booked.netbooked.net booked.net  

"Təzadlar" Rövşən Rəsulovun aşağıda təqdim olunan "Ölkədən getməyimin səbəblərindən biri də..." adlı yazısını təqdim edir: 
(BİRİNCİ YAZI)
Məni tanıyan dost və yoldaşlarım, tanış-bilişlərim daim həqiqətin, doğruluğun yanında olduğumu yaxşı bilirlər. Haqsızlığa qarşı susmamağım, bir sıra məmurların qudurğan davranışlarına, özbaşınalıqlarına, korrupsiyaya və s. xalqın heysiyyatına xələl vuran əməllərə qarşı əlimə düşən hər imkanda danışmışam, siyasi-ictimai fəaliyyətimi bu cür davam etdirmişəm. Lakin bu və digər məsələlər haqqında yazımın növbəti hissələrində qeydlərimi aparacam. İndi isə keçirəm ölkəmi tərk etmək məcburiyyətində qalmağımın ilk səbəbinə.
Beləliklə, mən ömrümün böyük hissəsini "Səs" qəzetində və eyniadlı informasiya agentliyində (SİA) keçirmişəm, əməyimi bütün vicdanımla bu redaksiyada sərf etmişəm - dövlətçilik maraqlarının müdafiəsi və s. Bu işimdə çiyin-çiyinə çalışdığım baş redaktorumuz Bəhruz Quliyevlə, eləcə də kollektivimizlə qarşımızda olan bütün çətinlikləri birgə aşmağa çalışmışıq və zaman-zaman da aşmışıq.
Ancaq...
Ancaq lazım olan anda hər zaman ilk cərgəyə çıxan, döyüşən bizlərə qarşı ögey münasibət və diqqətsizlik görmüşəm. Hətta zaman-zaman, yəni qəzetimiz və saytımız maddi vəziyyət baxımından özünün çətin dövrünü yaşayanda (hazırda da belədir) bizə tapşırıqlar verən bəlli dairələr necə deyərlər, yaxalarını kənara çəkiblər, indinin özündə də çəkirlər. Hətta vəziyyət o həddə qədər çatıb ki, redaksiya jurnalistlərin maaşlarını belə ödəməkdə çətinlik çəkib. Baş redaktor böyük borclar hesabına həm qəzeti yaşadıb, həm də işçilərin əmək haqlarını vermək məcburiyyətində qalıb. Belə olan halda 300-500 AZN əmək haqqı alan jurnalist ümumiyyətlə, məvacibinin artması barədə heç cür düşünə bilməzdi. Nə qədər belə davam etməli idi və ya davam edəcək?
Tutaq ki, mən məcburiyyətdən dolayı - bank borclarından xilas olmağım, ailəmi normal şəkildə dolandırmağım, məktəb yaşlı övladımın sosial və s. tələblərini ödəməyim üçün çıxış yolunu yenidən borc altına girməklə xarici ölkəyə getməkdə gördüm. Bəs yerdə qalanları? Onlar necə olacaq? Maddi sıxıntılar, borclar altından çıxa bilməyən tarixi qəzetin taleyini nə gözləyəcək?! Niyə bu gün bir çox media orqanları - özü də vaxtında hakimiyyətə qarşı ən aqressiv yazıları ilə tanınan qəzet və saytların jurnalistlərindən tutmuş "media kapitanları" adını mənimsəmiş baş redaktorlarına qədər hər kəs ən yüksək səviyyədə həyat tərzi keçirirlər, amma bizlər evə gedəndə çörəkpulu belə tapa bilməməliyik? Mühasibin üstünə qaçıb borc istəyəndə isə 5-10 manatdan artıq ala bilməyən bədbəxt jurnalist axı nə etməlidir?! Yuxarı dairələrdə oturub yalnız əmr-tapşırıq verən şəxslər məgər bu reallıqlardan bixəbərdirlər?
Və bu həmin qəzetdir ki, bir vaxtlar ulu öndərə qarşı olmazın həqarətlər, söyüşlər, iyrənc ifadələr yağdıran camalqızılara, arifoğullarına, mahirqızılarına qarşı qılınc və qalxan rolunu oynayırdı!!!
Bu gün isə məhz həmin qəzet və rəhbərliyi qalıb bir kənarda, nəşriyyat borcları-xərcləri arta-arta sözün əsl mənasında süquta uğramaqdadır. Əslində, bu həm də bir SOS siqnaldır...
İndi dövran dəyişib və ulu öndərə həqarət edən kəslər keçiblər yuxarı başlara, ara-sıra orden alıb biznes şəbəkələrini genişləndirirlər, dövlət tədbirlərində bəh-bəhlə ön sıralara çıxarılırlar. Hərəsinin də ölkənin müxtəlif yerlərində ev-eşikləri, bağ-bağatları. Xarici ölkələrdə nələrə malik olduqlarını isə demirəm. Və əlbəttə ki, hərəsinin də bir neçə cağbacağ saytları işləyir. Üstəlik, dövlətdən də kifayət qədər maliyyə vəsaitləri əldə edirlər.
İndi sadaladığım bu reallıqlardan sonra mən deməyim, Siz deyin əziz dostlar: mən necə etməliydim? İnandırım Allaha ki, əgər ölkəmdə mənə 1500-2000 AZN maaş verən olsaydı söz yox ki, öz sevimli redaksiyamdan heç vaxt ayrılmazdım və bank borclarımdan da qurtulardım. Təəssüf ki, bu baş vermədi və mən əlbəttə ki, evimin divar kağızlarını uşağa yedirtməyəcəkdim! Çıxış yolum Vətənimi tərk etmək oldu və bu da son deyil. Çünki Azərbaycanı tərk etməyimin daha digər səbəbləri də var və bu haqda növbəti statusumda qeydlərimi aparacam.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN