booked.netbooked.net booked.net  

“Şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə ev, nə torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə də övladlarımdan hər hansı biri işlə təmin edilməyib”

Şəkinin Aşağı Göynük kəndinin sakini, şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və aidiyyəti dövlət orqanlarının rəhbərlərinə rayonda mənzil növbəsində üzləşdiyi süründürməçiliyə son qoyulması üçün müraciət edib.

M.Zamanova yazır ki, Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar o da şəhid Əbdürəhimov Faiq Məmmədəli oğlunun anası kimi 8 ay süründürməçilkdən sonra - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsinə dayanıb. Bildirir ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda adı şəhid ailələri arasında 11-cidir. Amma 9 ildir ki, gözləyir, hələ də mənzil növbəsi çatmır ki, çatmır.

Şəhid anası daha sonra yazır:

Hörmtəli cənab Prezident!

Sizin 2014-cü il tarixli Sərəncamınızda qeyd edilir ki, şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və onlar evlə təmin olunsunlar. Amma 1-ci Qarabağ müharibəsində oğullarını itirmiş biz şəhid anaları üçün heç bir iş görülmür. Məsələn, bizim kənd 18, Baş Layısqı kəndi 23 və Baş Göynük kəndi 22 şəhid verib. Bu günə kimi heç birinə mənzil verilməyib. Hamısı da kasıb ailələrdir. Onlar da mənim kimi mənzil növbəsində durublar, lakin neçə ildir gözləməkdədirlər.

Qeyd edim ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olub ki, onların ən böyüyü rəhmətlik Faiq idi. Onu da əlavə edim ki, şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə ev, nə torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə də övladlarımdan hər hansı biri işlə təmin edilməyib. Övladlarımın hamısı bu gün də işsizlikdən əziyyət çəkirlər. Bizimlə maraqlanan bir məmur yoxdur.

2000-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşaq böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən əvvəlcə Almaniyaya hərbi xidmətə, sonra isə 1992-ci ildə Qarabağ müharibəsinə yola salmışam. Zəngilan və Füzuli istiqamətlərində “Şəki Faiq” kimi ad çıxarmış əfsanəvi şəhid oğluma qarşı dövlət orqanlarının laqeydliyi başa düşülən deyil.

Hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə 28 kv.m sahəsi olan təmirsiz, divarları çatlamış həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadığından toy edə bilmirdim. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşeron və Binəqədi rayonlarında kirayədə yaşayırlar. Özləri də iş tapa bilmirlər. Əhməd Rusiyada polis mayoru kimi işləmişdir. Digər kürəkənim Elmir Prezident Qvardiyasında xidmət etmişdir. Bu günə qədər iş tapa bilmirlər. Mən 24 dekabr 2019-cu ildə də mənzil məsləsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək siz evlə təmin ediləcəksiniz. Halbuki, cənab Prezident, sizin 20 iyun 2014-cü il tarixli Sərəncamınızda qeyd edilir ki, 2014-cü ilədək 5000-ə yaxın ailə mənzillə təmin edilmiş və 2014-cü ilədək növbəyə dayanmış qalan 5000 ailəni də 2014-2018-ci illər ərzində evlə təmin etmək lazımdır. Lakin mən 9 ildir ki, şəhid ailəsi növbəsində 11-ci olmaqla yerimdə sayıram. Guya bu 9 ildə heç bir şəhid ailəsinə mənzil verilmədi?. Amma mən bilirəm ki, qonşu Biləcik kəndindən bir şəhid ailəsi məndən sonra növbədə olsa da, ona dərhal mənzil verdilər. İşin indiki gedişatı onu deməyə əsas verir ki, 5000 manat pulum olmadığına görə bundan sonra 100 il də gözləsəm, bu məmurlar məni evlə təmin etməyəcəklər.

Baxmayaraq ki, mənim sonuncu müraciətimdən sonra yerli bələdiyyə sədrinin dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cizə həyət evi tikmək üçün göstəriş gəlib. Amma nə fayda, Şəki İcra Hakimiyyəti Aparatının təsərrüfat şöbəsinin dövlət əleyhinə törətdiyi cinayətə görə 5 il həbs cəzası çəkmiş keçmiş məhkum olan (əslən ağstafalı) məsləhətçisi səviyyəsində mənə rəsmi formal cavab yazılır ki,”Növbəniz çatanda mənzillə təmin olunacaqsınız”. Görün nə qədər bəsit, quru, cansıxıcı, bürokrat bir cavabdır. Halbuki son məlumata görə, keçən il Şəki rayon və mərkəzində mənim kimi şəhid və Qarabağ müharibəsi əlilləri üçün 20 mənzilin tikintisinə start verilib və təhvil verilib. Bəs bizim 1994-cü ildən bəri növbəmiz niyə çatmadı?

Son müraciətimdən sonra Hesablama Palatasının məsul şəxsi Firsəng müəllimin ƏƏSMN-nin müavini Anar Kərimova qaldırdığım məsləilə bağlı göndərdiyi 15 sentyabr 2020-ci il tarixli məktuba 1 ildir ki, cavab verilmir. Lakin Şəki İH-dən, ƏƏSMN-nin Şəki Şöbəsindən, yerli Bələdiyyədən bir qrup əməkdaş gəlib indiki 7 nəfər ailəmlə birlikdə yaşadığımız 28 kv.m darısqal təmirsiz evin fotosessiyasını etməklə məşğuldurlar. Qeyd edirlər ki, ayrıca torpaq sahəm varsa, evin tikintisinə başlanıla bilər. Xahiş etmişdim ki, imkan olsa, Şəki şəhərində heç olmasa 2 sot bələdiyyə torpağı təşkil edib ev tikin. Baxmadılar, etinasız yanaşdılar. 24 yaşlı şəhid oğlumun qanı tökülmüş vətən torpağının 2 sotunu bizə verməyə qıymadılar. Sonradan öyrəndim ki, bu torpaq yaxşı pula gedirmiş, hər sotun qiyməti 3000 manatdır. Bu gün oğlumun qanı hesabına vəzifədə oturan rayon və respublika səviyyəsindəki məmurlar bu günə kimi müraciətimi qulaqardına vururlar. Sanki oğlum Faiq bu məmurların rüşvət yığıb evdə arvad-uşaqlarını bəsləmələri üçün qanını töküb.

Mənzil təminatı elə həssas, incə məsələdir ki, xırda bir pozuntu bizim kimi adamlarda ciddi narazılıq doğura bilər. Son bir ildə bu sahədə ancaq saxta xidmətlərlə baş qatılıb. Axı bu mənzil konkret maddi obyektdir, virtual məkan deyil ki, saxta dəstək adı ilə baş qatasan?

Cənab Prezident!

Sizin tapşırığınız əsasında 2020-ci ildə şəhid ailələri üçün veriləcək 1500 mənzil üçün dövlət büdcəsindən pul ayrılırsa və ilin sonunda vəsaitin təyinatı üzrə xərclənmədiyi üzə çıxırsa, bu, biabırçılıqdır. Hesablama Palatası Prezident tapşırığından şəxsi mənafeləri üçün istifadə edən məmurların mənimsədiyi vəsait barədə niyə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmir? Niyə hüquq-mühafizə orqanları bizim konkret faktlar üzrə yazdığımız müraciətlərdə qeyd etdiyimiz qanunsuzluqlarla bağlı araşdırma aparmır? Belə çıxır ki, qanun-qayda qanunsuz, qeyri-prosessual münasibətə qurban verilir?

Son olaraq onu qeyd edim ki, mənə rayon mərkəzindən torpaq verilmədiyinə görə kəndimizdə ev tikilməsi üçün torpaq əldə etmişəm. Əgər ƏSSMN mənə sizin tapşırığınız əsasında pilsuz ev tikmək istəyirsə, kənd xəstəxanasının yanındakı torpaqda tikintiyə başlaya bilər, əgər yerli məmurlar mane olmasa.

Xatırladım ki, hazırda 74 yaşım var, xəstəyəm. Bir ana kimi ümidlə yaşayırdım ki, kiçik oğlum (36 yaşlı) Həzini evləndirmək, digər oğullarımı da bir yerə yığıb yaşamağım üçün bir şəhid ailəsi olaraq bizə kəndimizdə hökümət tərəfindən bir ev tikilib veriləcək. Amma bu ilin 19 iyulunda kiçik oğlum xərçəng xəstəliyindən dünyasını dəyişdi. Onu müalicə etdirməyə pulumuz olmadı. Mən iki oğul itrdim, heç bir məmur qapımı açıb  başsağlığı da vermədi.

Çox hörmətli cənab Prezident!

Məlumat üçün onu da bildirmək istəyirəm ki, Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsi bir il əvvəl evimə xəbərdarlıq göndərib ki, “Məfkurə bir də harasa şikayət etsə, o, ev üzü görməyəcək!” Elə bil ki, bu məmurun dədəsinin evini istəyirəm.  İmkan vermirlər ki, şəhid anasına 28 ildən sonra da olsa, bir mənzil verilsin. Baxmayaraq ki, 18 yanvardan bu günə qədər mənə edilən xəbərdarlıqdan sonra aidiyyəti orqanlara şikayət etmirdim. Amma bürokrat məmurlar buna da məhəl qoymadılar. Şəki İH başçısının müavini H.Həsənov 8 ay əvvəl mənə rəsmi cavab yazdı ki, “Sizin mənzil probleminiz 2028-ci ilədək növbəlik əsasında həll ediləcəkdir”. Axı bu cavabla, cənab Prezident, sizin şəhid ailələrinin mənzil təminatı ilə bağlı sərəncamınızla üst-üstə düşmür. Axı mənim 2028-ci ili gözləməyə ömrüm çatmaz. Onsuz da 28 il gözləmişəm.

Ona görə də, cənab Prezident, xahiş edirəm, göstəriş verin, mənim mənzil problemimlə ən çox etibar etdiyiniz PA müdiri Samir Nuriyev, ya da nazir Mikayıl Cabbarov məşğul olub nəticəni sizə məruzə etsinlər”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN