booked.netbooked.net booked.net  

 Asif Mərzili: “Başqa platformada bir ay əvvəl yayımlanmış maarifləndirici məlumatlara görə bizi məhkəməyə veriblər ki, yazı saytdan silinsin...”

“Təzadlar”ın rəsmi saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında “SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNDƏ MÜƏMMALAR” başlıqlı məqalə yayımlanmışdır. Həmin məqalədə şikayətçi neftçi SOCAR prezidenti Rövşən Nəcəfə SOCAR-ın Geofizika və Geologiya İdarəsində baş verənlər barədə məlumat verir və tədbir görülməsini xahiş edir. Lakin həmin idarənin rəhbəri deyil, yaxud yazıda adı çəkilmiş çoxsaylı digər işçilər deyil, Baqiyev İlyas Knyaz oğlu Bakı şəhər Yasamal rayon Məhkəməsinə “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair” iddia ilə müraciət edib.

“Təzadlar”ın baş redaktoru Asif Mərzili məsələyə aydınlıq gətirdi:

- İddia tələbində nələrə etiraz olunur?

- Xatırladıram ki, adı çəkilən məqalənin girişində də xüsusi mətnlə və vurğu ilə yazılıb ki, Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı özünün elektron poçtuna daxil olan, eləcə də ona məxsus sosial (elektron) media platformasında yayımlanan bəzi informasiyalarla bağlı “Təzadlar” qəzetinə (sayta) açıqlamalar vermişdir. Ardınca isə M.Qəhrəmanlıya müraciət etmiş şikayətçi neftçinin ona yazmış olduğu məlumatlara istinad edilməklə, redaksiya “Media haqqında” Qanunun 20.2 maddəsinin tələblərinə riayət edərək M.Qəhrəmanlının müəllif hüquqlarını pozmadan, ona (mənbəyə) istinad edərək həmin məlumatları yayımlamışdır.  Göründüyü kimi, redaksiya Qanunun 1.1.7. maddəsində qeyd olunduğu kimi, ilkin və əsas mənbəyə istinad edərək onlayn (sosial) mediada yayımlanmış informasiyanı yayımlamışdır. Özü də ciddi redaktə edərək. İddiaçı Baqiyev İlyas Knyaz oğlu neftçinin SOCAR prezidenti Rövşən Nəcəfə ünvanlı müraciətini diqqətlə oxusaydı, bir daha görərdi ki, məqalə ittiham ruhunda deyil, SOCAR rəhbərliyini konkret faktlarla məlumatlandırmaq məqsədlidir.

-Hansı ifadələr mübahisələndirilir?

-Məsələn, iddiaçı aşağıdakı sitatlarda onun işgüzar nüfuzuna xələl gətirildiyini yazır: Məqalədən sitat-1: “Hörmətli Rövşən müəllim! Hörmətli SOCAR rəhbərliyi, kömək məqsədi ilə bu məlumatı Sizə ötürürəm, buyurun balaca bir idarədə görün nələr edirlər. SOCAR-ın Geofizika və Geologiya İdarəsində dediyimizdən də dəhşətli korrupsiya fəaliyyəti həyata keçirirlər....” və s.

Axı məqalədə söhbət SOCAR-ın Geofizika və Geologiya İdarəsindən gedir və bu məlumatlar isə M.Qəhrəmanlının elektron media platformasında artıq xeyli müddət əvvəldən yayımlanmışdır... Əgər iddiaçının hər hansı bir iradı var idisə, hər kəsə açıq həmin platformaya bu barədə yazıb təkzib etdirə bilərdi. Eləcə də sonradan bu məlumatları yayımlamış redaksiyaya. Məgər redaksiya onun müraciətindən imtina etmişdirmi?

Sitat-2: SOCAR rəhbərinə müraciətin müəllifi bir daha müraciətlə, ittiham səsləndirmədən yazır: “Hörmətli SOCAR rəhbərliyi, bir daha xahiş edirik araşdırılsın ki, İlyas Bağıyevlə Dadaş Həsənov barədə nə kimi məlumatlar var... Bir sözlə, bizdən demək, SOCAR rəhbərliyindən isə tədbir görmək! Tədbir görülməsə, onda məcburuq cənab Prezident İlham Əliyevə yazıb kömək istəyək”.

Bu mətndə də şərəf və ləyaqəti ləkələyən hər hansı bir ifadə yoxdur.

Sitat-3: “Geofizika və Geologiya İdarəsinin rəisi də razılaşır və fürsətdən istifadə edib “Azneft” və SOCAR rəhbərliyinin gözündən yayınıb Vahid Xankişiyevin podratçı olan firması ilə müqavilə bağlayır, müqavilədə adın qoyur ki, həmkar köməkliyi, yəni pulsuz dəstək! Nəticədə “katamaran” tipli gəmi və katerlərlə iş baş tutur. Bundan sonra “Azneft” pulu ödəyir və ardınca Vahid Xankişiyevin firmasına pul verilir. Bütün bu proseslər SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun və vasitəçilik edən Vahid Xankişiyevi Elçin Şirinovla tanış edən Azad Rzayevin, Dadaş Həsənovun və İlyas Bağıyevin təşkilatçılığı ilə baş tutur”.

Sual olunur: mətndə iddiaçı İlyas Baqiyevə qarşı hansı ittiham səsləndirilibmi?

Sitat-4: “Hal-hazırda SOCAR-”Downstream-Management” MMC-də işləyir, bu cür işləri görən adama məncə, elə bir postu etibar eləmək çox təhlükəlidir. Hər halda, mən sözümü dedim. Təbii ki, məqsədim SOCAR-da can qoyan sadə-zəhmətkeş neftçilərin zəhməti bahasına qazanılan pulların bəzilərinə yem olmasının qarşısının alınmasıdır”. Göründüyü kimi, şikayətçi məqsədini də açıqlayır ki, onun məqsədi verdiyi məlumatların araşdırılmasıdır və o, iddiaçı barədə heç bir konkret ittiham irəli sürmədən onun barəsində SOCAR Prezidenti Rövşən Nəcəfə məlumat verir. Burada da işgüzar nüfuzu ləkələyən məlumat nədən ibarətdir, məlum deyil.

Sitat-5: “Bir məsələni də xatırladım: Fuad Həziyevin adamı olan İlyas Bağiyevin sadalanan əməllərini ortaya qoymaqla yuxarı rəhbərliyi bu məsələdə diqqətli olmağa səsləyirəm. Hələ mən onu demirəm ki, sən demə, “Kaspian şhiping” də İlyas Bağiyevin imiş. Artıq yetərincə sübutlar da var”.

Bu mətndə də şikayətçi məqsədinin yuxarı rəhbərliyə məlumat verməsi, həmin məlumatların araşdırılması olduğunu bildirir. Yenə də konkret ittiham səsləndirmədən.

Sitat-6: “Yəqinki İlyas Baqiyevin Türkiyədə açdığı firma barədə məlumat hər kəsi maraqlandırır. “Caspian Geo- Marine” adlı şirkətin adı Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova yaxşı tanış olmalıdır. Onun Sarvan Mansurov, Dadaş Həsənov və İlyas Bağiyevlə olan iş birliklərini SOCAR rəhbərliyində bilirlərmi?”.

Burada da təkrar olaraq SOCAR rəhbərliyinə müraciət məlumat xarakterlidir, işgüzar nüfuzu ləkələyən hər hansı bir ifadə yoxdur.

Sitat-7: “Yaxşı, bilirsinizmi ki, “Azneft” İstehsalat Birliyinin Geofizika və Geologiya İdarəsinə verdiyi və Sara dənizin tranzit zonalarında dayaz sularda İlyas Bağıyevin “katamaran” tipli kiçik gəmisi və qayıqları işləməkdədir. Onlarda seysmik hörüklərdən də, yəni (kabellərdən də) istifadə edilir, kabellər də İlyas Bağıyevin şirkətinindir. Maraqlısı odur ki, onun bu firması tenderi necə udub? İlyas Bağıyev əvvəl Geofizika və Geologiya İdarəsində işləyib”. Bu mətndə də yenidən SOCAR rəhbərliynə xitabən sadə və adi məlumat verilir, heç bir konkret ittiham səsləndirilmir.

Təbii ki, bu iddiaya etirazımı təqdim etmişəm və  məhkəmənin diqqətinə çatdırmışam. Onu da bildirmişəm ki, hətta redaksiya “İnformasiya əldə etmək haqqında” Azər. Resb. Qanunun tələblərinə uyğun olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri M.Qəhrəmanlı tərəfindən artıq onlayn (sosial platformada) mediada yayımlanmış, redaksiyaya təqdim olunmuş bu məlumatları 15 oktyabr 2023-cü il tarixdə SOCAR-ın This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına “İnformasiya sorğusu” formasında göndərmiş, mövqe bildirilməsi xahiş edilmişdir. Lakin informasiya sahibi bu sorğunu cavablandırmamışdır. Bundan təxminən bir həftəlik iş günündən sonra, yəni qarşu tərəf cavab vermədiyindən qanuna müvafiq olaraq həmin məlumatlar tərəfimizdən yayımlanmışdır. Redaksiya 03 noyabr 2023-cü il tarixdə təkrarən SOCAR-ın qeyd edilən elektron poçtuna digər məlumatları və sənədləri də əlavə etməklə informasiya sorğusu göndərmişdir. Bu günədək qarşı tərəf sorğunu və ya elektron məktubu cavablandırmamışdır. Azərbaycan Respublikası “Media haqqında” Qanunun 5-ci- “Media azadlığı” maddəsinin 5.3-cü bəndində yazılır: “Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”.  Redaksiya bu əsasları və qanunun digər tələblərini rəhbər tutaraq mənbəyə istinad etməklə məlumat xarakterli müraciəti yayımlamışdır.

Məhkəmənin diqqətinə onu da çatdırmışam ki, Qanunun 6-cı maddəsinin (“Jurnalist fəaliyyətinin təminatı”) 6.3 bəndində yazılır: “Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir”.

Xatırladaq ki, bu cür absurd iddia, əslində, mediaya təzyiq vasitəsidir. Belə ki, məhkəmədə mübahisələndirilən “SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar” başlıqlı məqalədə istifadə edilən məlumatlar NHMT-nin sədri M.Qəhrəmanlının elektron (sosial) media platformasında adı çəkilən məqalədən xeyli əvvəl yayımlanmışdır. Həmin məlumatlar SOCAR rəhbərliyində çalışan, eləcə də SOCAR-ın Geofizika və Geologiya İdarəsindəki bütün məsul şəxslər tərəfindən izlənilmiş, oxunmuş, çoxsaylı şərhlər yazılmış, müzakirələr aparılmışdır. Şikayətçinin M.Qəhrəmanlıya verdiyi məlumatlardan da bəllidir ki, o, bu məlumatları SOCAR rəhbərliynə dəfələrlə yazıb məlumat şəklində göndərmişdir. Lakin tədbir görülmədiyindən M.Qəhrəmanlıya müraciət etməli olmuşdur. Hətta həmin məlumatların M.Qəhrəmanlının fb səhifəsindən silinməsinə müxtəlif cəhdlər də edilmişdir. Maraqlıdır ki, yazıda əsasən söhbət SOCAR-ın Geofizika və Geologiya İdarəsindən və idarədəki qohumbazlıq və “ailə podratı”ndan getdiyi halda, adı adi halda çəkilən Baqiyev İlyas Knyaz oğlu şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmədə iddiaçı qismində çıxış edir. Hətta redaksiyanın yayımladığı həmin məqalənin saytdan çıxarılması və bloklanması üçün süni xaker hücumlarının mənbəyi də bunu təsdiqləyir (sübutlar vardır). Bu isə o deməkdir ki, həmin məlumat xarakterli məqalənin saytdan çıxarılması üçün SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəhbərliyi məhkəmə çəkişməsi yolu ilə redaksiyanı həmin məlumatları təkzib etdirməyə və saytdan götürülməsinə məcbur etmək istəyindədir. Bu isə yolverilməzdir...

- Məhkəmədən nə gözləyirsiniz?

-Təbii ki, məhkəmə ədalətinə inanırıq və iddianın rədd edilməsi barədə qərarını gözləyirik... Təkrar edirəm, yazı tamamilə SOCAR-ın Geofizika və Geologiya İdarəsində baş verənlər barədədir, amma yazıda cəmi iki dəfə, sadəcə, adı çəkilmiş Baqiyev İlyas Knyaz oğlu adlı şəxs iddiaçı qismində çıxış edir. Hansı ki, onun barəsində demək olar fərqli fikir söylənilməyib... Fəaliyyətimizdə qanuniliyi təsdiqləyən bütün maddi sübutları məhkəməyə təqdim etmişik...

Dinlədi: Elçin Məmmədli  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA