booked.netbooked.net booked.net  

Rəngarəng yuxular, istəklər, xəyallarla dolu uşaq yaşlarımda mavi səma, geniş asiman, sonsuz ənginliklər daim məni özünə çəkərdi. Gündüzlər aydın, günəşli, gecələr isə ulduzların bərq vurduğu göy üzünə saatlarla tamaşa eləməkdən doymazdım. Gələcək peşə seçimi ilə bağlı tez-tez dəyişən arzularımdan biri də kosmonavt olmaq idi.

Sovetlər dönəmində bu sahədə həyata keçirilən layihələrlə maraqlanır, səma fatehlərinin demək olar ki, hamısını tanıyır, məşhur soydaşımız Kərim Kərimov, müsəlman Musa Manarovla qürur duyurdum. Ötən əsrin 70-80-ci illərində reallaşan uzunmüddətli kosmik səyahətlər, elmi-texniki sınaqlarla yanaşı, “Vremya”, “Günün ekranı” xəbər proqramlarında 20-30 saniyə nümayiş olunan gəmi heyəti ilə idarəetmə mərkəzi arasındakı skayp bağlantısı, görüntülü əlaqəyə böyük heyrətlə, əsl möcüzə kimi baxırdım. Bəli, “zaman mütləq hakimdir” deyirlər, bəşəriyyət yaranandan bəri hər dövrün öz yenilikləri, kəşfləri, ixtiraları var - buxar mühərrikləri, nüvə reaktorları, televiziya, internet və sair bu qəbildəndir. Amma həqiqi istedad və bacarıq insanın taleyini vaxtın ixtiyarına buraxmamaq, daha dəqiq, zamanın diqtəsindən asılı qalmadan günün tələblərinə cavab vermək, tərəqqi, yeni, daha təkmil texnologiyalar zamanı yaratmaqdır. Məhz indiki informasiya-kommunikasiya texnologiyaları dövrü kimi...

BU GÜNƏ GƏLƏN KEŞMƏKEŞLİ YOL

Şübhəsiz ki, adıçəkilən sahə tarixin dərinliklərindən – çaparla məktub göndərilməsindən indiki səviyyəsinə - klavişə bir toxunuşla dunyanın o başına iri həcmli süjetlər, verilişlər ötürülməsinə qədər çoxəsrlik bir inkişaf yolu qət edib və uzaq-yaxın keçmişimizə qısa ekskursla əsas mövzuya körpü qoyaq.

Ölkəmizdə rabitənin tarixi xeyli qədimdir. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin qurucusu, şair-hökmdar Şah İsmayıl Xətai tərəfindən qoyulub. Müasir formada poçtun yaranması isə XIX əsrin birinci yarısına təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Bundan 42 il sonra – 1860-cı ildə isə Bakı Quberniyası nəzdində Bakı poçtamtı təşkil edilib. Görülən işlərin nəticəsi olaraq 1881-ci ilin yanvar ayında telefon çəkilişinə icazə almaq məqsədilə Nobel Qardaşları Cəmiyyəti tərəfindən Bakı qubernatoru, general-leytenant Pozenə müraciət ünvanlanıb və fevralın 18-də müsbət cavablamdırılıb. Həmin il noyabrın 23-də Azərbaycanda uzunluğu 6 kilometrə çatan və “Nobel Qardaşları Cəmiyyətinin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istifadəyə verilib. Bu, Azərbaycanda ilk telefon xətti sayılır və telefon rabitəsinin yaradılması rəsmən həmin tarixə təsadüf edir.

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömründə ölkədə poçt və teleqrafın təkmilləşməsi istiqamətində mühüm işlər görülüb. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis olunub. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də məhz o zaman yaradılıb.

Sovet hakimiyyəti illərində də Azərbaycan rabitəsi dövrün tələblərinə uyğun qurulub. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul edib. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olub.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RABİTƏSİ

Azərbaycan tarixinin son 50 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı tərəqqini təmin edən, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini görərik. Bu siyasətin tərkib hissəsi kimi, Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın yaxın onilliklər üçün inkişaf perspektivlərinin biliklərə əsaslanan iqtisadiyyatla birbaşa bağlı olduğunu uzaqgörənliklə düşünən ümummilli lider informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoymuşdur.

1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və digər elmi-tədqiqat müəssisələri yaradıldı. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - "Azərbaycan", respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Sonralar Naxçıvanda, Tərtərdə, Mingəçevirdə, Şirvanda, Gəncədə, Sumqayıtda və Bakıda 30-dan artıq elektron və cihazqayırma zavodları işə salındı. Beləliklə, respublikada yeni və son dərəcə əlverişli bir sənaye sahəsi təşkil olundu.Onun elmi təminatı yaradıldı. Elmi-tədqiqat institutlarının nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyətə başladı. Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldı.

Müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev, hətta ağır şəraitdə belə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərirdi. Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin, "Baksell" və "Azərsell" birgə müəssisələrinin yaradılması ilə ölkəmizdə mobil rabitənin inkişafının əsası qoyulmuşdu. İlk beynəlxalq telefon stansiyasının yaradılması Heydər Əliyevin bu istiqamətdə atdığı vacib addımlar idi. Azərbaycanda rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də ümummilli liderin səyləri nəticəsində mümkün olmuşdur. Ölkəmizin radio-televiziya yayımının müasir tələblərə uyğun təşkili, milli televiziya proqramının süni peyk vasitəsilə yayımlanmağa başlanılması, Avropa və Yaxın Şərq dövlətləri ilə yanaşı blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqramlarını seyr etmək imkanı qazanması da məhz onun adı ilə bağlıdır.

2003-cü il fevral ayının 17-də Ümummilli liderimiz tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş qlobal strategiya Azərbaycanın İKT sahəsinə xüsusi diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi. Bütün bunların məntiqi nəticəsidir ki, regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir.

ESTAFET ETİBARLI ƏLLƏRDƏDİR…

Dövlətimizin başçısı İlham Əliyev bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin sürətli və davamlı inkişafı üçün irimiqyaslı işlər, dövlət proqramları və islahatlar həyata keçirir. Möhtərəm prezidentimizin dəfələrlə bəyan etdiyi kimi, o, bütün bunlara yalnız xalqın dəstəyinə arxalandığı üçün nail ola bilib: “Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha çox əzmkar edir, məni daha da güclü edir. Mən bunu hiss edirəm, ona görə bütün islahatları, siyasəti çox cəsarətlə aparıram. Mənim üçün ən başlıcası Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır. Bütün siyasətim buna yönəldilib və əminəm ki, biz birlikdə, xalqın dəstəyi ilə Azərbaycanı hərtərəfli inkişaf etdirəcəyik, zəngin dövlət yaradacağıq”.

Elə 44 günlük qalibiyyətli Vətən müharibəmizin tarixi Zəfərlə sonuclanması nəticəsində torpaqlarımızda 30 illik erməni işğalına son qoyulması da rəşadətli ordumuzun şücaəti, şəhidlərimizin, qazilərimizn canı-qanı ilə yanaşı, cənab Ali Baş Komandanın müdrik və qətiyyətli siyasəti, dövlər-xalq birliyi sayəsində mümkünləşdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə daxili və xarici siyasətə yeni ab-hava, yeni çalarlar gətirdi. Bu siyasi kurs nəinki ölkəmizdə və regionda, eləcə də dünyada cərəyan edən geosiyasi və iqtisadi proseslər, bu sahədəki müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Təsadüfi deyil ki, qloballaşan dünyada sosial-iqtisadi inkişafın lokomotivi sayılan informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələ elan olunub. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

XXI əsr informasiya cəmiyyətinin yaradılması, zəngin təbii sərvətlərin insan kapitalına çevrilməsi və yüksək intellektual səviyyənin formalaşması baxımından keyfiyyətcə yeni eranın başlanğıcı sayılır. Qloballaşan, daim irəliyə - yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları - internet, yüksək texnologiyalar və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual və təxirəsalınmaz məsələ - telekommunikasiya və informasiya texnologiyaları sahəsində "inqilabi" dəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, dövlətlər və xalqlararası zaman və məkan fərqlərini aradan qaldırmaqdır.

Müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, Azərbaycan qısa zaman kəsiyində bu mühüm sahədə də böyük nailiyyətlər əldə edib. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin tam demokratikləşməsi, beynəlxalq birliyə və Qərb iqtisadiyyatına geniş inteqrasiya, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl dövlətlər sırasına çıxmaq üçün uğurlu addımlar atmasına imkan yaradır. Yeni texnologiyaların tətbiqi və yeni xidmətlərin göstərilməsi nəticəsində rabitə və informasiya xidmətlərinin tərkibinin genişlənməsinə və keyfiyyətinin yüksəlməsinə nail olunub. Əsasən də regionlarda və ucqar yaşayış məntəqələrində xidmətin əhatə dairəsi xeyli genişləndirilib. Ən ucqar yaşayış məntəqələrinin peyk texnologiyası vasitəsilə telefonlaşdırılması istiqamətində görülmüş məqsədyönlü işlər nəticəsində dünyanın əksər ölkələrində hələ də həllini tapmamış bir məsələ - ölkə ərazisinin tam telefonlaşdırılması (MDB ölkələri arasında ilk ölkə) başa çatıb. Bu gün ölkəmizin istənilən yaşayış məntəqəsində, hətta 2-3 evi olan kəndlərdə də vətəndaşların stasionar telefon xidmətinə çıxış imkanı vardır. Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsal edən ilk kompüter zavodu - KÜR Mingəçevir şəhərində istifadəyə verilmişdir.

Dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə əlaqədar tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq dövlət proqramı hazırlanmışdır. Dövlət proqramında əsas istiqamətlər kimi, kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emalı üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün BTİ ilə işlərin davam etdirilməsi, kadrların hazırlanması və bu kimi önəmli məsələlər öz əksini tapıb. Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması üçün əməkdaşlıq istiqamətində tanınmış şirkətlərdən bir neçəsi ilə anlaşma memorandumları imzalanmışdır ki, bunlara misal olaraq Türkiyənin "Türksat", Malayziyanın "Measat" və ABŞ-ın "Orbital" şirkətlərini göstərmək olar. Aparılan işlərin nəticəsi olaraq planlı zolaqda ölkəmizi və qonşu ölkələri əhatə etmək şərtilə 96E orbital mövqeyi 2008-ci ildə BTİ tərəfindən Azərbaycan Respublikasına ayrılmışdır. Bununla belə, telekommunikasiya peykinin Avropa və Asiya ölkələrini də əhatə etməsi üçün plandankənar zolaqda da orbital mövqeyin ayrılması ilə bağlı BTİ-yə müraciət edilmiş və bu istiqamətdə də mövcud prosedur qaydalara uyğun olaraq tədbirlər görülür.

ZAMANIN ÇAĞIRIŞLARINA LAYİQLİ CAVAB

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və uzunmüddətli inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları son illərdə sürətlə inkişaf edərək, bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, rabitə, təhsil, səhiyyə, biznes, turizm və bank-maliyyə sahələrində tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan, yeni texnologiyalar üzrə dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir. Azərbaycanda da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və Qərbin ən son nailiyyətlərinə əsaslanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təxminən 2 ay öncə imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman da çağdaş qloballaşan dünyanın çağırışlarına cavab vermək, proseslərlə ayaqlaşmaq, İKT sisteminin təkmil idarəçiliyi ehtiyacından irəli gəlir. Belə ki, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Və qurumun tərkibində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi; keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi publik hüquqi şəxsləri yaradılıb.

Sonda Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini və kollektivini, bütün Azərbaycan xalqını təbrik edir, daha böyük uğurlar diləyirəm!

Qurban Məmmədli,

“Mədəniyyət/Culture” jurnalının əməkdaşı

Məqalə Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin jurnalistlər üçün elan etdiyi müsabiqəyə təqdim olunur. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN