booked.netbooked.net booked.net  

Şəhid mayor Vüsal Vəliyevin qardaşı: “Vüsal döyüşə məhkəmə qərarı ilə getməmişdi ki, indi mənzil məsələsinə görə məhkəməyə müraciət edək”

“Qardaşım şəhid mayor Vüsal Vəliyev subay olduğu üçün nə Naxçıvanda, nə də Bakıda bizi mənzillə təmin etmirlər. Bizə deyirlər ki, Naxçıvanda kənddə eviniz var”.

Bunu mətbuata aşıqlamasında Vətən müharibəsində şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib. E.İslamoğlu bir şəhid ailəsi kimi onlara qarşı bu laqeyd münasibətdən təəssüfləndiyini bildirib: “Biz Bakıda da, Naxçıvanda da kirayədə yaşayırıq. Anam tək yaşaya bilmir, ona görə də o, Naxçıvanda kiçik qardaşımla bərabər kirayədə yaşayır, amma çox vaxt Bakıda mənim yanımda olur. Əslində, bizə mənzil Bakıda verilməlidir, çünki anam Xətai rayonunda qeydiyyatdadır. Bakıda isə bizə deyirlər, məhkəməyə müraciət etməlisiniz ki, məhkəmə sizin mənzil haqqınızı tanısın. Qardaşım Vüsal Vəliyev əslində MİDA-da mənzil üçün qeydiyyatdan keçmişdi. Amma şəhid olandan sonra MİDA onun mənzil seçimi hüququnu ləğv edib və onun seçimindən yaxınları olaraq biz istifadə edə bilmirik. Özləri də bizi mənzillə təmin etmirlər. Bir sözlə, Naxçıvan qeydiyyatı olduğumuza görə ortalıqda qalmışıq.

Vüsalın 19 illik xidməti var, əslində o, çoxdan mənzillə təmin olunmalı idi. Elə şəhid ailələri var ki, şəhid anası ayrı, həyat yoldaşı da ayrı mənzillə təmin olunub. Amma bizim ailəni bu məsələdə nəzərə almırlar. Anamın səhhətində Vüsaldan sonra çoxsaylı problemlər yaranıb. Mən bunu indiyə kimi deməyi qüruruma sığışdırmırdım. Amma indi məcbur qalıb hər şeyi açıb ictimaiyyətə deyirəm. Mənim qardaşım döyüşə məhkəmə qərarı ilə getməmişdi ki, indi mənzil məsələsinə görə məhkəməyə müraciət edək.

Bütün sənədləri toplayıb Xətai Rayon İcra Hakimiyyətinə vermişdim. Amma imtina cavabı aldım. Dedilər ki, ancaq məhkəməyə müraciət etməlisiniz. Mən isə utanıram məhkəməyə müraciət edim ki, qardaşım şəhid olub və mənim ailəmi mənzillə təmin edin. Amma bütün bunlardan cavabdeh şəxslər utanmırlar. Özləri bizi mənzillə təmin etməlidir. Qardaşım nişanlı ola-ola heç nəyi düşünmədən döyüşə getdi. Bizim ailədə 6 oğlan övladı böyüyür, amma mən şəxsən onlara demərəm ki, gedin özünüzü qurban verin. Çünki qardaşıma qarşı medal məsələsində haqsızlıq və hazırkı mənzil problemi bizi məyus edir. Bir nəfər anamın səhhətilə maraqlanmır. Bir neçə gün əvvəl onun doğum günü idi və bir nəfər zəng vurub anamı təbrik etmədi. Halbuki Vüsal anamı birinci təbrik edirdi. Yəni başqaları kimi biz müavinət və ya başqa bir şey tələb etmirik. Biz mənəvi diqqət istəyirik, ağlamaqdan anamın gözünə mirvari suyu gəlib, gözləri zəifləyib, böyrəklərində, ayaqlarında problem var. Şəhidin ailəsinin problemini həll etmirlər, amma uşağın 18 yaşı tamam olanda gəlib qapımı döyürlər ki, uşağı ver əsgər aparaq. Mən isə övladlarıma deməyəcəm ki, gedin əminiz kimi özünüzü qurban verin. Mən görürəm ki, şəhid ailələrinə necə dırnağarası diqqət göstərirlər. Ən azından nəvələri görür ki, anama necə diqqət göstərirlər”.

Qeyd edək ki, Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq hərb sənətinin sirlərini öyrənib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. Mayor Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədə savaş yolu keçib. Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

E.ŞİRİNOV        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN