2016-cı ildə “Avroviziya”da Ukraynanı təmsil edərək qalib gəlmiş Camala Ukrayna ordusuna dəstək olmaq məqsədilə Almaniyada oxuduğu mahnıların sayəsində 125 milyon manat pul yığıb.

P.S. Bəs görəsən, bizim müğənnilər, aktrisalar 125 milyon manat demirəm, 125 manatlıq bazarlıq edərək, bir əsgərin ailəsini sevindiribmi? Faiqin, Aygünün, Manafın, Röyanın, Məleykə Əsədovanın, Nadirin, Tolikin, Şəbnəmin, Afaq Aslanın və digərlərinin villalarının bu başından o başına getmək üçün avtobus lazımdır. Dinəndə də deyirlər ki, xalqımın yolunda can qoymuşam. O canı ciblərinizi doldurmaq və tikdirəcəyiniz villanın böyüklüyü yolunda qoymusunuz. Hansı şəhid ailəsinə sadə bir ev almısınız? Hansı qazinin kəsilən ayağını protezlə təmin etmisiniz? Hansı Qarabağ veteranının təxminən 2000 manat olan təhsil haqqını ödəmisiniz? “YAŞAT” Fonduna hansınız heç olmasa 1000 manat pul köçürüb? Bax bunların heç birini etmədiklərinə, yalnız öz ciblərini düşündüklərinə və efirlərdən gənclərin mənəviyyatının pozulmasına yönələn addımlarına və etdikləri tərbiyəsizliklərə görə, xalq arasında bu şou əhlinə qarşı bir ikrah və nifrət var.

***

Aktrisa sayılan Nəzakət Məmmədova gəlini ilə birlikdə “Tik-Tok”da yayımlanan videolarına görə tənqid edilib. “Elgizlə izlə” verilişində qonaq olan Nəzakət xanım ona verilən “deyirlər gəlin-qayınana “Tik-Tok”da oyun çıxardırsınız” - suala belə cavab verib: “İncəsənət ailəsiyik, bizə maraqlıdır, xalqın fikri də önəmli deyil”.

P.S. Əvvəla, belə yerdə deyiblər, danışığını yeyəsən. İkincisi də, ay Nəzakət xanım, soruşmaq ayıb olmasın, xalqın fikri sizin üçün önəmli deyilsə, bəs onda gəlin- qayınana “Tik-Tok”da nə qayırırsınız? Hıy? Sualım bir az qəliz olmadı ki?

***

Məlumatlara görə, milyonların sevimlisi, ecazkar səs sahibi, Xalq artisti Flora Kərimova müğənni sayılan Afət Fərmanqızını xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə Binəqədi Rayon Məhkəməsinə verib. İşi araşdıracaq hakim isə Mahirə Kərimovadır.

P.S. Deyirəm, Flora xanımın şikayəti təmin olunsa, maraqlı alınardı e, mən ölüm. Yəni, Afət Fərmanqızının “bezdarnıy” mahnılarından çöldəkilər bir müddət dincələrdi, “içərdəkilər” isə, sevinərdi. “İçəridəkilər”in də mahnı dinləməyə haqları var dayna...

***

Bir dostum soruşdu: - Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar 9 gün istirahət edəcəyik. Sən bu 9 günü necə istirahət edəcəksən?

P.S. Cavabım belə oldu: - Əvvəla, istirahət biz kasıblara o dünyada olacaq. İkincisi isə rəhmətliyin oğlu, sənə, mənə və bizim kimi kasıblara nə bayram? Xarici ölkələrdə bayramqabağı qiymətləri aşağı salırlar. Bizdə isə bayramqabağı qiymətləri elə həddə qaldırırlar ki, kasıbın bayram etməyi bir tərəfə, bahaçılıqdan şoka düşüb səhhətində ciddi problem yaranır. Səndə nə qoyub, nə axtarırsan? O, 9 gün istirahət gecə-gündüz xalqımızın yolunda can qoyan bəzi məmurlar və bayramqabağı vicdanları ağrıya-ağrıya qiymətləri qaldıran iş adamları üçündür ki, sevgililərini qoltuqlarına vurub, istirahət üçün xarici ölkələrə gedə bilsinlər. Bayram, istirahət, əziz dostum, onlar üçündür. Biz kasıblar üçün isə “Nökər nədir, bekar nədir” - məsəli daha keçərlidir.

***

Verilən statistik məlumata görə, Azərbaycanda yeni doğulanların sayı azalmağa başlayıb və bunun səbəbləri araşdırılır.

P.S. Burada araşdırmalı heç nə yoxdur axı. Uşaq pulu yox, amma uşağın doğulması 1500-2000 manata başa gəlir.

Uşaq pulu yox, amma bağça pulu yüksək olur. Uşaq pulu yox, uşaq yeməkləri bahadır.

Uşaq pulu yox, orta məktəbdə müxtəlif bəhanələrlə pul yığmaq çoxdur.

Uşaq pulu yox, Ali məktəblərdə təhsil haqqı kəllə-çarxa qalxır.

Uşaq pulu yox, valideynlər işsiz-gücsüzdür... Bütün bunları nəzərə alan valideynlər uşaq dünyaya gətirmək məsələsini, vəziyyətin az da olsa, düzələcəyinə ümid bağlayaraq, gözləyirlər ki, doğulan uşaq acından ölməsin. Mütəxəssislərin daha başqa səbəblər axtarmasına isə ehtiyac yoxdur.

***

Müstəqil dövlət olan Ukraynaya Rusiyanın işğalçı kimi soxulmasına görə, Qərb ölkələrinin birlikdə tətbiq etdikləri çoxsaylı sanksiyaların dünya tarixində hələ analoqu olmayıb. Ekspertlərin bildirdiyinə görə, V.Putin müharibəni dayandırmasa, Rusiya dövləti və özü də məhv ola bilər. Ona görə də sual olunur: - Bəs onda V.Putin müharibəni niyə dayandırmır?

P.S. Necə dayandırsın axı? Ata minmək bir ayıb, atdan düşmək iki ayıb. V.Putin yaxşı bilir ki, mindiyi atdan düşsə, nə baş verəcək. Ona görə də mümkün qədər atın belində çox qalmağa çalışır. Amma V.Putinin altındakı at artıq büdrəyib və çox duruş gətirə bilməcəyi aydındır. Rusiya xalqı isə, onda şifonerin başından yerə düşəcək gəlini gözləyən bəy rolunda olacaq.

***

Qəzetlərin birində ərazilərimizin minadan təmizlənməsinə həsr olunmuş yazıya belə başlıq qoyulub: “Beynəlxalq qurumlar Azərbaycanın mina təmizləməkdə kömək çağırışına niyə susur?”

P.S. Niyə də susmasınlar? Beynəlxalq qurumlar ermənilər tərəfindən ərazilərimizin işğal edilməsinə 30 il necə susublarsa, indi də mina təmizləmə barədə kömək çağırışlarına eləcə susurlar. Çünki həmin beynəlxalq qurumlar 30 il ərzində işğalçı Ermənistana dəstək olduqlarından və ərazilərimizdə biznes qurduqlarından hələ də inana bilmirlər ki, həmin yerlər işğaldan azad olunaraq əbədi sahibinə qovuşub.

***

Mətbuatda bir azərbaycanlı baş redaktor (hansı saytın, qəzetin baş redaktoru olduğu göstərilmir) Ramiz Mikayılovun Ukraynadakı səfirliymizi tənqid edən fikri yer alıb: “Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı “Sədərək” və “Binə” Ticarət Mərkəzini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Deyirlər ki, raket atəşi altında işləyirlər, ona görə də arayış bahadır”.

P.S. Bu baş redaktor Ramiz Mikayılov kimdirsə, çox təxribatçı adama oxşayır. Bu adam bilə-bilə ki, Ukraynadakı səfirimiz Elmira Axundova da jurnalistdir, onun həmkarıdır, amma bu həmkarlığı nəzərə almayaraq, durub səfirliyi Ticarət Mərkəzinə bənzədib. Raket atəşi altında işləmək sənə asan gəlməsin. Düzdür, arayış üçün alınan o 200-300 dollar rüşvət çox müqəddəs bir işdir. Görün, atəş altında alınan o cüzi rüşvət nə qədər müqəddəsdirsə, rusların atdığı raketlər belə göydə qanad açıb dayanır və yerə düşmür. Məgər bu, Elmira xanımın səfir kimi gördüyü müqəddəs bir işin nəticəsi deyilmi? Elmira xanım o arayışı 200-300 dollara yox, 500-1000 dollara versəydi neyləyəcəkdi? 500-1000 dollara görə, kim raket zərbəsinə tuş gəlmək istəyər? Əlbəttə, heç kim! Ona görə də səfir Elmira xanımın 200-300 dollara arayış satması həm normaldır, həm də savab işdir. Kişinin qızı özü və səfirliyin digər əməkdaşları ilə birlikdə dabana tüpürüb Bakıya qaçmasaydı, görün belə savab işi hələ nə qədər görəcəkdi...

***

Həmişə soyunub, lüt-ətcəbala olması ilə gündəmə gələn, özü də aktrisa sayılan Pərvin Abıyevanın saçının rəngini dəyişib sarışın olması sosial şəbəkə izləyicilərinin guya marağına səbəb olub.

P.S, Burada marağa səbəb olan nədir axı?  Əgər Pərvin Abıyeva saçında yox, ağlında dəyişiklik edib, özünü abırlı, həyalı aparsaydı, adam kimi normal paltar geyinsəydi, bu, əlbəttə marağa səbəb olardı. Amma saçının rənginin dəyişməsi Pərvinin dəyişməsi demək deyil axı. Necə deyərlər, “toplananların yerin dəyişəndə cəm dəyişmir”.         

***

Türk müğənnisi, 59 yaşlı Seda Sayan özündən 25 yaş kiçik musiqiçi Çağlar Ötkənə ərə getməyə hazırlaşır. Məlumatda o da deyilir ki, bu Seda Sayanın rəsmən 7-ci evliliyidir.

P.S. Sağ əli 3-4 dəfə ərə getmiş, 3-4 sponsor dəyişmiş bizim şou əhlu xanımların başına olsun.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA