booked.net booked.net  

Bir dur, ayaq saxla, sən də gəl...

Çərşənbə axşamları da keçdi. Boz ay da. Təbiət öz hay-harayında, öz gərdişindədi. Təbiətə inamlı, sağlamlığına qayğılı adamların bir qismi də Gilgilçayın başlanğıcında intişar tapmış, İstisu müalicəsinə getməyə tədarük görür. Orada görüşənədək! Qismət!

80-90-cı illərə təsadüf edir. Xaltan İstisuyuna ilk gəlişim, iqtidar təzə-təzə özəlləşmə barədə qanunlar qəbul edir. Torpaqlar, müəssisələr icarəyə verilir. İmkanı olanlar nəsə yaradırlar. Quba xəstəxanasının keçmiş baş həkimi Mirzə doktorun dağların arxasında el sərvəti möcuzəli Xaltan istisuyunu himayə etdiyi, orada koorperativ yaratdığı xəbəri mənə də çatmışdı. Düzü elə bilmişdim ki, həkim orada pansionat quraşdırır. Şəxsi klinika açıb. Eşitmək, xəyal eləmək, özgə gözlə açıq-aşkar ağrı çəkmək bir başqa, incik qayıtdım. Xoşa gələn, ürək açan bir şey görmədim.

“Kirpi” jurnalının o vaxtıkı baş redaktoru mərhum Polad Qasımovla söhbətləşdik. Etiraz etmədi, “Yaz”- dedi, verərik. Qeyrətli işdir. “Sahibsiz nemət” və “Dələduz yuvası” felyetonları o zamanın məhsuludur. Əlbəttə, bütün deyintiləri Mirzə həkimə toxumaq olmazdı. Xeyriyyə məqsədilə kooperativə verilmiş “n” misilli metal boruları isti sudan ancaq imkanı olan səlahiyyətli şəxslər apara bilərdi. Çox güman o oğurlayana da qalmayıb metal borular. Özü ilə qəbir evinəcən aparmayacaqdır ki?!

Hər halda, Mirzə həkim dözümlü çıxdı. O yeri “diş qıcırdanlara” vermədi. Oğlanları da sağ olsunlar, o yerin qazancını sərf edirlər o yurdun abadlığına. O yerdə indi fasiləsiz işıq mənbəyi yaradılmışdır. Normal sanitar qovşaqları yaradılıb. Döşəməsi və pəncərəsi yararlı, çoxlu qonaq otaqları tikilib istifadəyə verilib. 2-3 çadır şəhərçiyi də səliqə-sahmanlıdı.

Dəqiq desək, bu yer xəritədə Quba-Şabran İnzibati Ərazisinin nişangahıdır. Qoşa istisu hovuzlarının biri Şabrana, o biri Quba vahidliyinə düşür. Hovuzların nə vaxt – hansı əyyamda kimlərin tikdiyi məlum deyil. Ancaq intizam əvvəldən olduğu kimidir. Günaşırı hovuzun birinə qadınlar, o birinə kişilər girir. Əsla cığallıq edən yoxdur. Yəqin ki, olmayıb da.

Ötən yazılarım da Gilgilçayın məcrasında sərt, yolagəlməz daşların yatağında yerdən qaynaya-qaynaya daşıb çıxan el neməti bu Xaltan isti suyunun səmərəsiz axıb getdiyindən şikayətləndiyimdən illər keçib dönə-dönə, yeni istək və duyumla bir neçə yola gəldim bu diyara.

Bura ağsulu da gəlir, ağdaşlı da... Söz yox, elə o Şabrandakı qaraqaşlı da... Xaltan isti suyunda axırıncı dəfə ötən ilin avqustunda olmuşam. Təəssüratım böyükdür. Yerin-yurdun hikmətindən deyiləsi sözüm də çoxdur. Adamların tükənmək bilməz qılığından sadalamağa tutarlı faktlarım da var.

Təəccüblüdür, hesaba gəlməz ülfəti, qılığı, yanaşmanı bu yerin təbiəti adamların canına hopdurur, yoxsa elə bura gələnlərin qismətində meyl-sədaqət var?!

Bu gəlişimin başlıca parametrləri əzbərdir: könül-oxşar, yaddan çıxmazdır. Söz yox, Siyəzən məscidinin hamisi. Qənimət kişinin bais bildim bu gəlişimə. O gözdə, yaddaş da olan bu kişi Siyəzən şəhərində inam yiyələrindən biri kimi tanınır. Kişi əsl mənada ictimaiyyətçidir. Onu təkcə məscidə gələnlər yox, müalicəyə möhtaclar, yolu polisdən keçənlər və hətta Siyəzən şəhər Qonaq evinin – şəhər otelinin əməkdaşları da yaxşı tanıyır. Həm də, şəhərin bir çox haylı-küylü qonaqlarını qarşılamaq, yola salmaq lazım gəlir. Hər biri barədə yığın-yığın xatirələri var Qənimət kişinin. Qismət oldu məni də yola verdi. Ayrılanda də tapşırdı ki, orada hamının doğması – çörəkçi İmarət xanım var. De, xahiş edirəm bir mənə zəng eləsin. Deyəsən, bu gərək “parol” olaydı.

Məscid hamisinin xahişini yetirəndə İmarət bacıqızı güldü. Məni tanıdığı üçün güldü. Elə tapşırıqsız da səni tanıyıram. Əzizimizsən, dedi. Tanınmışlardan söz saldımsa, Yaşarı gecikdirmək olmaz.

Yaşarla növbəti görüşdə xoşallanmadım. O: - hamı kəcavə ilə gedir. Hər kəsin öz avadanlığı, hər kəsin öz baxıçısı var. Fikrin nədir? Sən köhnə “kamsomola” kim baxacaq?

Azca qaldım ki, pünhan duyğumu dilə gətirim, bəlkə elə bu gün qayıtdım deyim dilimi sürütdüm. Daha doğrusu, cavab vermədim. Yaxşı oldu söz qaçırtmadım dilimdən. Hə də, yer var, susmaq qızıldır.

Elçin Qardaş oğlu çarpayı quraşdırdı. Bahar bala bəy döşəyi gətirdi. İmarət bacıqızı xovlu “inamarka” yorğan verdi. Mələfə döşək ağı, yorğan üzü xəyalımda 5 ulduzlu qonaq evi havası yaratdı. Gülümsündüm. Yaşarı Şabranda, Qubada, Xaltanda və Sumqayıtda da gözləyirlər. Uğurlu maşını var. Elə uzaqdan yad-yalanda doğmaları kimi tanıyır o maşını. Neçə-neçə mövsümdür, neçə-neçə yay-bahar. Yaxın uzaq tanışları isti su müalicəsinə aparıb gətirir bu igid. O kişi gözəl ailə başçısı hamının köməyinə yetən yaxşı texnoloq, elektrik  sərvaxt sürücüdür. Bir sözlə, Gilgilçayın yatağı Yaşar üçün gen-geniş yaylaqlar əlamətdar xiyabanlar qədər tanışdır. Maşallah, nabələd adama təkrar-təkrar sərtlik-çətinlik sayılan çaylaq ona doğma əl yeridir.

İlkin gənclikdən mənimsəyib Xaltan yolunu. Özgələrinə bir baxış - adi çaylaq görünən Gilgilçay yatağı (30 km-dən çox) onun üçün qalın-qalın kitablar əvvəli və sonu bilinməyən irili-xırdalı romanlardı. Bələddi birər-birər daşa ulama. Yay aylarında sellər-sullar quruyanda çayın hansı səmtində hansı ulamada işlək bulaq kimi su çıxdığını Yaşar yaxşı bilir.

Gərəkdirsə, maşını ordan sürüb sərnişinləri əyləndirir. Ziriş qərbi və çaytikanı, aplivixa meşəliklərinin yerini də, səmtini də tanıyır. Barələrində söz açdığım bu 3 adamın özlərinin olmasa da, sözünün rəftarının məlumatı Xaltanın ətəyindəki isti suda deyilir-danışılır. Barələrində söhbət gedəndə adamların üzündə sevinc nişanəsi görünür. Hafizələrdə rahatlıq  duyulur.

Şəhabətdin Xaltanlı aşıq Tağının ellilərindən, kimsələrindən bir nişanədir. İsti su müalicə ocağına gələnlərin yığın-yığın suallarına XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış el şairi aşıq Tağının yaradıcılığından əməllərindən misallar gətirər. Öz nəcib davranışı ilə qəlblərə girir, eşidənlərin hafizəsində də uzaq-yaxın ellərə gedir “isti suyun” komunal qayğılarını çəkir. (Santexnik kimi). Vaxt olur çilingər işi görür, vaxt olur dülgər.

Alik də tutumlu adamdı. İsti su təbii müalicə özəyində sahibkarın yasavuludu. (Hə də) Etibarlı şəxsdir. Etibar edilmiş mülkü nizamlayır. Gəlib-gedənə diqqət yetirir. Vaxt olur asayişi bərpa edir, vaxt olur söküntünü quraşdırır. Ən vacibi odur ki, sadə-saya bu adam elə göründüyü kimi ziyarətçilərin rəğbətini – etiramını doğruldur.

Burada bir yeniyetmə də var. Qocaqdır. Gündə neçə yol düşür çayın yatağına, boylanır, eşilmiş-deşilmiş girlənməyə quraşdırılmış künc-bucağa. Bənd olmur soluna-sağına. Bir belə tələsir, tövşüyür. Tanıyır adamları. Gülərüz, mehriban qarşılayır. Əsirgəmir münasib müştərilərdən ala-babat daldanacaq otaqları. İcarəyə verir.  Beş-on günlük. Səliqə-səhman saxlamasına nəzarət edir.

Biri də var: Daha çox özümü borclu bildiyim İmarət bacıqızı, acları doyuzdurur. Amma bu yerə çörəyi Siyəzəndən gətirirlər və çox vaxt yetmir. Əlilovlu müştərilər neçə-neçə çadır şəhərçiyindən İmarət bacıqızının ünvanını soraqlayır. İmarət bacıqızı çörək bişirir. Çömçənin dolandırdığını da görmək olar. Hər halda, ehtiyacı olanları ac qoymur. Əməlli qayğı gördüm İmarət bacıqızından. Yaxın kəndlərdən atlı-ulaqlı cavanların satmaq üçün gətirdiyi təzə qaymaqla, kəsmə pendirlə, doşablı qatıqla və bol-bol təzə-təzə buladığı dovğa ilə də yedizdirilmişəm.

Bu mənim isti su müalicə ocağına getdiyim necə-necə səfərlərin sonucundan əvvəlincisi ola bilər. Hə söz elə odur yedizdirmək. Bacıqızı məni hətta bir dilim kəsik qarpız ilə də yedizdirəndə də iştahıma yarayıb-yaratmayacağını ehtiyatla elə də soruşurdu ki, tamahım artardı.  Hovuzların şəfqət yerində çay axarın solunda adamların üzü güldü. Məni tanıyanlar vardı. O adamların üzündə təbəssüm gördüm. Xoşallandım. Qəfil bir-birinə axır ki, gəldin dedilər. Hə, səni soraqlaşırıq. O gün Yaşarın iradını təkrar eşitmədim. Mübarək bərəkətdən içdim. Hovuzun böyründəki döngədə böyük-kiçiyin çöməlib isti su gölməçə başında ayaqlarını isti suya qoyduqları yerə getdim. Mənə də yer elədilər. Əl yetirib oturmağımı gözlədilər. İntizar anları sovuşdu. Canımda rahatlıq duydum.

Qüdrət Əliyev

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN