booked.net booked.net  

Postmünaqişə dövrünün reallıqları belə deməyə əsas verir ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu gün də Azərbaycana qarşı ərazi iddiası abu-havasındadır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hər iki tərəfin üzərinə öhdəliklər qoyuldu. Azərbaycan bu öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək, hətta 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə rəğmən münasibətlərdə yeni səhifənin açılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Artıq o vaxtdan iki ildən çox zaman keçsə də  Ermənistan bu istiqamətdə hər hansı konkret addım atmayıb.  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə üçtərəfli formatda  görüşlər keçirildi.  Bu görüşlərin  hər birində əldə olunan razılaşma sülh müqaviləsinin tezliklə imzalanacağı barədə  proqnozlar səsləndirməyə əsas verdi. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, işğalçı dövlət hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır.

Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı komtingentinin müvəqqəti nəzarət etdiyi hissəsində qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bütün bunlar azmış kimi Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyin icrasından  da yayınır. Bu sadalananlar Ermənistanın  2020-ci il noyabrın 10-da imzaladığı Bəyanatın şərtlərinu  kobudcasına pozması deməkdir. Halbuki, işğalçı dövlət bu destruktiv əməllərinə  görə məsuliyyət daşımalıdır. 30 illik işğal dövründə dünya təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, hazırkı postmünaqişə mərhələsində isə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli  bəyanatlardan irəli gələn öhdəliklərinin icrasına göz yummaqla  Ermənistanın Azərbaycana qarşı əsassız  ərazi iddialarını davam etdirməsinə şərait yaratmış olur. Təəssüf  ki, bu gün 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmayan Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirilməsinə dəstək verənlərin mövcudluğu  inkaredilməz faktlardır. Görünür, bəzi dünya gücləri ikili standartlara əsaslanan siyasətlərinin  hansı faciələrə gətirib çıxaracağını təsəvvür etmirlər. Məlumdur ki, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsində  kağız üzərində ədalətin və beynəlxalq hüququn tərəfində olub, reallıqda isə maraqlarının arxasınca gedən bəzi güclərin Ermənistana dəstəkləri az rol oynamadı. Azərbaycan yenə də ədalətə söykənərək BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi.  Bu günlərdə dövlət başçısı İlham Əliyevin Tərtər rayonunun Talış kəndindən səsləndirdiyi bu mesaj Ermənistana və havadarlarına ciddi çağırış olmalıdır: “Əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummaq niyyətində olmadığını dəfələrlə ən yüksək tribunalardan bəyan edib: “Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın  4-cü bəndində sülhməramlıların bölgədə qalma müddəti göstərilib.  Burada əsas məsələ sülhməramlıların başlıca  missiyasının sülhyaratma əməliyyatına yardım göstərməkdən, Bəyanatın icrasını təmin etməkdən ibarət olmasıdır. Sözügedən sənəddə onların konkret vəzifələri də qeyd olunub. Lakin son hadisələr bir daha Rusiya sülhməramlılarının hələ də öz missiyalarının “nədən” ibarət olduğunu dərk etmək istəmədiklərinə işıq salır. Ermənistandan gizli yollarla Azərbaycan ərazisinə silah-sursat daşınır, Rusiya sülhməramlıları isə təəssüf ki, bütün  bunları görməzdən gəlir.  Şübhəsiz, Rusiya sülhməramlı kontingentinin bu anlaşılmaz addımları, hətta əksər hallarda Ermənistana və Qarabağdakı separatçılara cinayət əməllərini reallaşdırmaqda kömək etməsi  çoxsaylı sualların yaranmasına, onlara qarşı Azərbaycan  tərəfinin  etimadının tükənməsinə səbəb olmaya bilməz. Görünən budur ki, sülhməramlı kontingentin köməyi ilə Qarabağdakı separatçılar mütəmadi olaraq silah-sursatla təmin edilir”.

 YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, martın 21-də  Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin, martın 25-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Prezident İlham Əliyevlə telefon danışıqlarında da  dövlət başçısı Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə  işğalçı ölkənin silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının  ciddi narahatlıq doğurduğunu, bu xüsusda Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusi vurğuladı: “Bu mühüm məqam da diqqətə çatdırıldı  ki, Ermənistan tərəfi Avropa İttifaqının bu ölkədə missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür.  Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri  atəşkəsi intensiv şəkildə pozur”.

V.Rəhimzadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarından, həmçinin üçtərəfli Bəyanata zidd əməllərindən dərhal sonra dünya güclərinin narahatlığı və bunu  Prezident İlham Əliyevə telefon zəngləri ilə ifadə etmələri bu qənaətə gəlməyə əsas verir ki, beynəlxalq ictimaiyyət  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır: “Eyni zamanda, işğalçı dövlətin siyasi və hərbi təxribatları beynəlxalq səviyyədə  birmənalı qarşılanmır. Son iki ildən artıq dövrün reallıqlarından biri də məhz budur: Ermənistan havadarlarına arxalanaraq təxribatlar, qanunsuz əməllər törədir, əksər dünya gücləri isə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcəklərini bildirsələr də bu istiqamətdə konkret addımlar atmırlar. Artıq bu səylərin reallaşması üçün sözdən əmələ  keçməyin zamanıdır. Əgər zamanında dünya gücləri Ermənistana BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığına  görə sanksiyalar tətbiq etsəydilər Qarabağ münaqişəsi sülh yolu ilə həll olunardı. Bu gün artıq bəyanatların saralmış kağız üzərində qalması zamanı deyil. Gələcəkdə baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA