booked.netbooked.net booked.net  

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinq nəticəsində bir neçə uşaq bağçasının müdiri işdən çıxarılıb.

Monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkarlanıb.

Bağçalardakı problemlərlə bağlı açıqlama verən elm və təhsil eksperti Elyar İslamoğlunun sözlərinə görə, bağçalar icra hakimiyyətinin tərkibində olarkən çox ciddi nöqsanlara yol verilib: “Bağçalarla bağlı məsələ qaldıranda əsas məqsədimiz o idi ki, bağçalar icra hakimiyyətlərindən alınsın və Təhsil Nazirliyinin tərkibinə qaytarılsın. Çünki icra hakimiyyətlərinin tərkibində olanda onlar bağçalara özləri müdir təyin edirdilər. Bu, adətən, icra başçılarının öz adamları, yaxınları olurdu. Bu baxımdan, orada problemlər daha da çox idi. Uşaqlar üçün ayrılan ərzaq təminatı ilə bağlı yeyintilər olurdu. Hətta bağçalara qəbul 500-1000 manat arasında idi. Şəxsən özüm də bu problemi yaşamışam. Övladımı bağçaya qoyanda məndən 500 manat pul istəmişdilər. Bununla bağlı da biz davamlı olaraq bu məsələləri ictimailəşdirdik. İctimai rəyi nəzərə alaraq bağçalar Təhsil Nazirliyinin tərkibinə qaytarıldı”.

Ekspert Təhsil Nazirliyinin bağçalarla bağlı hələ çox işlər görməli olduğunu bildirib: “Təhsil Nazirliyinin bağçalarla bağlı çoxlu görməli işləri var. Bağça müdirlərinin işinə baxılması mütəmadi xarakter almalıdır. Hazırda bağçalarda ixtisası üzrə işləməyən insanlar çoxdur. Dəfələrlə mətbuatda bağçada uşaqların döyülməsi, onlarla kobud rəftar edilməsi ilə bağlı xəbərlərə rast gəlirik. Yeməklərin şəklini paylaşanda ərzaq çatışmazlığının, normal qidanın verilmədiyini görürük. Bu da uşağın inkişafına mənfi təsir edir. Hazırda bağçalarda genişmiqyaslı monitorinqlər aparılmalı, qeyri-ixtisaslıların hamısı uzaqlaşdırılmalıdır, bağça müəllimliyi, yaxud bağça rəhbərliyi ixtisasına uyğun olan şəxslər təyin olunmaldır. Eyni zamanda, bağçalarda pul almaq, pul ilə uşaqları bağçaya yerləşdirmək işləri hələ də davam edir. Tanıdığım insanlar var ki, bağçaya müraciət edirlər, amma onlara deyirlər yer yoxdur, pul aparanda yer açılır. Bir ara onlayn qeydiyatın olacağını deyirdilər. Amma biz görürük ki, hazırda tam onlayn qeydiyyata keçilməyib. Bununla paralel olaraq bağçalarda qeyri-ixtisaslı şəxslər uzaqlaşdırılmalıdır. Bağçaların ərzaq məsələləri daim diqqətdə saxlanmalı, tez-tez monitorinqlər olmalıdır ki, ayrılan ərzaqlar doğrudan da uşaqlara verilsin”.

E.İslamoğlu özəl bağçalarda da ciddi nöqsanların olduğunu deyib: “Özəl bağçalarla bağlı məsələni diqqətə çatdırmaq istəyirəm. Övladım üçün bağça axtaranda bu problemə rast gəlmişəm. Bəzi şəxslər var ki, dövlətdən VÖEN alaraq guya özəl bağça açırlar. Amma gedirlər iki-üç otaqlı mənzili kirayə götürərək bir otağa 20-25 uşağı birdən yerləşdirirlər. Havasızlıq, mənşəyi məlum olmayan ərzaqlar, uşalarla davranış məsələləri çox vaxt diqqətdən kənar qalır. Qeydiyyatda olmadığı üçün həmin bağçalarda monitorinqlər aparmaq olmur”.

Regionlardakı bağçalarla bağlı vəziyyəti dəyərləndirən ekspert vəziyyətin bərbad olduğunu vurğulayıb: “Mərkəzdə nisbətən çəkinirlər ki, yoxlamalar gələ bilər, amma regionlarda vəziyyət tam bərbaddır. Regionlarda çox kəndlər var ki, orada bağçaların adı var, özü yoxdur. Eyni zamanda, rayonların özlərində də bu hallar mövcuddur: kifayət qədər pul ayrılır, amma bağça yoxdur, yaxud bağça bərbad vəziyyətdədir, heç kim uşağını qoymaq istəmir ki, xəstələnəcək. Gigiyenik qayda, normal təmizlik yoxdur deyə insanlar qorxurlar. Ölkə miqyasında geniş şəkildə monitorinqlər aparılmalı, dövlət balansında olan bağçalar təmir olunmalı, ayrılan ərzaq təminatına ciddi nəzarət olmalıdır”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN