Vahid Əziz: "Maraqlıdır ki, bu gün Ramiz Mehdiyevin daha çox pislik etdikləri yox, daha çox yaxşılıq etdiyi - vəzifə verdiyi adamlar söyüb-təhqir edir, üzünə ağ olur"

Məlum olduğu kimi, son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı narazılıqlar artıb. AMEA-nın institutlarının bir neçə direktoru ilə yanaşı, bəzi ziyalılar, alimlər də onun vəzifəsindən getməli olduğu barədə öz mövqelərini qəti şəkildə bildiriblər.

Bu məsələ ilə bağlı tanınmış şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü Vahid Əzizin də fikrini öyrəndik. Digərlərinin fikrindən fərqli olsa da…

- Vahid müəllim, son vaxtlar ölkə mediasında, sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev haqqında tənqidi yazılar dərc olunur, onun vəzifəsindən istefa verməsi tələbləri irəli sürülür. Bilirik ki, vaxtilə siz Bakı şəhər Partiya Komitəsində, Azərbaycan KP Mərkəzi Komitəsində, Azərbaycan Dövlət Mətbuat Komitəsində, eləcə də Azərbaycan Yazıçılar Birliyində və Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmısınız. Ondan da xəbərdarıq ki, siz Azərbaycan KP Mərkəzi Komitəsində işləyərkən Ramiz Mehdiyevlə aranızda çox kəskin münaqişə olub. Ancaq maraqlı olan həm də sizin bu barədə indiyədək susmağınızdır. Yaxşı, bu gün ölkə mətbuatının gündəmində olan Ramiz Mehdiyevlə bağlı yazılara, çıxışlara necə baxırsınız?

- Məsələ ondadır ki, bu gün həqiqətən də Ramiz Mehdiyev haqqında çox söz-söhbətlər danışılır, yazılar dərc olunur. Qəribə olan onu mənim qədər tanımayanların iddialı çıxışlarıdır. Maraqlıdır ki, bu gün Ramiz Mehdiyevin daha çox pislik etdikləri yox, daha çox yaxşılıq etdiyi - vəzifə verdiyi adamlar söyüb-təhqir edir, üzünə ağ olurlar... Qeyd etdiyiniz kimi, həqiqətən də vaxtilə mənim Ramiz Mehdiyevlə aramda çox kəskin münaqişə olub. Onu da deyim ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyev məni Azərbaycan KP Mərkəzi Komitəsində işə götürəndə Ramiz Mehdiyev təşkilat şöbəsinin müdiri idi. Yeri gəlmişkən, deyim ki, mən 1982-1989-cu illərdə Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, sonra mətbuat bölməsinin müdiri vəzifələrində çalışmışam. Ramiz Mehdiyevlə aramda münaqişə elə həmin illərə təsadüf edir.   

- Sirr deyilsə, deyə bilərsinizmi, Ramiz Mehdiyevlə aranızdakı münaqişə nədən yaranmışdır?

- Düzü, mən indi o məsələyə qayıtmaq istəmirəm.

- Niyə?

- Çünki danışsam, vaxtınızı çox alacam... Yalnız onu deyə bilərəm ki, Ramiz Mehdiyevdən yarınmaq istəyənlər aramıza girdilər. Görünür, mən bəzilərinin yerini dar eləyirdim. Hətta Milli Məclisə deputat seçilməyimin qarşısını aldılar. Bütün bunlar hamısı üst-üstə yığıldı və mən də 1998-ci ildə - ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə - Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olarkən, necə deyərlər, qılıncının dalı-qabağı kəsdiyi dövrdə onun haqqında "Alternativ" qəzetində iki səhifəlik "Bu məmləkətdə özbaşınalığa son qoyulmalıdır" başlıqlı yazımda sözümü çox kəskin demişəm. Nə demişəm, daha onları təkrar sadalamaq istəmirəm. Təbii ki, o vaxt Ramiz Mehdiyev məni məhkəməyə verdi. Allah qəni-qəni rəhmət eləsin, ümummilli liderimiz həmin münaqişənin qarşısını aldı.

"Ramiz Mehdiyevin barəmdəki məhkəmə iddiası zamanı mənə iki nəfər dayaq oldu: biri ümummilli lider Heydər Əliyev, digəri isə keçmiş baş prokuror Eldar Həsənov..."

Şəxsən özünün tapşırığı ilə Ramiz Mehdiyevin mənim barəmdəki məhkəmə iddiası dayandırıldı. Onu da deyim ki, Ramiz Mehdiyevin barəmdəki məhkəmə iddiası zamanı mənə iki nəfər dayaq oldu: biri ümummilli lider Heydər Əliyev, digəri isə keçmiş baş prokuror Eldar Həsənov. Maraqlı və qəribəsi odur ki, bu gün Ramiz Mehdiyevi qılınclayanların əksəriyyəti vaxtilə onun arxasınca bir əlində dəsmal, bir əlində aftafa gəzdirənlərdir. Bu adamların çoxu o vaxt mənə salam belə, vermirdilər. Məndən qaçırdılar, üz-üzə gələndə yollarını dəyişirdilər. Bütün bunlara 1993-1999-cu illərdə Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi olmuş Eldar Namazov şahiddir. O, bir gün mənə dedi ki, məhkəmə məsələsi həll edilib, ancaq Prezidentin bir tövsiyyəsi var: bu münaqişəyə son qoyulsun. Mən də söz verdim ki, bu məsələni qurtardım. Ondan sonra mən Ramiz Mehdiyev haqqında bir kəlmə də olsa, nə danışadım, nə də yazdım... Bu günlərdə də bir çox qəzet və saytlardan zəng edib Ramiz Mehdiyevlə bağlı fikrimini öyrənməyə çalışdılar. Sizə danışdığım kimi, onlara da dedim ki, mən sözümü vaxtilə demişəm. Qoy Ramiz Mehdiyev bilsin ki, mən onun yaxşılıq  etdiyi, vəzifə verdiyi, deputat elədiyi... o adamlardan deyiləm! İndi onun bu halında barəsində susmağımın isə başqa mənası var, bu, əslində, ona ən böyük cəzadır! Bilirsiniz, mən heç vaxt yıxılana balta vurmamışam və bundan sonra da vurmaram. Bəlkə kimlərsə məni qınayar ki, niyə Vahid Əziz susur, Ramiz Mehdiyev haqqında söz demir?! Ancaq mən qorxaq deyiləm, əgər qorxaq olsaydım, o vaxt – R.Mehdiyev vəzifədə olanda sözümü deməzdim. Sadəcə, əxlaqıma uyğun deyil yıxılana balta vuram. Bir məsələni də qeyd edim ki, o vaxt Ramiz Mehdiyevlə yanaşı, bir çoxları da mənimlə düşmənçilik edirdi...

- Bəs onların sizinlə nə alıb-vermədiyi vardı?

- Səbəblərdən biri o vaxt ermənilərin əleyhinə kitab yazmağım idi. Mən də ümummilli liderimizə verdiyim sözə sadiq qalaraq, Ramiz Mehdiyevi və əleyhimə işləyənləri tapşırdım Allaha. Uca Allah məni dünyaya şair gətirdiyinə görə, görünür, tapşırığımı eşitdi və onların cəzalarını indi verir. Keçənə güzəşt deyərlər. İndi nə qədər güzəşt olacaq, onu yenə Allah bilər. Ancaq sizə bir söz deyim. Əgər o vaxt Prezident Heydər Əliyev məsələyə qarışmasaydı, müdafiəmə qalxmasaydı, bəlkə də məni həbsxanalarda çürüdəcəkdilər. Demirəm ki, bunu tək Ramiz Mehdiyev istəyirdi, digər əleyhimə olanların da cəhdi bu idi. Vətənpərvərliyimə, vətəndaşlığıma, sözü düz dediyimə görə üstümə diş qıcayanlar az deyildi. Ancaq adlarını çəkmək istəmirəm. Məhz onların sayəsində 52 yaşımdan bu günədək işləmirəm. Lakin səsimi çıxartmamışam. Mənə qarşı haqsızlıqlar çox olub. Bu haqsızlıqların başında Ramiz Mehdiyev dururdu, amma... Yenə deyirəm, mən onların da adlarını çəkmək istəmirəm. Çünki Allah ədalətlidir. Ancaq mən arzu edərdim ki, hər şeyin qiyməti, dəyəri vaxtında verilsin.    

Elbar ŞİRİNOV  


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA