booked.netbooked.net booked.net  

 Dünya özünü itirəndə... Yaxud: Biz o gün kəkotulu çay içmədik, təəssüf ki...

 O cür insanlar tək-tək olur. Tutiya kimi, təbərrik kimi gəlirlər dünyaya. Əldə çıraq gecə-gündüz gəzib-axtarırsan, tapammırsan. Sağlığında bir cür tapılmayanlardan, ölümündən sonra isə heç cür ələ düşməyənlərdən olurlar. Bizim Şahmar müəllim də həmin ələ düşməyənlərdən idi. “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində ən axırıncı otaqdaydı oturduğu yer. Özünün yeri isə onu sevənlərin ürəyinin başında!

***

...Şahmar Əkbərzadə 2000-ci illərin ən sevilən şairlərindən biri, eyni zamanda nüfuzlu “Mədəniyyət” qəzetinin təsisçisi və baş redaktoru idi. Mən “Maarifçi” qəzetinin redaktoru olsam da, Şahmar müəllimin təklifi ilə “Mədəniyyət”in hər sayında bir səhifə yazı ilə çıxış edirdim. Bu sahə mənə o qədər yaxın idi ki! Azərbaycan mədəniyyətinin, incəsənətinin istənilən nümayəndəsi ilə görüşmək, bu sahə ilə bağlı rəngarəng tədbirlərdə iştirak etmək, problem və uğurlardan yazmaq adama xüsusi zövq verirdi. Qonorar da ki öz qaydasında! Bir sözlə, Şahmar müəllimlə, onun komandası işləmək necə də xoş idi! Bu komandanın ən sevdiyim, hörmət etdiyim üzvlərindən biri də tanınmış yazıçı-dramaturq Firuz Mustafa idi. O, “Mədəniyyət” qəzetində baş redaktor müavini idi. Demək istədiyim budur ki, Şahmar müəllimin ətrafında özü kimi saf, əqidəli, istedadlı, halal qələm adamları toplaşmışdı.

Şahmar müəllim kollektivdə elə məhrəm ab-hava yaratmışdı ki, biz istənilən sirrimizi, qayğımızı, yaxud yaradıcılıq nümunələrimizi onunla paylaşa, müzakirə edə bilirdik. O, biz xanımlara “nənə” deyə müraciət edirdi, bunu yəqin ki, hər kəs yaxşı xatırlayır. Hər dəfə təzə şeirlərini oxuyar, rəyimizi eşitmək istərdi. Bir dəfə isə “Şükür”, yaxud buna yaxın bir adda şeirini oxumaq istədiyini bildirdi və qayıtdı ki, nənə, sənə şeiri oxuyanda ürəkli oluram, bilirəm diqqətlə dinləyib, rəyini də dəqiq bildirəcəksən. Ancaq istərdim ki, düzəliş etmək lazımdırsa, hökmən deyəsən, çünki adam öz yazdığında nöqsan görmək istəmir. Beləliklə, böyük şair şeirini oxudu. Mən də deyəsən üzə düşüb hər zamankından daha diqqətlə qulaq asdım, sonda onun şeirdə hansı düzəlişə ehtiyac olduğu sualına, “filan yerdə filan sözü bu sözlə əvəz etmək doğru olmazmı?” deyə fikrimi bildirdim. Şahmar müəllim qayıtdı: “Nənə, bax elə buna görə istəyirəm ki, şeiri ilk olaraq sənə oxuyum. Çox doğru fikirdir, əhsən!” – söylədi. Bu, sevimli şairimizin, baş redaktorumuzun biz gənclərə sonsuz sayğı və etibarının göztəricisi idi.

Heç yadımdan çıxmaz. Bakıya Dağıstanın “Ləzginka” ansamblı gəlmişdi. Respublika sarayında konsert verəcəkdilər. Şahmar müəllim həmin gün olduqca məşğul idi. Əvvəlcə Axundov Kitabxanasına gedəcəyimizi bildirdi. Getdik. Hansısa tədbir vardı. İştirak etdik. Sonra dedi ki, nənə, qeydlərini götürdün, lap yaxşı, indi gedək səni bir adamla tanış edəcəm. Piyada gəzə-gəzə İçərişəhərə doğru getdik. Yolboyu tanış üzlər, tanış simalar, hər kəslə salamlaşır, hal-əhval tuturdu. Ancaq hiss olunurdu ki, harasa tələsir. İçərişəhərdə saatsaz Hacı (nədənsə bu ad Əli kimi yadımda qalıb, sonradan həmin adamın Hacı Fətəliyev olduğunu tv-lərdən eşidib yadda saxladım) adlı tanınmış şəxslə məni tanış edib dedi ki, baxın iki şəkilini bir-birinə mən ağdamlı təqdim edirəm. Buna nə düşür? Əlbəttə ki, bir çay qonaqlığı! Saatsaz Hacı nə qədər çalışdısa da ki çay qonaqlığı onun emalatxanasında baş tutsun, Şahmar müəllim: “Qalsın gələn dəfəyə...” – deyib yolumuza davam etməyimizi istədi. Bu, əslində mənim də ürəyimcə oldu. Çünki günün ikinci yarısında magistraturada dərsim vardı. Bunu Şahmar müəllimə bildirəndə, qəti etiraz etdi: “Heç elə şey yoxdur, nənə. İçərişəhərə gələsən, bir kəkotulu çay içməyəsən, olan şey deyil.” Qəti etirazımı bildirdim, elə bil tərsliyim tutmuşdu. “Mən kəkotulu çayı heç xoşlamıram”. “Yaxşı, Şəki paxlavasıynan bir çay sən mənə borclu!” Sevincək razılaşdım. Şahmar müəllim cəhdinin boşa çıxdığını görüb çay içməyi başqa günə “saxladı”. Əvəzində məni “cəzalandıracağını” bildirdi: “Onda al bu iki bileti, axşam hökmən saraya “Ləzginka”nın konsertinə get. Qeydlər apar, müsahibə-filan götür, nömrəyə yazı hazırla...” “Axı mən dərsdən çıxıb necə çata bilərəm konsertə? Tək necə gedim?” “Tək niyə, bilet ikidir, yoldaşınla get, nənə.” Heç cür alınmayacağını bildirsəm də, Şahmar müəllim bunun əmr olduğunu, əmrdən çıxılmağın mümkünsüzlüyünü “elan etdi”. Çar-naçar razılaşdım. Dərsin son saatından icazə alıb saraya “Ləzginka”nın konsertinə getdim. Düzünü deyim ki, həmin dövrlərdəki tədbirlərdən ən yaddaqalanı, ən zövq aldığım məşhur rəqqasların həmin axşamkı məharətli ifaları oldu və təbii ki, mən həmin tədbirdən aldığım təəssüratları “ “Ləzginka” Bakıda” adlı yazı ilə “Mədəniyyət” qəzetinin oxucularına təqdim etdim.

Qəzet dərc olunandan sonra Şahmar müəllim mənə təşəkkürünü bildirdi və yenidən qayıtdı ki, heyf ay nənə, kəkotulu çaydan. Mən də “Şəki paxlavası” ilə çay qərarımızın qüvvədə olduğunu bildirdim.

Daha bir yaddaqalan hadisəni də qeyd etmədən keçə bilmirəm. Redaksiyaya növbəti yazımı təqdim etmək üçün altıncı mərtəbədən ikiyə endim. Şahmar müəllimin otağının qapısı həmişəki kimi aralı idi. Yüngülvarı tıqqıdadıb, içəri daxil oldum. Şahmar müəllim üzündəki həmin xoş təbəssümlə: “Nənə, inanmazsan, sən hər dəfə blokdan dönəndən ayaq səslərindən bilirəm ki, gələn sənsən. Sənin ayaq səslərin bir ayrı cürdür”. Təbii ki, utanıb qızardım.

“Maarifçi” redaksiyasına, iş otağıma qalxdım. Ha illah elədim, başqa işə baxa bilmədim. Qalaq-qalaq yazılı vərəqlər üstümə gəldi sanki. Duyğular beynimdə cövlan edirdi. Qələmi əlimə alıb cəmi on-on beş dəqiqəyə aşağıdakı şeiri yazdım:

       AYAQ  SƏSLƏRİ

 Ayaq səslərimdən tanıdın məni,

Yerişim bu qədər doğmaymış sənə.

Neçə cür sədanın, səsin içindən

Bircəsi od sala bilmiş könlünə.

 

Min xəyal içində yol gedirəm mən,

Fərqinə varmadan ayaq səsimin.

Sən demə, ariftək ritmini tutur

Ayağım beynimdə çaldığım simin.

 

«Ayaq səslərindən bildim ki, sənsən»,

Kaş ki deməyəydin bu kəlmələri.

Ayağım yerlərdən üzülüb, gülüm,

Min səsin içindən azalıb biri.

 

Demək, gözləmisən o səsi hər an,

Əlin işdə olub, gözün qapıda.

Hər dəfə bir başqa sima görəndə,

Qırılıb qəlbinin incə sapı da.

 

«Bu səs – başqa səsdi, bu səs – başqa səs», – 

Fərqinə varmadın dediyin sözün.

Mənə qanad verib, mənə qol verib,

Bir quştək havaya uçurtdun özün!

 

Təbii ki, görkəmli şairin heç özünün xəbəri olmadı fərqinə varmadan dediyi adi sözlərdən belə bir şeirin yarandığından... Daha bir şeir isə şairin vaxtsız-vədəsiz bizi tərk edib getdiyi gün yarandı. 2000-ci il avqust ayının 30-u günü. Yenə “Mədəniyyət” qəzeti üçün hazırladığım yazını götürüb aşağı enirəm. Dəhlizin bu başından baxanda hər zaman açıq olduğu görünən baş redaktor otağının qapısı bu dəfə aralı görünmür. Dəhlizdə isə Firuz müəllimi görürəm. Baş redaktor müavini, şair, yazıçı-filosof Firuz Mustafanı. Dilxor olduğu uzaqdan hiss olunur. Yaxınlaşıram. “Bizim Şahmar müəllim artıq dünyada yoxdur, Qiymət xanım.” “Necə yəni, yoxdur?” “Bəli, yoxdur, rəhmətə gedib, bir azdan dəfn olunacaq.” Gözümdən qığılcım çıxır sanki. Gözlərimdən qeyri-ixtiyari yaş süzülür. Firuz müəllim də göz yaşlarını saxlaya bilmir. “İstəsən gedə bilərsən, nəşriyyatı keç, görəcəksən, hamı ora gedir.” Getdim. İnsan izdihamından irəli yerimək mümkün deyildi. Qulaqlarım uğuldayırdı. Azacıq irəli keçsəm də, bundan o yana gedə bilməyəcəyimi anladım. Bir də irəli getməyin nə mənası vardı ki? Buradakı insanların hər biri Şahmar ağrısını ürəklərindən gözlərinə doğru axıdanlar idi. O qədər səslər içindən qulağıma kövrək, həzin, ağrılı bir səs dəyirdi ahəstə-ahəstə: “Biz poeziyamızın Şahmarını itirdik...” Bu səs şairin böyük dostu Xalq şairimiz Bəxtiyar Vahabzadənin səsi idi.

Göz yaşları içərisində cənazənin götürülməsini gözləmədən geri, nəşriyyata qayıtdım. İş otağıma keçib beynimdə dolaşan hıçqırıq dolu nidaları kağıza köçürdüm. İlk dəfə idi ki, şeirin adı özündən qabaq dünyaya gəlmişdi: “Dünya özünü itirib”.

Şairin qırxı ərəfəsində Firuz müəllim Şahmar Əkbərzadənin xatirəsinə Xüsusi buraxılış hazırlandığını və mənim də yazımı orada görmək istədiyini bildirdi. Vəfatı günü yazdığım həmin şeiri verdim...

 Dünya özünü itirib

(Şahmar Əkbərzadənin vəfatı münasibətilə)

 Neçin gəldik dünyaya,

Nədən gedəri olduq?!

Fələk salmadı saya,

Tale qədəri olduq...

 

Süfrəmiz gen olmadı

Nədən ürəyimiztək?

Bəxt bir qızıl almadı,

Tapdın, yenə itəcək...

 

Bir sandıq içi dünya...

Qarası, ağı birdi.

Bir karvan köçü dünya...

Dəvəsi kor gəzirdi.

 

Qəbrimiz gen qazılar –

Qapı, hasarı olmaz.

Bəxtsizə gün yazılar –

Kilid, açarı olmaz.

 İşi düyün dünyanın,

Açmağa gümanı yox.

Bu gördüyün dünyanın

Dini yox, imanı yox.

 Gedəni ağlamağa

Bir kor gözü tapılmaz.

Özün itirib dünya,

Bir gün...özü tapılmaz.

 Xatirəsi hər zaman könüllərdə yaşayan görkəmli şair, böyük insan, əsil dost Şahmar Əkbərzadə ilə bağlı deməyə çox sözümüz var. Şeir yaradıcılığı ilə bağlı yazılarımızla ruhunu şad etmək ümidiylə:

 Qiymət Məhərrəmli,

şair-publisist, filologiya üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN