Hərbi xidmət müddətinin 20 ildəm 25 ilə qaldırılması hərbiçilər arasında müəyyən narahatlıq yaradıb.

Bu barədə Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev Milli Məclisin Plenar sessiyasındakı çıxışında bildirib.

 Razi Nurullayev hərbçilərin bir sıra problemləri olduğunun söyləyib və bir sıra təkliflər də verib.

   “Təklif edirəm ki, 5 il birdəfəyə tətbiq edilməsin. Ən azından yaşa görə əmək pensiyasına tətbiq edilən düstur tətbiq edilsin və bu müddət hər il 6 ay artırılmaqla həyata keçirilsin. Hərbçilərin köhnədən qalan problemləri var və istəməzdik ki, yeni problemlər də əlavə edilsin.

Müharibə dövründə qismən səfərbəriklə döyüşmək üçün orduya çağırılmış əsgər və zabitlərimiz müharibədən sonrakı aylarda da, hətta mart ayına qədər xidmətlərini davam etdirmiş, işğaldan azad edilmiş ərazilərimizdə anti-terror əməliyyatlarına cəlb edilmiş, bəzi rayonların müdafiə və mühafizəsində iştirak edib. Mənə müraciət etmiş zabitlərin və əsgərlərin hərbi biletlərini nəzərdən keçirəndə aydın olur ki, bu zabitlər Müdafiə Nazirliyinin şəxsi heyətinə daxil edilmiş, təyinat aldıqları hərbi hissələrdə döyüş tapşırıqları almış, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında, Laçının və Qubadlının müdafiə və mühafizəsində iştirak etmiş, əsgərlərin yüksək döyüş hazırlığının təmin olunmasında, şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamının möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində, eləcə də maddi-texniki təminatın təmin olunmasında yaxından iştirak edib”, - deyə o, bildirib.

 O, vurğulayıb ki, həmin zabitlərin hərbi hissələri MN tərəfindən “tamamlama mərkəzi” adlandırılıb, hansı ki,  həm qanunvericilikdə belə bir termin yoxdur, həm də bu səbəbdən onlar veteran adından məhrum olublar.  

 

“Bu zabitlərin göstərdikləri xidmətin “mənəvi-psixoloji təminat, maddi-texniki təminat” kriteriyalarına uyğun olmasına baxmayaraq, Müdafiə Nazirliyi müharibə başa çatandan sonra özünün imzaladığı 04.03.2021-ci il tarixli əmri ilə N saylı hərbi hissələri (171, 127, 191, 282, 283, 284, 285, 286, 287, 281) “tamamlama mərkəzi” adlandırdığından həmin hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməsi faktiki olaraq mümkünsuz olub. Halbuki hərbi sahədə olan qanunvericilik aktlarında “tamamlama” termini barədə bir kəlmə belə yoxdur. Yəni bu N saylı hərbi hissələr döyüşən hərbi hissələrin təminatı üçün yaradılmış və hətta döyüş əməliyyatları üçün vəzifəyə təyin olunub”, - deputat izah edib.

 

Həmçinin o, diqqətə çatdırıb ki, həkim-zabitlər də, ezamiyyə vərəqəsini ala bilməyən zabitlər də  veteran adı ala bilməyiblər.

 

“Bir faktı da qeyd edim ki, zabitlərin arasında səfərbərliklə çağırılıb tibbi təminat göstərən həkim-zabitlər də veteranlıq adını ala bilməyib.

Bundan başqa, müharibənin qızğın çağında komandirlərin əmrlərinə tabe olub, ezamiyyə vərəqəsiz döyüş tapşırıqlarını yerinə yetirmiş çoxsaylı zabitlərimiz ezamiyyə vərəqələrini təqdim edə bilmədiklərindən bu gün müharibə veteranı adını ala bilməyib. Belə ki, müharibə dövründə, yəni 27 sentyabr – 10 noyabr arası tarixlərdə bu zabitlər ezamiyyə vərəqəsiz ön cəbhəyə göndərilsələr də, həmin dövrdə onların ön cəbhədə olduqları yeri sənədlə müəyyən etmək mümkün deyil. Buradan bir daha aydın olur ki, bu zabitlər döyüş zonasında olub”, - o, açıqlayıb.

 Razi Nurullayevin fikrincə, “Veteranlar haqqında” qanunun təkmilləşdirilməyə ehtiyacı var.

O, veteran adını almaq üçün tələb edilən kriteriyaların həmin qanunda deyil, NK-nin  qərarında əks olunmasına da təəəccübünü gizlətməyib.

  “Nəhayət, “Veteranlar haqqında” qanun günümüzün reallıqlarını əks etdirmir və buna görə də təkmiləşdirilməlidir. Təəccüblüdür ki, müharibə veteranı adının verilməsinə dair kriteriyalar bu Qanunda yox, Nazirlər Kabinetinin 420 saylı qərarında yazılıb. Məncə, əksinə olmalı idi.

Digər tərəfdən Qanunda “Müharibə Veteranı” anlayışının tərifi verilmədiyindən qeyri-müəyyənlik yaranıb. Belə ki, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara da bu Qanunun 3-cü maddəsində müharibə veteranı adının verilməsi təsbit edilib”, - deyə xatırladıb.

 Deputat, hətta futbol meydançasında mübarizə aparan komandaya qələbə qazandıqda, hətta oyunda iştirak etməyənlərin belə mükafatlandırılmasından sitat çəkib:

 

“ Onda sual olunur: Müharibə veteranı kimlər hesab olunur? Qanunun 3-cü maddəsindən belə başa düşülür ki, “müharibə veteranı” adı həm döyüş əməliyyatlarında iştirak etmiş, həm də döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara verilə bilər. Əgər belədirsə, onda mənə müraciət etmiş zabit və əsgərlərə də müharibə veteranı adı verilə bilər. Lakin indiyə kimi, onlara belə bir ad verilməyib.

Bu da onların narazılığına səbəb olub. Futbol oyunu üzrə sadə bir məntiq onu deməyə əsas verir ki, 11 nəfərlə meydanda mübarizə aparan komanda sonda qələbə çalıb kuboku qazanırsa, bütün komanda üzvlərinə medal verilir, hətta meydanda oynamayan və əvəzedici heyətdə yer alan oyunçulara da medal və digər fəxri adlar verilir. Yəni baş məşqçi deməyəcək ki, siz əvəzedici heyətdə olduğunuza görə sizə medal və ya başqa fəxri adlar düşmür. Eləcə də mənə müraciət edən zabitlər səfərbərlik dövründə ordu sıralarına cəlb edilərək müharibədə döyüşmək üçün çağrılmışdı.

Onlar vətənin müdafiəsinə qalxmışdılar. Düşmən hər an onları hədəfə ala bilərdi. Bu halda onlar şəhid və ya qazi ola bilərdlər. Müdafiə Nazirliyinin indiki yanaşmasına görə, yenə də onlara heç bir ad verilməzdimi? Bu baxımdan onlara “Müharibə Veteranı” adının verilməməsi, sadəcə təəssüf və məyusluq doğurur. Bu zabitlərin bir adı var, o da Müharibə iştirakçısı adıdır”, - deyə qeyd edib.

 Razi Nurullayev çıxışının sonunda “Hörmətli Sahibə xanım, xahiş edirəm bu məsələdə həqiqətin və ədalətin zəfər çalması üçün Milli Məclisin də müvafiq komitə və şöbələrinə göstəriş verəsiniz ki, dediyim qanunlar və maddələr üzrə araşdırmalar aparıb məlumat versinlər” deyib.

 

Xatırladaq ki, bir çox hərbçi Qarabağda keçirilən antiterror əməliyyatlarında iştirak etsələr də, veteranlıq ala bilmirlər və buna görə narazılıq baş alıb gedir. Onların bir çoxu deputat Razi Nurullayevə müraciət edərək kömək istəyirlər.

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN