booked.net booked.net  

Cradle Mountain

 

Uzun illər neft sənayesi sahəsində çalışmış professor Yusif Səmədov 80 illik yubileyinə ən böyük hədiyyəni bircə gününü belə el-obasında-doğma Qarabağda keçirməyində görür... 

Azərbaycanın tanınmış neftçi-alimi, uzun illər Kuba Respublikasında neft sənayesinin yeni texnologiyasının qurulmasında iştirak etmiş, Boykonur aerokosmik Mərkəzin tikintisində aparıcı mütəxəssis kimi fəaliyyət göstərmiş Yusif Səmədovun 80 illik yubileyidir. Lakin çox maraqlıdır ki, gündə onlarla yubileylərin, təntənəli tədbirlərin və ad günlərinin keçirildiyi məmləkətimizdə ən azı vaxtilə çalışdığı Bakı Neftayırma zavodunda, yaxud Mühəndisləri Təkmilləşdirmə İnstitutunda, lap elə sonuncu iş yeri olan Neft-Qaz Sənayesi Elmi-Tədqiqat İnstitutunda tanınmış neftçi-alimin yubileyinə dair hər hansı bir tədbirin keçirilməməsi diqqətimizi çəkdi. Elə bu məqsədlə də ilk növbədə təəccüb və təəssüf hissi əhatəsində yubilyarın özü ilə əlaqə saxladım, məsələ ilə bağlı fikirlərini öyrənmək istədim. Axı elə "Təzadlar"ın az qala hər sayında ayrı-ayrı insanlar barəsində ad günü və yubiley ovqatlı yazılar, müsahibələr dərc olunur, təbriklər dərc edilir.

Beləliklə, yubilyar Yusif Səmədovdan bu barədə soruşdum. Təsəvvürolunmaz dərəcədə təvazökarlığın canlı şahildi kimi təəsirləndim. Yusif müəllim sualıma bircə cümlə ilə cavab verdi:

- Hara tələsirik, inşallah, bütün yubileylərimizi, ad günlərimizi Qarabağda qeyd edərik...

Təbii ki, bu sözlərin ürəkdən gələn arzu və istək olduğunu gördüm. Bir də onu gördüm ki, az qala ölkəmizdə neft sahəsində çalışan tanınmışların hamısı ilə yaxından dost olan, münasibət saxlayan Yusif Səmədov həqiqətən də özünə ən dəbdəbəli yubileylər keçirməyə imkanlıdır. Bunun üçün heç bir problemin də olmadığını hiss etdim. Amma təkrar edirəm, doğulduğu Qarabağ torpağı işğal altında olan tanınmış neftçi-alim özünə yubiley keçirməyi rəva görmür. Görmür və həm də doğmalarının, həmyerlilərinin Vətəndə didərgin olmasının ağrısını içində çəkir, ürəyinə salır. Amma görünür, o torpağı bir də görmək üçün Tanrı bu səmimi və sadə Kişiyə möhlət də verib, onun sağlamlığını qoruyur. Yusif müəllim də 80 yaşına ən böyük mükafatını elə bunu bilir. 

Onu da qeyd edək ki, tanınmış neftçi-alim Yusif Səmədovun həyat və fəaliyyəti barədə "Onun həyat fəlsəfəsi" adlı kitab nəşrə hazırlanır. Kitabın müəllifi jurnalist Asif Mərzilidir. Müəllif qəhrəmanının uşaqlıq illərindən başlayaraq ta indiki dövrünədək keçdiyi həyat yolunun hələ də çoxlarımıza sirr kimi qalan mübarizli illərinə işıq tutub. Məlum olur ki, gənc Yusif Səmədov ölkəmizin neft sənayesi sahələrində çalışdığı 50-ci illərdə Bakıda bütün yüksək və məsul sahələri ələ keçirmiş ermənilərlə mübarizə aparıb, uzun illər təzyiq və təsirlərə məruz qalsa da, sonda qalib gəlib. Sovet hakimiyyətinin milli siyasət apardığı o dövrlərdə bunları qəhrəmanlıq saymaq olardı. Elə yeni kitabın qəhramanı da həmin illəri xatırlayaraq geniş açıqlamalar verir, oxucunu hər zaman ayıq-sayıq olmağa, Vətən və milli problemlərdə diqqətli olmağa səsləyir, ermənilərin nə qədər nankor olduğunu ortaya qoyur. Hansı ki, həmin ermənilərin hələ də Bakıda xeyli qohumları var.

Qəzetin bu sayından başlayaraq "Onun həyat fəlsəfəsi" kitabının məhz həmin dövrü əks etdirən hissələrini təqdim edirik. Həmin dövr Azərbaycanın tarixinin bir parçasıdır, həm də çox qaranlıq, mürəkkəb bir tarixi.

"Onun həyat fəlsəfəsi"

(Müəllif: Asif Mərzili)

 "Özüm haqqında, yeri gələndə, heç özüm də ətraflı bilmirəm..."

Bu fəlsəfi fikirlər türk dünyasının böyük ustadı Bəxtiyar Vahabzadə ilə apardığım bir müsahibəmdə deyilmişdi. Ustad şair, əslində, özünün bir şeirində söylədiyi kimi, "demək istəyirdi ki, "İnsan göydə ay kimidir, Görünməyən tərəfi var..."

Qəhrəmanımızın ulu keçmişinə yaxşı bələdəm, elə özünün keçdiyi həyat yoluna da. Biz həm də Qarabağın Mərzili obasında keçmişi ilə tanınan eyni nəsildənik, ulu babalarımız Alverdi bəy olub. 1937-ci ildə anti-sovet fəaliyyətinə, milli ruhlu olmasına və Müsavatçılığına görə Sovet "NKVD"si tərəfindən Bakıda güllələnib.

Amma babamızdan sonra gələn biz nəslin heç vaxt güllələnmək fikrimiz olmayıb. Biz babamız qədər olmasa da, gücümüz çatan qədər Azərbaycanın işıqlı gələcəyi üçün çalışmışıq, Vətəni parçalanmadan, zəiflədilmədən qorumaq üçün mübarizəmizdən geri çəkilməmişik. Mən jurnalistikada, Yusif Səmədov isə Sovetlər dönəmində çalışdığı məsul vəzifəsində.

Mənim işim peşə fəaliyyəti kimi də sayıla bilər. Amma professor Yusif Səmədəov Sovet hökumətinin vəzifəsini daşıya-daşıya həm də həmin hökumətin "beynəlmiləl" düzgün olmayan siyasətinə açıq-aşkar maneçilik törədib, Azərbaycandakı dayaqlarına mane olmağa səy göstərib.

Şəxsən mən bunları çox sonralar bilmişəm. Bu o demək deyil ki, mən bunları lap çoxdan bilməli idim. Baş verənlərin bilinməsi üçün onun bildirilməsi vacibdir. Amma tanınmış neftçi-alim Yusif Səmədov həmin dövrlərdə Bakıda vacib vəzifələri və sahələri ələ keçirmiş ermənilərin gözəgörünməz tərzdə bu vəzifələrdən kənaraşdırılmasını, onların yerinə milli kadrların yerləşdirilməsi yolunda etdiklərini, bu yolda başına gələnləri adi vətəndaş borcu bilərək uzun illər bunları dilə gətirməyib. Onun arxiv sənədlərinə və həmin illərdə onunla birgə çalışmış iş yoldaşlarının xatirələrinə nəzəri baxış çox mətləblərdən soraq verir.

 Yusif Səmədov həyatını risqə qoyur və o dövrün əli lap yuxarılara çata bilən məsulları ilə üz-üzə gəlir. Amma düzgün siyasət, ağıllı və təmkinli tədbirlər onu xilas edir. Nəticə bu olur ki, o, istədiyinə nail olur.

Bütün bunlar barədə kitabda ətraflı tanış olacağıq. Amma bir sual həm də yəqin ki, hamımızı düşündürür: Yusif Səmədov, əslində, kimdir və onun həyat hekayəsinin bizlərə məlum olmayan hansı səhifəsi hələ də oxunmayıb?

Mən kiməm?

 Qəhramanımızın öz dilindən:

- Mən Səmədov Yusif Həsən oğlu Ağdam rayonun Mərzili kəndində təhsil görməmiş lakin aqillı, dərin hafizəyə, dünyagörüşə malik, vətənini sevən Həsən Səməd oğlunun ailəsində dünyaya göz açmışam. Atam və ümumiyyətlə, bütün Səmədlər ailəsi ermənilərə qarşı həmişə barışmaz və onlara gizli-açıq düşmənçilik mövqeyində olublar. Bu da əsassız deyildi. çünki onlar ermənilərin qəddar düşmən olduqların öz həyatlarında daşımışdılar... Atam Həsən Səməd oğlu xalqımızın böyük qəhraman oğlu Soltan bəyin dəstəsində Şuşada Qaladərəsi ətrafında döyüşlərdə  iştirak etmişdi. Sonra Gəncədə Azərbaycanın xilaskarı, qəhrəman türk ordusunun komandiri Nuru Paşanın ordusunda xidmət etmişdi, həmin ordu ilə birlikdə kənd- şəhərlərimizi, torpaqlarımızı azad edə-edə Göyçaya kimi gəlmişdi. Göyçayda (Nuru Paşanın qoşununa yeni-yeni könüllülər gəldiyindən Nuru Paşa atamgili ehtiyata buraxıb, onları Qarabağa qaytarmışdı).

İti yaddaşa, hafizəyə malik olan atam 1905-ci ildən 1920-25-ci illərə qədər və hətta 1937-ci ildə erməni Canqarovun başımıza gətirdiyi fəlakət və işgəncələri günbəgün bizə nəql edirdi.

Onu da qeyd etməliyəm ki, 1988-ci ildə ermənilərin qondarma "müstəqillik" və düşmənçilik dalğası başlayan zaman atam uzaqgörənliklə danışırdı ki, "Bunlar Azərbaycana fəlakət gətirəcək. İndi Azərbaycanı müdafiə edən nə Nuru Paşanın xilaskar ordusu, nə də Azərbaycanın qəhrəman oğlu Soltan bəy yoxdur..."

 Onu da qeyd etməliyəm ki, atam həyatının sonuna kimi o iki qüdrətli şəxsiyyətlər haqqında ürəkdolusu danışırdı. O, hətta Allahdan özünə ölüm diləmişdi ki, "Allah, məni vaxtında öldür ki,  Azərbaycanın başına gətirilən fəlakətləri görməyim..."

Allah-Təala onun bu arzusunu yerinə yetirmişdi və atam Azərbaycanın torpaqlarının işğalına bir neçə ay qalmış-1988-ci il iyul ayının 2-də dünyasını dəyişdi. Atam sonralar başımıza gələcək faciələrdən xəbərsiz getdi dünyadan...

...1988-ci ilin fevralında ermənilər Azərbaycana qarşı müharibəyə başlayanda mən dünya şöhrətli alimimiz Xudu Məmmədova (uşaqlığımız və tələbəlik illərimiz bir yerdə keçib) zəng edib, ona ermənilərin baş qaldırdıqlarını və Xankəndində mitinqlərə çıxdıqlarını xəbər verdim... Xudu müəllim mənə sabahdan Ağdama getməyi və  hadisələrlə yerində tanış olmağı təklif etdi. Mən xidməti işimlə əlaqədar həmin gün onunla Ağdama gedə bilmədim. Bir neçə gündən sonra isə özüm Ağdama getməli oldum. Xudu müəllimlə Ağdam rayon Partiya Komitəsində görüşdük. Burada həm də Famil Mehdini, tarixçi-alim  Süleyman Əlyarovu, ədəbiyyatşünas Kamal Abdullayevi və Xudu müəllimin dostu Zeynal Məmmədovu gördüm. çox qayğılı idilər.  Raykomda çoxlu sayda digər insanlar da var idi. Hamı təlaş içindəydi. Həmin ərəfədə Əsgəran istiqamətində, oradan da Xankəndiyə yürüş etmək üçün yola düşmüş insan kütləsinin qarşısı Sovet ordusu tərəfindən alınmışdı və yürüş zamanı 2 nəfər Bəxtiyar və Əli şəhid olmuşdular.

Biz orada Xudu müəllimlə belə məsləhətləşdik ki, Kamal Abdullayev, Süleyman Əlyarov və Xudu müəllim Ağdamda bu iki şəhidlərin məzarını  ziyarət edib Mərzili kəndinə gəlsinlər... Mən isə Mərziliyə gedim, orada görüşək.

Elə də etdik. Günorta Mərzili kənd orta məktəbində görüşüb sonra mənim kənddəki evimə gəldik. Məqsədim Azərbaycanın görkəmli ziyalıları ilə atamı tanış etmək, o şanlı tariximizi onun öz dilindən eşitmək, ermənilərin qəddarlıqları, onun özünün şahidi olduğu hadisələri, Soltan bəyin mübarizəsi, Nuru Paşa və onun xilaskar ordusu, onların necə vuruşmaları haqda tarixə bəlli olmayan məqamları danışsın.

Atam 1905-ci ildən-1920-ci ilə kimi cərəyan edən hadisələri, hətta 1936-38-ci illərdə Ağdamda erməni Canqarovun xalqımıza verdiyi işgəncələrdən danışdı, maraqlı hərbi əməliyyatları nəql etdi... Xudu müəllim və onun səfər yoldaşları məndən xahiş etdilər ki, atamın danışdığı tarixin faciəli hadisələrini maqnitofona yazdırım, onlara çatdırım. Əfsuslar olsun ki, hadisələr elə sürətlə  cərəyan edirdi ki, atamın da arzusu (yəni sonralar baş verəcək faciələri, torpaqlarımıza erməni hücumlarını görməmək üçün vaxtında ölmək arzusu. Hətta atam inana bilmirdi ki, ermənilər torpaqlarımızı zəbt edə bilər, Ağdamı işğal edə, Şuşanı ələ keçirə bilər.) çin oldu, o dünyasını dəyişdi.

Beləliklə, Azərbaycan xalqının başına gələn və atamın canlı şahidi olduğu tarixi günlərin təəssüratlarını, acı günlərinin xatirəsini cəmiyyətə çatdıra bilmədim. çox-çox əfsuslar olsun!

 (Ardı var)

 Təzadlar.- 2011.- 29 yanvar.- S.6.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN