“Son vaxtlar bəzi şəhid ailələri İctimai Nəzarət Koalisiyasının rayon təşkilatlarına müraciət edərək bildiriblər ki, özlərini yeni ictimai nəzarət təşkilatının nümayəndələri kimi təqdim edən çəkiliş qrupları onlardan qəhrəman övladlarını cəmiyyətə tanıtmaq adı ilə müxtəlif məbləğlərdə pul tələb ediblər”.

Bunu “Təzadlar”a Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov deyib. Onun sözlərinə görə, özlərini yeni ictimai nəzarət təşkilatının nümayəndələri, yaxud “media təmsilçiləri” kimi təqdim edən həmin şəxslər şəhid ailələrinin hələ qaysaq bağlamayan yaralarını yenidən qanadırlar: “Vətən müharibəsi qəhrəmanları haqqında hazırlanan tanıtım xarakterli çəkilişə görə şəhid ailəsindən pul tələb etmək vicdansızlıqdır. Bu, heç bir məntiqə, əxlaqa sığmır. Bizim hər birimizin şəhid ailələrinə getməkdə məqsədimiz onların ata-analarına, əzizlərinə, yaxınlarına bir neçə saat da olsa, acılarını unutdurmaq, dərd-sərdən uzaqlaşdırmaqdır. Ancaq çox təəssüflər olsun ki, bəzi şəxslər rayonlara gedərək şəhid ailəsində çəkiliş aparır, oturub yeyir-içir, saatlarla vaxtlarını alır, sonra da onlardan və yaxınlarından çəkiliş üçün pul istəyirlər.

Bəli, son günlər yerli mediada, sosial şəbəkələrdə Vətən müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı özlərini “media təmsilçiləri” kimi təqdim edən bir qrup şəxsin şəhid ailələrindən ödəniş tələb etməsi müzakirə mövzusu olub. Ancaq təəssüf ki, rayonları, kəndləri gəzərək Vətən müharibəsində canından-qanından keçmiş şəhid qəhrəmanlarımızı tanıtmaq adı ilə müxtəlif məbləğlərdə pul tələb edən çətin tərbiyə olunan Ata Abdullayev kimilərinin davamçıları olan yeni ictimai nəzarət təşkilatının nümayəndələrinin xoşagəlməz hərəkətlərini araşdırıb ortaya çıxaranda onlar dərhal sosial şəbəkələrdə ciddi fəaliyyət göstərən qurumların əldə etdiyi uğurları gözdən salmağa çalışır və onların rəhbərlərinə qarşı “qara piar” aparmağa başlayırlar. 

Məsələ ondadır ki, biz sosial şəbəkə vasitəsilə cinayət hərəkəti törətməkdə şübhəli bilinən şəxsləri əlimizdə olan fakt və sübutlarla ictimaiyyətə təqdim edirik, onların barəsində rəsmi şəkildə aidiyyəti dövlət qurumlarına məktub göndəririk. Ancaq onlar barəsində heç bir tədbir görülmür. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun dövründə ölkə mediasının bir çoxu və sosial şəbəkələr düşünülmüş şəkildə zəbt olunmuşdu. Belə ki, Əli Həsənov Azərbaycan dövlətini, iqtidarı söyənlərə gizli şəkildə maddi dəstək göstərərək, öz sifarişlərini verirdi. Əli Həsənovun öz aləmində gizli hesab etdiyi -Azərbaycana və onun rəhbərliyinə qarşı həyata keçirdiyi “qara piar” kampaniyası əslində ictimaiyyətə bəlli idi. Hər kəsə o da məlum idi ki, bu, Əli Həsənovun əməllərinin reallaşmasında havadarı olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin birbaşa Azərbaycan xalqına qarşı meda soyqırımı idi. Himayələrində olan media orqanlarında tanınmış insanlara qarşı “qara piar” kampaniyası aparırdılar. Eyni zamanda, redaksiyaya daxil olan şikayətlər əsasında obyektiv jurnalist araşdırması aparan, düzü düz, əyrini əyri yazan media mənsublarını dərhal “reket” elan edir, həmin yazını dərc edən qəzetləri “qara siyahı”ya salırdılar. Müstəqil qəzet və saytların jurnalistlərini təqib etdirir, onlara hədə-qorxu gəlirdilər. Bunları yaşadıq, ancaq artıq o dövr bitdi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti mənimsədiyi üçün həbs edildi və KİVDF ləğv olundu. İndi Vüqar Səfərlini və onun komandasını islahatçı gənc bir komanda əvəz edib. Yeni yaranan Medianın İnkişafı Agentliyinin medianın inkişafına həqiqətən lazımi dəstək verəcəyinə əminəm, çünki bu istiqamətdə atılan ilk addımlar göz önündədir”.  

İNK sədri R.Məmmədov, eyni zamanda, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinin də vacibliyini vurğulayıb: “Sosial şəbəkələrdə azadlıq, hər bir insana öz fikrini, mövqeyini bildirmək imkanının verilməsi çox vacib məsələdir. Ancaq həmin sosial şəbəkələrin platformalarında elə biabırçı, təəssüf doğuran hallarla rastlaşırsan ki, onlarla barışmaq olmaz. Belə hallar sosial şəbəkələrdən bəzi adamların, qrupların sui-istifadəsi deməkdir. Sosial şəbəkələrdəki bu azadlığı özbaşınalığa çevirmək olmaz. Ünsiyyət, dialoq qurmaq, polemika aparmaq - bütün bunların özünün etik norma və qaydaları var. Dəfələrlə görmüşük ki, həmin o sosial şəbəkələrdə bəzi sui-istifadələr, qruplar sosial şəbəkələrin meydanını özlərinin məkrli məqsədləri üçün istifadə edir, tanınmış insanlara qara yaxır, onları aşağılayırlar. Bu, məni çox narahat edir. Misal üçün, sosial şəbəkələrin birində özünü yeni ictimai nəzarət təşkilatının rəhbəri kimi təqdim edən Ramil Şükürlünün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidentinin birlikdə olan şəklini montaj edərək öz başını Rəcəb Tayyib Ərdoğanın başının yerinə qoyması faktı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət etmişik. Ancaq hələ də ona güldən ağır söz deyən yoxdur. Əksinə, Ramil Şükürlünün fəaliyyətinə, geniş “qol-qanad açmasına” münbit şərait yaradırlar. Bu, nə deməkdir? Belə çıxır ki, dövlət orqanları rüşvətxor məmurlardan hələ tam təmizlənməyib. Məsələn, deyək ki, hansısa rayonun rüşvətxor, dövlət vəsaitini mənimsəyən icra başçısı həbs edilib, amma illərlə onun korrupsiya əməllərinə şərik olan birinci müavini, digər şöbə müdirləri hələ də iş başındadır. Həmin vəzifəli şəxslərin bu gün yeni təyin olunan icra başçılarına sədaqətlə xidmət etməsi mümkündürmü? Əlbəttə, xeyr! Baxın, rüşvətxor icra başçılarının həmin əlaltıları bu gün Ramil Şükürlü kimilərinin qeyri-ciddi təşkilatlarına icra hakimiyyətlərinin binasında yer də ayırırlar. Bu gün Masallının icra başçısı Şahin Məmmədov dələduzluq maddəsi ilə üç dəfə həbsdə olan, hazırda rayon məhkəməsində barəsindəki cinayət işi araşdırılan, işə düzəltmək adı ilə yüzlərlə insanı aldadıb pulunu mənimsəyən bir şəxsə havadarlıq edir. Nəyə görə? Hansısa bir təşkilata himayədarlıq edəndə əvvəlcə onun hüquqi ünvanını bilməlidirlər, fəaliyyət istiqamətini öyrənməlidirlər. Həmin təşkilatda kimlərin təmsil olunduğunu, kimliyini, dövlətə, dövlətçiliyə bağlılığını, baxışını, mövqeyini, siyasi mənsubiyyətini araşdırmalıdırlar. Çünki bu təşkilatlarda tüfeyli də var, çayxana adamı da, narkoman da...

Ancaq bizdə belə deyil. Bizim təşkilata üzv olmaq arzusunda olanlar üçün üç aylıq sınaq müddəti müəyyən edilib. Bu müddətdə həmin şəxs öz hərəkəti, danışığı, davranışı, geyimi, qabiliyyəti ilə təsdiqini tapırsa, biz onu təşkilatımıza üzv qəbul edirik. Əks təqdirdə, özünü doğrultmayanlar öncə qeyd etdiyim dırnaqarası təşkilatlara üz tutur, onların sırasını genişləndirirlər. Bu da təbii ki, həmin təşkilat rəhbərlərinə sərf edir. Ardınca da, yaratdıqları sosial şəbəkədə bizim kimi ictimai əsaslarla fəaliyyət göstərən ciddi təşkilatlara qara yaxmağa, şər-böhtanla işimizə kölgə salmağa çalışırlar.

Ona görə də mən hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, Azərbaycan sosial mediasına, dövlət qurumlarına, eləcə də bu gün qondarma yaradılan yeni ictimai nəzarət təşkilatının fəaliyyətinə ciddi nəzarət etsinlər. Bir daha təkrar edirəm, əgər bu gün adi, sıradan bir şəxs, dəfələrlə eyni cinayətlər üstündə həbsdə olan adam ölkə başçısı ilə öz başını montaj edirsə və bu cinayətə görə onun barəsində heç bir tədbir görülmürsə, belə cıxır ki, hüquq-mühafizə orqanları da ona dəstək verir? Bir vaxtlar hüquq-mühafizə orqanlarının Ata Abdullayevin ölkədə meydan sulamasına necə şərait yaratdığını yəqin xatırlayırsınız. Sonda nə oldu? DTX-nın araşdırmaları nəticəsində fakt və sübutlarla onun cinayət əməlləri təsdiqlənərək həbsinə qərar verildi. Axı DTX bu cür xırda işlərlə məşğul olmalı deyil. Bəs onda huquq-mühafizə orqanlarının işi nədən ibarətdir? İnanın ki, elə polis idarələri, şöbələri, bölmələri var ki, Ata Abdullayev kimi qaranlıq işlərlə məşğul olan adamlarla artıq dostlaşıblar. İndi də bir-birini dəstəkləyirlər. Bunun günahı nə Rasim Məmmədovdadır, nə də xalqımızda, aidiyyəti qurumlara rəhbərlik edənlərdədir. Bu kimi hallar barədə biz İNK olaraq cəmiyyətə məlumat verəndə ictimai qınağa rast gəlirlər. O zaman da həmin qurama təşkilatda toplaşanlar sosial şəbəkələrdə bizə şər-böhtan atmağa başlayırlar.  

Məlumdur ki, cəmiyyətdə hər zaman ictimai nəzarət olub. Sadəcə, bu, rəsmi qaydada fəaliyyət göstərməyib. Bildiyiniz kimi, Prezident cənab İlham Əliyev 2015-ci il mayın 17-də Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında ictimai nəzarətin vacibliyindən danışdı, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyəti aktivliyə çağırdı. Bu, Prezident tərəfindən ümumxalq çağırışı idi. Dövlət başçısının bu çağırışından sonra 2003-cü ildə Sabitlik və İnkişaf Mərkəzini təsis edən vətəndaş cəmiyyəti 2015-ci il oktyabrın 1-də toplaşaraq İctimai Nəzarət Koalisiyasını yaratdı. İlk olaraq 11 təşkilat bizim çağırışa qoşuldu. 11 təşkilat Sabitlik və İnkişaf Mərkəzinin bazasında birləşərək koalisiya yaratdı. Bu koalisiyanın niyyət protokolu imzalandı. Eyni zamanda, koalisiyanın fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Biz bu gün cənab Prezidentin dediyi fikirlərə arxalanaraq daha geniş tərkibdə fəaliyyət göstəririk. Atalar demişkən: “Haqq nazilər, üzülməz”. Bu gün bizi söyənlərə, dünyadan cavan köçən qız övladlarımızı təhqir edən Almaniyadakı bloqerlərə, daxildən onlara dəstək verib bizi “ifşa etmək” istəyənlərə sözüm budur ki, Allah sizi hidayət etsin - doğru yola qayıdın”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA