booked.netbooked.net booked.net  

Professor, əməkdar elm xadimi Vilayət Vəliyev: “Döyüşçü tələbələr torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə imtahanlarını veriblər, indi növbə bizimdir və biz onlara imtahan verməliyik

Azərbaycan Texniki Universitetin təşəbbüsü və dəstəyi ilə dərc olunan “Zəfər Şahinləri” kitabı şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi baxımından olduqca uğurlu addımdır

Xalqımızı məğlub xalqdan qalib xalqa çevirən 44 günlük II Qarabağ savaşı barədə nə qədər yazılsa, nə qədər deyilsə, yenə də azdır. Nəzərə alsaq ki, son 200 ildə itirilən torpaqlarımızdan bir qarış da olsa, geri qaytarılmayıb, onda bu tarixi Zəfərin dəyəri birə-beş artar. Ali Baş Komandan, Prezident İlham Əliyevin adı isə tarixə, xalqımıza məhz bu Zəfəri qazandıran sərkərdə kimi qızıl hərflərlə yazılacaq.

44 günlük II Qarabağ savaşında Azərbaycan oğullarının igidlikləri, qəhrəmanlıqları və sözün əsl mənasında, ölməzliyi bütün dünyaya örnək oldu. Şəhidlərimizin, qazilərimizin, veteranlarımızın hər biri haqqında iri həcmli dastanlar, romanlar, povestlər yazmaq olar və lazımdır. Bu döyüşdə xalqımızın elə bir təbəqəsi olmadı ki, ön cəbhəyə köməyini əsirgəməsin. Arxa cəbhə ilə ön cəbhənin, prezidentin dediyi dəmir yumruq kimi birləşməsi, qələbəmizin başlıca amilidir. Bu döyüşdə xüsusilə gənclərimizin qəhrəmanlığı dillərdə dastan olub. Sosial şəbəkələrdə erməni döyüşçülərinin  Azərbaycan əsgərinin əfsanəyə dönmüş qəhrəmanlığından, hətta güllə dəydikdə belə ölməzliyindən, indinin özündə belə qorxa-qorxa, vahimə içində danışması, əsgərlərimizin necə qəhrəman olduğunun canlı nümunəsidir. Ali Baş Komandan, prezident İlham Əliyev öz çıxışlarının birində  II Qarabağ savaşı haqqında danışarkən çox maraqlı bir məqama toxunmuşdu: “44 günlük savaş ərzində Ermənistan ordusundan 10 min fərari olduğu halda, Azərbaycan ordusundan bir nəfər belə fərari qeydə alınmadı”. Bu, bir daha göstərir ki, Qarabağın 30 illik işğalına son qoymaq üçün Azərbaycan oğulları bir nəfər kimi canından keçməyə hazır olub və keçiblər də.

Belə qəhrəman oğullar arasında bir çox Ali məktəblərin tələbələri də olub. Məsələn, Azərbaycan Texniki Universitetinin tələbələri və müxtəlif illərdə məzunu olmuş gənclər də, bu 44 günlük döyüşdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Onlardan hələlik əldə olunan məlumata görə 33 nəfəri şəhidlik zirvəsinə ucalıb. Axtarışlar hələ davam edir. Ehtimal var ki, istəməsək də, universitet məzunları arasında şəhid olanların hamısı haqqında məlumat əldə olunmayıb. Bu yazılardan sonra universitetin məlumat ala bilmədiyi məzun şəhidlərinin valideynləri yaxşı olar ki, universitetə müraciət etsinlər və onların hər biri yenidən hazırlanacaq kitabalara mütləq daxil ediləcək. Universitetin II Qarabağ savaşında iştirak etmiş tələbələrinə isə burada ən yüksək ehtiram və diqqət göstərilir. Azərbaycan Texniki Universitetinin rektoru, professor, əməkdar elm xadimi Vilayət Vəliyev hər bir döyüşçü tələbəyə, o qədər həssas və qayğıkeşliklə yanaşır ki, sanarsan öz doğma balalarını əzizləyir. V.Vəliyevin döyüşçü tələbələrə, hətta nəzərdə tutulmayan bir çox imtiyazlar tətbiq etməsi isə, sözün əsl mənasında böyüklükdür və bu insanın torpağına, vətəninə, dövlətinə sonsuz məhəbbətlə bağlılıgdır. Universitetdə kimdən soruşsan rektor V.Vəliyevdən əlavə, bütün rəhbər heyətin, müəllim kollektivinin döyüşçü tələbələrə xüsusi qayğı ilə yanaşmasından agız dolusu danışarlar.

Rektor V.Vəliyevin bir tədbir zamanı dediyi fikirləri isə, döyüşçü tələbələrə göstərilən yüksək qayğı və diqqəti,  çox ibrətamiz, həm də olduqca fəlsəfi şəkildə ortaya qoyur: “Döyüşçü tələbələr torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə imtahanlarını veriblər, indi növbə bizimdir və biz onlara imtahan verməliyik”. Eşq olsun qəlbi, ürəyi vətən eşqi ilə döyünən Vilayət Vəliyev kimi ziyalılarımıza. V.Vəliyevin bu kateqoriyadan olan insanlara belə həssaslıqla yanaşması, fəaliyyətə başladığı bu az dövrdə Texniki Universitetin nüfuzunu ölkədə və xaricdə qaldırması göstərir ki, Prezident İlham Əliyevin kadr siyasəti çox düzgün qurulub.

Məhz V.Vəliyevin təşəbbüsü ilə döyüşçü tələbələr və şəhid olmuş məzunlar daim diqqətdə saxlanılır və onların adlarının əbədiləşdirilməsi üçün çoxsaylı tədbirlər həyata keçirilir.   Texniki Universitet öz şəhid məzunlarının xatirəsini həmişə əziz tutur və gələcək nəsillərə örnək üçün, onlar haqqında kitablar hazırlayır. Belə kitablardan biri də, bu il çapdan çıxmış “Zəfər Şahinləri” adlanır. Kitabda Texniki Universitetin II Qarabağ savaşında qəhrəmancasına döyüşüb, şəhid olan məzunları haqqında məlumat verilir. “Zəfər Şahinləri” kitabı Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə başlayır: “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar... Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”.

Ali Baş Komandan, II Qarabağ savaşının qalib sərkərdəsi, döyüşlər gedən zamanda dünyanın 40-a yaxın ölkəsinin müxbirlərinə verdiyi samballı, elmi, tarixi müsahibələri ilə siyasət meydanında dör-dör döyüşərək, bir ordu qədər iş görən Prezident İlham Əliyevin kitaba salınmış qiymətli sözləri də çox maraqlıdır: “Vətən müharibəsi başa çatdı, Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu”.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, 44 günlük savaş zamanı hər bir əsgərə, yaralıya öz doğma balası kimi yanaşan Mehriban xanım Əliyevanın da fikirləri kitaba daxil edilib: “Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.

“Zəfər Şahinləri” kitabı hazırlanan ərəfəyə qədər, haqqında məlumat əldə edilən 28 şəhidin hər birinin doğulduğu yer, oxuduğu orta məktəb, Texniki Universitetdə təhsil aldığı illər, döyüşdüyü bölgələr və Prezidentin sərəncamı ilə aldıqları medallar yerli-yerində əksini tapıb. Kitabın dərcindən sonra daha 5 şəhid məzunun adları məlum olub. Onlar və digərləri haqqında da ətraflı məlumat əldə edildikdən sonra, növbəti kitablara adları mütləq daxil ediləcək. Yəni universitet rəhbərliyi və biz də istəməzdik ki, siyahı artsın. Ancaq belə hal varsa, şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq, mütləq onların adları universitet tarixində əbədiləşdiriləcək. İnanırıq ki, Universitetin və xalqımızın tarixində əbədi yaşayacaq bu şəhidlərin xatirəsi, həmişə əziz tutulacaq və heç vaxt da unudulmayacaq. “Zəfər Şahinləri” kitabı gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik, vətəni, dövləti sevməyi aşılamaq baxımından, hər bir gəncin stolüstü kitabına çevriləcəyi də şübhəsizdir. İstəyirəm tarixə və əfsanəyə dönmüş həmin 28 məzun şəhidimizin adlarını xatırlatmaqla, yenidən onlara olan ehtiramımızı göstərək və tanımayanlar da qəhrəmanlarımızı bir daha tanısınlar.

1. Hüseyn Əlizadə oğlu Abbasov, 1993-cü il təvəllüdlü, Hacıqabul şəhəri:

2. Elçin Yunus oğlu Bağırov, 1994-cü il təvəllüdlü, Bakı şəhəri:

3. Cavid Azər oğlu Bayramov, 1997-ci il təvəllüdlü, Bakı şəhəri:

4. Mahmud Heydər oğlu Cavadov, 1999-cu il təvəllüdlü, Bakı şəhəri:

5. Ziyadxan İbrahim oğlu Əliyev, 1997-ci il təvəllüdlü, Kürdəmir rayonu:

6. Rauf Səxavət oğlu Əliyev, 1994-cü il təvəllüdlü, Naxçıvanın Culfa rayonu:

7. Elçin Əvəz oğlu Əzizov, 1985-ci il təvəllüdlü, Cəbrayıl rayonu:

8. İmran Əli oğlu Əliyev, 1993-cü il təvəllüdlü, Bakı şəhəri:

9. Nurlan Rəhim oğlu Əhmədli, 1996-cı il təvəllüdlü, Oğuz rayonu:

10. Elşən Elbrus oğlu Əhmədli, 1997-ci il təvəllüdlü, Oğuz rayonu:

11. Bəhruz Yavər oğlu Hüseynov. 1994-cü il təvəllüdlü, Salyan rayonu:

12. Elçin Vaqif oğlu Həsənli, 1993-cü il təvəllüdlü, Ağstafa rayonu:

13. Hacıəhməd Həsən oğlu Hacıəhmədli, 1998-ci il təvəllüdlü, Qax rayonu:

14. Tural Rəfayıl oğlu Xudiyev, 1998-ci il təvəllüdlü, Bakı şəhəri:

15. Kamran Yaşar oğlu İsgəndərli, 1997-ci il təvəllüdlü, Cəlilabad şəhəri:

16. Məhəmmədəli Mütəllim oğlu İbrahimli, 1996-cı il təvəllüdlü, Beyləqan şəhəri:

17. Kamal Şamil oğlu Məmmədov, 1998-ci il təvəllüdlü, Balakən rayonu:

18. Yasin İman oğlu Məmmədov, 1998-ci il təvəllüdlü, Gədəbəy rayonu:

19. Cəmil Habil oğlu Məmmədli,1999-cu il təvəllüdlü, İsmayıllı rayonu:

20. Azər Çingiz oğlu Musazadə, 1998-ci il təvəllüdlü, Qəbələ rayonu:

21. Rəşad Rəhman oğlu Mehdiyev, 1997-ci il təvəllüdlü, Xırdalan şəhəri:

22. Anar Nazim oğlu Məmmədzadə, 1999-cu il təvəllüdlü, Zərdab rayonu:

23. Rüfət Zöhrab oğlu Mustafayev, 1996-cı il təvəllüdlü, Sumqayıt şəhəri:

24. Raul Zabit oğlu Piriyev, 1997-ci il təvəllüdlü, Şəmkir rayonu:

25. Aslan Süleyman oğlu Rzayev, 1995-ci il təvəllüdlü, Sabunçu rayonu, Maştağa qəsəbəsi:

26. Seymur Ramiz oğlu Sərxoşov, 1987-ci il təvəllüdlü, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi:

27. Ələddin Azər oğlu Səyidov, 1992-ci il təvəllüdlü, Bakı şəhəri:

28. Rəşad Qiyas oğlu Zeynallı, 1998-ci il təvəllüdlü, Bakı şəhəri:

Haqqında hələ tam məlumat əldə edilməmiş və bu səbbəbdən kitaba salınmamış şəhid məzunlar isə bunlardır:

1. Eltun Qasımov

2. Əliheydər Hüseynov

3. Natiq Baxşəliyev

4. Babək Namazov

5. Murad Məmmədov

Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

“Zəfər Şahinləri” kitabının araya-ərsəyə gəlməsində Texniki Universitetin nəzdində fəaliyyət göstərən kitabxananın müdiri, olduqca vətənpərvər xanım Zöhrə Hüseynqızı Məmmədovanın böyük xidmətləri olub. Zöhrə xanımı hamı 2018-ci ildə işıq üzü görən, iki dildə çap olunan və I Qarabağ döyüşünün şəhidlərinə həsr olunmuş “Əbədiyyata qovuşanlar” adlı kitabı ilə tanıyır. Bundan əlavə və ən maraqlısı isə, Z.Məmmədova I Qarabağ müharibəsində və 2016-cı ilin Aprel döyüşlərində şəhid olan universitet məzunlarının xatirəsinə həsr olunan “Xatirə muzeyi” öz şəxsi təşəbbüsü və vəsaiti ilə yaratmasıdır. Ona görə də II Qarabağ savaşının məzunları haqqında məlumatların və kitabın dərc olunmasında Z.Məmmədovanın xüsusi əməyi olub. Elə bu fədakarlığının nəticəsidir ki, Z.Məmmədova 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Sonda bir məqamı da qeyd etmək yerinə düşər. “Zəfər Şahinləri” kitabı iki dildə-Azərbaycan və İngilis dillərində çap olunub. Bu da şəhidlərimiz haqqında məlumatların beynəlxalq aləmdə yayılması baxımından çox önəmlidir.

Texniki Universitetin təşəbbüsü və dəstəyi ilə dərc olunan “Zəfər Şahinləri” kitabı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi nöqteyi-nəzərindən olduqca uğurlu addımdır və hər bir gəncin vətənpəvərlik ruhunda böyüməsində müstəsna xidməti olacağına da inanırıq.

Hazırladı: Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN