatı laureatı, əməkdar jurnalist Adil Cəmil, tanınmış şair, publisist Ağacəfər Həsənli, yazıçı Qəni Camalzadə, AYB Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu və kitabın maliyyə dəstəkçisi iş adamı, xeyriyyəçi Tural Hacıqurbanlı professor Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr verdiyini, alimin şərəfli ömür yolunun nəsillərə layiqli örnək olduğunu vurğulayıblar.

Sonda Allahverdi Eminov müəllifi olduğu üç cildlik “Mir Cəlalın poetikası” kitabının təqdimatı ilə bağlı tədbirin keçirilməsinə şərait yaradıldığı üçün təşkilatçı Səadət Sultana, kitabın maliyyə dəstəkçisi Tural Hacıqurbanlıya və tədbir iştirakçılarına təşəkkürünü bildirib, eyni zamanda nəşrin yazılma səbəblərindən, böyük ədibin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən söz açıb.

Tədbirdə alimlər, tanınmış qələm sahibləri, qəzet redaktorları və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ədibin “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Dağlar dilləndi”, “Təzə şəhər”, “Yaşıdlarım” romanları və povestləri geniş və əhatəli təhlilini tapan kitab tələbə - gənclər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Elbar ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN