…Allah min rəhmət eləsin, Səməd Vurğunun «26-lar» poemasında Bakının dərd-sərinə şairin siyasi baxışları belə ifadə edilirdi:

«Bakının dərdi var, Bakı xəstədir,

Könül intizarda, göz yol üstədir...

Soyuq divarlarda güllə nişanı.

Didir, parçalayır, insan insanı.

 

Burda döngələrin yeri darısqal.

Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq,

Dincəlmək istəyir o da azacıq…».

Bu şeiri müasirləşdirib günümüzə uyğunlaşdırsaq,  görün nə alınar:

«Bakının dərdi var, Bakı xəstədir,

Hamı intizarda, qulaq səsdədir...

Ensiz küçələrdə AYNA nişanı.

Didir, parçalayır, fikir insanı!

 

Hamı pul yığandır, yoxdur bir həyan!

Dayanıb yollarda AYNA-lı cavan!

Dərin fikirlərə qərq olub hamı,

Çıxış yolunasa yox bir gümanı…».

 Bəli, Bakını xəstə salanlar, küçələrini iflic edənlər indi özləri bu bəladan xilas olmağa çalışırlar. Amma çarə tapılmır ki, tapılmır.

Tikinti mədəniyyətinin pozulduğu, MTK-lı məmurların vur-tut iki əsas giriş-çıxışı olan Abşeron yarımadalı Bakının boş ərazilərini zəbt edərək göydələnlər ucaltması bu günümüzün tıxaclarının əsas səbəbidir. Bunu hamı bilir. Amma bilmək istəməyənlər hələ də var. Axı Bakı elə bir ərazidə yerləşmir ki, onun quru yollarının səmti dəyişsin, dəyişdirilsin, paytaxta giriş-çıxış yollarının sayı artırılsın. Yarımada üzərində tikilmiş şəhərin gələcək aqibətini düşünməmək bu günümüzün problemlərinə yol açıb…

AYNA-nın küçə parkovkasının ardınca həyətlərin şlaqbaumlaşdırılma siyasətsizliyi…

 Bu tərəfdən də Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinin (AYNA) parkovka problemi Bakıya ikinci daha ciddi problem yaşatmaqdadır. «Təzadlar» dəfələrlə yazıb, paytaxtın küçə və meydanları ilə bağlı plan cızanda yüz ölçüb-bir biçməli olanlar, canki harasa tələsir və ağlagəlməz addımlar atırlar. Sonra isə «yüz ağıllı fikirləşib bir dəlinin» «quyuya» atdığı «daşı» çıxarmaqla məşğul olur…

ayna-1

 Beləliklə, vəziyyət kritikdir. Çünki Bakının demək olar elə bir küçələri yoxdur ki, sürücülər üçün qapalı olmasın. Əsas yollarda avtomobil saxlamaq olmaz, izn verilən yerlərdə isə AYNA-nın «pul ver!» lövhələri və onların da yanında bir nəfər təhkimçi dayanıb! Təsəvvür edin, hər il DYP-yə məcburən kifayət qədər cərimə ödəyən, texniki baxışa, Yol fonduna və s. büdcə rüsumlarını verən, Gömrük Komitəsinə isə maşının dəyəri qədərində dövlət rusumu ödəyən sürücü iş yerinin qarşısında və ya ətrafında avtomobilini saxlamaq istəyəndə isə günə 7-10 manat pul verməmək üçün ətrafdakı həyətlərə girməyə məcburdur. Sakinlər isə öz həyətlərində şəxsi avtomobillərinə, yaxud uşaqların oynamasına-gəzişməsinə yer tapa bilmədiklərindən hazırda Bakının bütün həyətləri şlaqbaumlaşdırır. «Təzadlar»a Nizami rayonu, 8 KM ərazisində yaşayan şikayətçi Samir Rüstəmov deyir ki, problem nəzarətdən çıxmaqdadır: «…Binamızın həyətinə 4 yerdən giriş var. Deməli, sakinlər məcburdur ki, öz hesablarına 4 yerə şlaqbaum quraşdırsınlar. Bizdən hər şlaqbauma görə 1500 manat pul tələb olunur. Məcburuq adambaşı 70-100 manatdan pul yığılsın. Bu hesabla Bakıda indi hansısa gözəgörünməz işbazlar, sanki AYNA ilə əlbir olub Bakı küçələrini şlaqbaumla doldurmaqla məşğuldurlar. Xarici qonaqlar, turistlər Bakını belə vəziyyətdə görsələr, nə düşünərlər???».

ayna-3

Ölkəyə gələn turistlərə küçə və həyətləri şlaqbaumlu Bakını göstərmək istəyənlər kimlərdir?

 Həqiqətən də ciddi problemdir. Ölkə rəhbərliyi və aidiyyəti qurumlar Bakını dünyaya turizm şəhəri kimi reklam edir. Bu tərəfdən isə AYNA-nın parkovka siyasətsizliyi bu dövləti siyasətini alt-üst edir. Paytaxt sakininin söylədiyi kimi, Bakıya gələn turistlər və qonaqlar yəqinki şəhəri gəzmək istəyəcək. Onlar Bakı küçələrini, həyətləri… kütləvi şlaqbaumlu görəndə, özlərini təcrid halda hiss edəndə, məsələn, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun merliyi haqqında nə düşünəcəklər? Mer Bakının bu halına niyə və necə dözür???

 Vəziyyət isə həqiqətən də narahatlıq doğurur. Əməkdaşlarımız da paytaxtın bir neçə rayonunda, həmçinin özlərinin yaşadıqları ərazilərdə sakinlərdən pul yığılaraq həyətlərin kütləvi surətdə şlaqbaumlaşdırılmasının şahididirlər.

Problem həm də ondadır ki, şlaqbaumlu həyətlərə təcili yardım, yaxud polis, FHN-nin yanğından mühafizə, yaxud təcili kömək təyinatlı (xilasedici)   avtomobillərinin daxil olmasına süni çətinliklər yaradılmış olur. Eləcə də qapısına taksi sifariş verənlər üçün… Çünki şlaqbaum pultları yalnız avtomobili olanlar üçündür.

 Bizcə, FHN rəsmiləri də bu məsələyə reaksiya verməlidirlər.

 Odur ki, nə qədər gec deyil, bu problem ən azı Nazirlər Kabineti səviyyəsində həllini tapmalıdır. İnsanlar AYNA ilə şlaqbaum biznesinə girişənlərin müştərək əməkdaşlığı haqqında şübhələrə düşməkdə haqlı deyillərmi? Belə süni problemlər yarananda isə insanlar adətən «Hökumət hara baxır?» deməyə məcbur olurlar. Belə yersiz suallara yer qalmaması üçün gəlin elə hökumət səviyyəsində də bu problemə əncam çəkilsin…

Asif MƏRZİLİ

slaq-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN