booked.netbooked.net booked.net  

Məlum monitorinqin nəticələrindən sonra məsuliyyətdən yaxa qurtarmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yollar axtarmağa başladı...

Müasir dunyada davamlı inkişafa nail olmaq üçün zəruri olan modellərdən biri ekoloji təsərrüfatçılıqdır. Bu ideyanı Azərbaycanda da reallaşdırmaq üçün ilk növbədə ictimai şüurun və yeni ekoloji təfəkkürün inkişaf etdirilməsi ümdə məsələdir.

Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi ideyası 1996-cı ildə Gəncədə doğulmuşdur. Məqsəd xırda və pərakəndə torpaq istifadəçiliyi və eyni zamanda torpaq payı alan insanların texniki və maliyyə imkanlarının məhdud olduğu şəraitdə onlara ata-baba, yəni ekoloji kənd təsərrüfatı istiqamətində vərdiş və bacarıqlar aşılamaq idi. 1996-cı ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında AR Qanun”  layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncədə yerləşən Elmi-Tədqiqat İnstitutlarında çalışan və özlərinin yüksək vətənpərvərlik ruhu, əqidə birliyi, vətəndaşlıq borcu və peşəkarlıq sevgisi ilə birləşən bir qrup alimlərin və onlara həmin amallar uğrunda qoşulan könüllülər tərəfindən işlənib hazırlanaraq Milli Məclisə təqdim olundu. Qanun layihəsi yalnız 2007-ci ilin aprel ayında ölkə parlamentinin Aqrar Siyasət Komissiyasında müzakirə mövzusuna çevrildi və prof. A.Babayev İşçi Komissiyasının tərkibində qanun layihəsinin müzakirəsi və redaktəsi prosesində iştirak etdi. Qanun Milli Məclisdə 2008-ci ildə qəbul olundu və ölkə Prezidentinin 25 avqust 2008-ci il tarixli fərmanı ilə qüvvəyə mindi.

Prezidentin 24 may 2010-cu il tarixli fərmanının 1.3 bəndində göstərilir ki, həmin Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanması və təsdiq edilməsi səlahiyyətlərini Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Eyni zamanda, AR Nazirlər Kabineti 30 avqust 2010-cu il tarixində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”-nın təsdiq olunması haqqında qərar qəbul edərək (Qərar №159), bu qərarın icrasını Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına həvalə etdi.

Azərbaycan Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında 2008-ci ildə Qanun qəbul edildikdən sonra MDB ölkələri cərgəsində 1-ci, dünya ölkələri içərisində sonuncu onluq arasındadır.

9 iyul 2019-cu il tarixində Prezidentin göstərişi ilə AR Prezidenti Administrasiyası rəhbərliyi Respublikanın Mərkəzi İcra Orqanlarına monitorinq keçirmək məqsədilə ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmələri haqda məktub göndərdi. Monitorinqin nəticələrinə görə, ölkə qanununun və Prezidentin Fərmanlarının yerinə yetirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlər qeyri-qənaətbəxş hesab olundu. Yalnız Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 25 avqust 2008-ci il tarixli 818 №-li və 24 may 2010-cu il tarixli 267 №-li Fərmanlarını və 2010-cu il tarixli 159 nömrəli qərarlarını əsas tutaraq yaradılan (AMEA-nın Rəyasət Heyətinin 25 may 2016-ci il tarixli 8/5 nömrəli qərarı ilə) AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin (“Mərkəz”) gördüyü işlər məqbul hesab olundu.

Bu monitorinqin nəticələrindən sonra məsuliyyətdən yaxa qurtarmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yollar axtarmağa başladı. İlk cəhd 2019-cu ilin noyabr ayında qanunun adının dəyişilərək “ekoloji təmiz kənd təsərrüfatı” sözünün əvəzinə “orqanik kənd təsərrüfatı” adlandırılması oldu. Lakin yeni variantda Qanunda göstərilən “əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir” və digər əsas müddəalar yeni qanunda qəbul edilmədiyinə görə layihə mütəxəssislər və dövlət orqanlarının müsbət rəyini almadığı üçün işlər dayandırıldı və yeni layihə ləğv olundu.

İkinci cəhd isə 25 noyabr 2023-cü il tarixində AR Kənd təsərrüfatı naziri M.Məmmədov və AR Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli tərəfindən AR İqtisadiyyat naziri M.Cabbarova müraciət məktubu göndərilmişdir. Bu müraciətin mahiyyəti və məqsədi “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının Qanunu” layihəsi ilə bağlıdır. Və bu dəfə Qanunun tamamilə ləğv olunması məsələsi ortaya atılmışdır.

Ekoloji təmiz (orqanik) məhsul yalnız sağlam ətraf mühit şəraitində mövcuddur. Sağlam torpaq məfhumu isə ekoloji (orqanik) istehsalın baza prinsiplərinin əsasıdır. Əks təqdirdə, ölkə əhalisinin sağlam qida məhsulları ilə təmin olunması, yəni ərzaq təhlükəsizliyi proqramı şübhə doğurur.

Əgər müasir dünyada davamlı inkişafa nail olmaq üçün zəruri hesab edilən modellərdən biri ekoloji təsərrüfatçılıqdırsa, Azərbaycanda davamlı inkişaf strategiyasının qarşısında duran əsas vəzifələrdən biri əhalinin sağlamlığının qorunması, doğum səviyyəsinin artırılması, ölüm səviyyəsinin aşağı salınması, insanların ömür dövrünün uzadılması və demoqrafik durumun stabilləşdirilməsidir.

Bu gün Azərbaycanda mövcud olan ekoloji şəraitlə əhalinin müxtəlif qruplarının sağlamlıq səviyyəsi arasında olan funksional asılılıq danılmaz həqiqətdir. Ona görə də insan sağlamlığının dinamikasının dəyişməsi və onun patologiyasının xüsusiyyətləri vahid antropoloji sistemin elementi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycanda xəstələnmə və ölüm hallarının əsas səbəbləri qeyri-infeksion (QİX) xəstəlikləridir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir: ürək-damar xəstəlikləri, xərçəng, xronik obstruktiv ağciyər xəstəlikləri və diabet. Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə bərabərdir. Son 10 ildə ölkəmizdə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs üzvlərinin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artmışdır.

Bütün qeyd olunanlara rəğmən belə qənaətə gəlmək olar ki, ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsi üçün hamıdan çox məsuliyyət daşıyan Kənd Təsərrüfatı Nazirliyinin mövcud qanunu ləğv etdirmək məqsədi, həm də ölkədə “əhalinin sağlamlığının qorunması”  amalına xidmət edir.

Amin Babayev – AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor, aqrar elmlər doktoru, əməkdar müəllim, Vahid Dünya Mükafatı laureatı (OWA),

Eyyub Hüseynov – Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri

(Xüsusi olaraq "Təzadlar" qəzeti üçün)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN