booked.netbooked.net booked.net  

Son günlər bəzi banklar və valyuta dəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əskinaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əskinasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əskinasları plastik kartlara mədaxil etmək mümkün olmur.

Söhbət daha çox 100 dollarlıq əskinaslardan gedir.

TEZADLAR.AZ xəbər verir ki, baş verənlərə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da iradını bildirib:

"Xatırladaq ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəszilik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əskinasda mis rəngli mürəkkəb qabı da qeyd olunur", - deyə o, bildirib.

Vüqar Bayramov vurğulayıb ki, yeni əskinasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir.

Bayramov bankların "köhnə dollar" adı ilə vətəndaşlardan xeyir götürməyə çalışdıqlarını və buna həmin əskinasları ucuz qiymətə aldıqlarını da diqqətə çatdırıb.

Onun sözlərinə görə, satış zamanı həmin "köhnə" deyilən dollarları banklar yenidən vətəndaşlara təqdim edir.

"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əskinasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda əksər Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar.Yəni “köhnə dollarlar” əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avro əskinasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əskinaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər", - iqtisadçı-ekspert qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa da belə, bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir.

"Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir. Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir", - V.Bayramov xəbərdarlıq edib.

Ətraflı məlumat bu linkdən əldə edilə bilər: 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN